Ailə-məişət mövzusu ədəbiyyatın ən çox işlənmiş mövzusudur. İstər dünya olsun, istər yerli ədəbiyyat, nümunələr “N” qədərdi. Ailə fonunda sosial çətinliklər, sevgi, xəyanətlə bağlı müxtəlif rəvayətlər hər boyda, hər səpkidədi. Ailə mövzusunda yazılmış əsərlərlə tanış olduğumda yadıma Dostoyevskinin “Netoçka Nezvanova”, Jorj Sandın “İndiana” və Q.Floberin “Madam Bovari” romanları düşür. Təbii ki, siyahını uzatmaq da olar. Mirmehdinin “bu gün səbr elə” romanının sütunu olan “kredit” məsələsi ədəbiyyat tarixində Floberin “Madam Bovari” əsəri ilə ilə götürsək 158 illik tarixə malikdir. Bu rəvayətlərin ən sadəsi sevgi və xəyanət, nisbətən mürəkkəbi, dayağı sosial problemlər olan gerçəkliklərdir.
Digər tərəfdən də, Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə” tradikomik romanını oxuyanda və qəhrəmanların yaşam çətinliklərinə şahidlik edəndə, yadıma Ettore Scolanın 1976-cı ildə lentə aldığı “Qəddar, çirkli və nifrətamiz” filmi yadıma düşdü. Anlatılan hekayətlər fərqli olsa da qəhrəmanların yaşam şəkli demək olar ki eynidir. Üfunətli bir məkan, balaca otaqlı ev, ehtiyac içində bir həyat və bununla yanaşı obrazları çox olan yaşam mənzərəsi. Yaşayış təsvirinin oxşarlığı ilə, mahiyyət eynilik təşkil edir – Pul və gözəl həyat arzusu. Fərq yalnız, pulun əldə olunma əhvalatının müxtəlifliyindədir.
Qısa xatırlatma: Əslində Ettorenin filmi “rejisor”umuz Asif Rüstəmova da təsir etmişdi. 2007-ci ildə lentə aldığı qısametrajlı “Ev” filmində də, qəhrəman, arxa fonda Bakı şəhərinin yüksək mərtəbəli binaları görsənən ufunətli, köhnə bir evdə sosial çətinliklərlə boğuşur.
Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə” romanının müsbət cəhəti problemin aktuallığıdır – kredit. Ətrafımızda müxtəlif adlı banklara iri rəqəmli borcu olan, evi, maşını əlindən alınan çox sayda insanlar var.
Romanda “Kredit” problemi hekayətin yazılma səbəbidir. Kredit problemi olmasa demək əsər də olmayacaq. Bu səbəbdən “kredit” mövzusu başdan sonra qədər işlənməli, qəhrəman düyanın dibini görüb yenidən dirçəlməlidir. Ancaq...
Əhvalat:
Mənə görə Mirmehdinin bu əsərdə yaşamış olduğu ən böyük çətinlik real bir həyat hekayəti tapmamağıdır. Kitabın son səhifəsində müəllif etiraf edir ki, hekayət təxəyyül məhsuludur (Dilbər obrazının yaramasına vəsilə olan bibinin “Axı belə şey olmayıb” etirazı və müəllifin “Bu da olsun yazıçının təxəyyülü” açıqlaması) Təxəyyül müəllifin vərəq üzərində sərgilədiyi potensialdır. Yazmaq üçün “kredit” kimi real bir dayağı olan səbəb varsa, təxəyyüllə yaratdığın əhvalat səndən reallığa söykənməyi və obrazları canlı etməyi tələb edəcək. Bu yalanın qızıl qaydasıdır. “Bu gün səbr elə”də qaydalar pozulduğu üçün əsər Məlahət kimi müasir və varlı bir qadının Nəsimi kimi bir insana (görünüşdən naməlum, dayaz və kasıb) aşiq olması kimi bayağı bir boy almaqdadır. Müəllif nədənsə Məlahətin amerikalı bir oğlana vurulma izahını verdiyi halda, sonradan Məlahətin azərbaycanlı kişi həvəsinə düşmə səbəbinə oxucunu hazırlamır. Qısa olaraq Məlahətə rəfiqəsinin dilindən “hərdəmxəyal” açıqlamasını verir. Uzun illər Amerikada yaşamış bir qadının, uzun müddət azərbaycanlı kişisi görmədiyi, toxunmadığı halda nədən “əsil kişi azərbacanlı kişisidir” təsdiqinə gəldiyi qapalı qalır. Müəllifin yalanı oxucunu bu yalana hazırlamadığı üçün Məlahət obrazının qondarma və sadəcə əhvalata yön vermək üçün uydurulduğu açıq görsənir. Roman 20-30 səhifəyə qədər dayağını real hadisələrdən alsa da, sonradan həyatdan qopur. Səbəb, yalanı inandırıcı göstərmək üçün qəhrəmanı (Nəsimini) daha çox incitməkdi. Ancaq... Əsərdəki qopmaları müəllif müxtəlif səhifələrdə müxtəlif (gecikmiş) izahlarla örtməyə çalışsa da niyyətinə çatmayıb.
Azərbaycan ədəbiyyatında (müasir) ən böyük problemlərdən biri müəlliflərin öz obrazlarını tanımamasıdır. Əsər boyu tez-tez adı çəkilən Səbuhinin, Leyla ananın, hətta da Nəsiminin qızı və oğunun bu hekayətdə hansı açar rolu oynadıqları məlum deyil. Məlum olan müəllifin ailə mühiti yaratmasında bu obrazlara ehtiyac duymasıdır. Bəs əsas obraz?
Nəsimi
Müəllif Nəsimini tanımadığı üçün onun xarakterini izah edə bilmir. Bəzi hissələrdə Nasimi sərt, bəzən mülayim, bəzən üzüyola və bəzən də qərar verici obraz kimi çıxış edir. İntelektual dünyası olmadığı üçün bacısı oğlu Səbuhi ilə ancaq maşınlardan danışır. Bir şey dəqiqdir ki, taleyi arvadından asılıdır. Uşaqlarına bağlı olub-olmaması da məlum deyil. Çünki əsərin heç bir yerində bu qabardılmır. Hətta Nəsimi Amerikaya getdikdə belə və aradan xeyli keçsə də uşaqlar üçün darıxdığı, Bakıya qayıtmaq tərəddüdü yaşayacağı da bəlli olmur.
Dilbər
Müəllifin Dilbər obrazını tanımadığını bilmək üçün Azərbaycan qadınına baxmaq kifayətdir. “Milli mentalitet”lə və böyük təzyiq altında böyüyən ölkə qızları bütün sosial, maddi, hətta psixoloji təzyiqlərə məruz qalsalar da, öz ərlərini başqa bir qadınla paylaşmaq düşüncəsinə belə sahib deyillər. Azərbaycan qadını acından ölməyə hazır ola bilər, ancaq ərini paylaşmağa, üstəlik öz iştirakı ilə başqasına təslim etməyə razı olmazlar. Əslində əsərin tragikomik boy alması bu cür gedişdən bəhrələnsə də uğursuzdur. Çünki Dilbərin iştirakı ilə başlanan komik vəziyyəti gördüyümüz halda faciənin əsil üzünü görmürük. Yaradılmış bu faciəli və paradoksal bir vəziyyət sonda Nəsimini uzaqlara aparan Məlahətin balaca mesajı ilə formalaşmamalıdır. Əksinə Nəsiminin, Dilbərin iştirakı ilə qabardılmalıdır. Ən azından müəllif Dilbərin Amerikaya getmək və Nəsimini qaytarmaq üçün edəcəyi cəhdləri göstərməyə borclu idi. Lakin müəllif bizi “Ok” cavabı ilə yanıldır.
Təhkiyə
Əsər üçüncü şəxsin dilindən danışılır. Ancaq bəzi hissələrdə nağıl təhkiyəsinə (...planı danışmaqda olsun, gəlin Səfərovların mənzillərinin qurluşunu təsvir edək... 5 səh.) bəzi hissələrdə gələcəyin ifşasına (...Ancaq qarşıda hələ necə sentyabr var... səh 22) bəzi hissələrdə isə (sonlarda) hökm, qərar verici təhkiyə üslubundan çıxış edir ( Nə olsun sualları... Oğlunu, qızını dolandıracaqdı. Amma bircə xoşbəxtliyi olmayacaqdı... 122 səh.)
Nəticə
Əsərin sonluqlara doğru öz faciəsini itirməsinin ən böyük səbəbi müəllifin uşaqlar görməməzliyə vurmasıdır. Uşaqların faciəsi bütün dövrlərdə ən kədərli hekayələrdir. Ancaq müəllif sürəkli bizi Dilbərin qadın dünyasına dartır. Bizi göz yaşı ilə kədərləndirməyə çalışır.
Son olaraq deyə bilərəm ki “Bu gün səbr elə” romanı Mirmehdi Ağaoğluna böyük ədəbiyyat üçün səbr etmək lazım olduğunu aşılamaq mövqeyindədi. Mirmehdi böyük nəsrin kiçik xırdalıqlarını yazmış olduğu son romanda tapacağı səhvlərlə öyrənəcək.
Nahid