Kulis.az Hədiyyə Şəfaqətin yeni şerilərini təqdim edir.
***
Azza,
Adamlar səninlə mənim və bir-birlərinin dilində danışmırlar,
Susmuşam,
Burda
Sözlər ikimizə aiddir-sənə və mənə...
Heç nə dəyişməyir...
Əllərim tez-tez aldanırlar və onları geri çəkməli oluram.
Ayaqlarımı yerə toxundurmağa öyrəşmədim ki, öyrəşmədim...
Qurumağa başlayacaq ağaclar, Azza,
Qəlbimin dərinliklərindən bir səs deyir,
Deyir,
Deyir hey bunu...
Quruyan ağacların dərdi məni yandıracaq,
Yandırılan ağacların dərdi Tanrını,
Neyləyəcəyəm mən ağaclarsız, Azza,
Neyləyəcəyəm?
Hər gün daha çox ağrı damcılayır boğazıma,
Hər gün bir az daha içimə-içimə yığılıram...
Çırpınmamağa ehtiyacım var,
qanadlarımı sağ saxlamağa...
Sən bilirsənmi göyləri yerdən seyr etmək nə deməkdir,
Nə deməkdir quş uçuşundakı sehrli pırıltı,
Bilirsənmi,
Yuxularda...
Yuxularda...
Yuxularda...
Yol getmək nə deməkdir gözü yumulu adamlar üçün
Günəş doğarkən
Ayna yolda oynayan parıltı...
...Nəfəs-nəfəs,
Udum-udum ölürəm mən, amma bu incitmir daha,
Hər səhər pəncərəmdəki çiçəklərə gülümsəyirəm əvvəl,
Sonra
Tanımadığım insanlara,
Öz-özümə deyirəm ki,
Sən ki,
Sevgilərin ən gözəlini yaşadın,
Və pıçıldadın ən gözəl şeirlərini artıq, kədərlənmə...
...Bir ovuc kül olmaq da taledir,
Bir su damcısından qalan iz olmaq da, aynalarda,
Qurumuş ağac da...
Vaxtı yetişdiyində, Azza...
***
Mən o səsi quru ağacın nəfəsindən aldım...
Yam-yaşıldı o səs,
İçində ağappaq kəpənək vardı...
- Salam
Pıçıldayıram
Hər axşam çağı...
Məzarlıq qapısındakı qurumuş ağacın iri budağı
Mənə səmanı göstərir
Paslanmış dəmir barmaqlıqların üstündən
Bir addım bu tərəfdə-küçədə olsaydı
Çoxdan kəsmişdilər
Məzarlıq quru ağaclarını qoruyur
Asfalt, adamlar,
Qurumuş ağacın budaqları,
Hər şey
Öz rəngində çıxır gün işığına yağışdan sonra
Səma...
Mas-mavi...
Bir az aralıda
Taksi sürücüləri
Hər axşam
Məzarlığın qapısında ləngiyib
Quru ağaca təbəssüm yollamağımı görürlər...
Yanlarından kölgə kimi ötüb keçirəm
Nə etməli,
Onlar da orada - yolumun üstündədirlər
Qapalı baxışlarımda
Yam-yaşıl səs...
İçində ağappaq kəpənək...
***
Bir dəstə çöl çiçəyi
Bir dəstə çöl çiçəyi
Bir dəstə çöl çiçəyi -
Yaşam.
Ümid
Arzu
Xəyal
Yuxu
Qoxu -
Sevgi
Heç biri
Heç biri
Heç biri üstünü örtməyə yaramır gerçəyin
Ayaqlarım çölə dəymədi bu yaz,
Əllərim çölə toxunmadı,
Mən
Bu yaz göyərmədim çöldə
Pəncərəmin qarşısındakı quru ağaca zillənib qalmışam
Öldük
Həqiqət budur...
***
Yollamaq istəyirəm əllərimi dumanın içinə
Dumanın içində
İtirmək istəyirəm əllərimi...
Əllərimin arxasınca
Getmək,
Hardasa
Yarıqurumuş ağacın budağından dərmək istəyirəm əllərimi...
İki min on yeddinin mart baharı,
Duman
Aramızda pəncərə şüşələri, yağış damcıları,
Və kiminsə
Uçulmaqda olan yetim evi,
Baxımsız həyətinin ovulub tökülməyə başlayan kərpic hasarı...
Əllərim,
O evin qarşısındakı yarıqurumuş ağacın budaqları...
***
Qurumuş ağacın
Qurumuş budağında can axtarıram...
Ən azı ümid edirəm,
Ən azı...
Pıçıldayıram:
- Oyan
Mən səni sevirəm və ölməyini istəmirəm...
Qurumuş ağacın
Qurumuş budağını külək tərpədir
Düşünürəm: "O məni eşidir"...
Gecikmiş bahara minnətdaram,
O, ağaclara düşünməyə vaxt verir,
Havalar hələ də soyuqdur...
Kimsə
Məni inandırmağa çalışmasın ki, ölüb ağac
Öz ağaclarımın
Ölüb-ölmədiyinə mən qərar verirəm
Və
Onların yaşıllaşmaqdan başqa yolu yoxdur...
Qurumuş ağacın
Qurumuş budağında can var...
***
Ən uzaq günlərdə
O qədər uzaq ki, unudulub,
Bir tutum xəzəldən göyərdim...
Köklərim
Həyat bağlarımdı
Bu üzdən o üzə
Siz bilməsəniz də
Mən ağacam...
“Ədəbiyyat qəzeti”