Kulis Hədiyyə Şəfaqətin “Narıngül” hekayısini təqdim edir
Onu ilk evimizə yaxın, yolun o biri üzündə sırayla düzülmüş iş yerlərinin qarşısında görmüşəm. Arıq, cılız, ağbəniz, geyim-kecimindən, kəndli qadınlar tərzində başına sıxıb altında saçlarını gizlədiyi yaylığından yazıq təsir bağışlayırdı. Səhərin işıqlanmasıyla peyda olur, verdrəsini, silgisini götürür, o baş-bu başa gedib-gəlir, iş yerlərindən gah birinə, gah digərinə, marketə, dişçiyə, kafeyə, emalatxanaya, aptekə, gözəllik salonuna girib-çıxırdı. Ta ki, axşam düşüb gecə işıqları yanınca. Mən onu orada görməyə adət etmişdim, pəncərəmizdən görünən, lakin davamlı hərəkət edən mənzərə kimiydi.
Yay gəldi. Havalar çox isti keçirdi. Yaşadığımız bina evi şəhər kənarında, təzə məhəllədədir. Yaşıllıq azdır, yol kənarlarına, təzəbinə həyətlərə əkilən fidanların böyüyüb kölgə verən qollu-budaqlı ağaclar olmasına hələ çox var. Günorta oldumu, adamlar evə çəkilir, uşaqlar yol-izdən yığışırdı. Evimizin qarşısındakı asfaltdan, iş yerlərinin qarşısındakı çınqıllıqdan od qalxırdı. Heç kim axşam sərininəcən başını çölə çıxarmırdı. Mən çox zaman vaxtımı pəncərənin qabağında oturub kitab oxumaqla keçirirdim. Küçədən arabir maşınlar ötüb keçir, sakitliyi ancaq onlar pozurdu.
Yayın yandırıcı istisi bircə təmizlikçi qadına çatmamışdı. Öz işindəydi, vedrəsi, silgisi əlindən düşmürdü. “Kimdir bu qadın, hansısa kənddənmi gəldi, məcburmu qaldı?” deyə düşünürdüm. Bir yandan da onu bu istidə daima vurnuxmağa vadar edən, ordan-bura, burdan-ora yollayan iş yeri sahiblərinə hirslənirdim. “Bəlkə bir az o söz?” - xəstə olduğunu düşünürdüm… Bir yandan bu halda işləməyə məcbur qalması məni narahat edir, “bəlkə evdən ailəsi, qohumları məcbur göndərir?” - duyğusuna qapılır, bir yandan da öz ruzisini qazandığını, kimsəyə əl açmaması, möhtac olmaq istəməməsini anlayacaq qədər ağıllı olduğuna ümid edib özümü sakitləşdirirdim. Belədə adi, yad qadındı, mənimlə bir alıb-verəcəyi yoxdu, amma o qədər miskin görünürdü ki, istər-istəməz dönüb-dolanıb üstünə gəlirdim.
***
Diş ağrısı səhərə yaxın necə yaxaladısa yatağımdan dəli kimi qalxdım, elə bil dişimin dibindən, içəridən mil salıb cərəyan verirdilər. Nə dərman, nə yaxalama, nə dəmləmə, nə buz, nə isti... Faydasızdı. Dan yeri ağarınca otaqlarda o başa-bu başa gəzir, arabir oturub yumruqlarımı yanaqlarıma sıxır, bir az da olsa sakitləşməyini istəyirdim. Səhəri zorla açdım, son saatlar pəncərənin qabağında dayanıb diş həkiminin iş yerini açmasını gözləməyimlə keçdi. Açılar-açılmaz özümü evdən bayıra atdım.
Tez gəlməyim faydasızdı, həkim dünəndən növbəyə yazılıb, çatdırıb müayinə edə bilmədiyi xəstəsiylə birgə gəlmişdi. Mən bir dəqiqə də gözləmək istəmirdim. Ürəyim dişimin dibində çırpınırdı. Həkim ayaq üstə dişimə baxdı: “Gözləyin, xəstənin işini tamamlayım”. Bu dəhşətdi, üzünə yazıq-yazıq baxdım. “Yaxşı, bir məlhəm qoyaq, sakitləşsin”. Gülümsədi. Mən hətta bu yaşımda da diş həkimlərindən qorxduğum qədər heç nədən qorxmuram. Adamın ağzında saatlarla qurdalanan həkimə dözmək! Üstəlik indi dişçilər cürbəcür yoluxucu dərdə mübtəla olmağın üçün ən münbit yerdir. Amma nə etməli, iş belə gətirmişdi. Diqqətlə ətrafı, alətləri, iş masasını süzdüm, hər şey tər-təmiz təsir bağışlayırdı. Həkimin davranışlarında elə qəribə dinclik, nəzakət, rahatlıq vardı ki, sakitləşdim.
Pərdənin o tayında daha bir qadın növbəsini gözləyirdi. Yanında oturdum. Söhbətcilliyini ilk andan hiss etdirdi. Görünür bir az da həyəcandan əsən əllərim diqqətini çəkmişdi. “Qorxma, indi adamın çənəsini söküb-yığırlar, heç nə hiss etmirsən”. Çar-naçar başımı yellədim, söhbətə həvəsim yoxdu, həm də həkimin qoyduğu məlhəmli pambığın dişimin üstündən tərpənməsindən, ağrının yenidən güclənməsindən qorxurdum. Qadın başımın hərəkətini anlaşmamız kimi qiymətləndirdi: “Yaxşı həkimdir, bineyi-qədimdən ailəlikcə bunun yanına gəlmişik”. Zorla gülümsədim, qadın xeyli yaşlı, həkimsə uzaq başı mənimlə həmyaşıd olardı. Qadın mənim kefimin açılmasından şad oldu, “Ha belə, xala zarafat edir, mənim oğlumla bir sinifdə oxuyublar, o vaxtdan tanıyıram” - şaqqanaq çəkib güldü. Adamın dişi ağrıyanda başqalarının belə şən olması qıcıqverici olur, amma mənim ağrım bir az keçmişdi, əl-ayağımın əsməsi dayanmışdı və qadına əsəbləşmədim…
Onu ilk dəfə yaxından elə orda gördüm. İri şüşə qapını aralayıb ehtiyatla, hiss olunmadan içəri girdi, vedrəsini qapının ağzına qoyub ortalığı silməyə başladı. Mən onu əməlli-başlı süzməyə imkan tapmamış, silgi ayaqlarıma çatıb dayandı, istər-istəməz onları yerdən qaldırdım, “xalanın” səsi onu dayanmağa məcbur etdi: “Narıngül?”. Qadın silgini saxlayıb özünə çəkdi, belini dikəldib dayandı. “Ay qız, burda işləyirsən?” “Məryəm bacı, sənsən?” - səsi görünüşünə zidd sevinclə cingildədi. “Ay qız, ay səni, yaxşı, yaxşı, bir yanını qoy görüm bura” - Məryəm xala həyəcanlanmışdı, yanındakı yeri göstərdi. Mən yaddan çıxdım, hələ də yuxarıda saxladığım ayaqlarımı ehtiyatla endirdim, ayaqqabımın altında toz ola biləcəyindən, indicə silinmiş ağappaq parketdə naxışlı iz qoyacağından ehtiyatlandım. Ayağımın birini azca qaldırıb döşəməyə baxdım, tər-təmizdi. Dərindən nəfəs aldım…
“Xala” qadını təzəcə sorğu-suala çəkirdi ki, həkim məni çağırdı, içəri keçdim. Bir az rahatlamışdım, amma həkim həyəcanımdan sığortalanmaq üçün, nəsə əlavə bir sakitləşdirici həb verdi, sonra dişimi yoxlamağa başladı. “Dişinizi çıxartmayacam, müalicə edəcəyəm” - etiraz yeri qoymadı. “Açın ağzınızı, bir dişlə bitməz bu, daha ikisi təmizlənməlidir, nə deyirsiniz?” Əlac nəydi, mən bir dişlə canımı qurtaracağıma ümid etmişdim. Başımı tərpətdim. “ Bir neçə gün vaxtınız itəcək. İndi başlayaq, ya sonra gələcəksiniz?”… Nə olursa olsun, daha gəlmişdim. Evimizdən buraya bir küçəni keçmək qədər yaxınsa da diş həkiminə gəlib çatmağım böyük qələbəydi, razılaşmasaydım bir də ağrı qopunca gəlməyəcəkdim. Ölmək ölməkdir. Dişimi-dişimə sıxıb, “indi”-dedim, həkim keyləşdirici vurub məni gözləməyə yolladı, yenidən başqa xəstəsinə döndü.
