“Düma ilə Coys arasında” kitabının müzakirəsi keçirilib

“Düma ilə Coys arasında” kitabının müzakirəsi keçirilib
11 oktyabr 2016
# 13:36

Azərbaycan Yaradıcılıq Fondunda akademik Kamal Abdullanın “Düma ilə Coys arasında” esselər kitabının müzakirəsi keçirilib.

Müzakirədə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologyia elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, akademik İsa Həbibəyli, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, tanınmış şair Səlim Babullaoğlu, professor Tahirə Məmməd, dosent Pərvanə Bəkirqızı, Kulis.az-ın baş redaktoru Qan Turalı, yazıçılar Şərif Ağayar, Mirmehdi Ağaoğlu, Kəramət Böyükçöl, "525-ci qəzet"in əməkdaşları və başqaları iştirak edib.

Tədbiri giriş sözü ilə açan akademik Kamal Abdulla bildirdi ki, “Düma ilə Coys arasında” kitabında son dərəcə səmimi olmağa çalışıb: “Burda qeyri-səmimi heç nə yoxdur. Bəzən hətta özüm özümü səmimi olmağa məcbur etmişəm. Ədəbiyyat aləmidir də, kimsə sənin üstünə əlində qılınc gəlir, sən də qalxan tutmalı olursan. Bu məqamları da olduğu kimi yazmışam. Çalışmışam ki, hamının qiymətini verim. Yəqin ki oxuduqca hiss etdiniz.

Məni haqsız-haqlı tənqid edənlər olub. Kitabda mən bunlardan kənarda olmağa çalışmışam. Boynuma almaq istəyirəm ki, bu, çətin məsələdir. Bütün bunları yaşamaq, sonra da loyallıq nümayiş etdirmək elə də asan məsələ deyil. Mən deyə bilmərəm ki, bu, mənim içimdən gələn məsələdir. Amma bunları beynimlə başa düşüb, özümü buna məcbur etməyə çalışmışam. Və mənə elə gəlir ki, alınıb. Yenə də deyirəm ki, son dərəcə səmimi olmağa çalışmışam.

Mən bu kitabla bağlı İsa Həbibbəyliyə öz təşəkkürümü bildirmək istəyirəm. İsa müəllim əlyazmanı bir neçə dəfə oxuyub və mənə elə gəlir ki, o da səmimi bir ön söz yazıb. Mən çox istəyirdim ki, ön sözün müəllifi İsa müəllim olsun. Çünki akademik üslubda ön söz istəyirdim kitabıma. Həm də ön sözdə olan ab-hava ilə kitabda olan ab-havanın bir-birinə qarışmasını yox, bir-birindən məsafə saxlamasını istəyirdim. Bu cür təsəvvür edirdim. İsa müəllim bütün gücü ilə çox dəyərli ön söz yazdı. Bu ön söz- hesab edirəm ki, onun həm də bütün Azərbaycan ədəbiyyatına verdiyi qiymət idi. Kitabı yəqin hamınız oxumusunuz, mən çalışmışam bəzi məsələləri bir tənqidçi kimi yox, bəlkə də bir oxucu kimi qiymətləndirim. Mən həmişə ədəbi şəcərə haqqında düşünmüşəm. Fikirləşmişəm, tutaq ki, Ramiz Rövşənin ədəbi şəcərəsi hara gedib çıxır? Biz xarici ölkə ədəbiyyatında kimə gedib dirənə bilirik? Özüm üçün bu istiqamətdə maraqlı tapıntılar edirdim. Səlim Babullaoğlundan Mahir Qarayevə, Mahirdən Brodskiyə qədər… Bu müqayisə kimin üçünsə qəribə görünə bilər, amma mənə çox təbii və normal göründü. Kitabda bir çox məsələlər var ki, İsa müəllim ön sözdə onlara xüsusi diqqət yetirib. Məsələn, “literaturşina” və yaxud əsl ədəbiyyat. Kim bu barədə nə düşünürsə, özü bilər, amma mən kitabda vurğulamışam ki, bu söhbətlər bihudə zəhmətdir. Bu məsələ barəsində düşünməmək daha məsləhətlidir, düşünmək ehtirasın və potensialın varsa, onu başqa məsələlərə yönəlt. Bir başqa məqam: Rus ədəbiyyatında “Oblomovşina” deyilən bir şey var. Tənbəllik, darıxmaq… Ölməz Haqverdiyevin “Uca dağ başında” silsiləsi var, orda dəli axtarırlar. Darıxırlar da adamlar. Ancaq insanların dəli axtarmağı yazılıb, darıxmaqları yazılmayıb. Tacirlər nə qədər bir-birinin üzünə baxar? Nəsə baş verməlidir ki, həyat onlar üçün maraqlı olsun. Mənə elə gəlir bu rakurs Azərbaycanın ictimai-sosial həyatının maraqlı bir layına işarə edir. Darıxan adamlar layına.

Kitabdakı mövzular Birun-Əndərundan Bermud ücbuğına qədər gedib çıxır. Sanki mövzular bir-birindən uzaqdadırlar, amma əslində bir-birini tamamlayırlar. Mən burada sizlərin adını çəkmişəm, mənə elə gəlir ki, bunun özü kitabın siqlətini artırır. Konkret ədəbi nümunələrdən və ədəbiyyat adamlarından danışmışam. Adların çəkilməsi son dərəcə vacib məsələdir. Təndiqçilər var yazır-yazır, ümumi şəkildə tənqid edir, ancaq ad çəkməyəndə tənqid konkret hədəfə gedib çıxmır. Ad olmayanda bir də görürsən heç məqaləni oxumuruq. İstənilən halda adları axtarırıq. Hər birimizin oxucu cəlb etmək üçün bir yolu var, adlar çəkmək də bunun bir yoludur”.

Kamal Abdulla sonda – bu kitab kimlərisə hansı ideyaya yönəltmək missiyasını həyata keçirmək üçün yazılıb-deyə qeyd etdi.

O, kitabın müzakirəsində iştiak edən şəxslərə təşəkkürünü bildirdi: -Bir söz də deyim: hər biriniz haqqında yazanda simanız gözümün önündə canlanıb. Deməyin ki, yazıçılıq edir, bu, doğrudan da belədir. Əzizlər mənlər, inanıram ki, ədəbiyyatımızın bu günü də, sabahı da var, sabah da, bu gün də saf, ləyaqətli əllərdədir. Bu gənclərin arxasında şəxsi taleləri və şəxsi sözləri durur. Bu uşaqlar möhkəm dayanıblar, ayaqları torpaqda, başları da göyün 7-ci qatındadır. Həmişə belə olasız.

Kamal Abdulla çıxışının sonunda təklif etdi ki, Azərbaycan Yaradıcılıq Fondunda ayda bir dəfə müxtəlif kitabların müzakirəsi təşkil edilsin.

Tədbirdə çıxış edən akademik İsa Həbibəyli müasir Azərbaycan ədəbiyyatında yaranan əsərlər, baş verən tendensiyalar haqqında danışdı, akademiyada yaradılmış Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin yaradılmasının zəruriliyi, onun fəaliyyəti haqqında məlumat verdi. İsa Həbibəyli müstəqillik dövrü ədəbiyyatını əhatə edən antologiyanın hazırlandığını dedi və antologiyanın 1800 səhifə olacağını vurğuladı. O, qeyd etdi ki, müstəqillik dövrü ədəbiyyatı ilə Kamal Abdullanın son kitabında yazdıqları arasında ciddi bağlılıq var: “Bu kitab yeni mühitin kitabıdır. Kitabda klassiklərə müraciət var, burda Füzuli də var, Haqverdiyev də, Mirzə Cəllil də, Mehdi Hüseyn, Hüseyn Cavid də… Amma “Düma ilə Coys arasında” kitabında daha çox siz cavanlar varsız, yeni ədəbiyyat mühiti, yeni ədəbiyyat qavrayışı var. Daha doğrusu, yeni ədəbiyyat mühitinin Kamal Abdullanın təsəvvüründəki qavrayışı var. Kamal Abdullanın bu kitabda davakar olmayan, amma bəlkə də bir az davakar görünən iddiası da var. Kamal Abdulla daha çox o iddiadadır ki, yeni dövr ədəbiyyatı mövcuddur. Kamal müəllim bu kitabda tamamilə özüdür. Maraqlıdır ki, kitabda Şərif Ağayarla bağlı yerlərdə xeyli dərəcədə özünü təmkinə çağırıb Kamal . Prosesin davam etməsi naminə. Qarşı tərəflə dialoqun baş tutması naminə. Kamal Abdullanın söhbətindən çox, ədəbiyyatın söhbətinə çevirilməsi naminə. Mənə elə gəlir ki, bu kitab bədii təfəkkürlə idrak arasında mübarizədir. Amma ortaq nöqtəni tapmaq çətindir. Bu kitabı yalnız ədəbiyyat adamı və yaxud yalnız elm adamı yaza bilməzdi. Hər ikisini bilən çox təcrübəli adam bu cür kitab yaza bilərdi. “Düma ilə Coys arasında” kitabında xüsusilə gənc nəsil ədəbiyyatını, onun qayğılarını yaxından gördüm”.

Yazıçı Şərif Ağayar kitab haqqında fikirlərini bölüşərək xüsusilə “Birun və Əndərun” essesini çox bəyəndiyini deyib: “Orxan Pamukun “Saf və düşüncəli romançı” kitabında mərkəzin gizlədilməsi söhbəti var. Pamuk deyir ki, əsərin ana mesajı həmişə gizlindədir, çox dərinlərdə saxlanılır. “Birun və Əndərun” essesində yazılanlar bu fikirlə üst-üstə düşür ”.

Yazıçı Qan Turalı: “Bzim klassiklərimiz esseistika ilə çox az məşğul olublar. Demək olar ki, esse yazmayıblar, Mirzə Cəlilin, o cümlədən başqa yazıçılarımızın cəmi bir neçə məqaləsi var. Amma Kamal Abdulla bu işlə əvvəldən məşğuldur və mütləq qeyd etmək lazımdır ki, bu çox yaxşı, faydalı bir işdir. İsa Hüseynov çox böyük yazıçıdır, onun cəmi iki səhifəlik özü haqqında bir essesi var. İsa Hüseynov demək olar ki, ancaq bədii yaradıcılıqla məşğul olub. Amma modern dövrdə esse çox populyar olub. Ekonun elmi əsərlərinin sayı, esseistika ilə bağlı kitablarının sayı bədii əsərlərinin sayından çoxdur. Borxes də eynilə. Əslində postmodernizmdə bunların hamısı var. Milan Kunderanın roman sənəti haqqında bir kitabı var. Çox fundamental kitabdır. Hər bir yazıçı bu kitabı oxumalıdır. Amma bizim yazıçılarımız esse yazmağa dırnaqarası baxırlar. Məhz bu baxımdan Kamal müəllimin kitabı həddindən artıq əhəmiyyətlidir”.

Tədbirdə çıxış edən başqa yazıçı, şair, tənqidçilər də kitab haqqında xoş təəssüratlarını bölüşdülər. /sim-sim.az/

# 1149 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #