Kulis.az dünyanın ən böyük yazıçılarından sayılan, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosanın “Səfillər” romanına ön söz kimi yazılan “İmkansızın cazibəsi” essesini təqdim edir.
Geniş yayılmış fikrin əksinə olaraq, “Səfillər” çap olunandan sonra onun haqqında deyilən fikirlərin, yazılan rəylərin hamısı tərifli deyildi. Xeyli mənfi yazılar yazıldı, hətta bu tənqidi yazıların bəziləri – Barbey D”Aurevillinin məqaləsindəki kimi – düşmancasına idi. Tənqidi xarakterli bu yazılardan ən maraqlısı toxunduğu məsələlər və Viktor Hüqonun romanını çıxış nöqtəsi kimi götürüb bədii ədəbiyyat haqqında cəsarətli fikirlər dilə gətirməsi baxımından Alfons de Lamartinin uzun araşdırmasıdır. Lamartin sözü gedən araşdırmasında bəlkə də heç fərqində olmaya-olmaya, birbaşa bədii sözün tarixdəki funksiyası ilə maraqlanıb.
Lamartin uzun essesinin əvvəlində mühafizəkarcasına “Səfillər”i anarxiyaya və ictimai xaosa zəmin yarada biləcək bir əsər kimi görür, ədəbi realizmin dəstəkçisi olaraq yenidən yaratmaq iddiasında olduğu gerçəkliklə tutuşdurulanda bu kitabdakı mübaliğələrə və qüsurlara əsəbləşərək roman haqqında tərəddüdlərini yazır. Onun fikrincə, bu əsər “xəyali bir adamı cəmiyyətin düşməni və qurbanı edib.” Yazır ki, əslində “cəmiyyətə qarşı insan” qoyulmalı olan bu əsər fəlakət gətirən bir işdir, çünki bu əsər “Fərd”i möhtəşəm bir varlıq kimi təqdim edərkən, insanlar tərəfindən elə insanların özü üçün qurulan cəmiyyəti bütün haqsızlıqların cəmi kimi göstərir.
Lamartinin fikrincə, bu roman Platonun “Dövlət”, Russonun “İctimai müqavilə” əsərlərinin yolunu izləyən, Sen-Simondan Furyerə, Prüdona və dahi Mormonlara qədər gedib çıxan bütün sosialist ənənələri davam etdirən utopiyadır!
Lamartin 1848-ci il inqilabını yad edərkən, Hüqonun o vaxtlar çox həssas hesab etdiyi “mühafizəkar” bir manifest çap etdirməsini xatırlayır. Lamartin “demaqoqlar və utopistlər” deyərək hücuma keçir və iddia edir ki, “Səfillər” romanı “insanların onları xilas edən şeydən, yəni ictimai sabitlikdən nifrət etməsinə yol açır, çöküşlərinə səbəb kimi (qeyri-müəyyən İdealın anti-sosial fantaziyası) cəmiyyəti göstərib onları küyləyir, cəmiyyəti bəzən haqsız, radikal və aşırı tənqid” edir. Bu ideoloji natamamlıq Lamartinə romanın utopizminin mənfi tərəfi kimi görünür.
Lamartin bizi inandırmağa çalışır ki, romanın adı da səhv seçilib, çünki xarakterlər səfildən daha çox cinayətkar və tənbəldirlər. Romanda heç kim işləmirsə, az qala heç biri məsum deyil. Oğrulardan, eyş-işrət düşkünlərindən, avaralardan, fahişələrdən, küçə uşaqlarından ibarət bir dünya təsvir olunur. Xarakterlər özləri belə anlamırlar ki, davranışlarını hərəkətə gətirən nədir. Məsələn, kimsə Mariusdan soruşsa ki, niyə barrikadadasan, cavab verə bilməyəcək. Ola bilsin ki, “par ennui” (can sıxıntısından, darıxmaqdan) deyəcək, amma “məcburiyyət”dən deməyəcək.
Bu roman “aşağıların dastanı”, “imkansızlığın şedevridir.” Bu nöqtədən etibarən Lamartinin müşahidələri hələ ki, siyasi və ədəbidir, amma sonra fəlsəfənin və dinin dünyasına da baş vurur. Lamartin arqumentlərini inkişaf etdirirək Hüqonun romanı haqda danışmaqdan kənara çıxır, bədii ədəbiyyat və tarix arasındakı münasibətlərin mahiyyətinə, ədəbiyyatın həyata və cəmiyyətə təsiri məsələlərinə keçir.
O yazır ki, “Səfillər” əsəri insanları “Tanrı yox, insan olduqları üçün bədbəxt edəcək”, onlara çox böyük zərər verəcək. Lamartin bu romanı oxumağa məcbur edilmiş “bir edam məhkumu ilə” xəyali bir dialoq da yazır. Bu dialoqda həmsöhbətlərin ikisi də Jan Valjanın xeyirxah keşişi və balaca Jerveni soymağını qəddarlıq sayır, ikisi də kitabı şişirdilmiş və irreal olmaqda ittiham edir; ancaq Hüqonun realist “istedadının” bütün bunları oxucunun gözündə inandırıcı etməsi barədə mübahisə edirlər.
Lamartin monsenyor Benevünü “örnək” xarakter saysa da, onunla ənənəçi J. arasında keçən “terrorizmin göylərə qaldırıldığı” dialoqa görə üzüldüyünü yazır. O, 93-cü ildəki Yakoben terroru tərəfindən törədilən cinayətləri yoxsulların keçmişdə etdiyi cinayətlərin ayağına yazıb təmizə çıxarmaq istəyən “mücərrəd riyaziyyatı” şiddətlə rədd edir. Siniflər bütün dövrlərdə eynidir ki? Yönlərini dəyişmirlər, ya ümumən dəyişmirlər ki? Belə bir arqument “axmaq instiktlərinə görə insanları tərifləmək” mənasına gəlir, bu da elə bil onlara deməkdir ki, “qəzəblənməkdə və öldürməkdə haqlısan; üstəlik, bir gün Viktor Hüqo və İosif de Maystr kimi yazıçılar ortaya çıxacaq, ki Hüqo demokrat, Maystr isə avtokratdır, və öz nəzəriyyələri ilə sənin törətdiyin cinayətləri haqlı göstərəcəklər.”
O, Monsenyor Benevünün “varlı ilə yoxsulun arasında daha çox bərabərlik olması üçün” ödədiyi vergiləri tənqid etməsini cahillik sayır. Əgər vergilər olmasa, bunun qurbanı dövlətdən dotasiya alan proletariat olacaq. Eyni zamanda, “lyuks”, yəni istehlak olmasa, istehsal da olmayacaq və bunun da qurbanı istər əyalətlərdəki, istərsə də şəhərlərdəki istehsalçılar olacaq.
Lamartin yazır ki, Əyyub peyğəmbərdən bu yana xeyli yazıçının etdiyi kimi Hüqonun da insanların dərdindən yazmasını təqdir edir, amma deyir ki, niyə o, bu səfalətə görə cəmiyyəti günahkar adlandırır? Həyatı cəmiyyət yaradıb ki? Ölümü cəmiyyət kəşf etməyib ki? Və nəhayət, təbiətin və bəşərin vəziyyətini anlamaq çətindir, amma onun orqanik bir parçası olan qeyri-bərabərliyi yaradan cəmiyyətmidir? Xeyr, cəmiyyət deyil, Tanrıdır. Cəmiyyət üçün narahat olun, ona nəsihətlər verin, başa düşdük, amma onu günahlandırmayın, çünki bu düşüncəsizcə və barbarca bir davranışdır. “Əgər qüsursuz və qeyri-mümkün düşüncələr əksək, kütlələrin xəyal qırıqlığının dəyişməz qəzəbini biçəsi olacağıq.”
Lamartin “Səfillər”in “1817-ci ildə” adlı fəslini vətənə xəyanət sayır. Viktor Hüqonun “uşaq saflığını qoruyub saxlamış prenses”in bədbəxtlikləri haqda açıq-saçıq şərhlərinin və zarafatlarının mənası nədir? Və Lamartin Şatobrianın bir dəfə roman müəllifindən “möhtəşəm uşaq” kimi bəhs etməsini də xatırlayır.
Bohem şagirdlərlə – aralarında Fantina da var – gənc aşiqlərdən bəhs olunan hissəni də Lamartin fiasko sayır. Tenardyenin qızlarının yellənçəkdə yellənmə səhnəsini bəyənir, amma Kozettanın anasının başına gələn bədbəxtlikləri – xüsusilə dişlərini və saçlarını satmasını – melodramatik və saxta hesab edir. Onun fikrincə, roman “bərbadlaşdıqca ireallaşır.”
Lamartin deyir ki, müsyö Madlenin katorqaya göndərilməsi ehtimaldan kənardı: “Dünya bu cür deyil.” O, Hüqonun Kombron tərəfindən dil gətirilən “merde” sözünü (merde – pox deməkdir) açıqca yazmasını və üstəgəl bu sözə fransız dilindəki “ən gözəl” söz deməsinə ən çox əsəbləşən tənqidçilərdən biridir: “Təhkiyəçi təhqirlə görkəmli olanı bir-birinə qarışdıraraq müvazinətini itirir.”
“Bu dünya, dərdini açıqca ifadə edə bilməyən və buna görə də taleyə pox deyən qəzəbli kütlənin əsas instintiklərinə yarınmaq məşğuldur. Bu, hər şeyi bərabər tutmaq cəhdi ilə əsgəri və xalqı ölümsüz bir əsərdən məhrum qoymaq əvəzinə … iyrəncləşən qrammatik demaqoqiya nümunəsidir.”
Lamartin üçün romanın şəbəkəvarı bədii elementlər ən zəif hissələrdir: “Dram məqsədilə necə gəldi uydurulmuş hadisələrlə dolu olan bütün qurama hissələr romanın zəif nöqtələridir. Yazıçının nə vaxt bir xarakterə ehtiyacı olsa, nağıllarda, ya da Volterin hekayələrindəki kimi hardansa tez-bazar xarakter tapır və həmin xarakter də ağlasığmaz şəkildə yazıçının bu dəvətinə itaət edir.”
Lamartin Hüqonu boşboğazlıqda, “dəxlisiz informasiyalar sərgisi” yaratmaqda ittiham edir. O, Marius obrazında Hüqonun cavanlığını görür və Mariusla Kozettanın flirtini müəllifin yazdığı “ən sevimli sevgi səhnəsi” sayır. Lakin Sen-Deni küçəsində baş verən hadisələrin “əfsanəvi” adlandırılmasını cəfəng hesab edir, çünki bu “heç bir fikri, heç bir tətbiqi metodu, bəyat etdiyi və müdafiə edə biləcəyi heç bir məqsədi olmayan… avara tələbələrin epik fantaziyasından ibarətdir.”
O, Sen-Deni “əfsanəsi” söhbətinə əlavə edir ki, asilərin heç kimin müəyyən edə bilmədiyi, anlaşılmaz bir şey üçün savaşırlar: “Qanuni monarxiya yox, 1830-cü ilin çökmüş krallığı yox, cumhuriyyət də yox, tam nədir, mən də bilmirəm, amma bəzən demokratiya, bəzən ideallar, əslində qırmızı bayraq.”
Kəsəsi, Lamartin üçün “Səfillər” romanı ictimai-siyasi “xülyalarla” doludur, Hüqonun bu “irrealıqlara” gerçəyə oxşarlıq qazandıran müdhiş istedadı və poetik gücü olmasa, bu hekayə ayaq üstə dura bilməyəcək qədər dramatik, mübaliğəli və qorxuncdur.
Lamartin bu fikirlərə söykənərək o qənatə gəlir ki, romanın “hədsiz idealizmi” bəzi insanlar üçün “təhlükəli”dir: “Bu kitab təhlükəlidir, harmonik cəmiyyəti hədsiz dərəcədə təhdid edir və beləcə, onu idealın dalınca düşmək üçün küyləyir, onu korlayır. Ağılsızlara imkansıza çatmaq ehtirası verir: imkansız olana bəslənən arzu kütlələrə aşılanası ən qorxunc və öldürücü arzudur. Çünki “Səfillər”də arzulanan şeylər qeyri-mümkündür və ən böyük namümkün də bütün ağrılarımızın yox olacağıdır.”
“Əgər bir insanı aldatsanız, onu dəliyə döndərərsiniz; əgər icazə versəniz ki, insan idealların müqəddəs çılğınlığından çıxıb təzədən bədbəxtliyin qupquru çılpaqlığına qayıtsın, onu qəzəbli bir dəliyə çevirərsiniz.”
Lamartin son sözlərində birbaşa müəllifin “sərhədsiz inkişafın” mümkünlüyünə inanmağına hücum çəkir. Bu cür optimizm “şeylərin gücünü”, yəni insan təbiətinin daxili sərhədlərini göz ardı etməkdədir.
Ədəbi tənqid kimi başlayan araşdırma, Lamartinin – XVI əsrdə ispan inkvizisiyasının amerikan koloniyalarında roman çapını yasaqlayarkən istifadə etdiyi arqumentlərin təxminən eynisi olan – bütövlükdə roman janrını “kütlələrin” rahatlığını pozmaqla ittiham edən sosio-politik qınağı ilə bitir.
Deyir ki, roman kütlələrə sıravi fanilərin çata bilməyəcəyi arzular, ideallar aşılayaraq onları üsyanın, ictimai narahatlığın qaynağına çevirir. Lamartin olduqca uzun məqaləsində iynəli sözlərini konkret bir hədəfə: müəllifin fövqəladə istedadı sayəsində oxucuları Jan Valjanın qeyri-adi əxlaqi alicənablığına və fədakarlığına, ya da Monsenyor Benevünün mələklərə xas olan yaxşılığına – ikisi də romantik “irreallıqlardır” – sahib ola biləcəyini inandırmağı bacardığı bu ağlasığmaz xəyali bədiyyata, yəni “Səfillər”ə yönəltdiyini düşünür. Ancaq onun arqumentləri bütün uğurlu bədii nümunələr üçün, hətta “Səfillər” əzəmətində olmayan əsərlər üçün belə keçərlidir, çünki inandırıcılıq gücü sayəsində bədii gerçəklik oxucunu öz dünyasından daha harmonik, daha gözəl, daha mükəmməl, ya da sadəcə daha az darıxdırıcı və daha az ağrılı bir dünyaya aparır. Lamartinin fikrincə, romanla əfsunlanan oxucular əsər bitəndən sonra sehrin pozulduğuna və yaşadıqları həyatın xəyallarındakı qədər yaxşı olmadığını görəndə “dəliyə” dönəcəklər və onlar qəzəbli asilərə, oturuşmuş cəmiyyətin düşmənlərinə çevriləcəklər.
Lamartinin Hüqoya yanaşması, tarixçi Erik Hobsbaumun fikrini xatırladır, o yazır ki, alman şahzadələrinin təbəələrində görməkdən ən çox qorxduları şeyin “şövq”dür, çünki onların fikrincə, üsyanın, xaosun kökündə bu var. Laamrtin və alman şahzadələri təbii ki, haqlıdırlar. Məqsəd cəmiyyəti qatı sərhədlər içində, ulduzlar və qatar cədvəlləri kimi dəyişməz bir sistemin parçası kimi saxlamaqdırsa, onda “şövq”, ya da uğurlu bədii mətnin yaratdığı ötəri əfsun, güclü düşmən, həyatın düzənini alt-üst edən, şübhə və nifaq toxumları əkən, tənqidi ruhu təşviq edən qarşısıalınmaz bir ünsür, ictimai strukturda müxtəlif çatlar aça biləcək bir element kimi görüləcək.
Lamartin “imkansız olana bəslənən arzu”nu kütlələrə yoluxa biləcək təhlükəli bir xəstəlik saymaqda haqlı idi, çünki öz həyatında bu arzunun bədəlini ödəmişdi. Həyatı boyu o və Hüqo dost münasibətlərini, qarşılıqlı hörməti saxlamışdılar. Məsələn, “Səfillər”in müəllifi Fransız Akademiyasının üzvlüyünə hər müraciət edəndə, onun sponsorlarından biri Lamartin idi. Beşinci cəhddə qəbul olundu. Onların bir-birilə yazışmalarında aralarındakı dostyana münasibət və bir-birinin işinə bəslədikləri heyranlıq aydınca görünür. Xeyli ortaq cəhətləri vardı: istedad, yazmaq bacarığı, siyasət sevgisi və ictimai nüfuz, ikisinin də ömrü boyu girişdikləri işlərin çoxunu uğurla yekunlaşdırması.Ancaq Lamartin siyasi gücü zirvəsinə çıxmış, Hüqo isə bunu heç vaxt bacarmamışdı. Lamartin 1848-cı ilin fevralında Lui Filipin tənəzzülü ərəfəsində Fransının sivil qəhrəmanlarından biri idi və yeni elan edilmiş müvəqqəti hökümətin başına keçmişdi. Eyni zamanda, ilk milli məclis üçün aprel ayında keçirilən seçkilərdə ən çox səs yığan millət vəkiliydi. O, hökümətin beş üzvündən biri kimi, 1848-ci ilin iyun ayının axırında idarəçilərin gözlənilən şeyləri yerinə yetirə bilmədiyini düşünən və inqilab şövqü ilə hərəkətə keçən üsyankarlarla üzləşmək məcburiyyətində qaldı. Bu hadisə onun siyasi kariyerasını məhv etdi.İqtidarda çox qısa müddət qaldı: 1848-ci ildə fevraldan iyuna qədər.Parisi barrikadalarla doldura bu kütlə ilə mübarizə aparmaq üçün bağlı olduğu hökümət müdafiə naziri general Kaviknaka xüsusi səlahiyyət verildi, o da üsyanı qanla, sayısız edamla və şiddətlə yatırtdı. Bu fiaskodan sonra siyasətdəki ulduzu bir də parlamayan Lamartin, elə bil ki, o andan etibarən kütlələrin “imkansız olanı” arzulamasına zəmin yaradan hər şeyə – onun fikrincə, bədii ədəbiyyat da bunun bir nümunəsidir – qarşı instinktiv şəkildə inamsızlıq hiss etməyə başladı.
Lamartinin “Səfillər” haqdakı fikirlərinin çoxu ilə razılaşmaq çətindir, çünki əksəriyyəti çox vaxt ədalətsiz və şişirdilmişdi. Ancaq roman barəsindəki araşdırmasının bədii ədəbiyyatın təbiəti, onun oxucuların və cəmiyyətin əksər hissəsinə təsiri ilə bağlı doğru müşahidələrinə qatılmamaq mümkün deyil. O, tənqidini “Səfillər” romanına yönəldir, çünki bu əsərdə başqa romanlarda görmədiyi bir təhlükəni hiss edir, bunun da səbəbi odur ki, başqalarının kitablarında Hüqodakı fövqəladə ehtiras yoxdur və bu roman miqyası etibarilə həqiqətlə başa-baş rəqabət aparır, gerçək həyatın yerinə “bütöv” bir alternativ təklif edir.
Məsələ belədir ki, daha xırda miqyasda da olsa, bütün bədii əsərlər oxucularını öz mənliklərindən çıxarır, sərhədləri dağıdır, onların özlərini xəyali personajlarla eyniləşdirib daha zəngin, daha təsirli və ya daha səfil, daha hərarətli, yaxud eləcə içində məhbus olduqları güvənli həbsxanadan, yəni gerçək həyatdan fərqli bir həyatı dadmalarına fürsət yaradaraq onlara “imkansızı” bəxş edir. Bədii əsərlər buna görə mövcuddurlar. Çünki bircə həyatımız var və istəklərimiz, xəyallarımız daha çoxunu istəyir. Çünki olduğumuz şeylə olmaq istədiyimiz arasındakı uçuruma nə cürsə bir körpü atmaq lazımdır. Bədii ədəbiyyatın yaranmasının səbəbi budur ki: bədiiliyin bizi dartıb apardığı dünyada müvəqqəti müddətə daddığımız, ötəri, stabil olmayan, amma həm də ehtiraslı və sehrli həyatı yaşayarkən, qeyri-mümkün olanı mümkün olanla birləşdirə bilək ki, varlığımız həm reallıq, həm irrealıq, həm hekayə, həm təmsil, həm konkret həyat, həm də fövqaladə bir macəra ola bilsin.
Bu möcüzənin baş verməsi üçün fiksiyanın uğurlu olmasına və oxucuların bu illüziyanı bölüşməsinə nail olmaq kifayətdir. Lamartinin “Səfillər”romanını fərqləndirməsi, qarşısıalınmaz inandırıcılıq qabiliyyəti ilə oxucuları narahat edərək cəmiyyəti sarsıdan – 1848-in iyununda barrikadalar qurmaq üçün Parisin küçələrində daş üstə daş qoymayan və siyasi kariyerasını bitirən güc kimi – bir gücə çevrilə bilmək qüdrətinə malik olanı romanın daha geniş çaplı məqsədlərini ayırd etməyi idi.
Alfons de Lamartinin qorxuları xeyli adama gülünc gələ bilər. Bu gün kim möhtəşəm bir romanın ictimai sistemi alt-üst edəcəyini düşünür ki? Bu günkü açıq cəmiyyətdə ümumən ədəbiyyatı, xüsusilə romanı, (bəlkə də üstün) bir əyləncə və vaxtı keçirmə forması, fantaziyanı zənginləşdirən və həyəcan yaradan bir iş sayır, ancaq hər şeyin ötəsində oxucuların yaxşı vaxt keçirmək, darıxdırıcı yeknəsəkliyi və xırda-para məişət dərdlərini kompensasiya etməyinin bir yolu kimi görürlər.
Şekspirin faciələrindən Folknerin romanlarına, “Don Kixot”dan “Hərb və Sülh”ə, ən önəmli ədəbi əsərlərin xırda da olsa ictimai-siyasi təlatümə səbəb olduğunu real mənada isbat etməyin heç bir yolu olmadığı üçün, ədəbiyyatın əyləndirici və zərərsiz bir akt olması fikri açıq cəmiyyətin ortaq qənaətinə çevrilib.
Bu, fərq etməz, dini olsun, ya da siyasi, görən bütün qapalı cəmiyyətlərdə də belədirmi? İnancı baltaladığını və qeyri-stabilləşdirdiyini düşünərək romanlara qarşı instinktiv bir inamsızlıq bəsləyən təkcə ispan inkivizisiya deyildi. Dünyadakı bütün diktatorlar azad yaradıcılığın və bədii ədəbiyyatın yayılmasının oturuşmuş sistemi təhlükəyə ata biləcəyinə və intizamı, yəni ictimai normaları dağıda biləcəyinə inanaraq ədəbi əsərlərə senzura tətbiq edib. Bu nöqtədə faşistlər, kommunistlər, fundamentalistlər və üçüncü tip ölkələrin hərbi diktaturaları eynidir: onların hamısı bədii ədəbiyyatın xəyalpərəst demokratiyaların zənn etdiyi kimi sadəcə vaxt keçirmə metodu olduğuna yox, hər an beyində və xəyal gücündə partlayış yaradaraq oxucuları üsyankar müxaliflərə çevirə biləcək intellektual və ideoloji bir saatlı bomba olduğuna inanırlar. 1864-cü ildə Katolik Kilsəsi Lamartinlə eyni fikri bölüşərək Viktor Hüqonun romanlarını inananlar üçün zərərli hesab edərək yasaqlı kitablar siyasına salmışdı.
Diktaturalar bu məsələni şişirdirlər, ki bu təəccüblü deyil, çünki avtoritar gücün tipik özəlliyi paranoyadır, yəni davamlı şəkildə hamıdan və hər şeydən şübhələnmək, hər yerdə düşmənlər görmək və düşmən yoxdursa da özlərini rahat hiss etmək üçün senzuranı və təzyiqi haqlı çıxarmaq üçün düşmən icad edərək yaşamaq duyğusu.
Şişirdirlər, fəqət haqsız demək olmaz. Vətəndaşların fikirlərini və istəklərini ifadə edə biləcəyi, tənqidlərini səsləndirəcəyi bütün yolların – media, siyasi partiyalar, seçkilər – bağlandığı cəmiyyətlərdə ədəbiyyat öz-özünə ədəbi olmağın ötəsinə keçən və siyasiləşən bir vaciblik qazanır. Oxucular bu mətnlərin sətir aralarını oxuyur və propaqanda alətinə çevrilən, xəbərlərin ört-basdır edildiyi, fikirlərin yasaqlandığı və tənqidlərin əngəlləndiyi mediada tapa bilmədiklərini burda görür (ya da gördüklərini zənn edirlər). Yazıçıların niyyəti bu olub-olmasa da, belə vəziyyətlərdə ədəbiyyat ictimai sistemdən əl çəkməyən və onu sorğu-sual edən dağıdıcı bir rola bürünür.
Niyə dağıdıcı? Çünki bədii ədəbiyyatın oxucular üçün yaratdığı gözəl və ideal dünyalar – Lamartin “imkansız” dünyalar deyərdi – onlara yaşadıqları dünyanın qüsurlarını göstərir və onları bariz şəkildə gerçəkliklə üzləşdirir: uğurlu bədii əsərlərin sözlərin gözəlliyi, strukturun zərifliyi və texnikanın gücü vasitəsi ilə təsvir etdiyi ən çirkin, ən alçaq və ən səfil şeylər belə sənət səviyyəsinə qalxıb parlayan möhtəşəm reallıqlar olduğu üçün, onların yanında “gerçək” həyat balaca və zavallı görünür.
Oxucular bu təsvirləri gerçək dünya ilə qarşılaşdıranda onların qalan şey tam olaraq “şövq” deyil, daha çox narahatlıqdır: dünyanın pis olması, yaşadığımız həyatın xəyal etdiyimizdən və yarada biləcəyimizdən yetərsiz olması hissi. Heç kim iddia etmir ki, bu narahatçılıq məcburi şəkidə öz-özünə “şövq”, nə cürsə cəmiyyəti dəyişdirmək, sarsıdaraq ətalətdən xilas etmək, fiksiyalardakı örnək dünyaya daha çox oxşatmaq üçün hərəkətə keçmək istəyi yaradır. Heç biri reallaşmasa da, problem deyil. Fərdlərin hər şeyinə (düşüncələrinə, davranışlarına və xəyallarına) nəzarət etməyən çalışan, kənardan baxanda hələlik itaətkar görünsələr də, bədii ədəbiyyat ucbatından vətəndaşların düşüncə və xəyallarının nəzarətdən çıxdığını düşünən rejimlərdə, bu narahatçılıq dağıdıcıdır. Açıq şəkildə düşünmək və xəyal qurmaq, kölələrin hərəkətə gəlməyinə və öz azadlıqlarını kəşf etməyinə səbəb olmuşdu. Lamartin özü də istəmədən – ki niyyəti Hüqonu gözdən salmaq idi – “Səfillər”i çox böyük şəkildə tərifləyib. Çünki bir yazıçının əsərini tərifləməyin ən yaxşı yolu ona deməkdir ki, sənin əsərinin səhifələrində oxucuları qaraqabaq məntiqlərini bir kənara qoyaraq xəyali macəraların, epik xarakterlərin, dəhşətin və vəhşi xəyalların hamısının mümkün ola biləcəyinə inandıracaq güc var. O bizi inandıra bilir ki, bu bədii gerçəkliyi dünyada gücü əlində saxlayan, cəmiyyəti istismar eləyən və onun üstündə hökmran olan pis hökumətlər, pis adamlar bizdən oğurlayıblar, amma oxumaqla biz bu itmiş gerçəkliyə bərpa edə, əməllərimizlə onu geri ala və əvvəlki vəziyyətinə qaytara bilərik.
Hüqonun ütopist dünya görüşünə görə, “Səfillər” əsərinin bəşəriyyəti ədalətin, azadlığın və sülhün hakimiyyətinə gedən yolda bir az da olsa qabağa apardığını isbat etməyin heç bir yolu yoxdur. Ancaq şübhə yoxdur ki, “Səfillər” ədəbiyyat tarixindəki hər dildən, mədəniyyətdən olan xeyli kişinin və qadının yaşadıqları dünyadan daha adil, daha məqbul bir dünyada yaşamağı arzulamasına təkan verəcək gücdədir. Buradan çıxara biləcəyimiz minimum nəticə budur ki, bəşər tarixi inkişaf edirsə, “inkişaf” sözünün bir mənası varsa və mədəniyyət təkcə retorik bir uydurma yox, barbarlığı geri addım atdıran həqiqətdirsə, onda bütün bunları mümkün edən güc biz oxucular olaraq Jan Valjanın və Monsenyor Benevünün, Fantinanın və Kozettanın, Mariusun və Javerin, eləcə də imkansızı axtararkən çıxdıqları səyahətdə onlara yoldaşlıq edən hamının əməllərinə duyduğumuz həsrət və şövqdən gəlir – və bu gün hələ də o güc var.
Tərcümə etdi: Qismət
Sim-sim.az