Mənə hər yanınla gəl – Aysel Əlizadənin YENİ ŞEİRLƏRİ

Mənə hər yanınla gəl – Aysel Əlizadənin <span style="color:red;">YENİ ŞEİRLƏRİ
31 yanvar 2017
# 08:30

Kulis.az Aysel Əlizadənin yeni şeirlərini təqdim edir.

Yalqızlıq kimi

Mən səni bir rəsm çərçivəni sevən kimi sevirəm

Olarsa nə gözəl, olmazsa eybi yox...

Gözəlliyimdən heç nə almaz olmayışın

Heç nə aparmaz məndən gedişin

Çünki mən səni

yorğun bir axşam

bir badə şərab kimi sevirəm.

Olarsa nə gözəl, olmazsa eybi yox

Ölümə hələ var,

Yaşanmalı an hələ çox.

Mən səni yaşanmalı anlardan

biri kimi sevirəm.

Olarsa nə gözəl, olmazsa eybi yox.

Yalqızlığa çarə çoxdu

Gəlmişkən bir şeir oxu

Ya da

gəlmişkən şeir oxuma.

Mən səni

şeirsiz görüşlərdən biri kimi sevirəm.

Hər gələn özüylə şeir gətirməz,

Hərənin öz gəlişi var.

Mən səni

Özüylə özünü gətirən biri kimi sevirəm

Gətir mənə hər yanını

Mənə yalqızlığını gətir.

Məni yalqızlıq qorxutmaz.

Səni yalqızlıq kimi sevirəm...

nə çərçivəsiz

nə şərabsız

nə şeirsiz yaşaya bilirəm

Mən səni...

Əşrəf Fəyyadın Tanrıya fəryadı

Tanrı! O siyasilərə

nefti, qazı, qızılı, almazı -

dənizlərin altını ver

gözlərinə təpsinlər.

Dənizin üstünü, dumduru suyunu bizə saxla.

Bizə dünya boyda quyunu saxla.

Dünyanın üzünü onlara ver, yesinlər.

Şairlərə dünyanın astarını ver, geysinlər.

Ehtiyatlı ol, Tanrı,

Onlar səni də yeyə bilər.

Onların ölçüsüz mədəsi

Daşdan yumşaq hər şeyi içəri ötürər.

Onların ədası sənin özünü hürküdər.

Tanrı, qoyma əllərimizi

Göylərə deyil,

onlara açmalı olaq.

Bizi onların önündə əymə!

Qoyma bu işləri belə, qoyma.

Qızın həyatı

Bir qız vardı

Üzünü dünyanın boşluğuna tutub

Atalı-analı yetimliyə yaslanıb,

ən yaxın dostlara qısılıb ağlardı.

Bir qız vardı

Məni niyə doğdun soruşardı anasından.

Anasının qatili olacağından qorxardım.

Nəyin dərdini çəkdiyini bilməzdim.

yerbəyer etməyə uşağı yox idi,

Qulluq etməyə əri.

Ocaq başında ömrü çürümürdü

Ancaq nə sirr idisə

Azadlığının qədrini bilmirdi.

Tanrıya hücum çəkirdi:

Məni niyə yaratdın?

Bir qız vardı

Dualarını anlamazdın.

Bilməzdin istəyini.

Siyasətdən danışsan susar,

xoşbəxtlikdən danışsan qorxar,

dindən danışsan coşar,

insandan danışsan deyinərdi.

Dadını çıxar özgürlüyün deyərdim.

Razılaşar, etməzdi.

Bir qız vardı.

Yaşamağı bilməzdi.

Tez-tez necə yaşayırlar soruşardı.

Eyni cavabı verərdim:

Olmayançün üzülüncə, olanı yaşa öncə.

Uzaqlara yol gedincə çatır insan.

Ön cığırı keçməyincə yenisinə çıxa bilərsənmi?

Susar, bəlkə eşitməzdi.

Bir qız vardı.

Xəyallarda uçdu, uçdu.

Yerə enib yerimədi.

Sən

Sən elə gəldin

elə bil bütün gedənlər sənsən.

Hamının yerinə peşman gəldin.

Bir də Sən

Məni də

hardansa tapıb gətirdin.

Belə gəldin

başqa cür...

Yenə sən

Üstünə bağırdığım tək kişi,

bağışla məni ölkəmin bədbəxtliyinə.

Hər şeyin heyfini səndən çıxıram,

bağışla məni ölkəmdə heyif olan hər insana.

Başqa birinə deyiləsi sözü sənin gicgahına güllə kimi çaxıram.

Mən bu ölkənin yazan qadını,

xalqının vuran əliyəm,

bəzən çox yuxarıda olur vurulacaq yer,

əlimi yelləyib sənə dəyirəm.

Bağışla, səni bunun üçün sevirəm.

# 2603 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #