İnsan lütdü... xəyanət labütdü – Həmid Herisçinin yeni şeirləri

İnsan lütdü... xəyanət labütdü – Həmid Herisçinin yeni şeirləri
1 oktyabr 2019
# 15:32

Tanınmış şair-yazıçı Həmid Herisçi yeni şeirlər kitabını çapa hazırlayır. Bu kitabda müəllifin "SSSR" kitabından sonra yazdığı şeirlər yer alacaq.

Kulis.az həmin şeirlərdən seçmələri təqdim edir.

Mehdi Hüseynzadənin Sonu

Bu yaz...
bu yaz mən heç kimi
sevmədim...
heç kimi...
hətta 1 milyon reyxsmarkalıq
öz kəlləmi,
mənə qəhbə gətirmiş bu xoş gecəmi,
"mersedes"imin yan güzgüsündən gördüklərimi,
neynim, daha sevmədim,
Ancelikamı da Triyestin çirkab sularına
itələdim...

Müxalifət qəzetlərinin
manqal yelpiyinə çevrildiyini,
silahdaşlarımın xəyanətə meyilləndiyini,
Mazellinin əsayla öz şlyapasını düzəltdiyi an
güllələndiyini
görüb
azcana gülümsədim...
bu yaz mən heç kimi,
hətta yaralarımı sarmış qoca həkimi,
Ancelikaya soxuşdurduğum yalançı
həyat hekayətimi
sevmədim...
Üzərində "Axtarışdadır!"yazılmış
öz şəkillərimə bütün öz qara kölgələrimlə birgə
axır ki, tam bənzədim...
Kimsəni daha sevmədim...

Cəhənnəmə aid
qanlı meyid-canlı meyid,
dilçilərin aşkarlamadığı
qalın samit,
incə sait
səslər,
yad nəfəslər,
işkəncə otağına gedən
uzun dəhlizlər,
yordu məni...
100 minlik ordu məni
axtarır, tapa bilmir...
Dünyanı partladıram,
restoranlar, kinoteatrlar silkələnir...
Ancaq axırda gəlib dirənir,
bu işlər bircə cümləyə -
- bu yaz mən heç kimi sevmədim...

həə... demək, indi mən gərək
lap dərindən fikirləşim,
Vasilislə, Ancelikayla çopur qayalara
söykənim...
ləpələrin tərcüməsində,
kölgələrin cütləşməsində,
qara çəkmələrimin şər sifətində
indi hekayətimi eşidin...

hə, məndə birləşmişdi
Həm İmam Mehdi, həm də İmam Hüseyn...
demişdi bunu mənə, hə, bir madumazel qadın-fröylen,
ancaq mən kimsəni sevməmişdim bu yaz...
demək, nə qədər hoqqabaz, kəndirbaz
olsam da, öz qara əlcəyini atmışdı mənə
həyatın özü...
Triyestin küçələrindəki pişiklərin şeytan gözü...

Triyest qazanxanalarının boz tüstüsü,
göyə qalxmağı bacarmır...
SS-çilərin mersedesi yolunu azır,
bir an
şəhərin ən oğraş mənzərələrini işıqlandırır...
Axırda məni tapır...
gözlərim bir cümlə yazır-
- "bu yaz mən heç kimi sevmədim, inan!"...
Gülləbaran başlanır bundan sonra, Ancelika,
gülləbaran...

"Zonquzonqu" virusu

Həə…

Hə, qar əridi bu gün,
qar əridi…
divarlar isə…

divarlar isə ərimədi…
həə, gün çıxdı
çəkmələrimin palçığı bərkidi,
qızlar eşqə düşüb
dırnaqlarını itilədi,
rənglədi…

çirkab gölməçələrindən
bir başqa cür boylandı
bizim şəhərin əksi…

sənədlər qeybə çəkildi qəfildən,
sifətlərimiz dönüb oldu
şəxsiyyət vəsiqəsi…

sevincək düşüb arzularımı səslədim,
kimsə gəlmədi…
künc-bucaqdakı
hörümçək toru titrədi
ancaq…
Bom-boş idi “Otoyol” minibuslarıyçün ayrılmış,
ümidlərinin son dişləri sayılmış
yarıyuxulu dayanacaq…

hə, qar əridi…
divarlar isə ərimədi
bu gün…
Kasıblıq qapazladı məni bu gün,
dilənçiliyimin ovucları dərinləşdi.

