İndi mən o budaqdakı nar kimiyəm – Səxavət Sahilin şeirləri

İndi mən o budaqdakı nar kimiyəm – Səxavət Sahilin şeirləri
4 may 2016
# 15:32

Kulis.Az Səxavət Sahilin şeirlərini təqdim edir.

Federikoya

Gündüz sərçələr dimdikləyir

gecələr soyuq çatladır

yarpaqları tökülən budaqda

tək qalan narı.

Bu mövsüm gəlmədin,

gəlmədin köhnə dost

quşlar “dərdi”

əvəzindən meyvələri.

İndi burda payızdı

ömrünün qürub çağıdı yarpaqların.

Yağışlar başlayanda

torpağa qarışacaq,

torpağa hopacaq yarpaqlar...

Və bir gün – gələn baharda

ağacın köklərindən yapışıb yuxarı qalxacaq

gövdəsindən tutub, budağa qayıdacaq,

öz yerinə qonacaq yarpaqlar.

Quşlar da qayıdacaq öz yuvasına...

Payızda çox darıxıram,

əziz dost, çox darıxıram –

nə quşlar olur,

nə də yarpaqlar.

İndi məni təklik dimdikləyir

xatirələr çatladır məni...

...İndi mən o budaqdakı nar kimiyəm.

***

Yazın qoxusunu

qızaran tumurcuğuyla alır

bomboz nar budağı.

Tutulduqca baharın nəfəsinə

yel tutan kösöv kimi

közərir, alışır

güllənir ağaclar.

İndi şax durmuş şüvüllər

utancaq qız kimidir

payızda qızaran narın yükündən

başını yerə dikəcək.

...İndi budaqlar

utancaq qız deyil,

uşaq gözləyən ana kimidir.

Alovun rəqsi

Təzəcə çiçəklənib nar ağacı,

arılar sevincək olub

ləçəklərə daraşır.

Uçuşduqca arılar

elə bil od tutur,

alov saçır

nar budaqları.

***

Yandırdım sobada

nar ağacının quru budaqlarını.

Alovun qırmızı dilləri

pardaxlanan narı yadıma saldı.

Bir vaxtlar...

Yamyaşıl budaqların içində

ulduz kimi közərirdi

ürkək nar salxımları.

Körpəliyim

pöhrələrin altında qaldı,

uşaqlığım torpağa düşdü

budağından vaxtsız qopan

nar kimi.

...İndi mən bu sobadakı

kül kimiyəm,

kül kimi...

***

Çarmıxdakı oğluna baxan

Məryəm kimi eləcə

qopduğu budağa baxır

yerdə çürüyən nar.

Tutulduqca payızın ölüm nəfəsinə

bozarır dodaqları,

sinəsindən qan açılır...

Kimi haraylasın, kimi –

yarpaqlar öz hayında.

Tökülmüş göz kimi

ovulur qurumuş qabığı,

tökülür, tökülür dənəsi.

Əzilib, torpağa qarışır –

elə bil dağılır yer kürəsi.

***

Uşaqkən

balaca baltamla

Qırırdım nar dibindəki şivləri.

Baltanın hənirində belə

yıxılırdı qızılı körpələr.

Dibi üşüyürdü

yan-yörəsi boş qalırdı ağacların...

İndi yolum bağa düşəndə

üzüm gəlmir keçməyə

ağacların yanından.

***

Elə hey sənə baxıram.

Göz tutmaq buna deyirmişlər...

Hisslər vərdiş yaradır,

sonra da ağrıya çevrilir.

Elə hey sənə baxıram –

baxışların nar kolutək

dalayır məni.

***

Təzə puçurlayan nar yarpağıtək

yaşıl gözlü qız!

Gün gələr

gözlərin

canının suyu getmiş

payız yarpağına dönər.

Gün gələr

saralarsan, ovularsan –

bir külək qımıltısı dağıdar səni.

# 1218 dəfə oxunub

Oxşar xəbərlər

"Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm..." - Aqil Abbas

"Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm..." - Aqil Abbas

10:00 23 fevral 2025
Əri onu döyür və bağışlayır... - Nazirin arvadını yoldan çıxaran yazıçı

Əri onu döyür və bağışlayır... - Nazirin arvadını yoldan çıxaran yazıçı

09:00 21 fevral 2025
Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında

Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında

09:17 19 fevral 2025
Əlisa Nicat, Ramiz Rövşən, Müşfiq Ötgün, Ağalar Qut... - Yalançı filosoflar, yeni mollalar

Əlisa Nicat, Ramiz Rövşən, Müşfiq Ötgün, Ağalar Qut... - Yalançı filosoflar, yeni mollalar

12:00 18 fevral 2025
Satılan həyatlar - İnsan neçəyədir?

Satılan həyatlar - İnsan neçəyədir?

18:40 17 fevral 2025
Sən də mi, Karvanbaşı? - Cavid Zeynallı

Sən də mi, Karvanbaşı? - Cavid Zeynallı

16:40 17 fevral 2025
# # #