Kulis.Az Səfiyar Məcnunun şeirlərini təqdim edir.
ÜSTÜNƏ
Hilaltəki yaraşıqdır qaş gözünün üstünə.
Amma nədən süzdürürsən yaş üzünün üstünə?
Heç bir düyün yalnızlıqda dərd çəkməklə çözülməz,
Yoxmu kimsə sən qoyasan baş dizinin üstünə?
Unut dərdi, sevincli ol, hər gün sənin günündür!
Bayram elə, gətir sən də aş mizinin üstünə!
İstərdim ki, bu şerimlə ala biləm könlünü
Su tökərdim sözlərimlə kaş közünün üstünə.
Nə xoşbəxtlik, nə bədbəxtlik daim deyil insantək,
Çərxi-fələk hər gün qoyur daş yüzünün üstünə.
ANA ARI
Ürəyimin varıdır,
Eşqin kimi yarası.
Dodağın məlhəmdirsə
Günah bunun harası?!
Zillənirəm gözünə,
Baxışların süzülür.
Şəkər kimi dilindən
Zəhər niyə tökülür?
Yazın körpə arısı,
Bal umursa pətəkdən...
Sən də ay ana arı
Tök bu daşı ətəkdən.
QARA QATIQ
Ağarmaz nə qədər çaba etsən də,
Bir qatıq ki, mayasından qaradır.
Sağalmaz nə qədər cəfa çəksən də,
Bu ürəyim əzəlindən yaradır.
Əvvəl eşqın bədəninə ələdi,
Sonra məni bədəninə bələdi.
Qancıq məni sevgisindən elədi,
İllər sonra bədənində aradı.
Göz yaşın qurutmuş illəri ilə,
Gah mələk, gah şeytan dilləri ilə,
Ər qanı bulanmış əlləri ilə,
Tellərimə xına çəkdi, daradı.
Ya Rəbbim, görən bura haradır?!
YATA BİLMİRƏM
Qaranlıq düşəndə, yatanda şəhər,
Mən sənin dərdindən yata bilmirəm.
Gündüz yaşadığım bircə saatı,
Bir gecə gözümdən ata bilmirəm.
Bu gecə sığışmır hecalarıma.
Dənim yetmir körpə cücələrimə.
Qatmışam ömrümü gecələrimə,
Tək səni gecəmə qata bilmirəm.
Gecə dərdin şirindirsə röyadan,
Açılmasın səhər sənsiz xülyadan.
Çırpındığım hicran adlı dəryadan
Nə çıxıram, nə də bata bilrəm.
SƏN DƏ
Məngənətək ruhumu bədənimdə,
Həyat sıxır, sən də sıx.
Qəlb evimi kədər yıxır, dərd yıxır,
Qüssə yıxır, sən də yıx.
Keçən zaman itirdiyim kimsənin
Əvəzini vermədi
Ömür ötür həyatdan qohum çıxır,
Dostlar çıxır, sən də çıx.
İZİN VER
Nədir gözlərində bu kədər qızım?
Yorğunluq iz qoyub üzünə sənin.
Nədir dözmədiyin bu qədər quzum?
İzn ver baş qoyum dizinə sənin.
Sən yum gözlərini, mən yara dönüm.
Sözə çevir ruhundakı ağrını.
Yığ saçımı yumruğuna, sıx ki, mən
Hiss eləyim parçalanan bağrını.
Hərdən göz yaşların damsın üzümə,
Qarışsın üzümdə gözüm yaşına.
Dərdini eşidib, duyandan sonra
Qalxım ayaq üstə, dönüm başına.
Alım səndən bu ağrını, acını,
Göstərim, əlində var olanların
Həyat çox şeyini aldı əlindən.
Əlin sar belinə yar olanların.
Nədir gözlərində bu kədər qızım?
Yorğunluq iz qoyub üzünə sənin.
Nədir dözmədiyin bu qədər quzum?
İzn ver baş qoyum dizinə sənin.
LƏNƏT
Göyərməzsə cəhənnəmə göyərsin,
Bu dünyanın qara daşına lənət!
Qaralmırsa cəhənnəmə qaralsın,
Kədər ağartdığı qaşına lənət!
Əriyər zamanla soyuq dəmir də,
Bişirər xəmrini qara kömür də.
Bir dəfə yaşanan qısa ömürdə
Keçmişə söylənən "kaş"ına lənət!
Dünya, dağılarsan sən də sonunda,
Bir şeytansan amma mələk donunda.
Mənim otuz illik yaşım önündə,
Sənin altı milyard yaşına lənət!
Yox sirdaşım şəninə sənin kimi,
Çox yoldaşım qəmimə tənim kimi,
Ay Səfiyar, sənin də mənim kimi,
Bunları qandığın başına lənət.
QƏRİBƏDİR SEVDAMIZ
Xatirələr köhnədir,
Hadisələr təzədir.
Duzu bir az acıdır,
Şəkəri turşməzədir.
Yaşı düşgün qocadır,
Başı körpəsayaqdır.
Gündüzləri yuxulu,
Gecələri oyaqdır.
Gözləri işıqlı ay,
Baxışları qəmlidir.
Üzü almayanaqdır,
Amma üstü nəmlidir.
Dili şəkərdi, baldı,
Sözü yaman acıdır.
Hərdən mən ona qardaş,
O, da mənə bacıdır.
Qəribədir sevdamız,
Geniş bir don kimidir.
Sonu bəlli deyildir,
Əvvəli son kimidir.
Yaxın oldu ruhumuz,
Ayrı düşdü dünyamız.
Hicran belə əlçatmaz,
Qəribədir sevdamız.
SƏNSİZLİK
Könlüm quşu qəlbinin qəfəsində,
Qəlbin isə başqa yar həvəsində.
Çəkməzdim bu qədər dərdi inan ki,
Duysaydım ətrini yar nəfəsində.
Yenə gözüm görmür getdiyim yolu,
Çəkilmir yolumdan qatı dumanlar.
Açmişam önümə hər iki qolu,
Cızır əllərimi qara tikanlar.
Zülmət gecələrdə öz kölgəm belə
Gözdən itər, amma itməz sənsizlik.
Bitməyən fikirlə bitməz sandığım
Gecə bitər, amma bitməz sənsizlik.
Çarəsizcə biz yaşadıq hicranı,
Hicran da, vüsal da sənin duzundur.
Bu sevdanın sənsiz keçən hər anı,
Gəlmədiyin yollar kimi uzundur.
ƏSAS ŞƏRT
(xanımlara)
Əvvəl sevəcəksən, hər şey gözəldir.
Sanacaqsan bu həyatın düzəldi.
Sanki qaranlıqdan səni işığa,
Çıxaran ağ atlı oğlanın gəldi.
Bir müddət gözündə şahzadə olub,
Adi bir insana çevriləcəksən.
Saatlarla acqarına dayanıb,
Güzgüdə gözünə zillənəcəksən.
Mələklər cildində, bəylər donunda,
Neçə hiylə ilə sənə çatacaq.
Nə sözlər, nə vədlər verəcək, sonra,
İşini bitirib, çönüb yatacaq.
Zamanla qəlbində səni soyudub,
Fahişə beynində isinəcəkdir.
Şəhvətini bədənində doyurub,
Qolunda özgəsin düşünəcəkdir.
"Az" gələcək "canım" sözün yerinə.
Dəyişən sözlərdən üzüləcəksən.
"Ömrüm, yeməyə nə var?" Əvəzinə
"Ordan maa zəhər ver" eşidəcəksən.
Sevmə ay günahsız, yazıqsan vallah.
Bu hissləri ürəyinə yasaqla.
Xoşbəxt ömrə sevgi əsas şərt deyil,
Cehizində sözlərimə yer saxla.
ÖPƏ BİLMƏDİM
Cürətim yetmədi, öpə bilmədim,
Lalə dodaqları baldır yenə də.
Titrəyən nəfəsi, əsən əlləri,
O günü yadıma saldı yenə də.
Yenə də lal-dinməz durduq üz-üzə,
Göz-gözə gəlməyə üz də tapmadıq.
Nələr düşünmüşdük xəyalımızda,
Bir kəlmə kəsməyə söz də tapmadıq.
Nələr düşünmüşdüm, nələr ay Allah,
Zərrə qədər dəyişməyib zahiri.
Yaratmısan xariqələr ay Allah,
Sinə mərmər, dodaq püstə, göz iri.
Beyin yüklənibdir, ürək dolubdur,
Xeyalım uçubdur onun qoynuna.
Nəfsimi susdurub dözürəm, amma
Hisslərim sarılıb onun boynuna.
Məcnun, ümid ilə ətrin özlədin,
Yaman tələsirdin bu görüşə sən.
Bircə addım atmağını gözlədin,
Yenə həsrət qaldın o öpüşə sən.