Ramiz Rövşənə görə ayrılanların dramı-YENİ HEKAYƏ

Ramiz Rövşənə görə ayrılanların dramı-YENİ HEKAYƏ
28 dekabr 2016
# 14:58

Kulis.Az Səhər Əhmədin “Ədəbi ayrılıqlar” hekayəsini təqdim edir.

Pərdə açılanda hamam otağındakı göy zolaqlı diş şotkası görünür, o, kədərli-kədərli zümzümə edir:

"Fələk ayırdı məni cövr ilə cananımdan,

Həzər etməzmi əcəb naləvü-əfqanımdan?"

Təəccüblənməyin, qəhrəmanımız öz sevgilisi, dostu, həmdəmi olan qırmızı zolaqlı diş şotkası üçün darıxır. Onu elə özü kimi nərmənazik sahibəsi aparıb gedib. Yəni, göy zolaqlı şotkanın yiyəsi oğlanla qırmızı zolaqlı şotkanın yiyəsi qız yenə küsüb, ayrılıblar. Vanna otağındakı bədən geli, saç şampunu, üz kremi də yoxdu, əlüzyuyanın qarşısındakı kişi üzüyü də tək qalıb.

Mətbəxdə də vəziyyət ürəkaçan deyil. İri çaydan oğlanla qızın davasında günahsızcasına həlak olan dəm çaynikini itirib, qəmli-qəmli oxuyur:

"Sənin kimi çay dəmləyən,

Bir dostum yoxdu, dostum!"

Zibil qabından dəm çaynikinin sınıqları cavab verir:

"Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni,

Bir dəm bəlayi-eşqdən etmə cüda məni".

Yataq otağında komodun üstü boşalıb, cürbəcür daraqlar, rəngli sancaqlar qeyb olub, kişi ətri tək qalıb boynunu büküb.

Qonaq otağının divarında qızın iri çərçivəyə salınmış şəkli gözə dəymir. Çərçivənin qırıqlarını yerdən yığanda oğlanın əlinə şüşə batıb. Döşəmədə iki damcı qan ləkəsi hələ də qalır.

Dava bir az əvvəl belə vaqe olub. Oğlanla qız yanaşı kresloda oturub çay içərkən söhbət hansısa filankəsin hansısa romanından düşür. Oğlan xeyli təriflədikdən sonra qız əsəbiləşib özündən çıxır:

- Sən allah, başqa söz danış.

- Niyə axı?

- O əsərdə bir qırıq istedad izi yoxdu. Bir az kompozisiya maraqlıdı, o da plagiatdı.

- Nə danışırsan, o roman Azərbaycan nəsrində öz sözünü deyəcək, görərsən!

- Yox bir,- qız kükrəyir - Azərbaycan nəsrində... Gülüm barı...

- Sən ki onu axıracan oxumadın!

- O rus yazıçısı necə deyib, nəcisin nəcis olduğunu bilmək üçün onu axıradək yemək lazım deyil, bir qaşıq da kifayətdi.

- Hə də,- axır ki, oğlan da özündən çıxır,- səninçün ədəbiyyat yalnız bir-iki imzadan ibarətdir!

- Bəli. Bir-iki olmasa da, bir neçə imzadan.

- Kimdi o bir neçə imza, hə, bəhmən əsərin müəllifi Bəhmənkəs?

- Cığallıq eləmə, bəyəm mən Bəhmənkəsin adını çəkdim?

- Axı, əzizim,- oğlanın bu sözü kinayə ilə deməyi qızın gözündən qaçmır,- güclü əsər var, bir az ondan zəif əsər var.

- Xeyr, ədəbiyyat var və bir də ona dəxli olmayan cızmaqaralar.

- Bəs universitetdə Mürsəl müəllim deyirdi ey, yadındadı, "balaca-balaca şairlər", onlar nə olsun?

- Onlar şair deyil, sinəsinə hər söz gələnə şair demək olmaz.

- Onlar mənimçün sənin Füzulindən daha səmimidirlər.

- Nəə? (şaqqıltı). Qız əlindəki fincanı yerə çırpır. - Bəs sənin Nizamindən necə? Ondan da səmimidirlər? Yeri gəlmişkən, sən Nizaminin neçə şeirini orijinaldan oxumusan, hə, tərcümə qəhrəmanı?

- Nizaminin şeirləri tərcümədə də gözəldir.

- Hə də, həm Nizamini sev, həm də o sandıq nümunələrini. Bu necə zövqdü, anlamıram.

- Bəlkə sənin kimi hamını Ramiz Rövşənin kölgəsində saxlayım?

- Bildiyini elə (yenə şaqqıltı). Bu dəfə qənddan diyirlənir, amma sınmır, sadəcə içindəki qəndlər, konfetlər xalçanın üstünə dağılır.- Get yaz ki, filankəsin filan əsəri şedevrdir.

