Fərid Hüseyn Serbiyada şeir gecələrində iştirak edib

Fərid Hüseyn Serbiyada şeir gecələrində iştirak edib
22 sentyabr 2017
# 10:19

Gənc şair Fərid Hüseyn dünyanın nüfuzlu ədəbiyyat tədbiri sayılan, vaxtı ilə Nobel mükafatı laureatları İosif Brodski, İvo Andriç, Çeslav Miloş və s. kimi dünya şöhrətli qələm əhlinin qatıldığı, böyük ənənəyə malik Dünya Yazarlarının 54-cü Beynəlxalq Belqrad Görüşündə (19-23 sentyabr) iştirak edir. Kulis.azın məlumatına görə tədbir çərçivəsində iki şeir gecəsi keçirilib.

Poeziya gecələrindən biri Dunay çayında üzən gəmidə baş tutub. Şeir gecəsinin bu formatda keçirilməsinin məqsədi şairləri Belqradın təbiət gözəllikləri ilə daha yaxından tanış etmək olub. Səyahət zamanı baş tutan poeziya tədbirində Fərid Hüseyn tədbir iştirakçılarına təqdim edilib və şeirlərini oxuyub.

İkinci şeir axşamı Serbiyanın Vrnyaçka-Banya şəhərində keçirilib. Şəhərin Mərkəzi kitabxanasında baş tutan tədbirdə Fərid Hüseyn “Anna Axmatovanın dilindən” adlı şeirini oxuyub və çıxış edib. Daha sonra şeirin serb dilindəki variantını Serbiyanın məşhur aktrisası Yovanna Steviç səsləndirib.

Dünya yazarlarının builki Belqrad görüşündə iştirak edən şairlər qruplar şəklində 5 yerə bölünərək iki günlük (21-22 sentyabr) Serbiyanın ayrı-ayrı yerlərinə göndəriliblər. Fərid Hüseynin təmsil olunduğu qrup Serbiyanın dilbər guşəsi hesab olunan Vrnyaçka-Banyaya səfər ediblər. Qrupa Predrak Byeloşeviç (Serbiya) Peter Gehriç (Almaniya) Vyaçeslav Kupriyanov (Rusiya), Natalya Rumarçuk (Rusiya), Esad Babaçiç (Sloveniya) Lyadie Romanska (Çexiya) kimi ünlü şairlər daxil edilib.

Bu mötəbər tədbirlə bağlı hazırlanan antologiyada Fərid Hüseynin “Anna Axmatovanın dilindən” adlı şeiri və tərcümeyi-halı da yer alıb. Şeirin rus variantının tərcüməçisi Nicat Məmmədov, serb dilində mütərcimi isə Milovoye Bahoviçdir.

Qeyd edək ki, builki görüşə 21 ölkədən 30-dan çox şair iştirak edir. Amerika, Kanada, Böyük Britaniya, İtaliya, Almaniya, Fransa, Yunanıstan, Çexiya, Macarıstan, Rumıniya, Belarus, Ukrayna, Slovakiya, Albaniya, İsrail, Türkiyə və başqa ölkələrinin seçkin şairlərinin qatıldığı tədbirin gündəliyi olduqca zəngindir. Belə ki, 5 gün ərzində (19-23 sentyabr) dünyanın ədəbi gündəmində olan aparıcı məsələlər – nəşriyyat, poliqrafiya, poeziya, yayım hüquqları, tanıtım, ədəbi inteqrasiya, sürət əsrində bədii sözün imkanları və s mövzularda görüşlər, müzakirələr keçirilir, kitab təqdimatları, şeir gecələri olur.

Bu il adıçəkilən tədbir Şarl Bodlerin ölümünün 125, Vladislav Petroviçin ölümünün 100, Borislav Peçikin vəfatının 25 illiyinə, Nobel mükafatı laureatı İvo Andriçinin anadan olmasının 125, Filip Visinjiçin 250 illiyinə həsr edilib.

F.Hüseyn tədbirə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təqdimatıyla qatılıb.

# 1782 dəfə oxunub

Oxşar xəbərlər

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

12:49 25 mart 2026
"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." -  İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." - İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

12:00 24 mart 2026
İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

12:13 23 mart 2026
Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

11:40 23 mart 2026
"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..."  - Novruz bayramı ədəbiyyatda

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..." - Novruz bayramı ədəbiyyatda

12:00 21 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər