Uşaq dükanlarında qışqırır paltarlar – Allahşükürün ŞEİRLƏRİ

Uşaq dükanlarında qışqırır paltarlar – <span style="color:red;">Allahşükürün ŞEİRLƏRİ
4 iyul 2017
# 17:32

Kulis.Az “Yeni imza” layihəsindən Allahşükür Ağanın şeirlərini təqdim edir.

Tankçı

Mənim çiçəklərimi
Küləklər apardı kiməsə.
Aparıb taxdı
bir tank lüləsinə
deyəsən...

Quşlar da uçub doluşdular
tank lüləsinə
çiçəklərin xətrinə
orda yuva qurdular deyəsən.

Bir azdan səs gəldi -
Sarı dimdiklərin səsi...

Gör axırda tankçı neylədi?
Yığıb şələ-şüləsini
Getdi hərbi hissəyə
Elə bircə kəlmə deyə bildi:
Biz məğlub olduq...

Mərmiləri islatmışdı
Quşların səsi.

Uşaq dükanı

Uşaq dükanlarında
Paltarlar qışqırır,
Ayaqqabılar tappıldayır,
Papaqlar atılıb düşür,
Köynəklərin qolları əl eləyir,
Səsləri qıfılları silkələyir:
“Buraxın bizi,
Hardasa üşüyür uşaqlar”.

Arzu


Bir quş qanadı qədər sevinmək istəyirəm.
Hanı qanadlar, qırıldı ki...
Quşları güllələr yamsıladı,
Güllələr quşlara vuruldu ki...

Fikir kimi şütüyən
bir arı qədər sevinmək istəyirəm,
Hanı, arılar şəkərlə aldadıldı ki...


Balıqlar dənizin xəyallarıdı,
Bir balıq qədər atılıb düşmək istəyirəm,
Hanı, bütün balıqlar tordadı ki...


Yarpaqlar çiçək olanda
Qırmızı bir alma kimi gülmək istəyirəm,
Hanı, bu il meyvələr olmadı ki...

Ləpir

Axşam qoyub gəldiyim ayaq izlərimi
Səhər qarşılayıram,
Demək yaşayıram.

Bir ayaq ləpirim
Axşam yağan yaz yağışından
Bir ovuc su saxlamış içində...

Bir alagöz sərçə su içir
Ayaq ləpirimdən.

Başını yuxarı qaldırdıqca
Sərçənin duasını eşidirəm:
“Allah, sabahımız üçün də
Bir ayaq saxla.”

Elə sevinirəm ki,
əyilib baxıram
ayaqlarıma...

Qış səhəri


Baxırsan uzaqdan tüstülənir kənd,
Açılıb mal-qara örüşə gedir.
Qışın acığına sanki uşaqlar,
Məktəbə gülüşə-gülüşə gedir.

Körpə layla bilir çovğun səsini
Ayılır, yenidən yuxuya düşür.
Tülkünün qar üstə qalan izindən,
Səhərlər toyuqlar qorxuya düşür.

Tüstülər bacadan burulub çıxır,
Sanki kənd evləri qəlyan yandırır.
Qar üstə yayılan xoruzun banı,
Bir arıq tülkünü yaman yandırır.

Gəzir

Ot basıb dağların cığırlarını,
Çəmən ayaq gəzir, çöl ayaq gəzir.
Hamı batıb şirin-şəkər yuxuya,
Göylərin köksündə Ay oyaq gəzir.

Çəkilib əl-ayaq, gəlmir səs-səmir.
Hər şey gizlindədi, hər tərəfi sirr.
Yazdığım nəğmələr ölmək istəmir,
Düşüb səslənməyə dil-dodaq gəzir.

İçində ölçünü, qədərini qur,
Nizamı olmayan yıxılır, uçur.
Sən allah gözümün qabağında dur,
Gözlərim özünə bir dayaq gəzir.

Ay

Göylərin bulud göbəyində ay,
Elə kədərlidir ki,
Az qala hönkürür yerə
Sarı işığını.

Çöllərin düzündə sarı işıq
Sarı sarmaşıq kimi,
Dolanar gecə oxuyan böcəklərin
Sarımtıl qışqırığına.

Səbəb ayın kədəridir,
O bəzən öd sarısını artırır.
Hələ adamı
Dar ağacına qaldırır.

Ay gülümsəyəndə
Yerə xoşbəxtlik yağır,
Gülümsə,
Gülümsə,
Sevinc çilə üzümüzə, kədər yox,
Ey yer kürəsinin xoşbəxtlik mələyi,
Ey göylərin qızıl suyuna çəkilmiş sənəyi.

Bayıl türməsi


Bu asfaltın altında
Bayıl türməsi olub bir vaxt.
Bizdə ürəyə bax, gör hardan keçirik?

Ayağımı yerə bərk vururam
Burda, bax burda,
Müşfiqin dodağının qanı var.

Burda, bax burda,
Müşfiqin bir şeiri var, divara yazılan,
Hecası cızılan.
Gərək o divar parçasını götürüb saxlayaydıq.

Burda, bax burda,
Torpağın altında
Sızıltılı bir ah var.
Burda, bax burda,
Bir günah var...

Yanımdakı qoca bir qadın deyir mənə
Türməni çoxdan köçürüblər.
Deyirəm: qanı da?

Uşaq bağçasında düzələn sıra


Keçir küçələri, maşınlar durur,
Tutub bir-birinin əlindən, gedir.
Bir az isti-isti əsir küləklər,
Öpüb körpələrin telindən, gedir.

Körpə cərgəsinə baxıb dayanar,
Əsgər sıraları bu saat, bu dəm.
Şəhərə ağappaq təmizlik yağar,
Uşaq əllərindən, uşaq gözündən.

İlahi, nur elə, gur işıq elə,
Körpə fidanların sabahlarını.
Kiçik fidanlara bağışla, Tanrım,
Böyük adamların günahlarını.

Alıb əllərindən oyuncağını,
Əsgərlər əlində avtomat durub.
Elə bil körpələr komandiridi,
Əsgərlər önündə farağat durub.

Dan üzü

Dan üzü elə qızarıb,
Qan damır yanağından.
Elə bil günəş dişləyib üfüqü
Bir günlük darıxdığından.

Dan üzünə yazmaq istədiyim misramı
Hamı oxuya bilsəydi, bilsəydi əgər -
O misranın
Vergülü durna səsindən qoyulardı.
Nidası upuzun bir buluddan -
Xoşbəxt olardı insanlar.

Uşaqlıqdan boylanıram dan üzünə,
Elə bilirəm yuxularımda
Yazdıqlarımı görə biləcəyəm
Üfüqdə.

Bəlkə yazdıqlarımı
Vaxt silib atır üfüqün ayağı altına,
Qurban olum Allahım,
Sal mənim sevdamı
Dan üzünün yadına.

Hayıf

Çiçəklər arını sərxoş eylədi,
Çiçəyi xar olan arıya hayıf.
Yoxdur nəvələri nağıl danışa,
Qocalan, sınıxan qarıya hayıf.


Açıb söyləməyə bir söz yoxuydu,
Sinə yandırmağa bir köz yoxuydu,
Barının dalında bir qız yoxuydu,
Ayaq sındırmayan barıya hayıf.

Ulduzlar göylərdə bir toz kimidi,
İynənin gözü də ulduz kimidi.
Dünya gözlərimdə bir qoz kimidi,
Daha hara deyim, haraya hayıf?

Poçtalyon

Sən öldün, poçtalyon
Özü də yaman öldün.
Əlində məktubların
Çiynində çantan öldün.

Yaman qəşəng-qəşəng idi
Sən gətirən məktublar.
Kimə məktub gətirdin,
Onlar xoşbəxt oldular.

Səni kim öldürdü, poçtalyon,
Müharibəmi, davamı?
O qızdan ayrılmışam
De, mənə məktub varmı?

Səni telefon öldürdü, telefon,
Heç bir ünvan qalmayıbdı yadında.
Bir gözəl sevgi vardı,
Poçtalyon,
Sən adında...

***

Əgər,

Pulları çiçəklərə çevirə
bilsəydik,
Deyərdim, xanım qız,
mənə 10 dəstə çiçəyə
bir qadın paltosu verin.
Bu qış mənim sevgi fəslimdir.
O vaxt deyərdilər ki,
Müəllimlərin maaşı yüz dəstə çiçəkdir.
Çörək bir çiçək,
İşıq pulu bir ləçək
Pulları çiçəklərə çevirə bilsəydik,
sevgi azalmazdı, əsla.

# 1200 dəfə oxunub

Oxşar xəbərlər

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #