Arvad ölən kimi kişi gəlin gətirdi – Bircənin Romanı

Arvad ölən kimi kişi gəlin gətirdi – Bircənin Romanı
6 sentyabr 2019
# 09:00

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Yeni ilə az qalmış anam yığışıb Bakıya yollandı. Mən də evimizi bayramağası kimi bəzəyib Cavidin yolunu gözləməyə başladım. Aqil atamı amanatlamışdı ki, heç nə almasın, bayram bazarlığını özü göndərəcək.

Bayramdan bir gün irəli Rüfət arvad-uşağını da yığıb başqa rayonda yaşayan dostugilə qonaq getmişdi. Qalmışdıq atamla mən. Əynimə köhnə xalat taxıb Rüfətin qarajını yığışdırırdım. Mən dəmir-dümürlə əlləşməkdəykən qapımızda bir maşın əyləndi. Səsə çıxanda gördüm əyni-başı səliqəli, bığları burnunun içinə girmiş yoğun bir kişi qənşərimdə dayanıb.

- Salam,

- Əleykümsalam.

- Rəhim dayı evdə yoxdu?

- Buralarda olmalıdı.

- Aqil müəllim bazarlıq göndərib, onu neyləyim?

Pasaqlı üst-başıma baxıb duruxdum, kişi danışa-danışa düz çənəmin altına yerimişdi. Əlimlə mətbəxi göstərdim:

- Boşaldın bax o qapının ağzına.

Kişi məni maraqla süzüb soruşdu:

- Bəs Rəhim dayının arvadı hanı, görükmür.

Bu səfər mən də onu diqqətlə süzdüm:

- Rəhim dayının arvadı öldü.

- Booy, nə vaxt ölüb, - kişi yanıxdı, - bə nə təhər mənim xəbərim olmayıb?

- Həə, bir az var, getdi yazıq arvad.

- Bə sən Rəhim dayının nəyisən?

- Vallah bilmirəm necə deyim...

- ???

- ...Kəsə desəm Rəhim dayın məni saxlayır.

Kişi dərindən içini çəkib əlindəki qutunu yerə saldı:

- Nə təhər, arvad ölən kimi kişi bu evə gəlin gətirdi?

- Necə görürsüz elədi.

Kişi üzümə nifrətlə baxıb yerə düzdüyü ərzaq dolu qutuların bir neçəsini qaytarıb maşına qoydu, başını salona soxub qoz, fındıq, kişmiş torbalarını yenidən əvvəlki yerinə dürtdü. Soğan, kartof dolu torbaları qucağıma atanda ermənilərin səngərindən bizə tərəf bir daraq güllə guruldatdılar. Kişi yenə başını salona soxub əlləriylə arxasını tutdu:

- Boooy, bu nəydi, əəə, gör gəlib özümüzü harda bədfanaya verdik ey!

Güllələr çardağımızın dəmirlərinə dəyib şaqqıldayırdı. Kişi qapımızda dəli kimi atılıb-düşür, oynayırdı, gördüm bir az da belə getsə adamın bağrı çatlayacaq:

- Ay qardaş, qorxma, atan bizimkilərdi, - deyib kişini daldaya çəkdim.

Atışma qəfil başlandığı kimi qəfil də dayandı. Kişi bir dolça suyu birnəfəsə başına çəkdi, gətirdiyi ərzağın dəyərlilərini seçib-ayırıb maşına yığıb qaçmağa çalışdı. Di gəl, nə illah elədisə maşının mühərriki işə düşmədi. Boynunun dalı qat-qat açılıb-yığılan, qarnı dizlərinə çatan təntimiş kişinin canfəşanlığına qıraqdan durub baxdıqca gülməkdən uğunurdum. Motoru işə salmağa bir yol da cəhd eləyəndən sonra kişi hoppanıb maşından düşdü, benzin çəninin qapağını açıb ora bir şlanq salladı, sonra çevrikib mənə əmrlə:

- Az, bura gəl görüm, - dedi.

Gülməyimi birtəhər saxlayıb ona yaxınlaşdım. Kişi şlanqı töyəcimiş mənə uzatdı:

- Ala bunu sal ağzına benzini sümür.

- Niyə?

- Nə təhər niyə, sümür görək andır işə düşürmü, erməni indicə bizi maşın qarışıq biçəcək.

Şlanqı kişinin üstünə atdım:

- İrəli dur benzinini sümür, gətirdiklərini də götür süpürül burdan.

- Paho, bu da xanım oldu ey!

Onu maşınıyla əlbəyaxa qoyub qaraja girdim. Handan-hana kişi mühərriki birtəhər işə salıb əl telefonuyla kiməsə zəng vurdu:

- Bə niyə mənə deməmisən Aqil müəllimin anası ölüb?

Əlim işimi görsə də qulağım onun ağzını güdürdü. Xeyli “mən ölüm, sən öl”dən sonra kişi mənə cocudu:

- Ay xanım, sən Allah sən bu evin nəyisən?

- Qulluqçusu, nökəri.

Kişi yenə xəttin o başındakına səsləndi:

- Eşitdin?

O başdan onun qulağına nə dedilərsə piy torbasına oxşayan adam pişik kimi ilmanıb nə gətirmişdisə hamısını maşından yerə tökdü, dodağının altında söyə-söyə sükan arxasına keçdi, motoru işə salanda bir qatar güllə yenə şaqqıltıyla başımızın üstündən keçdi. Kişi başını pəncərədən çıxarıb bağırdı:

- Hələ mənim başıma belə oyun açan olmamışdı, - deyib qazı basdı.

Maşın güllə yağışı altında darvazadan çıxıb gözdən itdi. Bu əcaib tiplə xəyalən məzələnə-məzələnə işimə davam elədim. Bir azdan atam əlində telefonu yanıma gəldi:

- Yaxşı qonaqpərvər imişsən, kişini niyə pələsəng eləmisən?

- Ona hələ az elədim.

Atamın gülməkdən gözləri yaşarmışdı:

- Sən Allah hardan ağlına gəldi bizim arvadağanı qəbrə qoymaq?

- Əşi, sən görmədin ey o höyrək inəyə oxşayanı, - dedim, - burnunu hər yerə soxdu, mən də dərsini verdim.

- Zəng vurub Yasəfə ki, bəs arvad ölüb mənə niyə deməmisən, hələ üstəlik kişi də evlənib.

- Yasəf nə deyib?

- Sənin şətəlini başa düşüb, bilib kişini əl meymunu kimi oynadırsan.

- Adam sizi qapıda görməyəndə gətirdiklərini vermək istəmirdi.

- Yasəf deyib başına xeyir, o qız Aqil müəllimin böyük bacısıdı.

- Gördüm telefondakı ona nə dedisə kişi falını yemiş toyuğa döndü.

- Yaxşı, sən niyə onun benzinini sümürməmisən?

- Yaman peşman olmuşam, gərək bir az benzin udub öz motorumu da yağlayaydım.

- Ay bekara, məni çağıraydın sümürəydim, qoca kişiyəm, bəlkə canıma xeyir eləyərdi, - deyib atam gözlərindən yaş sellənincə güldü.

- Atılan güllələr yazığın zəhrini yarmışdı, - dedim, - çətin özünə gələ...

O hadisə bizim evdə bu gün də danışılır. Rüfət məni mısmırıqlı görəndə deyir:

- Gəl bir az benzin sümür maşınım işə düşsün, gedim sənə qaqqa alım.

Hə, burasını da deyim bu dərin məzmunlu söhbətə ayaq verək: aradan üç-dörd il keçmiş həmin adam böyük bir rayona başçılıq eləyəsi oldu, yanılmıramsa bu gün də iş başındadı...

***

Yazını həsrətlə, təşnəylə gözlədiyim ilin qışını çox ağır, ləngərli, ölümlü, qanlı-qadalı keçirdik. Azğın düşmən daha da quduzlaşmışdı. Əzrayılı qırmızı geyindirib kənddə zəncirə vurmuşdular. Kəndimizin əli qabarlı, dizi yamaqlı, il on iki ay bir qarnı ac, bir qarnı tox hərlənən neçə dinc sakinini öldürmüşdülər. Ermənilər gündüz bir-birini səsləyən adamların adını əzbərləyib gecələr onları qonşularının səsiylə çağırırdılar.

Bizimkilərin güllə atmaq icazəsi yoxuydu. Növbəyə çıxan əsgərə verilən güllənin biri əskik gəlsəydi hardansa tapılıb yerinə qoyulmalıydı. Əlacsız qalan hərbçilər səngərə daş yığıb aparırdılar, üz-üzə dayandıqları düşməni daşa basıb ürəklərini soyudurdular. Ermənilərin atdıqları daşdan başı yarılan iki əsgərimizi anam evimizə gətirib yarasına bal basmışdı, Rüfət də onların başını sarımışdı.

Evlərdə novruz şirniyyatı yeyilib qurtarmamış kəndə yenə hay düşdü:

- Erməni nişançısı Surxayı başından vurub!

Surxay Səkinə bibinin dayısı oğluydu, uşaqlıqdan zülüm-zillət çəkmişdi. Stalin cəlladları gecə vaxtı ailəsini sürgünə göndərəndə Surxay qonşunun evində tay-tuşuyla ayaq-baş yatıbmış. Atası-anası qorxudan necə qarıxarsa qonşunun evində gecələyən uşağını yaddan çıxarar, Surxay onların yadına bir də Qazaxıstan çöllərində düşər. Nənəm deyirdi səhər gözünü açıb evlərini xaraba görən Surxayın vay-şivəni kəndin ərşini-kürşünü yandırdı, bir gecədə yetim, kimsəsiz qalmış tifili kimsə kiridə bilmədi.

Çox keçmir Surxay havalanır. Səkinə bibinin anası uşağın biləyini biləyinə bağlayıb ocaqları gəzdirir, adlı-sanlı mollalara qələm çaldırır, cəftə suyu içirdir. Surxay üç il danışmır. Atam deyir dirədöymə oynayanda Surxayı kəmərlə lap bərk vururduq ki, bəlkə canının ağrısından dili açıla. Qonum-qonşu, qohum-əqrəba arpa cadıyla, darı kömbəsiylə, ayran dovğasıyla Surxayı birtəhər yaşadır. Bəraət alıb geri qayıdan atası oğlunu sağ görəndə gözlərinə inanmır. Surxayın anası, iki qardaşı, bir bacısı, xeyli qohum-əqrəbası sürgündə tələf olmuşdu.

Yazıq ailədən də yarımamışdı – beş uşağından ikisi şikəst doğulmuşdu. Xəstə balalarını qucağında gəzdirmədiyi yer qalmamışdı, di gəl, bir faydası olmamışdı.

Öz yaşıdlarına qaynayıb qarışmazdı. Boş vaxtlarında kəndin gimgəsinə yığılmış cavanlarla nərd, domino oynayardı, Rüfətə qoşulub oğlu yerində uşaqlarla futbol oynamağa gedərdi. Kişi kitab dəlisiydi, bağından Səməndərə mer-meyvə daşıyıb əvəzində ondan kitab alıb oxuyurdu. Heç yadımdan çıxmaz, bir dəfə Rüfət atamın dizinə çıxmış çibanı yoxlatmaq üçün Sarı Müseyib deyilən ara həkimini evə gətirmişdi. Sarı Müseyibin çəkmələri palçıqlıydı, atam ona sarı yeriyəmmirdi, Müseyib də çəkmələrini çıxarmaq istəmirdi. İşi belə görəndə anam Rüfətə ultimatum verdi:

- O palçıq bu qapıya tökülsə dədənin teylənmiş çibanına bir neştər də mən vuracam!

Qaçıb mətbəxdən atamın oxuyub ifçin yığdığı qəzetlərdən bir qucaq gətirdim, Sarı Müseyibin ayağının altından atamın çarpayısına qədər yerə qəzetdən xalça sərdim. Kişi qəzetin üstüylə gedib atamın yarasına baxdı, çiçəklərdən düzəltdiyi məlhəmdən dizinə sürtdü. Sarı Müseyibin lıxcıma palçıqlı ayağından döşəməyə bir damcı da düşmədi, kişi getdiyi yolla da qayıdıb darvazadan çıxdı.

Sərdiyim qəzetləri yığanda Surxay hardansa qapımızda peyda oldu, bürmələyib zibil qabına basmağa hazırlaşdığım qəzetlərə baxıb qışqırdı:

- Bircə, ay balam, ay qızım, tullama, onlar mənlikdi!

Deyib dizlərini yerə qoydu, üstünə palçıqlı çəhlimlər düşmüş qəzetləri cib dəsmalıyla təmizlədi, sırayla üst-üstə yığıb qoltuğuna vurdu, pəncərədən başını atama doğru uzadıb dedi:

- Ə, lotu, bəs mən sənin üstünə qəzetə gələndə deyirdin yoxdu? Bax, mənim nəfəsim tutdu ey səni, o çiban gərək gündəyməzindən çıxaydı.

Kişi oyuncaq tapmış uşaq kimi sevincək batdaqlı qəzetləri bağrına basdı, birini əlində oxuya-oxuya darvazaya yeridi. Birdən gözünü qəzetdən çəkib anama sarı çevrildi:

- Mənzər bacı, böyürtkənin yarpaqlarını qatıqla bişir, düz Rəhimin çibanına. Bir gecə qalsın, səhəri irin deşiləcək.

Anam Surxaya qıyğacı baxıb dedi:

- Nə lazımdı Sarı Müseyib eləyib, sən qəzetini oxu.

Yazıq Surxay sürgündən salamat dönmüş atasından da yarımamışdı. Kişi nə az, nə çox – on arvad almışdı; beşi öz əcəliylə ölmüşdü, beşi də kişinin it xasiyyətinə dözməyib evdən qaçmışdı. Rüfətin danışdıqlarından bilirdim ki, Surxay gimgəyə yığışan kənd cavanlarına hərdən müdrik məsləhətlər verir. Məsələn: “Alma arvadın dulunu, yanıyla gələr qulunu”. Arabir atam da ondan sitat gətirirdi.

Yarasının qaysağı qopanda isə belə oxuyurmuş:

Arpa çörəyi, turş ayran

Qarnımı xarab eylədi.

Yanı qoduqlu dul arvad

Evimi viran eylədi.

Gedən arvadlar dədəsi evindən gücü çatanı götürüb qaçırmış – kimisi xalça, kimisi döşək, kimisi mis qazan, kimisi samovar. Belə-belə yazıq Surxay quru yurdda qalmışdı...

Surxayın ölüm xəbəri kəndə şər qarışanda yayıldı. Səkinə bibiylə mən onlara çatanda meyidi hələ gətirməmişdilər. Arvadı, qızı saçlarını yolub yelə verirdi. Qonşu gəlinlər otağın birini boşaldıb yas hazırlığı görürdülər. Bunu görən Səkinə bibi qulağıma xısıldadı:

- Qalx yükdəki döşəkləri düz yerə, gələn camaat otursun.

Bizim kənddə belə günə hər evdə hazırlıq görülür – qadınlar əllərinə keçən ipəkdən, xaradan yığcam döşəklər sırıyıb, quramalar qurayıb yük yerinə yığırlar. İndi mən də bu evin yükünü dağıdıb illərdi yığılmış o ehtiyatı yerə döşəyirdim.

Döşəklərin arasından yerə bir onluq düşdü. Pulu götürüb rəhmətliyin arvadına uzatdım. Arvad onluğu görcək çığırdı:

- Məni kor olum, ay Surxay, daş düşsün mənim başıma, necə ki düşdü, - deyib ağlaya-ağlaya pulu öpüb gözünün üstünə qoydu.