Gözləmə yerində yenə həmin xalaydı, qadın çıxıb getmişdi. Bayaqkı kimi şən deyildi, ovqatı korlanmışdı. “Bu qadın xəstədir?” “Hansı qadın?” “Bir az əvvəl yanınızda oturan, içərini silən, təmizlikçi”
“Narıngül? Nə danışırsan? Nə xastə? Biılirsən nə qızıydı? Anasıgillə qonşu olmuşuq. Məhəllənin gözəliydi. Atası bədbəxt elədi, götürdü on beş yaşında istəməyə-istəməyə özü yaşda kişiyə verdi. Məhəllədə oğlanlar bunun üçün dava edirdilər, köçürdülər, getdi atası kimi alkaş oğ…ın əlinə düşdü”. Gözü yaşardı. “Qızım sənin adın nədir?” “Gülər”. “Hə, Gülər qızım, bədbəxtdir bu Narıngül. Sonra əri xəstəlik də tapdı. Harda tapdı, necə tapdı, o da bir ayrı məsələ” - mənalı-mənalı əlavə elədi - “Narıngül neçə ildir pişik balasını gəzdirən kimi o əri o xəstəxana sənin, bu xəstəxana mənim, gəzdirir, əlac axtarır”. Cibindən salfetka çıxardı, gözünü sildi, “Gör haçandı bir xəbərim yoxdu, deyir yenə həmin-həmindi”. “Siz də deyirsiniz istəmirmiş” - özümü saxlayammadım. “Ay qızım, nə istəmək? Yazıq bu qız anasından da belə görmüşdü, başını qaldırıb dünyaya baxmışdı ki, başı qapazdan azad olmuşdu ki, qanaydı istəmək nədir? Kişi də alçağın biridi, baxma ki, yaxşı sənətkardı, dillərdə gəzən adı var, nə olsun? Qazandığı içkidə, qumarda. Gül kimi evlərini topazdı, nə zibildi, orda borca düşüb satdı, deyir gəlib buralarda bir daxma qaralayıb oturublar”…
Qadın hər nə qədər yanıqlı-yanıqlı danışsa da Narıngülün mənim təsəvvür etdiyim qədər də pis vəziyyətdə olmadığına sevinmişdim. Məryəm xala sakitləşəmmirdi, əlini dizinə çırpdı, “Oğlunu tərifləyir, razılıq edir, deyir işgüzardır, yaxşı oğul çıxıb, qeyrətlidir. Gəlin qulluğunda durur, nəvələri də var. Ay yalansa nə deyim, yazıqdır”. “Niyə inanmırsınız ki, ola bilməz?” Məryəm xala üzümə acıqla baxdı - “Bu bədbəxt elə ərini də yerə-göyə sığışdırmır. Elə bilir elə-belə də olmalıdır. Eh, nə deyim, dünyadır da…”
Həkim bu dəfə Məryəm xalanı çağırdı, “İndi sizin dişinizə başlayacam”, məni xəbərdar etdi. Çölə baxdım, Narıngül həmişəki kimi, əlində silgisi, vedrəsi kölgə kimi keçib getdi…
***
Günaşırı, axşam tərəfləri gedir, bəzən oturub həkimin məndən əvvəlki xəstəylə işini bitirməsini gözləyirdim. İndi Narıngülü tez-tez görürdüm. Tanış adamlar kimi salamlaşırdıq. Bir də görürdün kölgə kimi içəri dalır, başını qaldırmadan silgisini ortada gəzdirir, kiçik dolabların aynasına əski çəkir, səssizcə çıxıb gedirdi. Heç zaman həkim işləyən tərəfə keçmir, ancaq gözləmə yerini təmizləyirdi. “Yəqin həkim razı olmur, içərini işdən sonra, rahatlıqla təmizləyir” - deyə düşünürdüm. Düzü bu mənim üçün xoşdu. Kafelərdə yemək zamanı, marketdə alış-veriş etdiyim yerdə olduğu kimi, həkim qarşısında da çirkli silgisiylə ətrafımda dolanan adamları görməkdən xoşlanmırdım.
Bir dəfə həkim mən içəridəykən gözləmə tərəfə keçdi, orada bir xəstəyə nəsə söyləyəcəkdi. Pərdənin o tərəfindəki qısa dialoq diqqətimi çəkdi. “Narıngül, deməddimmi buranı silməyə ehtiyac yoxdur”. Qadın astadan nəsə dedi, anlaya bilmədim. “Biz özümüz təmizləyirik, nə ehtiyac var?”. Tibb bacısı qaşlarını qaldırdı, “Nə xeyri var, bu söhbət min dəfə olub. Biz belə deyirik, ordan maaşı kim verirsə, o tələb edir ki, işini görsün”. “Niyə icazə vermirsiniz, onsuz da bu tərəfə keçmir”. “Həkimlə sinif yoldaşı olublar, pisinə gəlir. Deyir, hamımızdan yaxşı oxuyurdu, indi gəlib iş yerimi təmizlənməyinə dözəmmirəm”. Mən də pis oldum. Məryəm xala da gənc olduğunu demişdi, “Bu yaşda qadının gəlini, nəvələri olmaz, qoca arvaddır, qarışdırır” deyib inanmamışdım. Haqlıydım da, demək olar həmyaşıddıq, mənim qızım hələ bu payız altıncı sinfə gedəcəkdi. Tibb bacısı ürəyimdən keçənləri duydu, ya duymadı, bilmirəm, əlini masaya vurdu, “Kül elə atanın başına, gül kimi övladı bədbəxt edib”. Tanıyan hər kəsin Narıngül haqqında “bədbəxt” deməsi canımı sıxırdı. Bu söz elə bil üstünə birdəfəlik damğa kimi vurulmuşdu, onu bir az da yazıqlaşdırırdı. Tibb bacısı çölə boylandı, Narıngül indi də dişçinin qarşısında sırayla əkilmiş fidanların dibinə su tökürdü. Başını yellədi, “Gündə üç dəfə sulayır. Bunu bir dəfə edəndə nə olacaq, qurumayacaqlar ki, zülmə adətkardı zalımın qızı”. Narıngülün arxasınca baxdım. Bütün bu olanların, danışılanların, bu iş yerlərinin, bu fidanların, əlindəki vedrənin-silginin, gördüyü işin ona heç bir dəxli yoxmuş kimi mexaniki alətlər sayağı edirdi hər şeyi. Hiss etdim ki, ona baxa bilmirəm.
Həmin gün dişçidən çıxanda yolumuz birləşdi. Asfaltı keçib evə yönələrkən hiss etdim ki, arxamca gəlir. Əvvəl elə bildim nəsə demək üçün çağırıb, eşitməmişəm. Ləngidim, mənə çatıb dayanmadı, “Mən də sizin həyətdən su gətirməyə gedirəm” - dedi. “Niyə?” - sualım qəribə səsləndi, mən bilən, iş yerlərinin öz suyu olmalıydı. “Xozeyn bu aralar çənin suyuna qənaət edir. Deyir, hər dəfə su vurmaq xərc edir. Sizin artezianın suyundan daşımağı tapşırıb”. “Bəs çənin suyunu nəyə işlədirsiniz, onsuz da qalıb təmizlənmədikcə korlanacaq”. “Yox, o da işlənir, gör necə yerdir? İşlədənlərə deyəmmir ki, gücü mənə çatır”. Mən heyrətə gəldim, bu hesabla gündə neçə dəfə yolu keçib bizim binanın həyətinə gəlməli, iri vedrələriylə su daşıyıb durmalıydı. Üstəlik çöldəki fidanlara da qulluq edirdi. Tibb bacısı boşuna gileylənmirdi. Anladım ki, işləyənlər də suyu kənardan daşıyıb gətirməsinə hirslənirlər. Bu nəsə alçaldıcı bir şeydi, “Xəlbirlə su daşımaq” kimi. “Ola bilər yaxşı maaş verirlər, ehtiyacı çoxdur deyə razılaşır, əlacsızdır” – deyə düşündüm. Gərək soruşmayaydım, gec ayıldım - “Nə qədər maaş alırsan?” Pərt oldum, amma Narıngül halını pozmadı, “Yüz əlli manat” – dedi - “Vaxtlı-vaxtında versələr”. Həyətdə ayrıldıq, o artezianın kranına yaxınlaşdı, mən evə qalxdım…
***
“Suyu bizim həyətdən gətirirmiş” - həkimin bir anlıq çıxmasından istifadə edib tibb bacısına pıçıldadım. “Hə, üstəlik üç-dörd gündür ayaqyolulardan birinə gələn boru xarab olub, indi oranın suyunu da bu daşıyır gətirir” - hirslə deyindi. “Niyə təmir etmirlər, icarə haqqı alırlar”. “Nə qoyub nə axtarırsınız, özləri işlədən yerdir, qəpiklərini güdürlər, Narıngül səhərdən-axşamacan unitaza su daşıyıb tökür, bu, daha ucuza başa gəlir...”
***
Həkim ləngiyirdi. Yataqdan qalxa bilməyən yaşlı xəstəsi üçün getmişdi. Evə qayıtmaq olardı. Tibb bacısı “Mən həkim gələn kimi zəng edərəm” - dedi, ürəyimdən oldu, nə zaman qayıdacağı məlum deyildi. İşi uzanarsa qayıtmaya da bilərdi. Amma gözləmə yerində oturan Narıngülü görüncə fikrimi dəyişdim. “Gözləyəcəyəm” - dedim. Bu dəfə tibb bacısı sevindi, “Siz buradasınızsa” - məndən çox Narıngülü nəzərdə tuturdu - “Marketə gedib gəlim”. Narıngül heç nə demədi, “Narahat olmayın, biz burdayıq” - onu xatircəm etdim. Narıngülə yaxın əyləşdim. “Bir hovur dincəlim, elə də istidir ki”. “Hə, çox istidir”. Söhbətə körpü salmaq istəyirdim, Məryəm xalanın söylədiklərindən başqa da nəsə olmalıydı, vardı bir əhvalatı, amma bunu mənəmi danışacaqdı? Onu tanıyan hər kəs “bədbəxt” deyib məsələni bitirir. “İşə hardan gəlirsiniz?” Narıngül gülümsədi, “Uzaqda deyiləm, sizin binadan aşağıdakı təzə evlərdəyik, bura da evə yaxındır deyə gəlirəm. Başqa tapdığım işlər uzaq qalır”. Narıngül tənbəl adama oxşamırdı, uzaqlığı məsələ etsin. “Yoldaşım xəstədir, arabir gedib yoluxuram, bir də görürsən özü çağırır”. Gözləri yol çəkdi, ürəyimdən keçənləri oxuyurdu elə bil, “Evdə gəlin var, amma baxma, özgə qızıdır, həm o da kömək edir, tək çatdırammır, əlində körpəsi var, bir nəvəm də olub təzəlikcə” - gözlərinin içi güldü. “Nə olub yoldaşınıza?” - ürəklənib soruşdum. “Əlləri qızılıydı, gəl ki, içmək batırdı. Nə özünə yazığı gəldi, nə mənə. İndi də belə”… Susdu. Sonra oturmasına haqq qazandırırmış kimi qurcuxdu - “Həkim gəlincə oturum, o biri yerlərdə də xətrimi istəyirlər. Amma bura daha yaxşıdır, xozeyn çox da başını soxmur”. “Bəs arada evə gedəndə?” “Bilirlər, tez gedib qayıdıram”. “Çətindir”. “Hə, çətindir” - Narıngül razılaşdı - “Oğlum da işləyir, qazandığı da evdədir, allahüçünə. Amma ona da yazığım gəlir, hansı birinə çatdırsın? Evdə boş oturmaqla olmur”. “Əcəb boşsan” - çalışdım bunu özünə deməyim. “Oğlumu da tez evləndirdik, heç əsgərə getməmişdi, dedik atasına bir şey olar, bircə balası var, toyunu görsün”. Hə, belə olub bu yaşda nəvələri var. “Allah qorusun” - dedim, amma ürəyim sıxıldı, oğlu da özü kimi, on səkkiz yaşında, gözünü açıb dünyanı dərk etməyə macal tapmayıb. Yəqin arvadı da gəncdir. “Gəlinimin yaşı azıydı. Qohumlardandı, mən seçmişdim, oğluma dedim ki, bala, bizim yükümüzə elə bu dözər, gözünü açıb bizi tanıyıb. Getdim-gəldim, kişinin xətrini istəyirdilər, üzümdən keçəmmədilər”. Söhbət canımı sıxırdı, kaş heç başlamayaydım. “Birinci usaqda çətin oldu. Həkimlərə pul basdıq, xeyri olmadı, xəbər verdilər. Oğlum əsgərdən təzə gəlmişdi, polis tutdu apardı. O yan-bu yan, icbari verdilər, işlədi hökumətə keçirdi. İkinci uşaq gec oldu, dedim bala, mənim sökülüb-töküləsi işim yoxdur, gəlinin on səkkiz yaşı bitər, zaqsı olar, ondan sonra. İndi ikinci nəvəm iki aylıqdır”. Çar-naçar- “Əlinizdə qalandan olsun” - dedim, əsəblərim tarıma çəkilmişdi, Narıngülün susmasını istəyirdim… “Qeyrətlidir mənim oğlum, söz eşidəndir, nə iş olsa yox demir, yapışır bir tərəfindən. Fəhlə işləyir, bazarda araba daşıyır”. “Tez evləndirmisiniz, nəyə gərəkdir, qız da lap uşaqmış” - dilimi dişlədim. Gecdi. Sözüm Narıngülün xoşuna gəlmədi, üzü gərildi, səsi sərtləşdi, “Tez-filan deyil, elə yaxşıdır, gözünü açıb ailə, ər görüb. Oğlum da xoşbəxtdir”. “Kiçik yaşda qızını ərə verən ana-atanı bağışlayammıram” - bir az da özünə işarə edirdim, onsuz da olan olmuşdu. “Eh, sən bağışlayammıram deyirsən, onlar oturub-durub razılıq edirlər. Gəlinimin də kefi yerindədir, şükr edir, deyir, nə yaxşı qismətimə siz çıxmısınız”… Əlini dizimə qoydu, günün altında qaralıb qurumuş budağa bənzəyirdi, “Məndən məsləhət, qızın varsa vaxtında köçür, oğlun varsa vaxtında evləndir, onsuz da axır-əvvəl hamının etdiyi budur. Cavan nənə-baba olacaqsınız, nəticə toyunda oynayacaqsınız”…
Qadının əlini kənara itələməkdən özümü güclə saxladım… “Bədbəxt!” İndi bunu onun üzünə özüm söyləmək istəyirdim…
Narıngül hirsləndiyimi başa düşmüşdü. Soyuq-soyuq “İntiligent olmaqla, oxumaqla deyil, gərək belə şeylərdən də başın çıxsın” - dedi və durub getdi. Qapıdan çölə qoyduğu vedrələrini götürüb asfaltı keçdi…
***
Onu son dəfə də dişçidə gördüm. Yanında üç-dörd yaşlarında çox gözəl bir qız usağı vardı. Məni görüb gülümsədi, deyəsən, keçəndəfəki söhbətə görə inciyib eləməmişdi. Düzü mən də dəxli olmayan şeylərlə maraqlanıb çox dərinə getməyimdən peşman olmuşdum, sevindim ki, qaş-qabağını tökmədi. Mehribanca görüşdük. “Nəvəmdi şeytan” - dedi, - “dişinə baxdıracam, həkimin yanında adam var”. Mən də gülümsədim, qızı yanıma çəkib yanağından öpdüm…
***
Payızın soyuq və dumanlı səhərlərinin birində gözümü açıb küt-küt bayıra baxdım. Gördüyüm yuxunun təsirindən hələ ayılmamışdım. Qarmaqarışıqlıq içində nə gördüyümü andırmasam da qulağımda həyəcan siqnalı səslənir, çoxlu adam danışığı bir-birinə qarışıb başımda gup-gup guppuldayırdı. Qalxdım, küçəyə boylandım, sakitçilikdi. Pəncərəni açdım, soyuq hava içəri dolub pərdələri tərpətdi. Üşəndim, pəncərənin qarşısından çəkildim. Gördüyüm yuxunun təsiri dağılmağa başladı. Çayımı süzüb süfrədə oturunca tamam çəkilib getdi.
Günorta həyətdə nəsə hərəkətlilik duydum. Danışıq səsləri kişili-qadınlı bir-birinə qarışmışdı. “Yenə nə müzakirə edirlər?” - dedim, amma tez də başım qarışdı…
Uşaqlar məktəbdən gələnə yaxın aşağıya, həyətdəki kiçik köşkə çörək almağa düşdüm. Satıcı qadın özgə deyil, öz sakinlərimizdəndir. Nəsə narahat görünürdü. Çörəkləri sellofan torbaya qoya-qoya “Xəbəriniz var, axşam burda qəza olub” - dedi. “Harda?” - həyətə boylandım. “Burda, binaya yaxın, bax orda” - əlini uzadıb bir qədər aralıdakı kiçik körpünü göstərdi - “Narıngülün ərini öldürüblər”. “Necə yəni öldürüblər?” - əvvəl elə bildim bu başqa, ikinci xəbərdir. “Maşın vurub, qəza olub demədimmi?” Çaşdım qaldım, “Bəs o xəstə deyil, yataqdan necə qalxıb?” Satıcı qaşını-gözünü oynatdı, “Ay onun xəstə canını Allah alsın ki, aldı. Dinc duraniydı ki, bir az yaxşılaşdımı durub gedirdi, içirdi, vurub-qırırdı”. “Narıngülü tanıyıram, heç belə danışdığını eşitməmişəm” - özümdən olsa dedi-qoduya etiraz eləmək istəyirdim - “Camaat da bilmir nə danışır”. “Nə deyirsiniz, buralarda hamı bilir, içməyi cəhənnəm, qayıdıb evi dağıdırdı, neçə dəfə qonşular qapısını qırıb Narıngülü əlindən alıblar”. “Kim edib, bilinmir?” - sözü dəyişmək istədim. “Yox, kimsə axşamkı dumanda vurub qaçıb, deyir, dünən də içib gəlibmiş, oğlu keçib qarşısına ki, əlindəki bıçağı alsın, onu vurub, qoluna dəyib. Sonra da əynini-başını soyunub töküb, havalanıb qaçıb. Evdəkilərin başı oğlana qarışıb, arxasınca getmək ağıllarına gəlməyib. Sonra da belə”. “Axşamdan olub?” “Hə, axşamdan, gecə kimsə görüb polisə zəng edib. Deyirlər, vaxtında çatdırsaydılar bəlkə sağ qalardı. İndi də ki, camaat öz ölüsünə yiyə çıxmır, kimdir onu maşınına qoyub xəstəxanaya aparan?” “Heç olmasa təcili yardıma vaxtında zəng etsəydilər” - təəssüflə dilləndim. Koməksizlikdən ölən adama ikiqat yazığım gəlir. “Yəqin heç kim görüb dayanmaq, başını bəlaya salmaq istəməyib”. “Elə yaxşı ki, aparmayıblar, sağ qalıb nə olacaqdı, Narıngülün zülmü ikiqat olacaqdı” - satıcı çox soyuqqanlıydı, bir az da yaxına gəlib pıçıltıyla davam etdi - “Səhər açılan kimi tökülüşüb gəlmişdilər, camaatı, işləyənləri - başıyla yolun o üzündəki iş yerlərini göstərdi - hamını dindirirdilər. Məndən də soruşdular. Dedim mən nə bilim, soyuq havadır, şər qarışmamış bağlayıb gedirəm evə. İnşallah heç tapılmaz da”.
Bir an dayanıb gözümü körpü tərəfə zillədim, “Yazıq Narıngül, çox əziyyət çəkirmiş”. Satıcı “Canı qurtardı Narıngülün. O boyda zülmü Allah götürərmi? Gör necə layiqsiz öldü getdi, it kimi” - deyə dilləndi. Səsindəki qəddarlıqdan pis oldum, üzünə məzəmmətlə baxdım. “Heç elə baxmayın, heç kimin yanında abır saxlayan deyildi. İçdimi, gündə neçə dəfə gəlib-keçirdi burdan. Uzaqdan görünəndə abrından hərə bir tərəfə dağılırdı. Alçağın biriydi, o canıyla da aləmin qızına-arvadına sataşırdı. Bu da cəzası”...
Üç gün sonra bir də çörək almağa düşməli oldum. Heç nə soruşmasam da satıcı öz halında xəbər verdi ki, qonşulardan bir-iki salam-kəlamı olan qadın yığılıb yas yerinə, baş sağlığına gediblər. “Əslində göz aydınlığı düşürdü, nə edəsən?”… “Narıngül necəydi?”. “Necə olacaq, özünü yeyib tökürdü, bədbəxt!” “Barı oğul-uşaqdan yarısın, yazıqdır” “Hara yarıyır? - satıcı əsəbləşdi - Oğlu da atasının tayıdır”…
Hadisənin üstündən ay yarım kimi keçmişdi, eşitdim ki, kişini vuran sürücünü tapıblar. Buraların adamı deyilmiş, ölkənin bu başından o başına gedən yolçuymuş. Maşının əziyi yol uzunu təhlükəsizlik kameralarına düşmüşdü, araşdırıb tapmışdılar, o da dərhal boynuna almışdı, “Bildim ki, nəsə dəydi, dumanıydı, gecə sakitçiliyiydi, qəfil çıxdı qarşıma, adam olduğu ağlıma gəlmədi. Elə bilmişəm itdi, pişikdi, yolu keçir”… Satıcı qadının “İt kimi gəbərdi” - sözlərini xatırladım, üz-gözümü turşutdum. Müsahibim - “Sən də eyni şeyi fikirləşdin” - deyə üzümə baxdı. “Nəyi?” - həqiqətən anlamamışdım. “Hamı heyflənir sürücünün tapılmasına. Həyətdə kişilər danışanda eşitmişəm, deyirlər, ölməli zibiliydi, xalxın uşağını işə saldı”…
***
Bir səhər pəncərəmdən yenə Narngülü gördüm. Başdan-ayağa qara geyimdə, əlində vedrəsi, əskisi, iş yerlərinin qarşısında o baş-bu başa gedir, işini görürdü. “İndi ki, xəstə əri yoxdur” – düşündüm - “Bəlkə borcu-xərci çox olub?” Eşitmişdim ki, Narıngül ərinə el adətiylə ehsan verib, heç nəyi əskik etməyib. Əsəbləşmişdim, qonşular təklif etsələr də onlara qoşulub yasa getməkdə bir məna görməmişdim. “Rastlaşsaq başsağlığı verərəm. Artığına nə ehtiyac var?” - deyə düşünmüşdüm…
***
Tezliklə rastlaşdıq. Bir az da qurumuş, gözlərinin altı kölgələnmişdi. Məni görüb başını aşağı saldı, susub dayandıq. “Başın sağ olsun” - sözlər zorla çıxırdı ağzımdan. “Sağ ol” - dedi və susdu. Amma yenə nəsə əskikdi, narahat bir durum yarandı. Mən vəziyyətdən çıxmaq üçün ağlıma ilk gələn şeyi söylədim - “Eşitdim vuran adam da tapılıb” “Hə” - başını yellədi - “Gəlmişdilər”. Dərin bir ah çəkdi, “Dedim bir işdir, olub. Kim istəyərdi ki? Vuran da cavan adammış, oğlum yaşında, onun da körpə uşaqları var“. “Tutmayacaqlar yəni, şikayətçi olmamısınız?” - adamların sürücü üçün təəssüflənməsi yadıma düşdü. “Az iş verəcəklər deyirlər, bəlkə də cərimə yazdılar, bununla bitdi. Mənimki də günahkardı axı, sərxoş olub”. “Yəqin ailəsinə yaxşı pul boyun olublar, yoxsa Narıngül razı olmazdı ərinin qanı batsın”… Qadın bu dəfə də ürəyimdən keçənləri duydu, başını qaldırıb düz gözlərimin içinə baxdı, “Başqası olsaydı soğan qabığı kimi soyardı. Nə qədər gəlib-getdilər, təklif etdilər, dedilər heç olmasa yasınızın xərcini çəkək, razı olmadım. Dedim o qədər vaxt xəstəsinə baxmışam, işləyib bunu da ödəyərəm”. Sarsılmışdım, fikrimdən keçənlər üçün xəcalət çəkdim. Narıngül dərin bir ah çəkdi, gözlərinin içini dolduran yaş süzülüb düşdü, “Məndən gedən gedib, o adam on il otursun türmədə, nə olacaq, gedən geri qayıtmayacaq ki? Balalarının ahını almağıma dəyməzdi”…
04.01.2016.