İtirilmiş nəsil hesab olunan 80-cilərlə bağlı müzakirə davam edir. Onlar haqqında yazılan tənqidi yazıya (“80-cilər niyə yazıçı olmadı?”) həmin nəslin nümayəndələrindən cavab gəldi: 80-cilər etiraz edir: “Biz əslində...” - SORĞU
Müzakirənin davamı kimi Kulis yazarlardan münasibət öyrənib. Cavabları təqdim edirik.
İman Usuboğlu: “80-cilər vaxtdan geri qaldılar - vaxt çox sürətlə ötüb keçdi. Sovet dövlətinə - kommunizmə - ən çox biz 80-cilər inanmışdıq. Qorki adına Ədəbiyyat İnstitutuna da ən çox 80-lərdə qəbul olub. Amma vaxtın gerisindən irəlisi çətin görünüb. 80-lər üçün ədəbi tənqid ölüb. Bədii ədəbiyyatın səviyyəsini müəyyənləşdirən ədəbi mühit kasad olduğu üçün yazıçı da FORMALAŞA bilməyib. Özünə, yaradıcılığına inamı olmayıb. Ona görə də hər hekayədən özünütəsdiq istəyib. Fəqət 80-lərin təsdiq olunmuş yazarları da var. Ehtiyac qul eylər qəhrəmanı da... İndi hər şeyi bazar müəyyən edir. 80-lər bazara girə bilmədilər.
80-cilər ədəbi mühitə zülmlə gəldilər. İlk yazılarını çap etdirmək çətinliyi (Əlabbasın Mövlud Süleymanlı barədə yazıları buna misaldır) ruh düşkünlüyü yaratdı. Mən Anarın, Elçinin 60-cı illərdə ədəbiyyata gəlişlərini eşitmişəm, müəyyən qədər görmüşəm. “Ağ Liman” povestinin və “5 qəpiklik motosiklet” hekayəsinin mühiti... əvəzsiz mühit idi. Biz 80-lərin belə mühiti olmadı. Vaxtında, yəni tələbə ikən çap olunmaq həm müəllifə ham də ədəbiyyata qazandırardı.
80-ciləri təbliğ edən, lazımi analizlər aparan, bəzən müəllifə yol göstərən, bəzənsə ruhlandıran TƏNQİDÇİ-ALİM görünmədi. Şeirlərin tənqidi əsasən tamada sağlıqlarını xatırlatdı. Nəsrin tənqidi isə yoxdur… 80-ci illər yazarlarının içində Səfər Alışarlı kimi yazıçı var və “Maestro” romanı ədəbi tənqidin gözündən kənarda qaldı.
İşsizlik və ehtiyac 80-lərin yaradıcılığını məhv etdi. Bu kimi səbəblər bizi yazıçı olmağa qoymadı...Heç kim burda Qorkinin “Mənim universitetlər”imi...gözümüzə soxmasın.
Elə yazarlar var ki, 80-lərdə daha çox tanınsalar da, üslublarına görə 70-lərə daha yaxındılar. Ədəbi mühiti yalnız ədəbiyyat formalaşdırmır. Musiqi, teatr, kino və əlbəttə ictimai-iqtisadi durum ədəbi mühiti yaradır. 60-cıların güclü olması, həm də indiyədək ədəbi instansiyaları idarə etmələri onları formalaşdıran mühitin güclü olmalarından doğub. 60-70-lərdəki kino, ciddi musiqi, teatr və ədəbi tənqid 80-lərdən güclü olub. Asif Əfəndiyev 70-lərdə ciddi tənqidçi idi və “Azərbaycan” jurnalında dərc etdirdiyi məqaləsi ilə “Dəli Kür” romanını və müəllifi xilas etmişdi. 80-lərin Asif Əfəndiyevi ədəbi tənqiddə var idimi?! 80-ci illər 70-ci illərdən saxta idi. Təhsil də və əlaqədar hər şey 70-cilərdən saxta idi, ona görə də ədəbiyyatı formalaşdıran ünsürlər də saxta oldu.
Bizdə ədəbiyyat son 100-150 ildə rus ədəbiyyatından bəhrələnib, ədəbi mühit də rus ədəbi mühitinin təsiri altında olub. Yuxarıda 80-lərdə Qorki İnstitutuna daha çox qəbul olduğunu yazmışam. Amma bu çoxluq keyfiyyətdə təkrar olmayıb. “Qorkiçi” çox saylı yazarımız var ki, rusca imla yaza bilmir.
80-lərdə Böyük bir imperiya çöküşü illərlə davam edib, biz bir neçə ADAM yazar ola bilməmişik... ya zəlzələdən ya vəlvələdən....ayrı heç nə olmayıb.”
Rasim Qaraca: “80-cilər arasında güclü imzalar vardı və indi də var. Demək istədiyim, təkcə bədiyyatla iş bitmir. Yazıçı və ya şair öz varlığı, həyat tərziylə də sənət əsəri olmalıdır mənə görə. Sənət adamının taleyi olmalıdır və bu taleni yaratmaq da onun öz əlindədir. Yoxsa ütülü kabinetlərdə məmur həyatı yaşadı və qəşəng əsərlər yazdı deyə böyük yazıçı olmaq mümkün deyil. 80-cilər itirilmiş nəsildir, yoxsa deyil, bütün hallarda Azərbaycan ədəbi prosesi saxta bir yolun üzərində inşa edilib. Burada heç nə düzgün deyil, nə ədəbiyyat meyarları, nə nəsillərarası münasibətlər, nə də yazıçılıq ənənələri. O vaxtkı hakimiyyət tərəfindən yazıçı qarşısında qoyulmuş başlıca bir şərt vardı - Simasız olmaq! Ədəbiyyata gələn gənc istedadlar bu şərtin qarşısında sınırdılar. Təəssüf ki, bu ənənə ətalətlə bu günə qədər davam edir. Yazıçılarımız simasızdır, istər 80-cilər, istər 60-cılar, istərsə bugünkülər. Mən bunu birmənalı olaraq belə görürəm. Ən "qəhrəman" yazıçımız Əkrəm Əylisli hər zaman hakimiyyətin yanında olub. Anarın Qorbaçov qarşısında necə geri çəkilməsi simvolik nümunədir. Elçinin kabinetdən çölə çıxdığını hələ görən olmayıb. Hansı etirazdan danışırsınız? İlk dəfə AYO qrupu olaraq bağımsız yazar düşüncəsini meydana atdıq. Öz manifestimizdə bunu ifadə etdik: "...Azərbaycan yazıçısı hakimiyyətdə olan və olmayan heç bir siyasi partiyanın nökəri və qulluqçusu olmamalıdır, bundan sonra o bir də heç zaman dövlətdən təltif almaq naminə həqiqətə göz yummayacaqdır, həqiqət təhlükəli olsa belə onu söyləməkdən çəkinməyəcəkdir...". Təəssüf ki, bəzi AYO-çu dostlarımız bu əhdə sadiq qalmadılar. Ədəbiyyata gələn bir çox istedadlı gənc də, hakimiyyətin, gücün yanında yer tutmağa üstünlük verdi. Onlar bir şeyi unutdular: yaradıcılığı rəngləndirən bir şey var ki, o da yaradan insanın kimliyidir.”
Cəlil Cavanşir: “80-cilər ədəbi nəslinin əksər nümayəndələri bəxti gətirməyən yazıçılardır. Onların əksəriyyəti ya 60-cıların kölgəsində gizləndi, ya da 60-cılarla ədəbi sferada mübarizə aparmağa cəsarət etmədi. Eyni zamanda SSRİ-nin dağılması, böyük bir imperiyanın çökməsi 80-cilərin özlərini göstərməyinə imkan vermədi. Bu baxımdan 60-cılar daha şanslı, daha bəxti gətirən nəsildir. Məişət qayğısı, maddi problemlər 80-cilərin əksər nümayəndələrini ədəbi mühitdən, ədəbi polemikalardan uzaqlaşdırdı, bir qismi isə siyasətə qoşularaq ya çirkləndi, ya da məğlub durumunda meydandan kənarlaşdı. Eyni zamanda bütləşdirdikləri 60-cılar onlara meydan vermədi. Onlar da öz sükunətləri ilə kölgəyə sığınmağı seçdilər. Bu nəslin arasından tək-tük özünü göstərən imzalar olsa da, əksəriyyəti bu gün də özlərindən əvvəlki ədəbi avtoritetlərin kölgəsinə sığınmağa üstünlük veriblər. Sözsüz ki, istisnalar var. Xüsusilə yaradıcılıq baxımından öz nəsildaşlarından ciddi şəkildə fərqlənənlər, yeni ədəbi meyarları həzm edənlər, ədəbi polemikalarda ədalətli mövqe nümayiş etdirən imzalar var. 2000-cilər nəslinin, AYO-nun və müstəqil yazarların 60-cılara açdığı savaşda epizodik olaraq gənclərə dəstək verənlər olub, bu gün də həmin yazıçılar lazım gələndə sözlərini deyir, ədalətli mövqeləri ilə seçilə bilirlər. Əksəriyyət 80-cilər isə hələ də xofla yaşayır və tənqidi qəbul edə bilmədikləri kimi, tənqid etməyi də bacarmırlar. Söhbət bütöv ədəbi nəsildən gedirsə, 80-cilərə itirilmiş nəsil demək insafsızlıq olar. Amma bu nəslin böyük əksəriyyəti susdurulmuş, gözüqıpıq, fağırdır. Onlar üçün bəlli bütlər var ki, bundan sonra yüz ildə keçsə toxunmağa, haqqında danışmağa, tənqid etməyə cəsarət tapmayacaqlar.”