Oğlan mətbəxə keçib başqa fincan götürür, özünə çay süzmək istəyəndə qız gəlib mətbəxin qapısına söykənir, hiss olunur ki, güclü cavab tapıb:

- Bəs sən hamını Nazim Hikmətin kölgəsində saxlayanda yaxşıdı?

- Hələ sən get Nazimi oxu (şaqqıltı), dəm çayniki yerə dəyib, iri çaydanın gözü qarşısında parça-tikə olur.

- Buah, mən Nazimi oxuyanda sən kənddə qoyun otarırdın!

- Nə olsun, oğlan guya tövrünü pozmur,- İsa Məsih də çoban olub.

Sonra qız əşyalarını yığmağa başlayır. Mətbəxdən yataq otağına, ordan vanna otağına keçir. Astanada dovşan şəkilli çəkələklər yaddan çıxıb qalması üçün dua edir. Kreslonun altına düşmüş göy zümrüd qaşlı sırğalar bir az da "gizlənir". Qız qonaq otağına keçib əlini divardakı şəklə uzadanda oğlan mane olur:

- Dəymə ona, eşidirsən, dəymə!

- Burax, sənin sevgin də saxtadı, xoşladığın xırda-xırda şairlərin şeirləri kimi pafosdu!

- Qoy yerinə! Sevginin bura nə dəxli var?

- Yadındadı deyirdin ki, bu şəklə baxmadan yuxuya gedə bilmirəm, sonra bu şəkli götürüb gizlətdim, üç gün xəbərin olmadı?

- Bax, sən beləsən də, bütün müqəddəs şeylərə əl uzadırsan.

- Çünki pafosu sevmirəm (şaqqıltı). Çərçivənin şüşə üzü yerə dəyib çilik-çilk olur.

Oğlan kresloya çöküb siqaret yandırır, qeybdən səs gəlir:

"Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır,

Ağlamayım, neyləyim, çün gövdədən can ayrılır".

Sonra pərdə salınır və pərdənin arxasından pilləkənləri enən ağ uzunboğaz çəkmələrin taqqıltısı gəlir.

...Üç gün sonra yenə eyni mətbəx. Qız çantasından təzə aldığı dəm çaynikini çıxarır:

- Bu daha yığcamdı, həm çay tez dəm alar, həm də naxışları daha qəşəngdi.

- Mən də şəklin üçün təzə çərçivə almışam, otağın rənginə düşən,- oğlan qonaq otağına keçir.

- Sən xoşlayan eklerlərdən də almışam - qız qonaq otağına tərəf qışqırır:

- Mən də təzə film tapmışam.

- Qulaqcıqlarını da çaşıb özümlə aparmışdım.

- Sənin də sırğaların kreslonun altından çıxdı.

Qız qonaq otağına keçib oğlanın divardan şəkil asmasına baxır.

- Əlinə nə olub?

- Sənin qırdığın şüşələr kəsib.

- Bağışla,- qız kövrəlir,- əsəbi idim.

- Sən bağışla, Füzulini o söhbətə nahaq qoşdum.

- Mən də Nizamini.

- Elə Ramizi də.

- Elə Nazimi də.

- Hə, Kafedəki oğlan səni soruşurdu.

- Nə deyirdi?

Oğlan hansısa ofisiantı yamsılayır:

- Bəs abla nərdə, nədən tək gəliyorsunuz?

- Bəs sən nə dedin?

Oğlan qızın burnuna çırtma vurur:

- Dedim ki ablan üç günlük səfərə gedib.

- Ya dönməsəydim? - qız nazlanır.

- Dönməsəydin, - oğlan monoloq söyləyən teatr aktyor kimi qollarını yana açır, - gəlib deyəcəkdim ki, sən haqlısan, filankəsin o filan əsəri... bir qəpiyə dəyməz...

- Boş ver, zövqlər haqqında mübahisə eləməzlər.

- Nitsşe deyir ki,- oğlan şəhadət barmağını yuxarı qaldırır,- ardına ikisi də xorla davam edir: - Zövqlər haqqında mübahisə eləməzlər fikrinə rəğmən, həyat elə zövqlər haqqındakı mübahisələrdən ibarətdir.

Qucaqlaşırlar. Bir az keçmiş vanna otağında diş şotkaları, əlüzyuyanın qarşısında üzüklər, masada telefonlar, komodun üstündə ətir şüşələri də qovuşur. Mətbəxdə iri və yöndəmsiz çaydan təzə və daha gözəl dəm çaynikiylə tanışlıq söhbətinə başlayır.

Pərdə salınır və qeybdən köhnə dəm çaynikinin yanıqlı səsi gəlir:

"Sizdə adət bumudur, böylə olurmu yarlıq,

Qanu, ey zalım, bizimlə əhdi-peyman etdiyin?"

# 1607 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #