Kulis.az Əhməd Qəşəmoğlunun yeni şeirlərini təqdim edir.
Yolumuz
Bir aləmdən gəlmişik biz,
Yolumuz o aləmədi.
Çəpərlər, daş-kəsək çoxdu,
Haqq bizə uğur dilədi.
Min dəfə də üzə gülsə,
Uymarıq heç vədə nəfsə.
Bu yolda lap ölüm gəlsə,
Qəlbimiz Allah ilədi.
Qorxma dünya bu gündədi,
Ənvari-nurum öndədi.
Əhməd nə xoşbəxt bəndədi,
O bu yolda əhd elədi.
şeir yazmaq ibadətdir
hər dəfə şeir yazmaq
hər dəfə ibadət etməkdir...
qəlbinlə, ruhunla ilahi nura
şairliyin qədər
köklənməkdir....
hər saxta söz, yaltaq kəlmə
öz ibadətinə
toz - torpaq ələməkdir...
o yerdə ki....
o yerdə ki, pozulur ahəng,
hamı bir- birinə gəlir kələk,
başına haranın daşlarını
töksün fələk?
o yerdə yellər oynayar,
bir-birinə qatar aləmi,
at oynadar külək.
bir fil
bir fil.
qarşısında fəsad-fel dolu
uzun, ağır yol...
özünü itirib fil...
bir dəstə sərçə
uğunublar özlərinin səs-küylərinə,
atılıb düşürlər budaqlarda, kollarda,
doluşublar bu filin kürəyinə,
belinə, telinə...
anlaya bilmədən filin
dərd dolu əhvalını,
dimdikləyirlər tez-tez onun
bir parça kəsəyə oxşatdıqları
alnını...
hələ karıxıb durub,
susub fil.
Ümidim - getdiyim yol
Halım pis, dindirmə məni,
Göylərdən endirmə məni,
Gözüm tutulur yaşdan,
Toylara göndərmə məni.
Yaşamağa həvəs yoxdu
Bəxtim, axı, necə bəxtdi?
Bu bəlaya niyə düşdüm,
Günahım bu qədər çoxdu?
Çox qırıldım, yoxam daha,
Güman qalmadı sabaha.
Ümidim - getdiyim yoldur,
Bu yolun üzü Allaha.
nur içində pərdə
aşiq mənəm! deyən gözəl,
karıxdırma bu dünyanı...
bir gör hələ, nə gündəyəm?
eşqi həm də məndə tanı.
bax hər yandan yağan nura,
odlar alışıb odlara...
bu bir tilsim, ya haqq əmri?
gör bir kimdi düşüb dara?
qulaq asdın harayına?
kainat hayandı ona.
o göy üzünə köklənib,
insafsız, onu az qına.
astaca tut əllərindən,
bil nələr axır qəlbindən.
gör nə kövrək soruşacaq
ürəyini tellərindən...
eşq - ahəng olan yerdədi,
qəlb dindirən şeirdədi.
mən kiməm? - gizli saxlayan
nur içində bir pərdədi.
o körpələr
bizim eşqimizdən
gözləri qara, işıqlı,
gözəl körpələr doğulmalıydı...
amma
kədərli şeirlər doğuldu...
o körpələrin gözündə
qəlbimdəki sonsuzluğun,
qəlbindəki nəğmənin
sehri olacaqdı...
sevgidən doğulan körpələr
nurdan doğulur,
nur yayır dünya üzünə....
ən aydın səmadan qalxan
günəştək qalxacaqdılar,
məlakələrtək
gələcəkdilər yer üzünə,
böyük insanlar olacaqdılar...
o körpələrin səsinə həsrət qəlbim
gümandadı, səsdədi...
yaşım da ki, yaşın kimi
ürək açan deyil,
yol üstədi...
ögey ömür
məni ayrılığa atdığın
bütün bu illər boyu,
qəlbim
başı kəsik
bir ağac günündədi...
o ağac ağı deyir
tükürpədən...
pöhrələr boy verir
yan-yörədən...
bütün bu illər, adın
ən ilahi duadır dilimdə -
çox vaxt özüm də bilmədən
pıcıldayıram astadan...
xəyalının önündə
ibadət edirəm hərdən.
bütün bu illər sənin
dünyada olmağının
sehri içindəyəm....
zanbaq çiçəyi
sənin bu zülmündə,
ürəyimə vurduğun zərbələrində,
həyatıma qatdığın zəhərində...
bir gözəllik də var...
bataqlıq içindəki bir zanbaq çiçəyitək...
mən sənə vurulduqca,
göy üzünün kəh-kaşanı
qəlbimdə qurulduqca,
daha çox sevirdim həyatı...
daha çox vurulurdum, bağlanırdım həyata...
yaşamaq, yaşamaq istəyirdim...
bütün kainatın gözəlliyini baxışlarımda
baxışlarına daşımaq istəyirdim...
dilə tutub, yola verib ölümü,
sənə həsr eləmək istəyirdim ömrümü...
sənə qurban olmaq, hər nazını çəkmək,
sübh üzü kimi doğmaq istəyirdim
ömrünün hər anından...
mən sənin uğrunda...
daha çox istəyirdim həyatı...
elə məqamlarımda gəlsəydi ölüm,
sarsılacaqdım!
dəhşətlər, cəhənnəmlər içində
vida deyəcəkdim həyata,
nigaran qalacaqdım səndən...
zülmündə
bir gözəllik də var.....
bataqlıq içindəki bir zanbaq çiçəyitək...
yavaş-yavaş
barışıram ölümlə....
çəkdiyim ahların içində
bir alqış da var ölümə....
matəm içindəki qatil
qarşında bir qatiləm....
əlləri qanlı, qəlbi tufanlı...
sübh üzü güllələdim
qorxa-qorxa, ögey baxdığın
məlaikəni...
o məlaikə
mənim sənə eşqim idi...
qəlbimdən, ruhumdan
doğulan bir nur,
sənin üçün heç kim idi...
dünən axşam inandım o yazığın
dunyada yeri olmadığına...
sənin səbrini
əlindən almağına....
subhə qədər oxşadım, əzizlədim,
qərar verdim, güllələdim...
və sındı qəddim...
dərin bir meşədə, tək tənha
matəm içindəyəm..
indi qarşında adi
qatil biçimdəyəm...
kimin qəlbi hayandadır, kim bilir?
görkəmiylə Yer üzündə insanlar,
kimin qəlbi hayandadır? kim bilir?
lap yan-yana, bir evdə yaşayanlar
nə qədər yad, doğmadılar, kim bilir?
qəlb doğmasa, çəkir insan insanı,
qəlb hər zaman gəzir onu duyanı,
duyan yoxsa, ögey görür dünyanı,
küskün qəlbi kim dindirər, kim bilir?
doğmalığa köklənmək bir nemətdi,
qəlbi dilləndirən nurdu, qüdrətdi,
heyif ki, çox insan buna həsrətdi,
belə ömür bəlkə hədər, kim bilir?