Kulis.az Nicat Qafuroğlunun “Narıngül” hekayəsini təqdim edir.
Maşının şüşəsindən dəniz görünəndə ürəyi çırpındı. İlk dəfəydi dənizi televizorda yox, belə yaxın məsafədən görürdü. Bakıya ilk səfəriydi. Narıngül qəbul imtahanına gedirdi. Atasının qırmızı “Jiquli”si sonuncu dəfə Bakıdan 22 il əvvəl çıxmışdı. Adəmin toyundan bir-iki həftə əvvəl...
Bir az sonra Bayıl təpələrinin başındakı villalar və Teleqüllə göründü. Həyəcanı artırdı. Bu qülləni də televizorda görmüşdü. «Ata, o Teleqüllə var ha, hündürlüyü 300 metrdən çoxdur. Ölkəmizdə ən hündür tikili hesab olunur. Hündürlüyünə görə dünyada 34-cü Televiziya qülləsidir” – demək istədi, amma Nadır dayıdan utandı.
Bayraq Meydanının yanından ötəndə isə özünü saxlaya bilmədi.
- Ata...
- Hə, qızım
- Olar, burda bir az dayanaq?
- Ürəyin bulanır?
- Yoo, bayraq meydanına baxmaq istəyirəm... bayrağa...
- Hə, Adəm, qaduyu alım saxla, mən də bir siqaret çəkim...
Adəm maşını saxlamaq üçün yolun sağ tərəfinə yönəldi, bu vaxt ağ “Nissan Patrul” lap yaxın məsafədən, sürətlə, aramsız siqnal verərək keçib, dayandı. Sonra arxaya verib “Jiquli” ilə paralel saxladı. Şüşəni endirib əllərini ölçə-ölçə qışqırmağa başladı:
- Alə, korsan? Dönürsən “pavarotniki”ni yandır də? Debil... Dəysəydi altından çıxa biləcəkdin?
Hər üçü bu sözləri aydınca eşidirdi. Adam bunları demək üçün dayanıbmış. Dedi, sürdü, getdi.
Narıngülün yanaqları bayrağın qırmızısı rəngdə idi. Maşını saxlatdırdığı üçün peşman olmuşdu. İlk dəfəydi kimsə atası ilə belə danışırdı. Ümumiyyətlə, ilk dəfəydi kimisə belə danışan görürdü. Adəmsə, elə birdaşa dönmüşdü. Ağır keçən bir neçə saniyədən sonra Nadir dayı siqaret çıxarıb yandırdı.
- Qudurublar, tərbiyəsiz köpəy uşağı... Gəl qızım, düşək....– Nadir dayı maşından düşdü.
- Qızım, düş, bax, gəl...
Narıngül bir-iki saniyə tərəddüddən sonra maşından düşdü. Dünyanın ən uca bayrağı necə möhtəşəm görünürdü - ürəyi yerindən çıxırdı Narıngülün. Məktəblərinin gözü olan Narıngül Azərbaycan tarixini əla bilirdi, Vətənini sevirdi, Azərbaycan bayrağını sevirdi. Bütün dəftərlərinin ilk səhifəsində üç rəngli bayraq çəkmişdi. Fəxarət hissi içindəki peşmançılığı da azaltdı hətta. Yenidən maşına tərəf gəldi
- Ata, sən də gəl, nə olar...
- Yaxşı, Nadir dayının yanından ayrılma, mən maşını rahat yerə verim gəlirəm.
Narlngül dil açmışdı elə bil.
- Nadir dayı, bu, dünyada ən hündür bayraqdır.
- Ay Maşallah!
Adəm də gəlib çatdı. Narıngül atasını görüb bir az da ürəkləndi.
- Bayrağımızın hündürlüyü 162 metrdir. Dünyada ən hündür bayraq dirəyi hesab olunur. Ginnesin rekordlar kitabına düşüb.
- Ayə, Adəm, maşınını aparırılar...
Yol kənarındakı “Jiquli”ni evakuatora çıxarırdılar. Adəm qaçıb çatdı, xeyri olmadı, maşını apardılar...
***
Narıngül taksidə atasının yanında günahkarcasına oturmuşdu. Maşının şüşəsindən şəhərə baxırdı, amma bayaqkı həvəslə yox. Hətta “Bəhrəm Gur”un heykəlinə, Dənizkənarı Bulvara belə etinasız baxdı... Elə bil min dəfə keçib burdan... Amma uşaq ki, uşaq, Qız Qalasının yanından keçəndə özünü saxlaya bilmədi
- Mən elə bilirdim, Qız Qalası daha böyükdür... – Utandı...
- Xanım deyəsən birinci dəfədi Bakıya gəlib... – Cavan sürücü güzgüdən Narıngülə baxdı. Narıngül qızardı və daha bir kəlmə də danışmadı.
***
Onlar müvəqqəti dayanacağa maşınlardan tez gəlib çatmışdılar. Bir az sonra evakuatorun belində “Jiquli”ni gətirdilər. Narıngül ürəklənib Nadir dayıdan soruşdu
- Nadir dayı, maşınımızı niyə bura.... belə gətirdilər ki?
- Nə bilim, ay qızım, deyirlər, düz yerdə saxlamamışıq.
- Onda desinlər ki, maşını burada saxlama, sür başqa yerdə saxla, lap cərimə də yazsınlar, daha niyə bura gətirirlər...
- A kişi, niyə sındırırsız? Ayə, ayə, sizinləyəm ee, niyə sındırırsız??? – Adəmin gur səsi bütün dayanacağa yayıldı. Maşını evakuatordan endirəndə qabaq buferi sınmışdı.
- Niyə qışqırırsan, sındırırsız deyəndə, sınıqdır da... – 25-30 yaşlı oğlan əli ilə buferi silkələyib cavab verdi.
- Bu sınıq deyildi axı... indicə sındırdız...
- Bunun salamat yeri var ki...
- Deyirəm, bu sınıq deyildi...
- A kişi bunun harasına əl vursan sınacaq daş Antikvar maşın sürürsən!
“Part” Adəm həmin adamı bir sillə vurdu. Adam çığıra-çığıra polis postuna tərəf qaçdı. İki polis gəlib Adəmi Post Patrul Maşınına otuzdurub apardılar. Adəm “Nadir, sən uşağı apar Kifayətgilə” deməyə macal tapdı.
Narıngülün gözləri qaraldı, özündən getdi. Ayılanda bibisigildə idi.
Səhər qəbul imtahanı idi. Narıngül imtahana getmək istəmədi. Dedilər, atanı sabah səhər, sən imtahandan çıxana qədər buraxacaqlar. Narıngül yenə istəmədi. Dedilər, on illik əziyyətini boşa vermə. Narıngül israr etdi. Bibisi yalvardı, əsəbiləşdi, qışqırdı, xeyri olmadı. Səhər onu məcburən aparıb imtahan zalına saldılar. Məhkəmə Adəmə 5 sutkalıq cəza verdi. Narıngül 5 sutka bibisigildəki balaca otaqdan çıxmadı.
***
Qayıdanda maşında ikisi idi – Adəm və Narıngül. Narıngül ön oturacaqda, atası ilə yanaşı oturmuşdu. Yol boyu bir dəfə də olsun maşının yan şüşələrindən şəhərə baxmadı. Ancaq irəli baxırdı. Kəndlərini dövrəyə alan çinarlar görünəndə Narıngül ağladı. Bu altı gündə, bu qədər olanlardan sonra ilk dəfə hönkürdü Narıngül. Adəm maşını saxladı.
- Nə oldu qızım?
- Ata... – hönkürdü.
- Hə...
- ... yazmadım
- Nəyi yazmadın?
- Suallara cavab yazmadım....
- Niyə?
- İstəmirəm. Mən o şəhərə qayıtmaq istəmirəm...
Adəm maşından düşüb siqaret yandırdı. Çinarlar elə doğma görünürdü ki...