Xəbər verdiyimiz kimi yazıçı Kamal Abdulla İtaliyada nüfuzlu ədəbiyyat ödülünə layiq görülüb. Bu münasibətlə yazıçını təbrik edir və onun yeni hekayəsini təqdim edirik.
Edam vaxtına nə az, nə çox düz iki gün, dörd saat, iyirmi beş dəqiqə qalırdı.
Onu artıq təkadamlıq kameraya keçirmişdilər. Yerində uzanıb gözlərini rəngsiz tavana zillədi. Əllərini başının arxasında daraqladı. Beləcə sabahdan axşama qədər uzanmaqdan başqa heç nə edə bilmirdi. Bu hal onun ən sevimli halı idi. Yenə də saniyələri ölçüb daha dəqiq vaxtı müəyyənləşdirməyə ərindi və düşündü ki, hətta bunu etsəm belə, tam dəqiq rəqəmi heç zaman tuta bilməyəcəm, çünki saatları, hətta dəqiqələri fikrində, beyninin içində «həbsxana»ya salıb saxlaya bilərsən, amma saniyələr necə və hardan aradan çıxırsa, sürüşüb çıxır və dəqiqlik heç cür alınmır.
İki gün, dörd saat, iyirmi dörd dəqiqə qaldı…
Əzab çəkib həmin o müdhiş anı xatırlamaq, o anı, dəqiqələri, saatları bütün nanə-cövhəri ilə yenidən yaşamaq özünün özündən intiqam almasının yeganə yolu idi. Artıq beş aydan çox idi ki, təkadamlığa keçirilmişdi. Bu cür saatları, dəqiqələri hesablamağa o özü özünü məcbur eləmişdi. Ya xatirələrin ağuşuna girmək, ya da zamanın. Düşünürdü ki, başqa cür o, dəli ola bilər. Gözünün qabağına cin-şəyatin gəlirdi. Cin-şəyatinlərin əlində yekə-yekə bıçaqlar var idi. Və o bıçaqlar kimlərinsə, günahsız qurbanların kürəyinə saplanırdı. Qurbanlar cavan, yaşlı kişilər, qadınlar, körpələr, hətta südəmərlər olurdu.
İnanılası olmaya bilər, amma o, edam gününün tez gəlməsini arzulayırdı. Doğrudur, öz-özünə bunu etiraf edə bilmirdi: qorxurdu ki, burada keçirdiyi bir-birinin eyni olan ekiz günlərin birində hakimlərinin dediyinə o da inansın. Şükufəni öldürdüyünü boynuna alsın. Özü öz hakiminə çevrilsin.
Necə dolduracaqdı bu təklik içindəki ekiz günlərini?! Kitab oxuya bilmirdi, çünki fikrini bu müdhiş hadisədən başqa heç nəyə yönləndirməyə heyi gəlmirdi. Yazı yaza bilmirdi, nə yazacaqdı ki?! Başqa nə qalırdı?! Bircə dəqiqələri izləmək, kiçik və böyük əqrəblərin hərəkətinə göz qoymaq… Fikri tez-tez onu Sünbüllü gölün ətrafına aparırdı. Yenə həmən qayıq, yenə hönkürtü ilə ağlayıb onu haldan çıxaran Şükufə, yenə Şükufənin kürəyinə saplanmış bıçağın iri dəstəyi… Şövqi indi də Şükufənin hönkürtüsünü kamerada eşitməyə başlamışdı, hətta indi burda da ona əsəbiləşməkdən özünü güclə saxlaya bilirdi.
Həbsxanadakı qayda-qanunla ona saat (nə qol saatı, nə də otaq saatı) saxlamaq olmazdı. Əvvəl dil uzadıb xahiş eləmişdi, sonra hətta yalvarmışdı, bunlar bir nəticə verməmişdi. Daha sonra nəzarətçi bığ Həşimə rüşvət vermişdi. Ağzının alt cərgədəki qızıl dişini laxlatmış, diş heç cür yerindən tərpənmək istəməyəndən sonra dişi sapa ilişdirib olmazın zülmlə birtəhər çıxarıb dibindəki laxtalı qanıyla bir yerdə Həşimə vermişdi. Əvəzində Şövqi yaşayan evə gedib atasının yadigarı olan köhnə qol saatını bığ Həşim ev sahibəsindən alıb gətirmişdi.
—Mən hələ heç kəsə bir belə yalvarmamışdım. Bu nə axmaq arvadmış sənin ev sahibən. Ev tapmadın qalmağa bu boyda şəhərdə?.. — Bığ Həşim saatı ona təhvil verərkən Balaxanım arvada (məhlə adı at Balaxanım idi) ilan dili çıxarmağını yadına salıb rəngi allandı. Şövqi isə bu zaman nədənsə kövrəldi:
—Baxma tərsliyinə, ürəyi yumşaqdı. Neçə dəfə qutab bişirib yanıma gəlib… — Yadına Balaxanımın ətli əndamı, şirin dili, süzgün baxışları düşdü və acı bir təbəssüm Şövqinin dodaqlarına qondu. Məhlələrini, balaca həyətlərini xatırladı. Düşündü: «Onun xoşuna gəlməmisən. Yoxsa səni elə-belə buraxmazdı…»
Təxminən, bir həftə əvvəl Şövqi həyatında çox vacib bir qərar verdi. Artıq bütün gücünü, əslində, əzabını və məşəqqətini bir yerə toplayıb inandı ki, daha doğrusu, özünü inandırdı ki, bu ağır, ağlasığmaz cinayəti heç bir başqa adam yox, məhz o, Şövqi törədib. Nə hakimlər, nə, prokurorlar, nə də həbsxana nəzarətçiləri burda olduğu dörd il altı ay, on iki gün ərzində onu buna zərrə qədər də olsun inandıra bilməmişdilər. Nəhayət, o özü özünü inandırmışdı. Düşünmüşdü ki, belə olsa, cəzanı daha rahat qarşılaya bilər. Nə qədər zülm çəkdi bu illər ərzində, İlahi. Diddi, yedi içini, tökdü mənəviyyatını çölə, əlacı olsaydı, neçə dəfə qanına qəltan edərdi özünü. Edam onu heç maraqlandırmırdı. Hakim qərarını elan edəndə halına təfavüt etməmişdi. Hamı məhkəmə zalında oturanların gözü bir anda çönüb onun üzünə dikilmişdi. Və ordakıların hamısı onu bu cür möhkəm xarakterə malik birisi kimi soyuqqanlı qatil ola biləcəyinə son dəfə tərəddüdsüz inanmışdı. Amma əlbəttə, belə deyildi. Onun çəkdikləri ilə çəkəcəyi arasında fərq böyük idi və bura qədər çəkdikləri sonuncu çəkəcəyindən qat-qat ağır idi. O çəkdiyini çəkib qurtarmışdı. Edam indi ona qurtuluş kimi görünürdü. Yox, qurtuluş kimi yox, əsl azadlıq kimi görünürdü.
O gözlərini yumub xatırlayırdı. Qayıq suların üstünə pənbə döşəyə sərilən kimi sərilib heysiz qalmışdı. Ancaq yüngülcə yırğalanmağa heyi çatırdı. Günəş sağ tərəfdə batırdı və o, baxışlarını Şükufənin çiynindən hələ də çəkə bilmirdi. Qızın açıq çiyinləri iki saat gün işığının altında qalıb az qala qıpqırmızı qızarmışdı. Çiyninin sağ tərəfində qızarmamış balaca bir zolaq vardı. O zolaq qapqara idi, elə bil, Şükufəni nə iləsə ağır, küt bir şeylə orasından vurmuşdular. Bu zolaq əvvəllər yox idi.
— Deməyəssən noolub çiyninə?
Bu sualı bəlkə də artıq yüzüncü dəfə idi verirdi, cavabında isə iki dəfə «qapıya dəydim», bir dəfə də «vallah, qapıya dəymişəm, billah qapıya dəymiçəm» sözlərini eşitmişdi. Bütün sonrakı cavablar sükutdan ibarət olmuşdu.
Qızın çiyinləri öz-özünə qalxıb düşməyə başladı, amma səs-səmiri çıxmırdı. Şükufə için-için, xısın-xısın, səssiz-səmirsiz ağlamağa başladı. Bilirdi ki, Şövqinin bu dünyada qadın ağlamasından zəhləsi gedən qədər heç nədən zəhləsi getmir. Yenə də özünü saxlaya bilmədi.
— Ağlasan, döyüləssən…— Səsinə doyunca zəhər qatdı. Şükufə hönkürdü.
