Uzaq yollar ulayır üstümə - ŞEİRLƏR

Uzaq yollar ulayır üstümə  - <span style="color:red;">ŞEİRLƏR
10 iyun 2015
# 17:10

Kulis şair Yafəs Türksəsin şeirlərini təqdim edir

Oğlum Şəhriyar haqqında

Oğlum Şəhriyar necə də mənə oxşayır

Bəlkə də

Hər dəfə dünyaya

Təzədən gəlmək istəyimdən yaranıb o

Geridə buraxdığım səhvlərin çoxluğundan

Doğmuşdu bu istəyim.

İlk sevdiyim qızı qaçırmaq istəmədim

Əvəzində bəxtimi əlimdən qaçırdım.

Yaman hikkəliydim o zamanlar

Ən balaca səhvin üstündə belə

Tez-tez döyərdim balaca qardaşımı.

Hikkəmi yelə verdi zaman

Əzə-əzə muma döndərdi məni.

İndi balaca qardaşı Bəxtiyarı döyməyi

Qadağan etmişəm oğlum Şəhriyara.

Anamın son tikəsini də alardım əlindən

Sanardım ki, yeməyi var gizlində...

Bənna atamın divara uyğun axtardığı daşı

Ən tez mən tapardım...

Həyatda yerimi tapmadım amma.

On yaşlı bacımla xəstə anamın

Xalça toxumaqla qazandığı çörək

Həmişə acı dadırdı boğazımda...

Kasıbçılıqdan xilasımıza

Yeganə ümidimiz olan

Son kurs tələbəsi qardaşımın

Qəfil vəfatından sonra

Uçdu

Bu dünyanın bənnasına bəslədiyim

İnam divarı.

Sevdiyim qızların heç birini

Ala bilmədim

Əlim çörəyə çatanacan uçub getdilər.

Dünyanın nə aşılmaz səddiymiş kasıbçılıq

Oğlumla eyni ölçülü paltar geyəndən

Əynim sevinməyib

Aldığım təzə paltarları

Birinci ona uzadıram.

Anası cibindəki

Sevgi məktubunu cıranda

İçimdə qırıldı nəsə...

O qədər yalanımı tutdu ki

Düzlüyü öyrədə bilmədim ona

Neynəyim öyrədə bilmədim...

Şair heykəli

Uçurun

Təzədən yonun şairlərin heykəlini.

Postament üzərində

Ayaq üstə qoymayın

Şair heykəlini.

Ya uçurun quşlarınan

Ya üzdürün balıqlarınan...

Bir solmuş çiçəyin ləçəyindən

Ya bir saralmış yarpağın

Ucundan asın.

Heykəlin üstünə ad yazmasaz da olar

Şair özü olmur şeir yazanda.

Cavan yonun şair heykəlini

Şairlər qocalmır heç vaxt.

Bir əlinə qələm verin

Ürək qanıyla yazan bir qələm

O biri əlinə ürək qoyun

İçi duyğu dolu bir ürək.

Gözlərini elə yonun görünsün

Dibindəki kədər.

Dilində bir düyünlü söz...

Siz allah bu cür qoymayın

Şair heykəlini

Diksinirəm

Qaçqınara

Tıncıxıram vağzallarda

havasız qalmış kimi.

uzaq yollar ulayır üstümə

lal bir mələrtiylə.

Kanalı dəyişirəm

ekranda kənd görəndə...

Diksinirəm zirzəmi

yataqxana

çadır deyəndə...

Q hərfindən yaman qorxuram...

İlan kimi çalır məni

soyuq diplomat gözləri...

Dürtülür gözümə

ölkə düşmənim

məmur düşmənim...

Uduzuram hər gün

meydansız... döyüşsüz....

Qorxma, qocalmağa qoymaram, səni

Mən sənin qoynunda cavanlaşıram...

Sənin ürəyindi, indi ürəyim,

Bəlkə də ruhum da səninki olub...

Qönçə dodaqların, təzə qan verir,

təravət gətirir, ilk bahar kimi.

Gözlərin qaytarır gəncliyə məni,

Nəfəsin sehrli bir iksir kimi,

yayılır canıma, təzəlik qatır.

Gülüşün, baxışın, sözlərin hələ

gəncliyi yağdırır başıma belə!

Qorxma, qocalmazsan, sən də, mənimlə

Belini qucuram 14 yaşımla...

15 yaşındadır pıçıltılarım...

18 yaşında gəzir əllərim,

sinəndə, saçında, məmələrində...

18 yaşlıdır iniltilərim...

19 yaşlıtək küsürəm səndən,

20 yaşımla barışdım sənlə...

Əlindən tuturam, 14 yaşımla,

Bığ yeri tərləyən növcavan kimi.

Saçını sayıram 16 yaşımla...

Səni qocalmağa qoymaram mənlə...

Səni qocalmağa qoymaram, qorxma!

Sanma, sən cavansan, mənsə qocayam...

# 991 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #