Dəlikdən şəhvət anlarını güdən oğlanlar, eşqə susamış qadınlar... - İntiharı əfsanələşmiş Mişima faşist idimi?

Dəlikdən şəhvət anlarını güdən oğlanlar, eşqə susamış qadınlar... - İntiharı əfsanələşmiş Mişima faşist idimi?
25 noyabr 2026
# 10:00

Bu gün məşhur yapon yazıçı Yukio Mişimanın anım günüdür.

Kulis.az Erhan Sunarın "Mişima əfsanəsi" yazısını təqdim edir.

Yazıçıların həyatlarını istər hələ sağ ikən, istərsə də ölümlərindən sonra - geriyə doğru qiymətləndirmək qüsursuz bir bioqrafiya və bənzər məqsədli mütaliələr üçün ümumi qaydadır. Maraqlanır, oxuyur və əsərlərə hopmuş işarələr vasitəsilə ən səhih yazıçı obrazına çatmaq istəyirik. Xeyr, "obraz" tam doğru ifadə olmadı, əslində, biz yazıçını bütün ədəbi ritualları və gündəlik həyatı içində olduğu kimi, bir fotoşəkilin verə biləcəyi reallıq ölçüsü ilə tanımaq istəyirik.

Bioqrafiya deyil, roman oxuduğumuzu heç fərqinə varmadan unuda bilməyimiz üçün bu həyatda, əlbəttə, bəzi qeyri-adi məqamlar da olmalıdır. Paris barrikadalarından, qəzəbin evinə qədər gəlib çatacağından qorxan Flober sayıqlama içində dərhal əlyazmalarını bağçasında basdırmışdır - əla! Kafka çılpaq bədəni ilə görünməkdən çox çəkinirdi - maraqlıdır!

Ceyms Coys bir zamanlar o qədər yoxsul idi ki, kitablarını köhnə bir çamadanın üzərində yazırdı - detalın böyüklüyünə baxın! Amma heç rəng verməyən yazıçılar da var: məsələn, Umberto Ekonun gerçək şəxsiyyətinə heç vaxt çata bilmərik, ya da bizi daim oyuna gətirəcəyindən şübhələnərik. Eləcə də Borxes müəyyən hiylələrə əl atacaqdır...

Roman və ya hekayə oxumağın yazıçıları tanımaqla kəsişdiyi belə anlarda içimizdəki bioqraf bizə bəlkə də bunu pıçıldayır: yazıçı əslində hər şeyi daha əvvəldən, çox daha əvvəldən daim yazırdı və oxumaqda olduğun sətirlər ən sonda tamamlanacaq əsərə doğru uzanan bir məşqdən artıq deyil. Bu son oxu formasını Floberə və ya Coysa tətbiq etmək gərəksiz olardı, amma Yukio Mişima üçün demək olar ki, bundan başqa yol yersizdir.

Mişimanın 25 noyabr 1970-ci ildə "Bərəkət dənizi" tetralogiyasının artıq son cildini də bitirdikdən və altına tarix qoyduqdan sonra bir daha bənzəri yaşanmayacaq intiharını elə həmin gün həyata keçirməsi, əsərlərinin oxunması baxımından bu mənada bir son deyil, daim əbədi bir başlanğıcdır.

Hələ iyirmi yaşlarının əvvəlində yazdığı və çox qəribə şəkildə tamamilə roman olmayan, lakin avtobioqrafik ünsürlər daşıyan xatirələr toplusu "Bir maskanın etirafları" həyatının son günündə "Mələyin çürüməsi"nə yaşam və zaman, ləyaqət və ölüm, ağrı və gözəllik adına nə qoyubsa, eynilə düşündürəcək dərəcədə əks-səda verir.

"Qaçaq atlar"dakı gənc və ölüm aludəçisi İsaonu yenə həmin gəncin maskası altından görməmək mümkün deyil. Bəzən qısa bir xatırlatma funksiyasını çox aşan və yazıçının ömrü boyu eyni tək bir hekayəyə bağlı qaldığını bizə ürpərdici bir israr duyğusu ilə göstərən təkrarlar - otağın divarındakı dəlikdən yan otaqdakı şəhvət anlarını güdən oğlanlar və qoca kişilər, gizli planlar ətrafında təşkilatlanan gənclər, eşqə susamış qadınlar Mişimanın ədəbi kainatını digər tərəfdən çox daha mühüm bir həqiqətə də yaxınlaşdırır. Bu, sadəcə yaşanan deyil, daim düşünülən və insanın qanını donduracaq dərəcədə layihələndirilən bir kainatdır.

Elə isə Mişimanın yazdıqları qədər düşündürmək istədiklərinə də nəzər salmaq lazımdır, çünki o, bir sevişmənin ortasında belə üzvlərin hərəkətlərini deyil, cinsəlliyin sərhədlərini görür. "Bahar qarları"nda baş verən hər şeyi - yazıçının əsərlərdə verəcəyi bir səhnənin üstündəymiş kimi, "Dənizini itirən dənizçi" və "Dalğaların səsi"ndə isə söz yığınına deyil, bir rəsm əsərinə baxırmışıq kimi zənn edirik.

Bu fərziyyə yazıçını oxumaq üçün "olmazsa-olmaz"dır, əks halda hələ on altı yaşlı Torunun ("Mələyin çürüməsi") gündəliyinə əks olunan, şeytani planlarla dolu mənlik və insanlıq yozumlarını həddindən artıq inandırıcılıqdan uzaq hesab edər, tetralogiya və çox uzun sürəcək bir həyat boyu Hondanın hər an dostu (yenə gənc yaşda ölmüş!) Kiyoakini düşünməsini heç də müasir bir əsərə uyğun görməzdik.

Mizan-səhnə olanla olmayan, təmsili olanla daha gerçək olan arasında fərqlər qoymağa vərdiş etmiş, deyək ki, Qərb romanı oxumağa köklənmiş oxucu üçün bütün bu meyillərin təxirə salınması əslində, heç bir səy də tələb etmir: eynilə ədəbi inkişafını müəyyən edən Avropa romanlarını dərindən oxumuş biri kimi, Mişima bəzi cəhətlərdən Qərb ədəbiyyatından heç də qopmur - qısa sürəcək həyatı boyu Qərb, modernizm və kapitalizm əleyhdarlığını, hər an güclənən İmperator və Yaponiya sevgisini romanlarına məzmun olaraq qatdığını, amma yenə də hər birinin formalaşma və məntiq baxımından xeyli avropasayağı qaldığını unutmayaq.

Yazıçı haqqında zəngin məlumatlarla dolu kitabında Marqerit Yursenar xüsusilə 1949–1961-ci illər arasındakı əsərləri daha çox bu cür qiymətləndirmək lazım gəldiyini irəli sürür və Qərb deyərkən Amerikanı nəzərdə tutmamalı olduğumuz qeydini əlavə edir.

Mişimanın həyatından əsərinə vuran ən güclü dalğa, əlbəttə ki, "kişiliyə" göstərdiyi bağlılıq və diqqət olacaqdır. Həyata qarşı bu ifadə formasının ətrafında toplanacaq digər hər şeyi yenə onun üzərindən oxumağa cəhd edir və sırf bu səbəbdən biz Hondanın Kiyoakiyə bağlılığında saf dostluğu, Fusakonun Ryuciyə bağlılığında şəhvət baxımından əlverişli saf kişiliyi və gücü, bəzi romanları dolduran oğlan dəstələrinin intiqam və ya İsaonun seppuku xəyallarında isə bu romanlarda bir qadının əsla ağlına gətirməyəcəyi millətçi, idealist tərəfi həmişə bir arada düşünürük.

Mişima əfsanəyə çevrilən intiharından sonra daim dilə gətiriləcəyi kimi, xalis bir faşist idimi? "Qaçaq atlar"a, "Dənizini itirən dənizçi"yə güclü bir motiv halında daxil olmuş ölüm və bir növ mərasim xarakterli zorakılıq aludəçisi olan qrupların bu yolda irəliləyərkən qarşılaşdıqları instinktiv zəiflikləri və ya bir sıra fərqli səsləri, dediyinin tam əksini düşünən şəxsləri nəzərə aldıqda, bunun tam mümkün olmadığı təəssüratı yaranır.

İsao hakim Honda tərəfindən qanunların cəzasından və ölümdən xilas edilib ailəsinə ərməğan edildikdə, cəmi bir neçə səhifə çəksə belə, bu gənc oğlanın öz qarnını yarmayacağına inanmaq istəyirik. Üstəlik, yazıçının saf bir nağıldan asanlıqla ayıra bilməyəcəyimiz duyğularla yüklü "Dalğaların səsi" kimi romanları da varkən...

Ədəbiyyata bu mövzudakı şübhələrin və ikiləşmələrin varlığını ən detalçı yazıçıdan fərqlənməyən bir təhkiyə gücü ilə gətirə bilmiş, sonda onları bir düşüncə aktına, bir xəyal səfərinə çevirə bilmiş bir romançı kimi, sırf bu səbəbdən, həyatında tam olaraq nə düşündüyünü də bilmək istəmir insan. Amma yazının girişində də qeyd etdiyim kimi, yazıçıların həyatları, bu həyatlardan doğan romanlar zaman keçdikcə təkcə onlar tərəfindən yaşanmış olmur.

Sözügedən kitabında Yursenar "Ziyafətdən sonra" romanında təsvir edilən şəxsin özü olduğunu iddia edən bir siyasətçinin və ultra-sağ cinahdan yazıçıya yönəldilən ölüm təhdidlərinin sırf bu baxımdan belə "düşündürücü" olduğunu deyir (və gecikməyən bir mötərizə içində yerli-yersiz faşist elan edilən bir yazıçı üçün bu vəziyyətin əyləncəli ola biləcəyini təxmin edir).

Mişima bir ordu bazasında mərasim xarakterli hücuma və ardınca kütləvi intihara çevriləcək aksiyadan əvvəl gündəliyini məhv etmişdir. Eynilə bir neçə il əvvəlin "Qaçaq atlar"ına daxil olacağı kimi, bu intihardan əvvəl silahdaşlarını - evli və ya hələ çox gənc olduqları üçün özündən sonra həyatlarına son qoymamaları barədə xəbərdar etdiyini isə bu gün artıq bilirik. Bir fikrə görə və onu əfsanəvi ölçülərdə bir zorakılıq və ölüm maşını saymağa həvəsli bioqrafiya həvəskarlarını boşa çıxaracaq şəkildə, intiharına gedən yol, hər nə qədər özü yaxın ətrafına tetralogiyadan sonra özünü öldürəcəyini desə də, nisbətən daha əhəmiyyətsiz və qəribə detallardan da ibarət idi.

Altmışıncı illər ərzində beş dəfə Nobel mükafatına namizəd göstərilmişdi, alacağını qətiləşdirmişdi və ustadı, yaxın dostu Yasunari Kavabata 1968-ci ildə bu mükafatı aldıqda daha uzun illər boyu münsiflər heyətinin Yaponiyaya mükafat verməyəcəyini düşünmüşdü. Tamamilə mümkündür, xüsusilə onun kimi son dərəcə məhsuldar bir yazıçını düşündükdə bu məhsuldarlığın davam etməməsi üçün elə bir səbəb də yoxdur... Amma bütün bunlar bu ürpərdici mərasim ölümünün eynilə romanlarında bəhs edildiyi kimi gerçəkləşməsini gözlərdən gizlədə bilmir. Bəlkə də başqa, daha ədəbi bir bucaqdan baxsaq, ehtiraslı ölümləri həmişə hekayənin ən sonunda, bir neçə sadə cümlədə gizlədən, ya da tez-tez qarşılaşdığımız və reallıqlardan bir növ arınma mənasına gələn xəyalların, yuxuların zamanını deyil, məzmununu düşünməli olduğumuzu bizə xatırladan yazıçının yenə yalnız zamanını düşündüyü bir ölüm idi bu.

Mişimanın romanları xilasedici bir ümid duyğusu ilə maraqlanmır. Lakin burada söhbət belə bir ümidin varlığından və ya yoxluğundan deyil, onun adının ümumiyyətlə çəkilməməsindən gedir. Hekayələr, süjet xətti, hansı ki, əksər hallarda olduqca rahatdır bizi həyatın məzmunundan çox quruluşu, mənası ilə üz-üzə qoyduğu üçün bir nöqtəyə qədər bunu gözləyirik, görə biləcəyimiz yeganə şey isə Fusakonun evlilik xəyalları qurmağa yenicə başladığı anda sevgilisinin öz oğlunun millətçi dəstəsi tərəfindən öldürüləcəyidir.

Üstəlik, romanın sonundakı bu ölümün paralel bir hadisə kimi də oxuna biləcək qarşılığı ən başda həmin dəstə tərəfindən daxili orqanları çölə çıxarılan bir pişiyə tətbiq edilmişdir. Səhnələrdən heç vaxt əskik olmayan təbiət təsvirləri belə, personajları bir yerdən başqa bir yerə və ya deyək ki, "Şəfəq məbədi"ndə umacağımız kimi Hindistan mağaralarından işıqlığa və gün işığına deyil, getdikcə qat-qat dərinləşən düşüncələrə, dinin, əxlaqın burulğanlarına yaxınlaşdırmış olur.

Bu hissələrdə sanki heç nə baş vermirmiş kimi görünsə də, yazıçının ölüm və yaşam ziddiyyətinə duyduğu aludəçi diqqət bilik və daxili müşahidə kontekstində davam edir (və xüsusilə tetralogiyada hekayələrdən həddindən artıq qopuq görünür).

"Qaçaq atlar"da Hondanın İsaonu özünü İmperator və daha uca bir Yaponiya naminə öldürməkdən (yeri gəlmişkən, bəzi sənayeçiləri də öldürməkdən) daşındırdığını demişdim, bununla yanaşı, gənc oğlanın intiharını sırf rasional olan bu hakimin əngəllədiyini, lakin konseptual və mücərrəd bir müstəvidə intiharı beyinlərdən silə bilmədiyini də əlavə etmək lazımdır. Bu daha dərin mücərrəd müstəviyə Mişima bir növ "saflıq" deyirdi və açığı, bu, təkcə ağılla da dərk edilmirdi.

Bu gün Mişimanın romanlarını həyatından müstəqil şəkildə oxumaq hələ də çətin olsa da, mümkündür. Bu romanları həyatından ayrı oxumağı istəmək və ya istəməmək üçün isə heç olmazsa birini, bir neçəsini açıb daşıdıqları ədəbi gücə, heyranedici dil nizamına, dərinləşməyə daim meylli düşüncə topalarına, hətta qəribəliklərinə şahid ola bilmək lazımdır. Yalnız o zaman dostlar arasındakı bir Prust söhbətinin gənc bir adamı niyə həmin gecə qanlı görüntülərlə baş-başa, hıçqırıqlarla ağlar halda buraxdığı öz əsl mənasını tapmış olar.

Türk dilindən tərcümə etdi: Sevinc Mürvətqızı

# 57 dəfə oxunub

Oxşar xəbərlər

Süni intellekt dövründə sözlə çarpışmaq... - Yaxşı roman müəllifini unutdururmu?

Süni intellekt dövründə sözlə çarpışmaq... - Yaxşı roman müəllifini unutdururmu?

16:00 23 noyabr 2026
Cümhuriyyət dönəmində Azərbaycan ədəbiyyatı:  Dövrün ədəbi-publisistik tablosunda kimlər vardı?

Cümhuriyyət dönəmində Azərbaycan ədəbiyyatı: Dövrün ədəbi-publisistik tablosunda kimlər vardı?

10:00 21 noyabr 2026
Reinkarnasiya, aydınlanma, mantralar... - Selincerin yaradıcılığında buddizm fəlsəfəsi

Reinkarnasiya, aydınlanma, mantralar... - Selincerin yaradıcılığında buddizm fəlsəfəsi

10:27 15 noyabr 2026
Orxan Saffarinin romanında üzləşmək və oxumaq istəmədiyimiz məqamlar  – Nadir Yalçın

Orxan Saffarinin romanında üzləşmək və oxumaq istəmədiyimiz məqamlar – Nadir Yalçın

12:00 13 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər