Yay geridə qaldı. Yazarlarımız hal-hazırda nə yazırlar? Hansı əsər üzərində işləyirlər? Yaradıcılıqlarında nə yeniliklər var? Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.
Anar
Hazırda yalnız xatirələrimi yazıram.
Əkrəm Əylisli
Mən bir az şəkcaz adamam, qabaqcadan deyə bilmirəm. Təzə yazmaqda olduğum əsəri ən yaxın dostuma belə danışa bilmirəm. Danışıq prosesində o əsərin yazıldığını hiss edirəm və bu mənə ləzzət vermir. Əsər Allahla mənim aramda olan sirdir. Bu sirri də açmaq istəmirəm. Əsər yazanda üç şey var mənim üçün: yaratdığın əsərin dünyası, mən, Allah. O üçlükdən heç vaxt çıxa bilmirəm. Çıxanda da mənə ləzzət eləmir. İndi əsər üzərində işləyirəm. Mənim içimdə əsər olmayanda bağrım çatlayar, ölərəm.
Seyran Səxavət
Hazırda heç bir əsər üzərində işləmirəm. Heç nə yazmıram. Öz üzərimdə işləyirəm.
Azər Abdulla
Bu dəqiqə heç bir əsər üzərində işləmirəm. Yazılarım var xeyli. Çap olunmayıb heç biri.
Səfər Alışarlı
Hazır mətnlərim var: roman və hekayələr. Çap eləmirəm. Başqa yazılar üzərində iş davam edir.
Saday Budaqlı
Bu saat heç bir əsər üzərində işləmirəm. Dünya ədəbiyyatından tərcümələr edirəm.
Fəxri Uğurlu
Hazırda heç nə yazmıram. Fasilə vermişəm. Aktiv yaradıcılığım yoxdur. Beynimdə isə həmişə mövzular olub. Lap uşaqlıqdan. Yəqin ki onları da yazacam.
Əjdər Ol
Mənim bir xasiyyətim var, yazmaqda olduğum əsəri danışa bilmirəm, o zaman bitirə bilmirəm o əsəri. Gəlin, sirri açmayaq. Mən bir əsəri bitirməmiş ona ad qoymuram, bir də heç vaxt ondan danışmıram. Amma deyim ki, üzərində işlədiyim bir əsər var.
Etimad Başkeçid
Hazırda dünya ədəbiyyatının çox məşhur bir romanını tərcümə eləyirəm, yaxın vaxtlarda bitirəcəyəm. Özümün yazdığım roman isə ləngiyir, inşallah onun da bəxti açılar.
Mübariz Cəfərli
Təzə roman yazıram. Adı şərtidir: “Zəncir”, ya da “Halqa”. Yəqin ki, dəyişəcək ikisi də. Amma xeyli iş var hələ.
Elçin Hüseynbəyli
“Yenə iki od arasında” adlı romanımı bitirmişəm. Roman həm Yusif Vəzir Çəmənzəminlinin həyatına, həm də Qarabağ tarixinə həsr olunub. Senytabr-oktyabr aylarında “Azərbaycan” jurnalında yayımlanacaq. Sonra kitab şəklində noyabr ayında çap olunacaq. Ondan başqa köşə yazıları yazıram, bir neçə hekayə yazmışam. Həyat qaynara düşsün, onları da çap etdirəcəm.
Aqil Abbas
Səfərdəyəm. Bir roman üzərində işləyirəm. Üç-dörd aya yəqin ki, bitirəcəm. Yollar imkan versə…
Nəriman Əbdürrəhmanlı
Hələ ki, yeni bir irihəcmli yazıma hazırlıq işlərini başa çatdırıram. Yağışlar mövsümünün başlamasını gözləyirəm. Yəqin ki, bu payız nəzərdə tutduğum yazını qələmə almağa özümdə qüvvə tapacağam. Bir də bir neçə kiçikhəcmli yazılar var fikrimdə. Çoxdandı ki, beynimdə gəzdirir, yazmaq üçün vaxtını-vədəsini gözləyirəm.
Seymur Baycan
İndi hekayələr yazıram.
İlqar Fəhmi
Bütün yayı növbəti fəlsəfi-publisistik əsər üzərində işləmişəm. Səfəviliyin metafizikasına, qızılbaşlığın mistikasına aid tarixi-publisistik əsər. Yəqin ki, oktyabr ayından etibarən “Ədəbiyyat” qəzetində hissə-hissə çıxacaq... Ondan əlavə iki ssenari də işləmişik. İlin sonunacan onların da çəkilişi başlanacaq... Maraqlı bədii filmlər olmalıdır.
Əlabbas
Mən 70 yaşa çatanacan daş-daşdan ayrılar. Ona görə də illərdən bəri yığılıb qalan bir neçə kitab var ki, onları 60 yaşın bəhanəsi ilə az sayda qalan çoxdəyərli dostlarıma ərmağan, nəvələrimə yadıgar etmək fikrindəyəm. Hərçənd bu, həyatımda heç nəyi dəyişən deyil, amma yenə olsun. Gərək bu işə ömrün o başında əl qatmazdım, indi də çox gecdir. Geri çəkilməyin isə bircə adı var: peşmanlıq... Ona görə də dizimi qatlayıb nəvələrlə vuruşa-vuruşa o kitabları araya-ərsəyə gətirməklə məşğulam. Onlardan biri otuz il əvvəldən yazılmağa başlanıb və hələ də bitməyib, bu gün də yazıla-yazıla gedir. Onu görkəmli ədiblər, söz və sənət adamları, dostlarım mənə həsr edib. Hayıf ki, onun bir çoxu artıq haqqa qovuşub. Nankorluq olar ki, mənə dəyər verən o insanların əməyini bir kitab halına salmağa qızırqanım. İkinci kitabda mən dostları vəsf eləmişəm. Esse, məktub, xatirə və müsahibələr salınan o toplu “Mən Qarateli sevirdim” kitabının davamıdı. Daha bir kitabım isə son illər qələmə aldığım povest və hekayələrdən ibarətdi.
Azad Qaradərəli
Mən adətən payız-qış aylarında rahat yazıram. Yəni istilərdə düşünə bilmirəm. Amma bu yay olmadı. Çoxdan beynimdə yer eləmiş bir mövzu vardı - Sovet vaxtı institut müəllimlərinin tələbə oğlanları sındırıb (imtahan vaxtı) pullarını əlindən alması, qızların isə bəzisinin pulunu əlindən alması, bəzisinin isə namusuna təcavüz etməsi məsələsi məni narahat edən bir mövzu idi. Konkret obrazlar və konkret prototiplər də vardı, hər dəfə “bizi yaz” deyirdi. Bu yay o mövzunu əvvəl “Dəvə əməliyyatı” (şərti) adlı uzun hekayə şəklində yazdım, sonra isə romana çevrildi, adı da dəyişdi: “Qadın dili” oldu. Romanın böyük hissəsi yazılıb. Demək olar ki, bitmişdir. Amma mən sürətlə yazdığım bu romanın üstündə yəqin ki, bir 6-7 ay da işləməli olacağam. Yəni roman 2017-ci ildə çapa veriləcək. Ara-sıra hekayələr və esselər də yazıram. Və təbii ki, redaktoru olduğum “Yazı”nın yeni nömrəsini çapa hazırladım. Bir sözlə, bu yay gərgin işləmişəm.
Kəramət Böyükçöl
Heç nə yazmıram, çünki yaza bilmirəm, gücüm və həvəsim yoxdu. Ailə-məişət qayğılarıyla məşğulam.
Alpay Azər
Hal-hazırda yazıb bitirdiyim, hələ məni qane etməyən ilk romanımı redaktə edirəm, - əlavə detallar, ixtisarlar-filan. Eyni zamanda bir hekayə süjeti beynimdə bişir.
Cavid Zeynallı
Ağlımda bir neçə hekayənin mövzusu var, üzü payıza doğru onları yazmağı düşünürəm. Gələn ilin aprel-may aylarına qədər üç-dörd hekayəni yaza bilsəm, hekayələr kitabı çıxaracam. Düzünü deyim, indi mənim üçün kino ədəbiyyatdan daha aktualdır. Bir sənədli filmin, iki qısametrajlı bədii filmin ssenarisini yazmışam. Planda tammetrajlı iki kassa filminin ssenarisi yazmaq var. Ağlımda bir kiçik roman da var, vaxt olan kimi onu da başlamaq istəyirəm.