Kulis.az Rəşid Bərgüşadlının “Mən Viktor Hüqonun yetirməsiyəm...” adlı hekayəsini təqdim edir.
Mən insanların dərdini pulsuz-parasız onların özlərinə satdım...
Viktor Hüqo
Bizdə kolxozun işinə yaramayan “dalıağır” kişiləri ayırırdılar ki, çəkilliyin tutunu çırpıb araq çəksinlər, sonra da arağı ev başına əməkgünü kimi bölürdülər. İndiyədək toyda qonağına hökumət arağı verən yox idi. Budəfəki tut arağı isə adamın atasını yandırırdı! O qədər içmişdim ki, təpəmdən tüstü çıxırdı, başım bədənimin üstündə durmur, huşum özümü girləmirdi. Mağarın istisi də bir tərəfdən! Dəli şeytan olub-qalan ağlıma saldı ki, – “Dur get şəlalənin altına gir, özünə gəlincə sərinlə”. “Düz deyir” – dinməzcə toydan çıxdım, “Jiquli”mə oturub birbaş sürdüm kəndin dərəyuxarı dağlarına tərəf.
Yan oturacaqdakı al şərab şüşəsinə baxdıqca ürəyim bulanırdı, – Məndən sağdış olar? İçib Mürsəlin yoluq itinin gününə düşmüşəm... – şərabı mənə bəyin atası sağdış olduğum üçün hədiyyə vermişdi, dediyinə görə bunu da özü çəkmişdi. Gözüm ensiz yolu iki görürdü. İstidən şüşələri bağlaya bilmirdim, ona görə də maşının arxasından qalxan toz-duman pəncərələrdən içəri dolurdu. Maykam islanıb bədənimə yapışmışdı. Köynəyimin düymələrini açıb islaq maykamın ətəyini qurşağımdan çıxardım. “Cin kahası”nın qabağındakı düzəngahda maşını saxlayıb özümü az qala yerə atdım, özümü çatdırdım əncir ağacının kölgəsinə. Mənbəyini şəlalədən götürən arxda üz-gözümü, boynumu-boğazımı yudum. “Yaxşı ki, bu dağlar-dərələr varmış, yoxsa adamın bu istidə canı çıxar” – ayaqqabılarımı, corablarımı çıxarıb ayağımı buz kimi soyuq suya saldım. İndi özümə gəlirdim, öyüməyim də keçirdi. Şəlaləyədək 200 metr məsafəni dikyuxarı piyada qalxmalıydım. Dik gözümə dursa da, şəlalədə yuyunmamış rahatlanmayacaqdım. Çaxırı götürüb maşının qapılarını kilidlədim və arx boyunca diki aldım əlimə. Göydə bircə lopa da olsun bulud yox idi, gün birbaşa adamın təpəsinə vururdu. Yolkənarı qayaların üstündə cızılmış adlara, “G+R=S” kimi kömürlə yazılmış kəmsər sevgi etiraflarına baxdıqda hiss edirdim ki, gözlərim alacalanıb, ətrafı tor görürəm. Köynəyimi, mayakamı çıxarıb atdım çiynimə, addımlarımı bir az da yeyinlətdim ki, azca aralıdan sərini adamı vuran, səsi “gəl-gəl” deyən şəlaləyə özümü bir az tez çatdıram...
Dikdirin arxası şəlaləydi. Suyun yerə çırpıldığı yerdən qız səsi gəldiyini bilmirəm, qulaqlarım eşitmək istəyirdi, yoxsa doğrudanmı eşidirdim... Qızın şən səsi suyun çisinə qarışıb təzədən üzümə vuranda dayanıb qulaqlarımı şəklədim.
– Bura cənnətdir Erik!
“Qız tək deyil...”, – bu qədər yolu gəldiyimə heyfsiləndim.
– Bəs nə bilmişdin! Sən də kəndi bəyənmirsən – tanıdım oğlanı səsindən. Bakıdan toya gəlmişdi – bəyin əmisioğlu Ərəstun idi. Ərəstun şəhərdə yaşayırdı, o da təzəcə evlənmişdi. “Bu istidə piyada gəliblər?” – yerimi başqaları zəbt elədiyinə görə it peşimanı olmuşdum.
“Bəlkə tez gedəcəklər...” – dikdiri dolanıb hündürdəki “Xınalı qaya”ya dırmandın. Burdan şəlalənin töküldüyü yer əl içi kimi görünürdü. Üzüstə sərilib yerimi rahatladım, ehmalca şəlaləyə sarı boylandım. Qayanın çatlağında bitmiş qaratikan kolu məni gizlədirdi. Kolun dibində yuva qurmuş uzunayaq hörümçəyin toru az qala burnuma toxunurdu. Dizdən azca yuxarı güllü don geymiş qız təzəcə ərə getmiş əsl qönçə gəlin idi. Başımı silkələdim, gözlərimi ovdum – yox, bu yuxu deyilmiş. Əllərini qaldırıb tökülən şəlaləyə toxunanda ağ üçkünc tumanı çöldə qalırdı. Onun sütül əndamının bütün gözəlliyi, təravəti tumanının altında hiss olunurdu. Ərəstun daşın üstündə oturub ayaqlarını suya sallamış və siqaret çəkirdi. Oğlan eybəcər idi. Böyük və yastı əmgəyi vardı, yastı burnunun pərləri geniş idi, bircə fındıq boyda gözləri güləndə qəşəng görünürdü. Qız yaxınlaşıb Ərəstunun parıltılı qara saçlarını ovuşdurdu, – Mən lütlənib şəlalədə çimmək, səninlə sevişmək istəyirəm... – qızın uzun qara kiprikləri, heyrətamiz dərəcədə lətafətli üzü, gündə yanmış, qarabaşaq boyda çilli və əzələli çiyinləri, enli sinəsi adamın gözünü deşirdi. Gözlərimi qayanın arxasında gizlətdim.
– Gələn, görən olmaz ki..? – Ərəstunun səsindəki şəhvət məni də bürüyürdü. Bir çubuq tapıb çaxırın tıxacını ehmalca itələyib şüşənin içinə saldım. Şüşəni başıma çəkdim – kəmturş şərab idi, özü də qap-qaynar...
Qız kürəyinədək olan qara saçlarını çiynindən sinəsinə aşırmış, balaca qız məməsinin birini islaq saçıyla gizləmişdi. Anadangəlmə lüt soyunub oğlanı sürüyə-sürüyə şəlalənin altına dartdı. Nağıllarda oxuduğumuz su pərisi kimi şəlalənin altında uzandı. Ərəstun da vaxtilə kəndin ona aşıladığı utancaqlıq və səbri, şüuru itirib tələm-tələsik soyundu və qızın yanına uzandı. İndi bir-birilərinə sarmaşmışdılar. Qız, gözlərini bərk-bərk yummuş, özünü geniş və ləziz yay süfrəsi kimi Ərəstuna açmışdı – oğlanın harasından istəsə öpməyinə, əzizləməyinə icazə verirdi, – “Yataqda ağnaşar yaxşı!”, – yanaqlarım alışıb-yanırdı, gah isti, gah da sərin meh içimdə təlatüm yaradırdı. “Bakirəliyimlə vidalaşmaq, evlənmək vaxtımdır” – içimə bir hiss doldu ki, kəndə qayıdan kimi anamı yanlayacağam mənə qız soraqlasın.
Yay mövsümünə uyğun müdhiş mənzərəni pozmamaq, sevişənləri hürkütməmək üçün namus və qeyrəti şərab şüşəsinə qoyub lal-dinməz bu mənzərəni pusmağa davam elədim. Ürəyimin səsi qulağımı deşirdi. Arada isə çaxır şüşəsini başıma çəkib biləyimlə ağzımı silirdim, – “Halal olsun, yaxşı çaxır çəkib” – bəyin atasına borcluydum bu təşəkkürü. Hörümçəyin əclafcasına baxışlarını təpəmdə hiss edirdim, bilirdim ki, bu saat mənə nifrət edir. Onun uzun ayaqlarını bu saat elə yolardım.., – “Məhəbbətdən gözəl nəsə varsa, de, onu axtarıb dadına baxaq?! Bu mənzərədən molla da gözünü çəkməz!” – həşaratın domba gözlərinə pıçıldadım. Saatımın tıqqıltılarını elə bil muncuq kimi sapa düzmüsən – saatıma baxdım, zaman haqqında bütün hisslərim keyimişdi, – “Lənət şeytana, bu saat zorlamağa hazıram zaman deyilən nəsnəni!”.
Qız Ərəstunun qucağında oturub onunla dodaq-dodağa yapışmışdı. Şəlalənin səsi inildəyirdi indi. Bir azdan qızın dərəyuxarı şəlalənin çisinə qarışıb üzümə çırpılan həzin “ah...”ından bədənimdəki bütün tüklərim biz-biz oldu...
...Onlar geyinib gedənə qədər üzügöyə uzanıb səsimi içimə çəkdim. Səsləri itəndən sonra baxdım ki, bayaqkı hörümçək də torunu yığışdırıb harasa rədd olub. Şüşənin dibində azca qalmışdı, onu da başıma çəkib şəlaləyə endim. Siqaret yandırıb ard-arda iki qullab vurdum. Sərin hava, gözəl şərab və bayaqkı mənzərədən əməlli-başlı xumarlanmışdım. İz axtaran it kimi sevişənlərin uzandığı bayaqkı yerə qalxmaq istəyirdim ki, şəhvətdən qalan bir dəlil görəm, qəfildən ayağım mamır bağlamış daşın üstündə sürüşdü və kəllə-mayallaq havaya uçdum...
* * *
Deyəsən gün batmışdı, ya da gözümə qara-qura şeylər görünürdü. Ağlıma gəldi ki, bayaq sərxoş idim və sürüşüb yıxılmışdım. Gücənib qalxmaq istədim, alınmadı – elə bil yoğun ağaca pərçimlənmişdim. Gözlərimi çippildətdim, sonra qıyıb baxdım ki, bir nəfər qıllı ayağını qarnıma soxub. Qocaydı. Bir bəbəyi ağarmış, digər gözü isə çəp idi, gözləri fil başı kimi iri, qozalarla dolu başın yuxarısındayda, çənəsində at yalına bənzər 6-7 qıl lopası sallanırdı, dodaqları su ayğırının dodağına bənzəyirdi. Od tutmuş qamışlıqdan qaçan tülkü kimi devikib ora-bura boylandı, paçasını aralayıb üstümə işədi. Nə kişiydi, nə də qadın – sidiyi dəvə kimi eləcə dərisinin altından sızırdı. Amma şəlalə elə olduğu kimi çisli-dumanlı axmağındaydı. Mən də gözümün qırağıyla içimdəki məxluğun boyuna baxıb başı kəsilmiş öküz kimi xırıldayırdım.
Birdən göy gurladı və şəlalənin suyu bir anlıq selləndi. Suyla yerə çırpılaraq zühur edən yaşlı bir kişi heç nə olmamış kimi şəlalənin altında qəddini dikəltdi. Bığ-saqqalı qar kimi ağappaq idi, suyuşirin gəlirdi. – Burax uşağı, məlun! Onun gələcəyi hələ qabaqdadır, çək murdar ayağını, rahat burax yazığı! – ha hıqqandım mənə qahmar çıxan bu kişiyə nəsə deyəm, səsim çıxmadı. Lakin eybəcər yekəbaş məndən qabaq dilləndi: – Sən!? Yaxşı ki gəldin, mənə yağdırdığın lənətlərin hesabını sormaq üçün yaxşı girəvədir, qoca Hüqo.
“Hə, odur – Viktor Hüqo!” – içim içimdən keçdi, udqundum. O, hələ də dayanmadan, saymazyana üstümə işəyən bu məxluqa göz yetirib iri bir qaya parçasının üstündə oturdu, – Az olubsa, min lənət də indi deyirəm sənə! – mədəmdəki al şərabla ayağını yıxayan bu məxluqa doğru çöndüm. Onun bir ayağı bədənimin içindəydi, qalan yeddi ayağı isə dayanmadan çaylaq daşlarının üstündə növbəylə yer dəyişdirirdi. Nəzərimdə bədheybəti kiçildəndə anladım ki, bu yekəbaş məxluq Allahın qəzəbinə gəlmiş şeytandır və bayaq mən sevişənləri izlərkən gözlərini bəbəyimə zilləyən uzunayaq hörümçəkmiş. Qorxudan öyüdüm. Ancaq qanrılıb qaytara bilmədim. Onun ayağı mədəmdə olduğundan tərpənə bilmirdim, damarlarım onun qıllarıyla birləşmişdi, o qanımı özünə çəkirdi, əvəzində isə kirli dırnaqlarından əriyib tökülən üfunətlə qarnımı doldururdu. Şərab çəlləyi kimi bomboş cismimin bu qədər iyrənc olduğunu heç təsəvvür etməzdim – şeytan üçün şərab və nikotindən nəsə süzüb emal edirdim. Vicdanımın üzünə baxmaqdan qorxdum. Zavallı, ürəyimin içində oturub pərişan halda, yazıq-yazıq, tənə ilə gözlərimin içinə baxırdı. Vicdanımın içimdə nə eşələdiyi məni maraqlı gəlsə də, bir gözüm Viktorla şeytanda idi.
– Qoy Xaliq özü əmin olsun ki, nurdan yaratdığı mələkləri sənin kimi murdar torpaqdan yaranmış əclaf insancıqların ayağına vermək nə böyük yanlışlıqdır! – iblis meydan oxuyurdu Hüqoya.
– Boşuna çərənləmə! Səninlə çənə döyməyə həvəsim yoxdur! Ayağının altındakı oğlanın başından bircə tük əskik olsa, özündən küs! – anladım ki, möhkəm dava düşəcək və iç-içalatım bu davadan salamat qurtarmayacaqdır. Amma ürəyim fərəhlə doldu – yaradanım imdadıma Viktor Hüqonu göndərmişdi!
– Viktor, sən bərk qozsan, səni heç cür sındıra bilmədim. Səbrin həmişə məni valeh edib. Başına çox dərdlər açmışam, ancaq içindəki mərhəməti, insan sevgisini çıxara bilmədim, səni ədalətdən azdırmağı bacarmadım. Hətta, 19 yaşlı qızın Leopoldina Sena çayında əri Şarl Vakeri ilə birlikdə boğulanda arvadına yazdığın məktub hələ də cızdağımı çıxarır: – “Yazıq qadınım, ağlama! Taleyin hökmünə tabe olmalıyıq... Bir az iradəli olmaq lazımdır. İndi mən də gəlirəm, bədbəxt əzizlərimizi birlikdə ağlayarıq” – bax onda bütün mələklər məni məsxərəyə qoymuşdular.
– Səni lənətə gələsən! O acı günümü təkrar mənə xatırlatmaqla nə etmək istəyirsən?! Mənim gözəl Leopoldinamı sən öldürmüsən! – Hüqo yumruğunu düyünləyib ayağa qalxdı.
– Yox, – şeytan acı-acı güldü, – Mən kiminsə canını alacaq gücdə deyiləm. Həmin gün – sentyabrın 4-ü bərk külək əsirdi. Qayıq çevrildi və qızın çaya düşdü.
– Axı Şarl yaxşı üzgüçüydü, qızımı xilas edə bilərdi!
– Amma bacarmadı, çünki qızın suya batan qayıqdan elə möhkəm yapışmışdı ki, onu ata qoşub dartsan da oradan qoparmaq olmazdı. Nəticədə onunla birlikdə Şarl da öldü. Qızın batan qayığın onu xilas edəcəyinə son nəfəsinədək inanmışdı.
– Bunu sən inandırmışdın, elədir!?
– Hə.., burasını düz tapdın. Səninlə ilk tanışlığım da bu vaxtlar başladı. Onlar bir-birini çox sevirdilər, mənimsə, yaxşı bilirsən, sevənlərə paxıllığım tutur.
– Zavallı Leopoldinam, əzizim Şarl. Gərək qatillərinin kim olduğunu biləydilər... Axı necə ləzzət alırsan bu cür pisliklərindən, heçmi vicdan yoxdur səndə?
– Mənim qazancım sizin itirdiklərinizdir. İnsan bir yerdə itirəndə, haradasa qazanır. Sən çox şey itirdin və bu itki səhhətinə, həyatına, ömrünə nə qədər ziyan vursa da dünya, sayəndə, çox şey qazandı – dayanmadan yeddi ayağıyla daş-qayanı oynadırdı. – “Dərdli adamlar yol getdikləri zaman heç vaxt dönüb geriyə baxmırlar, çünki onlar öz qara talelərinin dallarınca gəldiklərini çox gözəl bilirlər” – sənin sözlərindir. Sən qara taleyindən qaçmadın və qismətin insanlığın üzünü çox ağartdı, Viktor. Allah mənim bəd əməlimi özümə qarşı çevirdi. Sən deyirdin ki, iki bədbəxtlik birləşib bir xoşbəxtlik əmələ gətirir. Haqlıydın, Allah sənin bədbəxtliyini insanların xoşbəxtliyi üçün istifadə etdi. Sən katorqaya düşənədək çox mərhəmətliydin, sənə yaxın dura bilmirdim. Katorqada tanrını təqsirləndirib allahsız olmağa başlayanda səninlə aramız düzəlməyə başladı. Amma sonrakı səbr və təmkinin mənim qəddimi əydi, mən istəyən kimi olmadın. Son vaxtlar sənin kimi tiplərlə tez-tez rastlaşıram. Hər dəfə də məəttəl qalıram, – “Niyə cəngimə keçən insanlar sonradan dönük çıxır mənə?”. Mənə insanlığın iç üzünü aç – sən bu işdə pərgarsan.
Ayaqlarımı, əllərimi tərpətdim – ağrıyan yerim yox idi. Özüm də tam ayılmışdım. Hörümçək-şeytanın sidiyi quruduqca bədənim torla örtülürdü. “Ölmüşəm” – bunu ağlımdan keçirən kimi gözlərim yaşardı. Axı nə görmüşdüm bu dünyada? Özümdən sonra bir nişanə də qoymadım. İş-işdən keçmişdi, – “Cəhənnəmə ki! Onsuz da bir gün öləcəyəm. Guya qocalıb nə olasıydım ki. Yaxşısı, elə bunların maraqlı söhbətlərini dinləməkdir, hər halda hacı Əkbərdən yaxşı söhbət edirlər”...
Hüqo bizə yaxınlaşaraq təmkinlə dedi:
– İnsan təbiəti kökündən, yerli-dibli dəyişilə bilməz. Allahın rəhmli yaratdığı bir insan, başqa birinin təqsiri üzündən kinli ola bilərmi? İnsanın taleyi acı olmuşsa, onun qəlbi taleyin təsiri altında tamamilə dəyişilib kinli ola bilərmi? Tavanı həddindən artıq alçaq olan daxmada onurğa əyildiyi kimi, ürək də hədsiz qəm-qüssənin ağırlığından dəyişərək, əlacı olmayan xəstəliyə tutula bilərmi, pis və eybəcər ola bilərmi? Bəlkə də hər bir insanın qəlbində bu dünyada sarsılmayan, o dünyada isə sönməyən, yaxşılığın təsiri altında alovlanıb parlaq bir işığa çevrilən, pisliyin isə qətiyyən söndürə bilmədiyi əzəli bir qığılcım var. Müdriklər deyir ki, bütün xoşbəxt talelər bir-birinə oxşasa da, bütün bədbəxt talelər bir-birindən fərqlənir. Mən də bədbəxtliklər arasından xoşbəxtlik işartılarına qane oldum... – mənim yaddaşım özümə qayıdırdı və anlayırdım ki, Hüqonun “Səfillər”ini mən də oxumuşam. Onun qəmli görməyə alışdığım üzü indi ilhamla nurlanmışdı, – Jan Valjan kimi... Hər dəfə oğurladığı gümüş şamdanlara baxarkən qulaqlarında keşişin səsi cingildəyirdi, – “Heç bir zaman unutmayın ki, bu gümüşləri namuslu adam olmaq üçün sərf edəcəyinizi mənə vəd etmisiniz”. Mənə bu taleyi yaşamağı rəva görən Allah idi, mənsə onun iradəsinə qarşı gələ bilməzdim – mən yaradan qarşısında ömrümü namuslu, səbrli ömrə sərf edəcəyimi vəd etmişdim. Sənin pıçıltılarını hər zaman qulağımın dibində hiss edirdim, fitnəni duyurdum, aldanmırdım şirnikləndirdiyin sayrışmalara. Bu da sənə od qoyanda qəmdən qırışmış üzüm gülürdü. Keşiş Miriel onun ruhunu şərdən azad edən gün əslində yaradanın pıçıltısını kağıza yazmışdım, bilirdim ki, o, vicdanla yaşamağa məcburdur, – “Jan Valjan, qardaşım, siz artıq şərə tabe deyilsiniz, xeyirin ixtiyarındasınız. Mən sizin ruhunuzu satın alıram. Mən sizin ruhunuzu qara fikirlərdən və zülmət dünyasından xilas edib Allaha tapşırıram” – bu, Allahın mənə öyrətdikləri idi.
– Amma sən Miriel kim müqəddəs ola bilmədin, Jan Valjan kimi sərgərdan və didərgin həyat yaşasan da iradən sınmadı, haqqdan dönmədin... Şeytanın gözü elə bir pəncərədir ki, oradan insan beynində cövlan edən fikirlər aydınca görünür. Ancaq sən mənə bir şey deyirdin, əməllərinsə tam başqa şey. Hər bədbəxtliyində yanını kəsdirəndə qapından məni eyzən qovdun, – “Çıx get buradan, hamı xoşbəxt ola bilməz!” – dedin. İsa kimi sonsuz əzaba könüllü boyun əyirdin. Sən oğurladığın bir tikə çörəyin cəzasını çəkməklə rahatlanmaq istədin. Səni oğurluğa sövq edən cəmiyyət, özü səni cəzalandıranda haqq-ədalətdən danışmağın tam yersiz olur, Hüqo! Heç günah etməmək mələklərin arzusudur. Yer üzündə nə varsa günaha tabedir. Günahın cazibə qüvvəsi var, sən isə günahı özündən itələyirdin. Bir ömür boyu üzün gülmədi, ədalət və haqdan da əlini üzmədin. Məni hiddətə gətirən də elə bu idi. Sənin kimi inadcıl birini görəndə az qalıram ki, sinəmi yırtam... – düzü, şeytanın ağlına valeh olmuşdum. Mənim eşitdiyim, beynimə yeridilən şeytan kəndirbaz kosası kimi təlxək, quyruqlu, iribuynuzlu bir şey olmalıydı, amma gördüyüm məxluq əsl filosof kimi danışırdı. Belə bir mələk kimi desən yolundan azdırar. Amma Hüqo da Hüqodur ha...
– Ağıllı o adama deyərlər ki, vaxtında özünü dustaq edə bilsin. Bəşər alicənablığının ən yüksən nümunəsi başqalarının işlədiyi günahın cəzasını çəkməkdir. İnsanın cismi onun üçün həm ağır yük, həm də vəsvəsədir. O, bu cismi sürüyür və ona tabe olur. Vəsvəsədəki tərəddüd səndən, inad isə Allahdandır. O, öz cisminə fikir verməli, cilovunu çəkməli, susdurmalı və yalnız əlacsız qaldıqda ona tabe olmalıdır. Bu itaətkarlıqda da günah gizlənə bilər, lakin bu cür günah bağışlanacaq bir günahdır. Bu, yıxılmadır, ancaq dizi üstə yıxılmaqdır və ibadətlə qurtara bilər. İndiki şikarın da cismini sənə bu günlük təslim etmiş zavallının biridir, hələ gəncdir, amma işıqlı gələcəyi var. İmkan vermərəm ki, onun gələcəyini öz murdar qanınla kirlədəsən.
– Müqəddəslik iddiasındasan yoxsa?!
– Müqəddəs olmaq müstəsna bir şeydir, ədalətli olmaq isə qaydadır. İnsan yolundan çıxa, yıxıla, günah iş görə bilər, ancaq ədaləti bir an da olsa özündən kənar qoymamalıdır. Mümkün qədər az günah etmək – insan üçün qanun budur. Onun işıqlı gələcəyini sən də görürsən və bilirsən ki, xilas olsa, sabah xirtdəyinə çökənlərdən biri olacaq. Cavan ovunun xoşbəxtliyi isə ondadır ki, onun halını Allah-təala da görür və onun xilas olmağını istəyir. O, sənin hökmranlıq etdiyin cəhalət dünyasının adamı deyil. Burax onu, özünə başqa qurban axtar.
– Hə, cəhalət mənim yaratdığım cənnətdir – günahkarların cənnəti. Qaranlıq içində olan qəlbdə günah doğar, bunu yaxşı bilirsən. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır. Arvadların, uşaqların, nökərlərin, zəiflərin, yoxsulların və cahillərin xəta etməsində ərlər, atalar, güclülər, varlılar və alimlər müqəssirdir! Sənin kimi dahiciyəzlərin yazdığına 2-3 adam ancaq inanıb yolunu dəyişər. Hər dəfə ayağınıza daş dəyəndə, öz qardaşınız sizin başınızı yaranda, utanmadan yenə də – “Lənət şeytana!” deyirsiniz. Axı siz şeytanın çölə atılan dırnağına da dəyməyən zir-zibillər, nə haqla mənə qarşı belə həqarət iddiasındasınız. Of..! Mənə qarşı üsyan..?! Mən hələ ölməmişəm ki, sağlam düşüncə dediyin cəfəngiyyat ayaq tutub yerisin! Aşağılarda səfalət və ehtiyac həmişə yuxarı təbəqələrin mürəvvət və səxavətindən çox olur. Mən imkan vermərəm ki, nə vaxtsa varlı ilə kasıb, qurdla quzu birlikdə məsud yaşasınlar. Zəifi əzən, güclüyə nifrətlə dolu nəfsin ipi əlimdən alınmayınca heç vaxt sən arzuladığın cənnətə qovuşa bilməyəcəksiniz! Cəhənnəmə gedən daima özünə yoldaş axtaracaq, çünki cəhənnəm bir nəfər üçün çox darıxdırıcı yerdir.
Hər ikisi bir-birindən iddialıydılar, qalmışdım ikisinin arasında – bilmirdim hansına haqq qazandırım. Key ağlım özümə ağırlıq edirdi. Amma nədənsə belə anlayırdım ki, Viktor şeytanı itələyib içimdən çıxarmağa çəkinirdi. Asta-asta başımıza fırlanırdı, bir gözünü də məndən çəkmirdi:
– Orasını düz deyirsən – cəmiyyət yaydığı cəhalət üçün məsuliyyət daşıyır. Ədalətdən sapmayan insan, demək haqq yolundadır. Vacib deyil ki, o mütləq dindar mömin olmalıdır. Əgər bütün dinlərin başlıca vəzifəsi bəşəriyyəti doğru yola dəvət etməkdisə, onda sevən və ədalətli insan bu cəmiyyətin bəzəyidir. Ən böyük ədalət sahibi Allahdır. Dilənçiyə bir su (xırda fransız sikkəsi) zəkat verən mərhəmətli insan, bir su qiymətinə cənnəti satın alır. Ancaq sənin cəhənnəmini qazanmaq üçün gərək ömrün boyu rəzillik, qətl, xəyanət, riya, paxıllıq yayasan. Bu isə insan üçün olduqca çətin bir işdir. İnsan sevgidən və sevgi üçün yaranıb. Bu mənfur xasiyyətlər insana yaddır. Amma, “meşə çaqqalsız olmaz”, aramızda sənə qul olanlar da az deyil.
– Ha, ha, ha..! – iblis güləndə ikiqat idbar olurmuş, – Az deyil deyirsən?! O qədər çoxdur ki, sizin kimi xeyirxah insanları damazlıq kimi özüm qoruyub saxlamaq məcburiyyətində qalmışam. Vicdan, ədalət və sevgi sözlərini dünyalının lüğətindən çıxaracağam!
– Sən bunu bacarsan, bax onda həqiqətən lənətlərin ən böyüyünü qucaqlayacaqsan. Anla bunu, qəlbdəki sevgini qova bilsən də taleyi dəyişə bilməzsən.
– Eh, dostum, sizin bütün damarlarınız zəifdir, istədiyimi edə bilərəm sizinlə. Yepiskop Mirielin eşefotadək müşayiət edib ürək-dirək verdiyi saxta pul kəsənin sevgilisini xatırlayırsanmı (“Səfillər” əsərində belə bir yer var: o zamanlar saxta pul kəsmək üçün ölüm cəzası verilərdi. Bir qadın sevgilisinin kəsdiyi birinci saxta pulu işə vermək istərkən tutulur. Onu həbs edirlər, lakin təkcə onun özünün təqsirini təsdiq edəcək sübutlar vardı. Yalnız o, öz etirafı ilə sevgilisini ələ verə bilərdi. Qadın onun müqəssir olduğunu inkar edir. İstintaq davam edir və qadın susmaqda israr edir. Bu zaman kral prokurorunun ağlına belə bir hiylə gəlir: o, qadınının sevgilisinə böhtan ataraq onu xəyanətdə təqsirləndirir və onun yazmış olduğu məktublardan məharətlə seçdiyi parçaların köməyilə bu bədbəxt qadını inandırır ki, həmin adam onu aldatmışdır və başqasını sevir. Qadın qısqanclıqdan ağlını itirir və sevgilisini ifşa edir. Hər şeyi boynuna alıb təsdiq edir. Hamı prokurorun ağlına heyran qalır. O, qısqanclığı işə salaraq, qəzəbdən həqiqət, intiqamdan isə ədalət doğurmuşdu.)? Yepiskop dustağa xeyir-dua verməklə onun qəlbini işıqlandırırdı. Bu adam müsibətlə ölməli idi, ölüm onun təsəvvüründə bir uçurum idi. O, bu uçurumun kənarında titrəyərək dayanmışdı və dəhşətdən geri çəkilirdi. Bax bu anlarında Allahdan da kömək gəlməyəndə onun qulağının dalında pıçıldayan mən oluram, ona təsəlli verib xilas vəd edirəm. Bilirsənmi nəyin müqabilində xilas vəd edirəm? “Əgər Allahdan üz döndərib mənə itaət etsən, mən səni bu ölümdən xilas edərəm” – deyirəm. Allahı inkar edir, mənə iman gətirir və hətta başının gilyotində kənara atıldığı anadək məndən imdad gözləyir. Gilyotini sevirəm. Bütün eşafotu al qana batıran bu aləti icad edənlər qoy gedəcəyim cəhənnəmdə əbədi yansınlar! Dustağın canı çıxdıqdan sonra isə onun kürəyində Allaha bir ismarıc yazıram, – “Al, bir naxələf bəndəni də qəbul elə!”.
– Dediyin dustaq, ölüm hökmünü eşidərkən sarsılmış, dustaqxananın yarıqlarından bu dünyanın hüdudu xaricində olan şeyləri görmək üçün daim baxır və orada yalnız zülmət görürdü. Amma yepiskop işıq görməkdə ona kömək etdi. Bütün yolboyu dustağı müşaiyət etdi, bir arabaya mindi, eşafota çıxdı. Caninin ölümqabağı ruhu işıqlanmışdı, ölümdən qorxmurdu, ruhu sakit idi, Allaha ümid bağlamışdı. Yepiskop onu bağrına basdı və gilyotinin bıçağı enməyə hazır olan zaman ona dedi: “İnsanlar tərəfindən öldürüləni Allah dirildir, qardaşları tərəfindən qovulan özünə ata tapır. Dua et, inan, əbədi həyata qədəm qoy! Atamız ordadır!”. Yepiskop eşafotdan düşdüyü zaman camaata baxanda onun gözlərində elə şey vardı ki, camaatı geri çəkilməyə vadar etdi. O əmin idi ki, dolanışıq üçün saxta pul kəsməyə məcbur olmuş bir insan bu dünyalılar üçün cani sayıla bilər. Allah üçünsə bu cani, əl boyda kağız parçaları uğrunda mənasızca öldürülən bir günahsız idi. Miriel əmin idi ki, Allah onu əbədi dünyada ehtiramla qarşılayacaq. Sən isə anla ki, Allah onun kürəyindəki ismarıca baxıb bu cür deyir, – “Ey məlun, kaş səni nə böyüklükdə əzab gözləyir, bir bunu dərk edəydin. Sənin cəhənnəm üçün bəratlayıb göndərdiyin bu adəm övladı isə öz ailəsini dolandırmaq üçün başqa yol tapa bilməyib, ölümü gözünə alan cənnətlik biridir. Kaş nə qədər yanlış anladığını dərk edə biləydin”...
– Yox! Allahı danıb, ölüm anında isə onun ətəklərinə sarmaşan adamı Allah sevmir! Mən onu tanıyıram...
– Bədbəxt. Yekəbaş olmaqla deyil, gərək başda ağıl da olsun. Cəhənnəm bomboşdur. Orda yanacaq olanlar bir tək sən və övladlarındır. Hətta sənə qulluq edənlər də son nəfəslərində səndən xəbərsiz Allaha sığınırlar.
– Kəs səsini sərsəm qoca! Sən məni hiddətləndirirsən! – əclaf hirsindən dabanıyla dalağımı xıncımladı. Ayağını qarnımdan çıxaran kimi, Viktor ona güclü pəl vurdu və əlimdən tutub məni ayağa qaldırdı, üst-başımı hörümçək torundan təmizlədi. Uşaq atanın dəyənəyindən qorxub anasının arxasında necə gizlənirsə, mən də o cür Hüqonun enli kürəyinə sığındım.
– Ver bura, o mənimdir! – şeytan məni tələb edirdi.
– Cəzalandıracaqsan məni? Sənə ki bu hünər verilməyib. Bilirsən, insandan bic və hiyləgər ola bilərsən, ancaq kütbeyin olduğun hər halından bəllidir. Çünki ürəyin yoxdur sənin. Ancaq, Allah insan yaradanda ilk əvvəl onun qəlbinə balaca da olsa sevgi payını qoyur. Həmin insan nə qədər vəhşi və zalım biri olsa da, sonda bu sevgi cücərib bar verir, onu işıqlı əbədiyyətə qovuşduracaq çırağa dönür. Bu dünyada da, o biri dünyada da əlliri boş qalan yalnız sən olacaqsan. Hər iki dünyada səni gözləyən bir mükafat var – çiyinlərini əyəcək, Allah qarşısında diz çökdürəcək qədər ağır və sonsuz insan lənətləri... Bir gün eşafot səninçün qurulacaq. Onda səni də qara basacaq, gilyotini görəndə sarsıntın o qədər dəhşət olacaq ki, özün cəhənnəm odunda yanmağı diz çöküb yalvaracaqsan. Eşafot kimi alətlərə “şeytan əməli” deyirlər. Axirətdə məmnuniyyətlə sənin o yekə başına gilyotini endirən cəllad olmaq istərdim.
Şeytan dəli-cinli olmuşdu, fırfıra kimi Hüqonun yan-yörəsində fırlanır, başını daşdan daşa çırpırdı: – Mən nə hakiməm, nə də dülgər. “Şeytan əməli” dediyin bu aləti adəm övladı icad etmişdir. Burda məni günahlandırmağın düzgün deyil.
– Eşafot əsl dərd deyil. Əsl məsələ yepiskopun dustağa verdiyi təsəlli, ona kədəri unutdurmağa çalışması, ölüm qorxusunu yaşama ümidi ilə dağıtmasındadır. O dustağın qulağına pıçıldayırdı: – “İnsan ölmür. Torpağın altında çürüyən şeyi düşünməyin. Diqqətlə baxın, göylərdə canlı bir işıq görəcəksən, o, sənin əziz ölənlərinin ruhudur”. O bilirdi ki, etiqad dərdə əlacdır. Qismətinə boyun əyən insanın məzara baxan kədərli nəzərini ulduzlara doğru baxan sevincə çevirməyə çalışırdı. O aşılayırdı ki, toxum çürüməsə rüşeym cücərməz... – bunu Viktor mənim gözümün içinə baxıb sanki mənimçün deyirdi. Qəhər, günah hissi məni boğurdu.
– Sənin yepiskopun özün kimi ağlı başında olmayan sərsəm qocadan başqa bir şey deyil, Viktor. Dünyada bu cür insanlar gözümdəki ən bədbəxt insanlardır.
– İnsanda mərhəmət hissi varsa, ona sənin kimi yetmiş min şeytan da güc gələ bilməz. Hər şeyi Allahdan bilənlər xoşbəxtdirlər. Kaş bütün bəşəriyyət bu cür bədbəxt olaydı.
– Amma özün de, dünyada sənin keşişin kimi neçə nəfər tapmaq olar? Allah kimə lazımdır? Bu ancaq xəyallara qapılan kütlə yaratmaq üçün yarayır. Rədd olsun mənim zəhləmi aparan bütün müqəddəs səmavi Küll!– daşa çırpmaqdan şeytanın başındakı qozaların sayı hey artırdı. Hüqonun onu əsəbləşdirib hövsələdən çıxarmağı mənə ləzzət verirdi. Kafirlərin başçısını belə kəmhövsələ təsəvvür etməzdim... Çox səbirsizmiş lənət dağarcığı. “Bir az səbrli olsaydın, Allah da səni öz dərgahından qovmazdı, biz insanların da bu qədər günah sahibi olmamıza bais olmazdın” – indi mənim də gözüm yeyirdi şeytanı. Hüqoyla nəzərlərimiz toqquşanda ondan sanki enerji aldım, qollarıma təpər gəldi, əyilib yerdən iri bir daş götürdüm. – Tövbə et, məlun! – Viktorun arxasından çıxıb şeytana çımxırdım.
– Tövbə mənə haramdır, milçək! Burnunun ucundan o tərəfi görmürsənsə, dağın təpəsinə çıxmağın nə mənası var? Gəl sənlə şən həyat sürək. Bayaqkı sevişən cütlüklər xoşuna gəlmirdimi bəs? Həyat hər şeydir, cənnət uydurmadır. Sən o qoca sarsağın şirin dilinə uyma. Deyirlər insanı yerdə deyil, guya orada, yuxarıdamı, aşağıdamı – bir sözlə harada isə başqa bir aləm, başqa bir həyat gözləyir, mən olsaydım buna zərrə qədər inanmazdım. Elədirsə, onda niyə səni dünyadan əl çəkməyə və qurban verməyə dəvət edirlər, insan hər bir hərəkətimi izləməli, yaxşını-yamanı, ədalətlini-ədalətsizi, doğrunu-yalanı ayrıd etmək üçün baş sındırmalıdır? Nə üçün? Çünki mən öz hərəkətlərim barəsində nə vaxtsa hesabat verməli olacağam? Bəs nə zaman? Öləndən sonra! Nə böyük bir səhv! Öləndən sonra məni kim tuta bilərsə, tutsun! Kölgəni bir ovuc kül götürməyə məcbur eləyəni göstərin, mən də görüm! Həqiqəti yerdə axtarmaq və onu tapıb ondan ikiəlli yapışmaq lazımdır. O zaman bu həqiqət sizə yaxşıca nəşə verər. Onda siz güclü olarsınız, hər şeyə gülməyə başlarsınız. Mənə gəlincə, mən hər yerdə özümü möhkəm hiss edirəm, cənab Hüqo! Sənin dediyin əbədilik yaba ilə suya yazılmış bir əfsanədir. Ah! Gözəl vədlər! Heç onlara bel bağlamaq olar? Xərcləməyə yaxşı dövlət vermisiniz insanlara... Əvvəlcə adam ruhdur, sonra dönüb mələk olacaq, kürəyinin ortasından mavi qanadlar çıxacaqdır. Yox bir..! – onun səsi kəsilməsəydi məni fikrimdən döndərəcəkdi. Başını hədəf alıb daşı var gücümlə atdım. Düz təpəsindən dəydi, təzə bir qoza da məndən yadigar qaldı. Ufuldayıb yerində qıvrıldı, əvvəlcə yumağa, sonra da ilanbalığına dönüb çırpına-çırpına yarpızlıqda gözdən itdi.
Hüqo çiyinlərimdən yapışdı, – Əhsən, xoşum gəldi. Adın nədir sənin?
– Rəşid – dedim.
– Şeir, ya hekayə-zad yazırsanmı heç?
– Xeyr, yazmıram, amma oxumağı sevirəm. Hələ sizin “Səfillər”inizi də oxumuşam...
– Yazacaqsan, həm də ən yaxşılarını yazacaqsan... – qəfildən şəlalənin suyu elə bil qurudu – suyun səsi səngiməyə başladı. Hüqo çönüb şəlaləyə boylandı, – Vaxta az qalıb, mən getməliyəm. Dediklərimi yaxşı-yaxşı yadında saxla. Gördüyümüz hər şey bizə bəlli bir dildə yaradılıb, tanrı öz sirlərini tam açıq şəkildə ötürüb. Amma biz bu dili unutmuşuq, ən çətin və qondarma dili təbliğ edirik, hələ də göydən səda gözləyirik. Bütün yazıçılar insanın öz taleyini seçməkdə aciz olmağından yazır. Özünə zidd olmaq haqqını itirmə və bundan heç zaman qorxma. İmkan ver ki, kainat səni öz yorğanı altına alsın. Təəccüb qalacağın şeylərə sevin, çünki, Allah insanı çaşdırmaq üçün o qədər şey düşünüb yaradıb ki... Bu dünya ağıllıları mat qoymağı sevir. Yazacağın əsərlərdə bunları nəzərə al...
– Mənim gələcəyimdən danışırdınız bayaq. Mənə də deyərdinizmi... – sözümü tələsik yarımçıq qoydu: – Gələcəyini öyrənsən, onu dəyişmək istəsən onda bu sənin gələcəyin, həyatın olmaz ki... Özünü olacaqlara hazırlamaq maraqsız işdir. Qoy yaxşı şeylər sürpriz olsun, dərdlər isə sənə indidən dərd olmasın, onsuz da dəyişmək iqtidarında deyilsən.
– Məni iblisin əlindən xilas elədin... Ərk edib bir şey soruşmaq istəyirəm sizdən. Deyin, həqiqətən Allah varmı?
– Var. Şeytanı ki özün gördün... Bu dünya bundan da gözəl bir dünyanın olduğunun sübutudur. Qəlbini dinlə, o hər şeyi səndən yaxşı bilir. Allahın Ruhuna qovuşanda hər şeyin düşündüyün kimi olduğuna əmin olacaqsan. Ürəyin sənə heç vaxt xəyanət etməz, ondan gözləmədiyin zərbəni sənə vurmaz. Arzu və xəyallar arxasınca sevən ürək ağrımamalıdır, Allahın nurunu tutub getməlidir. Bu nuru tuta bilsən həyatın fırtına, tufan görməz. Torpaq, hava, su, işıqda, insanda bu nurun hər cürəsindən bir az var. Meşənin ruhuyla danışan küləyi, sahillə şənlənən dənizin səsini dinləsən Onun sevgisini duyacaqsan. Allah nə göydədir, nə yerdə, nə dağdadır, nə də dənizdə. Allah, biz onu düşündüyümüz yerdədir və əlimizi atan kimi yardım etməkdən çox xoşbəxt olur. Dalğalanan suda insan üzünü görə bilmədiyi kimi, ruhu narahatlıqda olan insan da Allahı görə bilməz. Allaha qovuşmadan Ona qovuşmaq arzusuyla yaşamaq daha müdhiş bir hissdir.
– Bəs cəhənnəm barədə şeytana dediyin – günahkarlar oranı görməyəcəkmi?
– Allaha üzüağ qovuşmağın tək yolu təcrübə, səhvlərdən dərs almaqdır. Ona gedən yolun mənası olsun istəyirsənsə, sevgi və arzularını cilovlamalısan, nəfsini ram edib itaətinə almalısan. Unutma, ölüm olmasaydı insan heç nəyi vecə də almazdı. Allahın görünən üzü Dünyanın özüdür, görünməyən üzü Axirətdir – cəhhənəmi və cənnətiylə. Ruhunu zəhərləyən günahlardan iyrənmə, – “Bu da keçməli olduğum bir pilləydi, keçdim” – de. Ömür ocaq kimidir, ilk yandıranda tüstüsü gözümüzü yaşardır, amma od alanda ətraf isinir, nur saçır, rahatlıq verir. Yetər ki, günahlarından dərs götür, çünki xeyirxahlığımız çəkisi dərk edilən günahlarımızın misli qədərdir... – şəlalənin suyu indi daha da gurlaşdı, Hüqo bu səsdən sanki səksəndi və geri-geri gedərək son tapşırıqlarını verdi: – Gözüm üstündə olacaq, həyatını insanlığa sərf elə – sən bunu bacaracaqsan, Rəşid... Hər əzablı yolun bir istirahəti var. Ölümə alnıaçıq ona görə gedirik ki, bu acı dünyadan dincələ biləcəyimiz yeganə kölgə ancaq orda görünür. İnsanların üzündən qış soyuğunu necə qovmağı düşün. Sağlam düşüncə yalan deyə bilməz. İnsan öz halını yaradan səbəbləri anlamalıdır ki, belə düşünən başqalarıyla birləşə bilsin. Onda cəmiyyətdə şeytanın şəltəsi işləməz, şər və yalan yeriməz, şikəst olub rəzil günə düşər.
Şəlalə bir anlıq onu qənşərimdən alıb çis dumanında yox elədi. Hüqonun son sözləri üzümə çırpıldı, – İnsanların qəlbindəki şər soyuğunu əsərlərinlə qovmaq çox gözəldir. Yaz və yanıma üzüağ gəl... – şəlalə yenidən həmişəki sakit səsiylə axmağa başladı. Şəlaləyə yaxınlaşdım, su pərdəsindən götürüb üz-gözümə vurdum. Burnuma xoş və tanış bir qoxu gəldi. Heç xatırlaya bilmədim ki, şəlalədən ətrafa yayılan bu xoş ətir nəyin ətridir. Şəlaləyə baxaraq Viktor Hüqonun qəmli gözlərini xatırlayıb xeyli ağladım. Qəfildən yarpızlıqda gizlənən şeytan yadıma düşdü. Ayağımla yarpızları aralayıb onu xeyli axtardım. Belində iki yaşıl zolağı olan qurbağadan başqa heç nə tapmadım. Qurbağa başını sudan çıxarıb pəltək fit kimi əcaib bir səs çıxarırdı. Suya əyildim, qurbağanın gözlərinə baxdım, – “Odur! Bu bir cüt gözü öz gözlərimdən daha yaxşı tanıyıram” – ehmalca yerdən karlı bir çaylaq daşı götürdüm. Elə qurbağanın başını əzmək istəyirdim ki, ağzıma dolmuş qara su ürəyimi bulandırdı – acı suyu udquna-udquna qaldım. Mədəm ağzıma gələndə qurbağanın tullanmağı ilə Ərəstunun səsi bir oldu, – Sizə dedim ki, “Jiquli”sini “Cin kahası”nın qabağında görmüşəm. Budur, burda qusur” – Ərəstun, bəyin soldışı və qaranlıqda gözüm seçmədiyi iki nəfər şaqqanaq çəkib mənə gülürdülər. Mən isə öyüyür, fınxırır, üzümə su çırpır və düşünürdüm ki, bu saat həqiqətən Mürsəlin yoluq itindən də betər günə düşmüşəm...
05 oktyabr 2016