* * *

Hə, nazlı yar qonaq gəlmədi bu gün
bizə…
Bircə
”zonquzonqu” adlı tam avara virus,
tam qanunsuz,
durub Yaponiyadan qonaq gəldi, soxuldu
bilgisayarıma…
antivirusları nə qədər çağırsam da
harayıma,
xeyri olmadı…
”THE MAN” kişi jurnalının sahibi də
nakişilik göstərib
həmin bu virusdan,
bu namussuzdan
təsirləndi,
əmək müqaviləmi yarıda kəsdi…

Həmin bu virus, üstəgəl, sonsuz sükut,
tapanca lüləsinə taxılan
səsboğucu alət kimi,
dillərdən yox, gözlərdən püskürən
vəhşi lənət kimi,
yaddaşıma həkk olundu
həmin an…
Çıxarammıram onu öz bilgisayarımdan…
Ah, bu virus…
o tam qanunsuz
soxulub bu həyata,
siyasətçilərdən Madlen Olbrayta,
içkilərdən «sprayt»a,
yuyucu tozlardan «tayt»a
üstünlük verir o…
həyatımı,
saytımı məhv edir o…

Hə, bu yaz fəsli
xoştəbəssümlü amerikalıya dönüb
məni yenə aldadacaq,
”zonquzonqu” də ona qoşulacaq,
nakişilik edib
”THE MAN” kişi jurnalına tapşıracaq
mənlə əmək müqaviləsini
uzatmasın…
Qoy hamı bundan utansın,
qoy dərdimin əlacı
”MİCROCOFT”un yeni antivirusuna qalsın,
Qoy yetimliyim gedib bir tənha məzardaşıyla
qucaqlaşsın,
ağlaşsın
köhnə Bakı məzarlığında…

Dərdlərimin çarəsini tapın
ən son anda
yaradacağız

Yeni antivirus proqramlarında!!!

Suiti

Bakıda elə nəhəng divarlar var...
Buyur, götür, dibində bütöv bir milləti
sıraya düzüb qır,
güllələ...
Sabah “ANS-press” xəbər yayar-
- “boşa getməyib orda
bircə güllə”...
Sən isə hiylə işlət belə dar məqamda,
hiylə...
Get ora, bir azacıq yat, mürgülə...
görəcəksən sakitlikdir tam...
Bakının lap ucqarlarında
tozu çırpılan xalça-palazların
səsini də eşidərsən orda...
Görərsən, kimsə sağ qalmayıb
bu həyatda...
Hətta,
həyat da...
Sən bu divarların dibində
bir ömür qədər susarsan,
itə çevrilib kölgələrə cumarsan,
bir fahişə tapmaq eşqiylə
yüz dollarını xırdalayarsan,
pusarsan
AZPETROL xəzinəsini yarmış quldurları,
qusarsan
milli mətbəximizin hamısını...
Öz qanını...
xatırlayarsan
necə
inqilabçı atan
üzüb getmişdi Bakıdan
Xəzərin düz ortasına qədər...
Ancaq, qəzavü-qədər,
Bir də Xəzəri qoruyan
bığlı, qoca suitilər
dişləmişdilər atanı...
Xatırlayarsan
1 saylı Bakı xəstəxanasını,
qarnına 40 iynə vurulmuş
o əziz insanı...
atanın
sonrakı həyatını...

***

Neftçi buruq ustaları,
eşitmişəm,
suitiləri
qarmaqla tutardılar
Pirallahı adasında...
Ciyərini çıxarıb, leşini
Xəzərə atardılar...
Dadlıymış, deyirlər
suitinin qanlı ciyəri...
Sonra yatardılar bu neftçilər,
“KASPAR” gəmiçilik idarəsinin
aşpaz qadınlarıyla...
Hə, mən buna, varam...
Hə, bunu bacarmadı atam...
Aleksandr Belovun “Amfibiya-adam”
kinofilminə bir də baxsam,
atamı o İxtiandra oxşadaram,
onu dişləmiş suitini
tanıyaram...
Qan damır indiyəcən
o suitinin sallaq, iti

bığlarından...

Cəlladla Üz-Üzə

Siqaret kötüklərinin
bol olduğu,
bircə külək həmləsiylə
yox olduğu,
qəbirstanlıq mollasının yorulduğu,
ən tənha məzarı seçib,
üzərində oturduğu,
uzaq sarı işıqların ac,
zülmətin tox olduğu,
lüm-lüt qış ağaclarının mənə
bahar fəsli
boyun olduğu,
insanların öz kölgəsini
fahişə kimi soyunduğu,
divarlara
yad kölgələrin qonduğu,
küləyin sait, ağacların samit
səs olduğu,
səfehliyin mənə aid olduğu,

it-bat bir yerdə,
harda, “Makdonalds” dükanı hələ açılmayıb,
hələ təmirdədi,
təmirdə…
Harda, bütün millət qeybə çəkilib,
soruşsan “hardadılar?”
deyərlər əsnəyə-əsnəyə - “Dövlət tədbirinə gediblər,
dövlət tədbirinə”…

yerdə oturmuş tumsatan bir qarı gördüm…
siqaretimi söndürdüm…

***

Gözlərində meyit vardı bu qarının
kirli dırnaqlarında
ölüm,
Aygün Kazımovanın mahnısını oxuyurdu
vücudundakı zülmət - “Qoy işıqları söndürüm!”

Arxasında isə yetim kitab dükanı…

əli altında -
- fizika - riyaziyyat dərslikləri,
Kafkanın gündəlikləri,
Quran təfsirləri,
Ümmülbanunun “Paris günləri”…

Müştəri gəldimi,
cibini eşələdimi,
ağzına gələni çərənlədimi,
beşcə qəpik ələ dəydimi,
o qarı, bir səhifə qoparır
həmin bəxtsiz kitablardan,
Vaxsey, Marks “Kapital”ının
düz ortasından!

dürmələyib, içinə qara tum tökür…
dildə, hökuməti söyür,
müştərinin dərdini alır,
başına dönür,
İşdə, hikmət dünyasını sökür,
Çökür, Nizaminin “Sirlər xəzinəsi”…
Ütülür, “Kapitan Nemo”nun
bütün fəlsəfəsi.

***

Allah, nə qədər ümüdsüzdür
önümdəki kitab dükanı…
Hə, burda yeyib doyar,
hıçqırar
Rəssam Rembrantın
tünd boyaları…
Allah, bu qarıdan it kimi qorxar
Paris milli kitabxanası!

Satdığı Şəki halvasını,
o, gör necə bükür
Bulqakovun Masterinə, Marqaritasına…
Hə, burda mən uduzdum,
udqundum…

Oturdum,
yer üstə deyil, daş üstə deyil,
elə öz üzərimdə…
Bütün tunc heykəllərin
ağır əlini hiss etdim
öz zəif çiyinlərimdə…

belə hallara düşən vaxt
şairlər şer yazar,
nənələr corab toxuyarmış,
mərsiyələrin sait səsləri uzanarmış
uzaq Kərbalaya qədər…

indikilər isə bu halında ancaq
ucuz dezedorant fısqırdarmış
öz dərin qoltuqlarına…

De, axı kim?
hansı münəccim,
sifətlərdəki hansı zəhm,
oturtdu bu tumsatan qarıları
kitab dükanlarının
qarşısında?

Eh, süfrədəki duzumuz çoxdan bərkiyib,
ona yüz il kimsə əl dəyməyib…
əyri sifətin güc gəlib
eynəyini də əyib…

Eh, göndər bu qarını
Hind, Misir məbədləri önünə…
Vaxtı gəlib bunun,
vaxtı gəlib…

İsveçrə saatsazları əqrəbi xeyli geriyə çəkib,
zamanı,
yaxşı tənzimləyib…

Mürdəşir

***

Mürdəşir işləyirdi Bakıda
Məhəmməd Birya-
- Pişəvərinin şairi,
naziri...
Hə, Təzə Pirdə lap axırda
onun qəbuluna gəlirdi -
- Əli, Vəli, Pirvəli...
Hətta yaxası qızıl düyməli
nazir, dramaturq Şıxəli
Qurbanov...
Hə...orda Birya
yenə də nazirdi,
yenə nazirdi...

özü də, lüm-lüt qəbul edirdi o,
şikayətçiləri...
alırdı əlinə taxma çənələri,
deyirdi - “Bəli...”
deyirdi - “İnsan lütdü...
xəyanət labütdü,
o “zapı”lardan, “moskviç”lərdən daim sızan
rəngsiz nöyütdü”...
Birdə gördün, son baxışını, hə,
siqaret kötüyü kimi sümürdü,
Dedi- “baxın, ölübdü
bədəniniz, təniniz...
Hanı Moskva malı tuman-köynəyiniz?
axırıncı dəfə geyinməyiniz,
kəfənləməyiniz, bəzənib-düzənməyiniz
erməni dəlləklərin yox, mənim boynuma...
Deyirdi-“qəddini əymə, düz uzan, sus,
day danışma,
sözü bir dəfə deyərlər axı adama!

Döyürdü də hərdən
o, bu meyitləri!
çıxarırdı çürük dişlərin dibindən
çürük saitləri, iyli samitləri,
mədənin həzm etmədiyi biskvitləri...
xüsusən, birinci katibləri
qəfil otuzdurardı masa arxasına,
qələm qoyardı barmaqları arasına,
day bilmirəm harasına...
Deyərdi: “Pişəvərinin ölüm hökmünü yaz
bu kağıza!
Güc verin dəə barmaqlarınıza!
Yazdız? Şükür Allah rzasına!


Qanundu ...zaman dəyişəndə,
Təzə Pirdəki mürdəşir də dəyişir...
O, zamanı dəqiqləşdirir...
Növbə indi mənə yetişir!
Bax ha...ölülər hərdən
Mürdəşirin barmağını da dişləyir!
Biryadan sonra Bakıya mən kimi təzə
Təbrizli mürdəşir gəlir!!!

# 12175 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #