Kulis.az Allahşükür Ağanın yeni şeirlərini təqdim edir.
Bayraq şəkli
Körpə süd şüşəsindən elə yapışıb,
Elə bil, bir daha süd içməyəcək.
Mən bayraq çəksəydim
o uşağın şəklini vurardım
Bütün ölkələrin bayraqlarına.
Kim istəməzdi bunu?
O uşağın balaca ayaqlarını elə
çəkərdim ki,
Yer üzündə bütün qumbaralar
Bir anda intihar edərdi.
Generallar döşündəki ordenləri
Bir an içində qoparıb atardı.
Tankın yadına düşər
Bir vaxtlar uşaq oyuncağı olmaq arzusu.
Güllələrin yadına düşər
Uşaq barmaqlarına bənzəməyi.
Və Suriyada uşaqların süd şüşəsinə dəyib
Qollarını üzməyi.
Mən bu bayraq şəklini
Tez çəkə bilsəydim...
Qış səhəri
Baxırsan uzaqdan tüstülənir kənd,
Açılıb mal-qara örüşə gedir.
Qışın acığına sanki uşaqlar
Məktəbə gülüşə-gülüşə gedir.
Körpə layla bilir çovğun səsini
Ayılır, yenidən yuxuya düşür.
Tülkünün qar üstə qalan izindən,
Səhərlər toyuqlar qorxuya düşür.
Tüstülər bacadan burulub çıxır,
Sanki kənd evləri qəlyan yandırır.
Qar üstə yayılan xoruzun banı,
Bir arıq tülkünü yaman yandırır.
Qapı
Açılan səhərlərin atəş üzünə and olsun,
Mən öləndən sonra yazıram şeirlərimi.
Məsələn, bir saatlıq ölürəm.
Gedib şeir gətirirəm bir saatlığa,
Çiçək dəstələri kimi.
Sonra dirilirəm.
Mənim şeirlərim bu dünyada olmur,
Ölürəm, açılır başqa bir sabah,
Başqa bir pəncərə…
Ölməklə sağ olmağın arasında
Nazik bir qapı var.
Nə kilidi var, nə açarı.
Gedirəm açılır,
Gəlirəm
Bağlanır.
Dayanın, bir dəqiqə,
Yenə gedirəm
Sizə şeir gətirməyə
Burda olun,
Bir saata qayıdıram.
Durna olmaq istəyirəm
Gecələrin ulartısına qoşulub getmək,
Yazdan qışa
Qışdan payıza, yaya
Qəfil düşüb
Uzaqlığın üzündən öpüb
Bir durna səsitək yerə
Enmək, necə gözəldi.
Daş kimi yox,
Bir az yayına-yayına,
Yellənə-yellənə
Bir şəhid atasının qulağına düşmək:
- Balan sağdı,
Gələcək,
Qurbanlığını hazırla - söyləmək,
Necə gözəldi.
Ulduzların işığına qoşulub getmək,
Yığışmaq yer üzündən,
əl-ayağını,
ağırlığını çəkmək yer üzündən.
Lap acıqca dan üzünü dişləmək,
Qan süzülsün yanağından səs kimi.
O səs ensin bir səhər tamarzı qulaqlara:
Müharibə bitdi, müharibə bitdi -
Nə gözəl!
Bu səsi gətirmək üçün
getmək istəyirəm uzaqlara.
Ağaclar
Səs kimi qalxıb yerdən,
Göyə baxır ağaclar.
Gah geyinir, soyunur,
Çox darıxır ağaclar.
Dayanıb qol-qanadlı.
Boylanır tək ayaqlı.
Yanında beş otaqlı,
Evdən qorxur ağaclar.
Budaqda bıçaq yeri,
Yadında ocaq yeri.
Altından çəkdik yeri,
Of, yıxılır ağaclar.
Ürək
Deyirlər göylə gedirsən,
Gör nə var göydən yuxarı?
Gedirsən güldən aşağı,
Gedirsən neydən yuxarı.
Buludlar düşüb aşağı,
Durnalar alçaqdan keçir.
Günəş qalıb aşağıda,
Kölgən başın üstə uçur.
Səni göylərə qaldıran,
Sözün üstünə çiçək qoy.
Ayaqlarının altına,
Sevən, duyan bir ürək qoy...
Daş qoyanda yıxılarsan,
Sınar gözlərin şüşətək.
Ürək qoysan ucalarsan,
Yaşayarsan yüz yaşadək.
Ağac haqqında nağıl
Bu ağacın kölgəsi o qədər dərindi ki,
Boğulmaq olar.
Bu ağac o qədər doğmadır ki,
Qoynunda quş kimi
Doğulmaq olar.
Bəlkə, bu ağac qadındı elə,
Öpmək olar yarpağından.
Bəlkə, bu ağac ölümdü elə,
Asılmaq olar budağından.
Bəlkə bu ağac axşamdı,
Şam yandırmaq olar altında...
Bu ağacın kölgəsi yağışdı,
Şamı söndürər onda.
Bu ağac da şəhərdi,
Elə ağac adında...
Biz də onun yadında...
Yaddaşında, huşunda...
Dustaq qatarları
Bu gecə ayıldım qatar səsinə,
Haradan-haraya gedir bu qatar?
Bir cüt əl görünür pəncərəsindən,
Deyəsən, yox olub itir bu qatar.
Bəlkə də uzanan o yorğun əllər,
Qoyma bu qatarı getsin, deyirdi.
Əlləri qatardan qalırdı dala,
Kömək istəyirdi, əl istəyirdi.
Vaqonlar sallayıb qaş-qabağını,
Payız quşlarıtək uçub gedirdi.
Heç kimi aparmaq fikri yoxuydu,
Dəmir qapıları açıb gedirdi.
Nəyə sevinirdi, görəsən nəyə?
Təkərlər relslərə əl çalırdılar.
Gedirdi dustaqlar irəli, ancaq,
Səsləri arxaya atılırdılar.
Unudun məni
Unudun məni getsin,
20 Yanvar kimi...
Elə bilin olmamışdım,
Heç ağlamamışdım,
Heç sevməmişdim...
Məni unudun getsin
Şəhid kimi
Elə bilin ölməmişdim,
Elə bilin evlənmişdim,
Yüz yaşamışdım,
Qocalmışdım,
Saqqalım daraq kimi
Havanı daraqlayırdı...
Məni unudun getsin...
13-cü ay kimi
Qanadsız quş təki,
Qanadlı sular kimi,
Ağacların qabaq əlləri vardı,
Necə ki ağac unutdu onu
Siz də elə unudun məni.
Baxışlarımın havada açdığı şırımla
Çıxıb gedirəm
Əlvida!
Oxu, şairim
Şair, səhər-səhər bir durna köçünə əl eyləsən,
Vaqifin ruhuna vaqif olarsan.
Dizlərini yerə qoyub bir çiçək ləçəyinə əyilsən,
Bir roman oxumuş kimi ayağa durarsan.
Yoxsa sənin oxuduğun xarici romanlar
Kimi şair eylədi deynən?
Səhər-səhər dur bax, gör çay necə tələsir,
Onu kim çağırır,
Bir məna ver, öyrən,
Bir çay romanı oxumuşam deynən dostlara.
Get bazara bax, adamların üzülərinə, gözlərinə
Gör nə qədər yorğundular.
Elə bil min dəfə oxunmuş romandılar.
Köhnə, cildləri cırılmış bir kitabdılar.
Dünya ilə çəkilmiş haqq-hesabdılar.
Oxu şairim, bu adamlar xaricdən gəlməyiblər,
Sənin qonşularındı.
Oxu, o saat biləcəksən
Birinci hansı intihar edəcək?