İki gün, dörd saat, iyirmi dəqiqə…
Qayığı sahilə yönəltdiyi yadındadı. Qayıqdan çıxmağı, qıza tərəf baxmadan ağacların arasındakı maşınına tərəf getməsi yadındadı. Düşündü ki, Şükufəni maşında gözləyəcək.
Maşından baxıb gördü ki, qız qayıqdan düşənə oxşamır. Qayıq Şükufənin ağlamasının ahəngində su üstündə gah sağa, gah da sola əyilirdi. Sular yavaş-yavaş qaranlığın rəngini alırdı. Sünbüllü gölün ətrafında qaranlıq ancaq qara rəngdən ibarət deyildi. Bu qaranlıq xoflu qaranlıq idi. Ağaclardan gələn məşum yarpaq xışıltıları bu xofu daha da qorxulu edirdi. Şövqinin ürəyi şiddətlə vurdu. Şükufəni çağırmaq istədi, amma hələ ki, hirsi yatmamışdı, bacarmadı. Gözləməyə də ürəyi darıxdı. «Cəhənnəmə ağla, gora ağla. — Şövqi hirs içində düşünüb özünə bəraət qazanmağa çalışdı. — Ölsən də aborta gedəssən, qalsan da gedəssən.
Şövqi maşının açarını burdu. Qayıqdan gələn hönkürtü səsi gücləndi, motorun səsinə qarışıb qəribə və üzüntülü (eyni zamanda əttökən) bir naləyə çevrildi.
… Təkadamlıqda çox belə arxası üstdə uzanmış vəziyyətdə gözlərini tavana zilləyib o axşamı xəyalından gətirib keçirmişdi. Ağacların başı üstündən asta-asta aşağı enən qaranlığın eynən duman kimi ətrafı bürüməsi, yarpaqların həmən müdhiş xışıltısı, Sünbüllü gölün sularında göy üzündəki ayın gəlib əli-qolu bağlı əsirlər kimi hərəkətsiz qalması… Belə gecələrdə nə isə dəhşətli hadisə baş verir.
Sonralar dəfələrlə özünü qınamışdı ki, gərək nə qədər hirsli olsaydı da Şükufəni tək qoyub gölün sahilindən çıxıb getməyəydi. Yəqin ki, belə etsəydi o müdhiş hadisə baş verməzdi. Şükufə də, qarnındakı üçaylıq körpə də sağ qalardı. Təxminən, bir saatdan sonra daşı ətəyindən töküb ora, Sünbüllü gölə qayıdanda isə gördüyü bu olmuşdu.
Şükufə hələ də qayığın içindəydi, uzaqdan onun yanpörtü vəziyyət almış siluyetini zorla da olsa seçmək olurdu, amma ətraf tam bir sükuta qərq olmuşdu. Nə səs vardı, nə səmir. Qayıqdan ağlamaq səsi gəlmirdi. O müdhiş sükutu Şövqi heç unuda bilmir. Bir neçə andan sonra onu anladı ki, sükut ürəyini qısmağa başladı. İlk dəfə idi ki, Şükufənin hönkürtüsü üçün qəribsədiyini hiss elədi. Elə bu zaman yaxınlıqda bir cırcırama səsini başına atmadımı, atdı. Şövqi diksindi.
Şövqinin damarlarından qəribə bir gizilti keçdi. O öz hərəkətinə — qızı incitdiyinə, ona yerli-yersiz hirslənməsinə, axşam vaxtı bu adamsız yerdə təkcənə buraxıb getməsinə elə peşman oldu ki… «Mən bir də buna ağlayanda təpinməyəcəm. Heç güldən ağır söz də deməyəcəyəm. Məni sevdiyini bu adam dəfələrlə sübut edib. İşdən çıx dedim, çıxdı, belə oturma, oturmadı, mənsiz bir addım atma, atmadı. Mənim üçün hər cür cəfaya hazırdır… Bayaq necə yanıqlı ağladı… Mən axı bunu niyə ağlatdım?! » düşünüb ürəyi sızlaya-sızlaya qayığa yaxınlaşdı. Qayıq tərpənməz idi. Ağzını açıb ilk sözünü demək istədi. Belə deyəcəkdi:
— Saxlayırsan saxla uşağı. Bir şey fikirləşərik. Acından ölməyəcəyik ki. Qoy hər şey sən deyən kimi olsun…
Şükufənin bədəni qayığın içində namünasib bir vəziyyətdə yanpörtü uzanıb qalmışdı. Açıq bərələ qalmış gözlərilə yana elə baxırdı ki, sanki Şövqidən nəsə soruşmaq istəyirdi. Həmişə belə idi. Bir şey soruşmaq istəyəndə xam baxışlarını yana dikib soruşardı. Ancaq gözləri bu dərəcədə açıq olmazdı. Şövqi, ümumiyyətlə, insan gözünün bu boyda açıq olmasını indiyənə qədər görməmişdi. Qayığın başında heykəl kimi quruyub bir müddət matdım-matdım qızın halına tamaşa elədi. Qız, əlbəttə ki, ölmüşdü. Kürəyindən düz ürəyinə qədər yekə bir bıçaq saplanıb qalmışdı. Şükufəni öldürmüşdülər. Şövqi quruyub qaldı, gözlərini qızın açıq gözlərindən çəkə bilmədi. Handan-hana Şövqi özündə təpər tapıb donuq vəziyyətinin içindən birtəhər çıxdı və titrək barmaqlarını zorla uzadıb ovcunun içi ilə qızın gözlərinin üstünə, elə bil, zərif bir sığal çəkdi. Şükufənin göz qapaqları, elə bil, bir himə bənd imiş, qapandı getdi.
… Hakim təhlil naminə təhlil eləməyi sevənlərdən idi. Prokurorun dediyinə şübhə ilə yanaşdı.
— Mənim inanmağım gəlmir ki, müttəhim öz işini görüb qurtarsın, sonra da soyuqqanlı şəkildə cinayət yerindən uzaqlaşıb getsin. Bu adam bir saatdan sonra təzədən cinayət yerinə qayıdıb gəlib. Ağlabatandı? Deyil. Məncə, o ikinci dəfə qayıdandan sonra bu cinayəti işləyib… — Bunları deyib hakim sual dolu gözlərini, nədənsə, Şövqinin üzünə dikdi. Elə bil, Şövqi onun mülahizəsini dəqiqləşdirməliydi. Şövqi qeyri-ixtiyari başını tərpətdi.
— Möhtərəm hakim, mən ora qayıdanda… axşam artıq düşmüşdü. Hər tərəf qaranlıq içindəydi. Mən əvvəl-əvvəl seçə bilmədim ki, o artıq… o… ölüb… — Şövqinin dedikləriylə başını tərpədib hakimin dediklərini təsdiq etməsi arasında bir təzad var idi.
— Bəs axı polis işçiləri başqa cür deyir… — Hakim bic-bic qımışdı. — Sənin dediyin isə həqiqətə uyğun gəlmir. Bunu sənə neçə dəfə sübut etmişik. Bəsdi də… — Hakim hər şeyi dəqiq bildiyini zənn edirdi.
Mühakimənin son günü ona artıq heç kim qulaq asmırdı. Prokuror üçün də, hakim üçün də, hətta gözlərini ondan təkidlə qaçıran vəkil üçün də məsələ gün kimi aydın idi. Bətnində üçaylıq körpə gəzdirən günahsız bir qadını plan qurub Sünbüllü gölə qayıq gəzintisinə aparan və orada xəlvətə salıb arxadan kürəyinə əvvəlcədən özü ilə gətirdiyi yekə bir bıçaqla ölümcül zərbə endirib həyatına son qoyan şəxs bütün bu adamların fikrincə məhz o, Şövqi idi. Motiv hamıya bəlli idi. Aborta məcbur etmək (motiv problem deyildi, bunu Şövqi özü boynuna almışdı), buna razılıq verməyəndə isə… Hamı belə bir həqiqətə inanmışdı: bu zaman Şövqinin yalnız bir çarəsi qalırdı ki, bu da qızı hökmən öldürməkdən ibarət idi.
— Şövqi, yaxşı oğlan, al boynuna, bir işdi istəmədən etmisən, cin başına vurub, özünü-sözünü bilməmisən. Vallah, düzü budu ki, bizi də yorma, özünü də… — Hakim yazı masasının üstünə əməlli-başlı yayxanıb az qala Şövqiyə yalvardı. Elə bil, uşaq başı aldadırdı. Şövqi isə yenə də heç nə anlamırıdı. Sonuncu məhkəmə iclasından bir qədər əvvəl o, həmən hadisənin ayrı-ayrı detallarını, epizodlarını unutmağa başlamışdı.
Uzun aylar davam edən və özü ilə iztirabdan, bir də dəhşətli yorğunçuluqdan başqa heç nə gətirməyən bitib-tükənməz mühakimələrdən sonra, nəhayət, ona ölüm cəzasını səsləndirdilər. Hamı, hətta nə qədər qəribə olsa da, Şövqinin özü belə asudə nəfəs aldı. Nəhayət, ürəyini sizladan zəif sevincə bənzər bir hissin qanına dolduğunu duymağa başladı. Az qalıb. Lap az qalıb. Nəhayət, dincələcəkdi. Hakimlərdən yox, özündən dincələcəkdi. Canı qutaracaqdı. Azadlıq vardısa da, yoxdusa da elə bu idi, başqa bir şey deyildi. Təki edamın vaxtını dəyişməyəydilər. Təki onun bivec qohumları və dostları cürbəcür yollarla onun boğazına keçməkdə olan kəndiri açmağa çalışmayaydılar. İş burasındaydı ki, açmağına kəndiri aça bilmirdilər, amma edamın vaxtını uzatmağına uzada bilirdilər. Hər dəfə yenidən hansısa balaca bir detal «yada» düşürdü, vəkillər canfəşanlıqla öz şəxsiyyətlərini gözə soxurdular və hər şey yenidən başlayırdı. O, bütün işkəncə yolunu — hadisənin əvvəlindən axırınadək təzədən keçirdi. Bu isə dözülməz idi.
Bircə edamın vaxtını dəyişməyəydilər. O indi-indi anlamağa başlayırdı. Azadlığa gedən yol kəndirdən keçirmiş… Əsl və tam azadlıq ölümlə başlayır.
Şükufə və onların doğulmayan körpələri bu yolu keçdilər.
— Ölsən də, qalsan da aborta gedəssən. — Şövqi codlaşmış, nifrət dolu səsini özü də az qala tanımırdı. — Hələ bunun zarımasına bax bir. Qalx. Qalx, gedək. Gec oldu. İşim-gücüm var mənim. Eşitmirsən? — Şövqi son dəfə Şükufəyə bu sözləri dedi və ikrahla qızın hələ də atdanan çiyinlərinə baxdı. Şükufə indi də için-için ağlayırdı, ancaq çiyinləri atılıb düşürdü. «Mən bunun nəyinə hayıl-mayıl oldum, Allah?! Yox, bu adam məni caduya salıb…Bircə Allah bunu öldürəydi, canım qurtaraydı…»
Daha arxasına da baxmadı. Tövşüyə-tövşüyə tələsik gedib ağacın altında saxladığı maşınına mindi. Motoru işə saldı. Şükufə motorun səsini eşidib, nəhayət, gəlməliydi. Amma o, necə ki, tərpənməz bir halda qayıqda oturmuşdu, eləcə də oturub qalmağındaydı.
«Cəhənnəmə ki, gəl…» — Şövqi pəncərədən bayıra tüpürdü. Sonra qaza basaraq sükanı var gücüylə sağa fırlatdı və ağacın altindan maşını sürüb çıxardı, xam daşlıqla yola sarı sürdü. Yola çıxmağa iki metr qalmış tanış milis işçilərini gördü. Elə bil, kolluqda gizlənmişdilər, onu görüb çıxdılar. Güdürdülər, nədi?! Bu iki növbətçi tanış idilər. Həmişə Şükufə ilə buralara gələndə onu başqalarının girə bilmədiyi yerəcən — bu həndəvərdəki yeganə qarağacın altınacan maşını sürüb saxlamasına icazə verirdilər. Başqalarının belə imtiyazı yox idi.
— Şövqi müəllim, çoxdandı ki, yox idin, komandirovkadaydın? — Qırmızısifət şişman polis irişə-irişə maşının şüşəsinə tərəf əyilib içini gözdən keçirdi. Şövqi hiss elədi ki, o bunu gizli şəkildə elədi.
Şövqi sorğusuz-sualsız sağ siyirmədə saxladığı iki beşliyi elə şüşədəncə qırmızısifət polisin uzanmış əlinə dürtdü. Beşliklər qırmızısifətin ovcunda timsah ağzında balıq kimi yox oldular.
— Sağ ol, çox sağ ol, həmişə gəl, gözləyəcəyik. — Qırmızısifətin üz-gözü də, səsi də ciddiləşdi.
Məhkəmədə qırmızısifət polisin əminliklə dediyi sözlərlə gözlərindəki süni üzüntü bir-birinə heç uyğun gəlmirdi.
— O axşam müttəhimdən, bir də zərəçəkəndən başqa o həndəvərdə kimsə fırlanmadı. Biz heç kimi görmədik. Maşını sürətlə sürüb getdi. Mən hələ təəccüb etdim ki, bu adam cüt gəlmişdi, bəs niyə tək getdi… Sonra aradan bir müddət keçəndən sonra biz ikimiz, serjant Həsənovla mən qayığa yaxınlaşdıq…
— Müttəhim gedəndən nə qədər sonra siz qayığa yaxınlaşdınız? — Vəkil bu sualı verərkən hələ də ümid edirdi ki, bəlkə bu vaxt ərzində kimsə başqa adam (yaxud adamlar) qayığa yaxınlaşa bilərdi.
— Elə böyük vaxt keçmədi. Təxminən on dəqiqə… — Qırmızısifət polis düşünürmüş kimi gözlərini qıyıb, guya ki, xatırlamağa çalışdı.
— Bəs bu vaxt ərzində siz heç bir səs-səmir, qışqırıq eşitmədiniz?
Qırmızısifət günahkarmış kimi başını yerə dikib mızıldandı. Səsi zorla eşidildi:
— Yox… eşitmədik. — Qırmızısifətin cavabı bir qədər inamsız səsləndi. Vəkilə cəsarət gəldi:
— Heç kəs, yaxında, uzaqda bir adam gözünüzə dəymədi?
Qırmızısifət yenə də həmən zəif səslə, amma daxili bir qətiyyətlə dilləndi:
— Yox, dəymədi. — Qırmızısifət polis son cavabını verərkən nədənsə vəkilə yox, günahkar-günahkar müttəhim kürsüsündə oturmuş Şövqiyə baxdı. Yəni ki, bağışla məni, mən nə edə bilərəm?!
Şövqi isə bu zaman köksünü rahat-rahat ötürdü. Hər şey bu adam deyən kimiydisə, deməli, göylərdə ədalət var və elə buna görə də o, Şövqi bu saat burda, müttəhimlər kürsüsündə oturub və inşallah, haqlı cəzadan göylər gəlib yerə birləşsə də yaxa qurtara bilməyəcək.
Məhkəmə iclaslarının sonuna yaxın zalda adətən çox adam olmurdu. Hakimdən, prokurordan, vəkildən və katibədən başqa bir kənarda divara söykədilmiş skamyada üç nəfər polis otururdu. Məhkəmə otağında Şükufənin anası və yaxın qonşuları Ağca var idi. Bir də Çövqinin dostları Adil ilə Samid hər məhkəmə iclasına səliqəylə gəlirdilər. Axırıncı cərgədə hamıdan aralı tanımadığı bir kişini isə Şövqi iclaslarda görməyə artıq adət eləmişdi. Bu adam sakitcə gələr, kirimişcə oturar, heç kimin üzünə baxmaz, gəldiyi kimi gözəgörünmədən çıxıb gedərdi. Donqar burnu, daz başı var idi. O kim idi, nə üçün burda idi, bunu demək çətin idi. Şövqi hərdən hakimin, ya da prokurorun məkrli suallarına cavab verməyə çətinlik çəkəndə o kişinin adətən sinəsinə əyilmiş daz başına baxırdı. Özü də bilmirdi niyə, amma anlar olurdu ki, məhz bu adamın gözlərini tutub onun gözlərinin düz içinə baxmaq, baxmaq istəyirdi. Şövqiyə axır zamanlar elə gəlirdi ki, bu adam onun yaxın gələcəkdəki cəlladıdı. Cəllad qurbanını öyrənmək, xasiyyətinə bələd olmaq, kəndiri necə və hansı məqamda boğazına keçirmək mümkünlüyünü, ya da tapançanı başınamı, yoxsa ürəyinəmi yönəltməyin məqsədəuyğunluğunu müəyyən eləmək üçün gəlib burda oturur, deyilənləri beyninə yığır, bir söz, öz işini keyfiyyətli görməyə hazırlaşırdı. Görünür, cəllad üçün onun həqiqətən günahkar olub-olmamağının mənası vardı. Bəlkə də cəllad onun günahkar olmasına inanmasaydı, edamı onun üçün ağrısız həyata keçirəcəkdi, kim bilir?! Daz kişi hələ bir dəfə də olsun başını çöndərib onun üzünə baxmamışdı.
Edam vaxtına bir gün səkkiz saat, qırx dörd dəqiqə qalırdı.
Axırıncı iclasdan sonra dostlarından heç bir xəbər yoxdu. Bu iclas bitərkən hakim ona son söz verdi. O zülümlə ayağa qalxıb dedi ki, əziyyətinizi halal edin. Xüsusən zaldakı dostlarına — Adilə və Samədə müraciətlə dedi sözlərini. Bu sözləri deyib halallıq istərkən birdən qanının damarda donduğunu hiss elədi. Hansısa diləgəlməz bir hiss səsə çevrilib ona pıçıldadı ki, dazbaş kişi düz onun üzünə baxır. Yox, sadəcə baxmır, gözlərilə onun üzünü deşir. Nəhayət, Şövqi sözünü bitirib halsız şəkildə yerinə oturdu. Dazbaş isə yenidən üzünü ondan çevirib başını sinəsinə salladı.
Şükufəgilin qonşusu Ağca arvad Şövqinin son sözlərindən sonra burnunu bərkdən çəkib ortalığa çökmüş sükutu pozdu:
— Allah sənin cəzanı versin! Günahsız bəndəyə necə qıya bildin sən?ğca arvad qızışdı:
Bu sözlərdən sonra Şükufənin anası səssiz-səmirsiz göz yaşlarına boğuldu. Çiyinləri eynən Şükufənin çiyinləri kimi atdanıb düşməyə başladı. Şövqinin dodaqları ani olaraq qaçdı. Bunu görcək Ağca arvad qızışdı:
— Buna bax, hələ gülür bu. Azdı sənə ölüm. Səni şaqqlmaq lazımdı…
Edam vaxtına yeddi saat, altı yüz əlli bir dəqiqə qaldı.
İndi bu ölüm kamerasında qaldığı sonuncu gecə o özünü məcbur eləyib yatmaq istəyir, amma yata bilmir. Göz qapaqları heç cür yumulmur. Ona elə gəlir ki, sabah, edamdan əvvəl, yəqin ki, onun son xahişini nəzərə alacaqlar. Yadındadı, bu xahişi mühafizəçilərə utana-utana deyəndə onlar bir-birinin sözünü kəsə-kəsə belə cavab verdilər:
— Bizlikdisə arxayın ola biərsən. Hökmən.
Hətta onlardan biri bığ Həşim yüngülvari doluxsundu da:
— Əlbəttə, biz hər şeyi başa düşürük. Həyatdı. Xətircəm ol.
Əlbəttə, son xahiş çox vacib idi. Bəlkə də onu gözləyən əbədiyyət qədər önəmli idi. Ən axmaq şeylər bu son məqamda gəlib özünü onun yaddaşına dürtürdü. Şükufə ilə ilk dəfə hamıdan gizlənə-gizlənə kinoya getməyi, Şükufəyə üstündə sonradan gördükləri balaca deşiyi olan al-qırmızı kəlağayı alıb ad gününə hədiyyə verməsi və qızın barmağını bu deşiyə keçirib uğunub getməsi, sonra Şükufənin onu utana-utana evlərinə dəvət eləyib anası ilə tanış eləməsi, qızın ona sevgi dolu şeir yazması, gecə səhərə qədər sevişəndən sonra günəşin ilk şüaları ilə bu şeiri bir-birinə yataqda oxumaları, Şükufənin ondan utanmaqlığı, hətta gülən zaman çiyinlərinin necə atılıb düşməsi, üzündəki zənəxdanı, gözlərinin xam baxışı… çox şey, çox şey yadında idi.
Amma nə illah eləyirdi yadına salsın ki, mühafizəçilərdən dünən axşamüstü son dəfə nəyi xahiş edib, yadına sala bilmirdi, bu onun yadından çıxmışdı. Ürəyi hövr edirdi.
Bir saat iyirmi üç dəqiqə…
Kameraya adamlar daxil olur.
Və ancaq bu zaman onun gözlərinə işıq gəlir. Nəhayət, qəlbinə rahatlıq dolur. O xatırlayır…