Hər şair-yazıçı bir detalla daha çox xarakterizə olunur. Məsələn, Yesenin deyəndə ağcaqayın ağacı yada düşür. Bəs Azərbaycan yazarları hansı ağaclarla assosiasiya olunardı? Aşağıdakı təxminlərimizlə siz də razılaşacaqsınız yəqin... Razılaşmadığınız məqamlar da ola bilər. Hər halda maraqlı olduğunu düşünüb diqqətinizə çatdırırıq.
İlyas Əfəndiyev – Söyüd
Söhbət təkcə “Söyüdlü arx” romanından getmir. İlyas müəllimin doğulduğu Füzuli torpağının Kürdmahmudlu kəndi ətrafında çoxlu söyüd ağacları var və bu ağaclarla ünsiyyət onun əsərlərinin ruhuna hopub.
İsa İsmayılzadə - Moruq
İsa İsmayılzadə təbii ki, ənənəvi təbiət şairi deyil. Xüsusi bir ad çəkmək çətindir. Ancaq bu şairin balaca, dadlı şeirlərini elə moruqla müqayisə etmək olar. Həm də şairin ən gözəl şeirlərindən olan “Güllələr demədi”də belə misralar var:
Qulançar yığmağa, moruq dərməyə
Bizi aparmadılar.
Əkrəm Əylisli – Gilənar
Bəlkə də Azərbaycan ədəbiyyatında heç kimin əsərlərində Əkrəm Əylisli qədər ağac yoxdur. Bildiyiniz kimi, bir çox əsərlərinin adı ağacla, meşəylə və ağac adlarıyla bağlıdır. Ancaq bunların içərisində “Gilənar çiçəyinə dediklərim”in məxsusi yeri var. Ona görə, Əkrəm müəllimi sizin də razılığınızla gilənarla simvolizə edirik. Həm də, məsələn, nar, alma, gilas, çinar, ceviz və digər ağaclar başqa yazıçı və şairlərdə də çoxdur, amma gilənar demək olar ki, yoxdur.
Rəsul Rza – Çinar
Şairin çinara yazdığı şeirlərdən əlavə, mətnlərinin içində də bu ağacın adı çox keçir. Üstəlik, onun doğulduğu Göyçay rayonunda çinar boldur. Hətta bəzi şairlər Rəsul Rza ilə Nigar Rəfibəylini qoşa çinar adlandırırlar. Nə deyirik? Xeyirlisi...
İsi Məlikzadə - Palıd
Hə, dəqiq tapdınız, “Dədə palıd”a görə. Yoxsa Ağcabədi elə də palıd məskəni sayılmır. İsi müəllimin zahiri görünüşündə də palıda bənzəyən nəsə yoxdur. Sifət cizgiləri həlimdir. Yazı üslubu da sərt deyil. Yumşaq, koloritli və doğmadır.
Məmməd İsmayıl - ?
Sual düşündürücüdür. Bizə görə, Məmməd müəllim ağacdələnin dimdiyi dəyən bütün ağaclarla assosiasiya olunur.
Musa Yaqub – Dağdağan
Bəh-bəh-bəh! Musa Yaqubla ağacdan danışmaq mollayla orucluqdan danışmaq kimidir. Hansının adını çəkəsən? Birdimi, ikidirmi, ondurmu, on beşdirmi? Seçib-sonalayıb dağdağanın üstündə dayanırıq. Əvvəla, dağdağana çoxlu şeirləri var. İkinci, özü də dağdağan kimi pirə çevrilib artıq. Üçüncüsü, İsmayıllıdakı evinin həyətində dağdağan ağacı var. O dağdağan az qala ədəbi mühitimizin bir sakini, canlı nümayəndəsidir.
Sabir Əhmədli – Tut
Hə. Cəbrayılın ortasında – kəhrizin üstündəki həmin tut ağacıdır bu. Ustadın bir çox əsərlərində rastımıza çıxıb. Amma Sabir müəllimi daha çox palıda bənzətmək olar. Dözümü, dəyanəti, məğrurluğu ilə...
Səməd Vurğun – Limon
Lənkəranda limon sarı
Əyir salır budaqları...
Mikayıl Müşfiq – Üzüm
Əlbəttə ki, belə də olacaqdı. Təkcə “Yenə o bağ” olaydı şeiri kifayət edir ki, bu qərarda möhkəm dayanasan.
Məmməd Rahim – Budaq
“Ana və budaq” şeiri bəs edər. Ana güllü budağı-filan... İşimizə-gücümüzə bax...
Məmməd Araz – Təbiət
Məcburuq. Adam coğrafiyanı bitirib, “Azərbaycan təbiəti” jurnalında işləyib. Və ən əsası Azərbaycan təbiətinin vurğunu olub. Ağacıyla, daşıyla, qayasıyla, dağıyla, çayıyla birlikdə sevib. Ona görə bu cür ümumiləşdirdik ki, ruhu şad olsun.
Ramiz Rövşən - Kötük
“Başı kəsik, gözəl kötük...” Şeirlərində ağaclar həyatı yox, ölümü, ümidsizliyi simvolizə edir. Heç bu kötüyün ətrafından cavan zoğlar da çıxmır. Ah, qara paltarlı qadın! Tərs kimi qəbrim də damır, yoxsa deyərdim bir-iki ağız ağla...
Mirmehdi Ağaoğlu – Yulğun
Bu da yazıçının doğulduğu torpaq (Neftçala) və əsərlərindəki şor qoxulu yulğun kollarıyla bağlıdır. Neyləsin? Neftçalada ağac var?
Aqşin Yenisey – Qarğı
Şübhəsiz bu qənaətdə “Göləqarğısancan” romanının müstəsna rolu var. Üstəlik, şair müsahibələrinin birində boynuna alıb ki, uşaq vaxtı qarğını at kimi minib çapırmış. Həm də Aqşinin doğulduğu Şötüklü kəndinə yaxın kəndlərin birinin adı Qarğılıdır. Və onu da biləsiz: Qarğılı kəndi şair Salam Sarvanın doğulduğu kənddir.
Salam Sarvan – Tabut
Aha, deyəcəksiniz, tabut ağac deyil axı. Haqlısınız. Amma məsələ burasındadır ki, Salam bəy şeirlərində bütün ağaclardan tabut, bütün güllərdən süpürgə düzəldir.
Şərif Ağayar – Şalban
Əslində, şalban da ağac deyil. Di gəl, Şərif Ağayarın qəhrəmanları bir qayda olaraq ev tikmək üçün şalban axtarırlar. Ağac ilk dəfə qarşımıza gözəllik kimi deyil, məişət əşyası kimi çıxır. Ağacın romantikası sərt reallıqla toqquşur. Allah şalban yetirsin!
Qan Turalı - Şpal
Vay-vay! Əli Bayramlıda ağac nə gəzir? Ona görə ağacdan söz düşən kimi soruşur: “O ağacdan dəmir yol şpalı çıxarmı?”
Rüstəm Behrudi - Dar ağacı
Deyəsən, siz də qımışdınız :-)
Elçin Hüseynbəyli – Nar
Hansısa hekayəsində nar yeyib qəbiz olan bir uşaq var. Ordan olmasın? Bunu kim düşünübsə, çox qərəzlidir!
Murad Könəqala – Heyva
Kəndə aparacam uşaqları
Heyva çiçəkərinə...
Ramiz Qusarçaylı - Alma
Bəs nə? Quba və alma! Amma özü nəyəsə aldanıb alma yeyənə oxşamır. Ona görə dağlarda öz cənnətini yaşayır.
Mübariz Örən – Böyürtkən
Hə, dəqiqdi. Əvvəla, Beyləqanda kanalqırağı qəşəng böyürtkənlər bitir. Bir yandan da “Balıq gülüşü”ndəki o uşaq böyürtkənlikdə “pis-pis” işlərlə məşğul olur. Hekayələri də böyürtkən koluna bənzəyir: içinə girdinsə qayıdıb çıxa bilmirsən.