Sonra üzünü əmim arvadına tutub:

- Ay Səkinə, vur məni öldür, - dedi, - səhər Surxay yalvardı ki, bu onluğu ver gedim rayona, bu gün qəzet gələn gündü. Vermədim. Bəlkə versəydim kənddən geniyərdi, o quduzların gülləsinə gəlməzdi.

Arvad pulu cırıqlayıb yerə səpdi, sonra da əl atdı saçlarına. Səkinə bibi onun qollarından sallaşdı:

- Ağız, dəlisən, ruzunu niyə cırırsan? Surxayın alnına o gülləni yazan yazmışdı, vədəsi bu günəymiş. Külfət sürgündə qırıldı, Surxay kənddə quleybanı kimi dolandı. Aclıq illərindən sağ çıxdı, başı bu qədər qovğa çəkdi, balaları əlində öldü. Gör neçə il o güllə yetimin başının üstündə fırlandı, bu gün gəlib ana qoynuna girən bala kimi onun başına girdi.

Dostum, yenə gözlərimin önündə iri-iri dəzgahlar, o dəzgahların arxasında işləyən həvədiş, pırpızbaş, uzunqol, uzuncaynaq məxluqlar canlandı. O məxluqlar mənim üzümə irişə-irişə güllələri, mərmiləri öldürücü maddələrlə doldurub üstünə ad yazırdılar...

Surxay kişi ölən gündən əmim oğlu Ziyanın da dönəlgəsi döndü. Onu Ziyanın yanında vurmuşdular, meyidi kəndə əmim oğlu gətirmişdi. O gündən Ziyanı bir bəla tapdı – qəfil dili qatlanıb çırpı kimi yerə çırpılırdı, saatlarla özünə gəlmirdi. Ağzına qaşıq salınmaqdan dişləri qırıq-qırıq olmuşdu. Qalmışdı həkimlərin arasında, dərdinə dərman tapılmırdı...

***

Yaz gircək kəndimizə siçan sürüsü hücum çəkdi.

Ermənilərlə aramızda ensiz neytral zolaq vardı, bir az çala yer olduğundan adına qobu deyirdilər. Qobunu ot-alaq basmışdı, eşşək qanqalı, turpəng, piran, it xiyarı az qala adam boyu qalxmışdı. Gecələrin birində ermənilər o şax-şəvəlliyi odladılar. Qobu yanan gecədən camaat siçanın əlində girinc qaldı. Söyüdün, narın nazik budaqlarından çalğuya, tuvulğaya bənzər bir şey düzəldib qapını qorğanırdıq ki, siçan evə doluşmasın. Ömrüm boyu bu qədər siçan görməmişdim; dirrikdəki pomidorun, lobyanın kökünü barı qarışıq yeyirdilər, atamın əkdiyi acı istiotları belə gözümüz baxa-baxa gəmirirdilər.

Kənd camaatı bir ay kirpiyiylə od götürdü. Hansısa xarici təşkilatın nümayəndələri haraya gəlib üç gün kənddə qalandan, yaxamızı gəmiricilərdən qoparandan sonra hamının bucağı boş, bağı barsız qalmışdı. Siçanı məhv eləmək üçün səpilən dərman toyuq-cücəni də qırmışdı, mala-qoyuna, itə-pişiyə də xətər yetirmişdi. El yenidən zülümə qatlaşıb sonar dirrik becərdi, qapısına damazlıq saldı.

Evimizin içi də itkisiz ötüşmədi – anamın donlarını, ayaqqabılarını, hətta sevimli pulqabısını da murdar gəmiricilər basıb yedilər. Atam anamı cin atından düşürmək üçün günahı arvadın öz çiyninə atırdı:

- Sənə dedim axı nəyin var qaldır qoy üst evə, eşitmədin. Kəndin malı-madarı cəhənnəm, pullarını ver saxlayım, lüt qalıb soyuqlayar.

- Sən mənim pulumun dərdini çəkmə. Elə bil mənim paltarlarımı siçana isnad veriblər.

- Siçan Soluq bəy də bilir kimin paltarını yemək lazımdı. Biz yetim adamlarıq, bizimkini yesə götümüz qalacaq çöldə.

Qonşumuz Yetər qol çalıb siçan qovmaqdan ta yorulmuşdu, əldən düşüb özünü taleyin axarına buraxmışdı. Gündə iki dəfə bizə baş vurub gah ağlayırdı, gah gülürdü:

- Ay Rəhim dayı, motalı paralayıb içinin pendirini də apardılar ey!

Rüfət kürsü çəkib Yetəri oturdurdu, samovardan çay süzüb, nəlbəkiyə iki konfet qoyub ona uzadırdı, başlayırdı boynuburuq gəlinin qabağında oxuyub-oynamağa:

- Yetər çörək tapmır yesin şorunan,

Siçan girdi motalına qomunan,

Gəlin bu nəğməni oxuyaq xorunan,

Aman motal, yazıq Yetər, vay siçan...

Yetər də pəltək diliylə Rüfətə cocuyurdu:

- Elə eləmə sənin pəstahalarını Rəhim dayıya danışım haa!

- At mıxı qopardanda biri yerə dəyirsə biri də özünə dəyir. Danış görək sənin bağını kim suvaracaq, otunu qapıya kim daşıyacaq. İlan gərək Yusifi çalmayaydı ey, səni dilindən vuraydı. Sən əynini parıldat, məndən atama qeybət elə, gör sənin qarnını necə quruldadıram.

Yetər o dəqiqə yumşalıb qardaşıma ilmanırdı:

- Qələt eləyərəm, mən bir palazam, bir yastıq, onu da qoduğun boynundan asdıq. Sən olmasan mənim tifil qızlarım küləşdə-kövşəndə bişərlər...

Yetərin bivec ərini kəndimizdə xidmət eləyən bir zabit aparıb Bakıda yaxşı işə düzəltmişdi. İlk aylar külfət yiyəsi babat pulla geri qayıdıb balalarına bazarlıq eləmişdi, əyin-baş almışdı. Ancaq aradan bir neçə ay da keçəndən sonra ərciyəz kəndə yedəyində bir arvadla gəlmişdi. Kişinin qardaşları, kəndin başbilənləri həmin arvadı Danqaz Topunun qoltuğuna verib gənc aşiqləri kəndimizin qonşu kəndlə sərhədi sayılan Gülnisə körpüsündən geri ötürmüşdülər.

Kişi o gedən getdi, bir də ölüm ayağında geri qayıtdı. Yetər qaldı dörd uşaqla bir dam altında. Bütün kənd ona dayaq durdu – biri torpağını əkdi, biri əkinini suvardı, biri məhsulunu daşıdı... Oğlu əsgər gedəndən sonra onu mal nobatından da azad elədilər. Atamın da, Rüfətin də bir əli Yetərin üstündə oldu.

Əsgərlikdə Yetərin oğlunu ilan çalmışdı, o da komandirinə Rüfətin telefonunu vermişdi. Qardaşım işdən xəbər tutan kimi əli çatan hər kəsi, o cümlədən uşağın əmilərini ayağa qaldırıb onun vaxtında həkimə çatdırılmasına səbəb oldu. Yusif sağalıb məzuniyyətə gələnəcən bu hadisəni Yetərdən gizlədik – oğlunun yanına getməyə, onun müalicəsinə xərcləməyə, həftələrlə uşağının yanında qalmağa biçarənin pulu-parası nə gəzirdi! Hələ burasını demirəm ki, yazıq üç qızını kimə tapşırıb evindən çıxaydı?

Əmiləri növbəylə əsgərə baş çəkib ondan muğayat oldular. Yetər balasının başına gələn qəzadan hamıdan sonra xəbər tutdu...

ardı var

# 7340 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #