Kulis.az tənqidçi Vaqif Yusiflinin “Azərbaycan” jurnalının son saylarında çap olunan “Böyük kitab” layihəsinin “Birinci məqalə”sini təqdim edir. Layihə “Müasir Azərbaycan romanı haqqında tənqidi-publisistik düşüncələr”dən ibarətdir.
Birinci məqalə
I
1847-ci ildə rus ədəbi tənqidinin flaqmanı - V.Q.Belinski yazırdı: «Roman və povest bizim zəmanəmizdə ədəbiyyatın bütün digər növlərini sıxışdırıb arxa plana keçirmiş və ədəbiyyatda hakim mövqeyə keçmişdir. Mübaliğəsiz demək olar ki,indi bizim zəmanədə ədəbiyyat dedikdə romanı və povesti nəzərdə tuturlar…Roman deyilən bu cadugər nə olan şeydir? Onun savadlı kütlələri ovsunlayıb ələ almasının səbəbi nədədir? Onlara nə barədə danışır, nə öyrədir, nə ilə onları cəzb edir?...
Romanın məzmunu müasir cəmiyyətin bədii təhlilidir, cəmiyyətin görünməyən elə əsaslarını açıb göstərməkdir ki, adət edilmiş vərdişlər və düşüncəsizlik onları cəmiyyətin özündən də gizli saxlayır. Müasir romanın vəzifəsi-həyatı bütün çılpaq həqiqəti ilə əks etdirməkdir. Buna görə çox təbiidir ki, roman, bir istisna kimi, ədəbiyyatın bütün digər növlərinə nisbətən hamının diqqətini cəlb etmişdir: cəmiyyət romanı öz güzgüsü hesab edir və ona baxıb özünü görür, öz-özünü dərk edir».
Belinskinin roman haqqında bu mülahizələrini o dövrə qədərki rus və dünya romanını səciyyələndirən ən doğru və dəqiq bir tərif kimi qəbul etmək olar. Xatırladaq ki, XIX əsr romanın bir janr kimi inkişafında yeni və deyərdik ki, ən yüksək mərhələ idi. Dostoyevski, Balzak, Viktor Hüqo, Stendal, Q.Flober, L.Tolstoy, V.Skott, E.Zolya kimi nəhəng sənətkarlar həmin əsrin yetirdiyi dahi romançılar idi. Ədəbiyyatın estetik amalını, məna və mündəricəsini, axtarış cəhdlərini ifadə etmək baxımından roman əvəzsiz bir janr idi. Bu ənənə sonrakı-XX əsrdə də uğurla davam etdirildi və bəşəriyyət bu əsrdə Qorki, Folkner, Heminquey, Şoloxov, F.Kafka, M.Prust, C.Coys, Ç.Aytmatov, U.Eko kimi möhtəşəm romançılarla tanış oldu. Roman XX əsrdə İNSANın daxili-ruhi təkamülünün ideal göstəricisi səviyyəsində bir hadisəyə çevrildi. XX əsrdə bu canrın əsas missiyası dünyanın özünün bütövlükdə mahiyyət və mənasını açmaq, onun amansız həqiqətlərini insanın gözləri qarşısında canlandırmaq və bədii həqiqət yolu ilə insana dünyada yaşamağın fəlsəfəsini aşkarlamaq idi. Bütün başqa janrlar da bu və ya digər dərəcədə həmin missiyanı yerinə yetirir, ancaq romanda bu vəzifə daha böyük ölçüdə reallaşır, necə deyərlər, roman dünyanı əks etdirirsə, ayrı-ayrı janrlarda dünya hissələr şəklində canlandırılır. Burada görkəmli tənqidçi Yaşar Qarayevin bir fikrini xatırlatmaq yerinə düşər: «Roman, hər şeydən əvvəl, böyük epik lövhələr janrıdır, dövrü, epoxanı təsvir etmək üçün ən əhatəli və imkanlı formadır. Oçerk, hekayə, yaxud povest həyatın nisbətən kiçik bir parçasını təsvir edir, roman isə ən böyük parçasını! O, həyatı və cəmiyyət tarixini vəhdət və bütövlükdə mənalandıra bilir. Hər şeyi və ən geniş səpgidə təsvir etmək hüququ hamıdan çox romana məxsusdur. Onun bütün başqa ədəbi janrlardan fərqini haqlı olaraq heykəlin rəsmdən fərqinə bənzədirlər: rəsmdə predmet bir tərəfdən, heykəldə dörd tərəfdən görünür! Mahiranə detal, yaxşı mənada təfsilat və təfərrüat romanı az qala həyatın, canlı gerçəkliyin özünə çevirir: Epiklik və vüsət onu bir janr kimi janrın bütün vahidlərindən ayırır. Roman heç vaxt kiçik həyat lövhəsi ilə kifayətlənmir, ayrılıqda ildırımı, göy gurultusunu təsvir etmir, romanın məqsədi fırtınanın özünü təsvir etməkdir!»
Azərbaycan romanı Dünya romanı cərgəsinə yalnız XIX əsrin sonlarında qoşulub və bu zaman ROMAN Avropa və Rus ədəbiyyatında özünün öncə qeyd etdiyimiz kimi, ən möhtəşəm bir zirvəsindəydi, ən parlaq nümunələri ilə diqqəti cəlb edirdi və deyə bilərik ki, ədəbiyyatın aparıcı qüvvəsini təşkil edirdi. Cərgəyə təzə qoşulan Azərbaycan romanı isə ən axırıncı sıraların birində dayanmışdı, çünki onun strukturu, «texniki bazası», poetikası hələ tam şəkildə müəyyənləşməmişdi. Azərbaycan romanı, necə deyərlər, «uşaqlıq dövrünü» yaşayırdı. Təsadüfü deyil ki, Azərbaycan nəsri XX əsrin əvvəllərindən Şura inqilabına qədər kiçik romanların hesabına öz missiyasını yerinə yetirirdi. XIX əsrin sonlarında qələmə alınmış və ədəbiyyatşünaslıqda ilk Azərbaycan romanları kimi təqdim edilən «İbrahimbəyin səyahətnaməsi» (1887), «Bahadır və Sona» (1896-1899), «Şeyda bəy Şirvaninin məktubları» (1898) əsərlərindən sonra kiçik romanların mövsümü başladı: «Əsrimizin qəhrəmanları», «İki müztərib, yaxud əzab və vicdan» (Abdulla Şaiq), «Nakam qız», «Zavallı Cavad», «Fədai-eşq», «Bədbəxt gəlin», «Kərəm və Əsli» (Rza Zəki), «Həyatın qəhri altında, yaxud xainin sonu», «Sınıq qanadlar» (Ağababa Yusifzadə), «Solğun çiçək» (Əli Səbri), «Can yanğısı» (Abdulla Divanbəyoğlu), «Aşıq Qərib» (Hacı Cabbarzadə), «İki nakam» (Nemət Bəsir), «Bir yetimin naləsi və yaxud qardaş-qardaşa etdiyi xəyanət» (Bağır Cabbarzadə), «Yetimlərin sərgüzəşti» (Mirzə İsmayıl xan), «Məsalikül-məhsinin», «Kitab yüklü eşşək», «Əhmədin kitabı» (Əbdürrəhim Talıbov), «Bədbəxt milyonçu yaxud Rzaqulu xan firəngiməab» (M.S.Ordubadi), «Gözəllərin vəfası», «Xoşbəxtlər», «Neft və milyonlar səltənətində», «Cəhalət fədailəri» (İbrahim Musabəyov) və s. İndiki ədəbi meyarlarla yanaşsaq, adları çəkilən bu əsərlər nə həcm, nə forma-struktur, nə də ideya-bədii xüsusiyyətləri baxımından roman sayıla bilməzlər. Bunlar həcmcə iri hekayə yaxud mikro povest sayılmalıdır. Əksəriyyətində məlum sücetlər diqqəti cəlb edirdi.
Ancaq bu kiçik romanlar ozamankı Azərbaycan oxucusunu roman deyilən bir KİTABla xeyli dərəcədə yaxınlaşdırdı. Hələlik bu böyük KİTABın ilk səhifələri yazılırdı və XX əsr Azərbaycan ədəbi tənqidinin görkəmli nümayəndəsi Seyid Hüseyn yazırdı ki: «Romançılıq ədəbiyyat aləmində bir sənətdir. Bizim ədəbiyyatımız sair müsəlman olan millətlər ilə bərabər şeir babində çox irəliləmişdir…Nəsr babində qeyrilərə nisbət geridə qaldığından romançılıq sənəti bizdə bir halətdədir. Halbuki, romanın təhzizi-əxlaq üçün əhəmiyyəti çoxdur. Bu gün fikri söyləmək üçün romandan gözəl bir alət yoxdur. Roman vasitəsilə bir millətin həqiqət kimi qəbul etdiyi nöqsanlarını elə tənqid etmək olar ki, oxucu onu şirin oxumaqla öz nöqsanlarını düşünə bilər»
Biz keçən əsrin əvvəllərində yaranan kiçik həcmli romanlar haqqında bu yazıda ətraflı söz açmaq fikrində deyilik. Professor Qulu Xəlilovun «Azərbaycan romanının inkişaf tarixindən» (1973), Əflatun Məmmədovun «Azərbaycan bədii nəsri (XIX əsrin sonu-XX əsrin əvvəlləri (1983)», Salidə Şərifovanın «İlk Azərbaycan romanları» (1998) və ədəbiyyatşünas Nəzmiyə Axundovanın «Azərbaycan romanı: 120 il» (2011) monoqrafiyalarında bu kiçik romanlar barədə dolğun təsəvvür yaradılıb. Və bu xüsusda söhbətə yekun vurub deyə bilərik ki, biz də həmin tədqiqatçıların belə bir mülahizəsinə şərikik ki, ilk Azərbaycan romanlarının yaranması roman janrının meydana gəlməsində xeyirxah bir təşəbbüs idi.
II
Son iyirmi ildə yaranan romanlarımız haqqında söhbətə başlamamışdan öncə Azərbaycan ədəbiyyatında həmin dövrə qədər (1930-1996) yaranan romanlara da münasibətimizi bildirək.
Yaradılan hər bir bədii nümunə, o cümlədən, roman, əgər istedadla yazılıbsa, ədəbiyyat tarixindən silinmir, bu və ya digər dərəcədə izi qalır.
Təbii ki, sovet dönəmində yaradılan və indi bəzilərinin iddiasına görə əksər nümunələri «sovet gerçəkliyini» əks etdirdiyi üçün istehza ilə qarşılanan romanlardan heç cür imtina etmək olmaz. Bir də axı, «sovet gerçəkliyi» bütünlüklə ədəbi gerçəkliyin özü demək deyil. Ədəbi gerçəklik heç də «sovet gerçəkliyini» tam mənada özündə əks etdirmir. Yəni sırf ideoloji meyarlarla yazılan və doğrudan da sosrealizm tələbləri ilə səsləşən romanlarımız olduğu kimi, bu tələblərə o qədər də cavab verməyən və yaxud heç cavab verməyən romanlarımız da olmuşdur.
Biz burada sovet dövründə yazılan romanlar haqqında tipoloji bir təsnifat aparmaq fikrində deyilik. O dövrdə yaradılan romanlar içərisində - sözün həqiqi mənasında bu günün özündə belə sevə-sevə oxunan nümunələr az deyil. Bu romanlarsız Azərbaycan nəsrini təsəvvür etmək qətiyyən mümkün deyil. Çünki bu əsərlər yaşanılan tarixin bədii inikasıdır, Azərbaycan gerçəkliyinin bu və ya digər dərəcədə əksidir. Hətta bu romanların yaranmasında ideoloji təzyiq və təsirləri də nəzərə almasaq, roman janrının Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi inkar edə bilmərik. Bizdən əvvəlki nəsillər M.S.Ordubadinin «Dumanlı Təbriz», «Gizli Bakı», «Döyüşən şəhər», Əbülhəsənin «Yoxuşlar», «Dünya qopur», Süleyman Rəhimovun «Şamo», «Saçlı», Mir Cəlalın «Bir gəncin manifesti», «Dirilən adam», Mehdi Hüseynin «Daşqın», «Tərlan», Əli Vəliyevin «Qəhrəman» romanlarını sevə-sevə oxumuşlar. Mirzə İbrahimovun «Gələcək gün» romanının o illərdə gənc ədəbi nəslə, oxuculara aşıladığı təsir sonralar dönə-dönə etiraf olunmuşdur. Biz də bu romanları oxuyuruq və təbii ki, təkcə bu əsərlər vasitəsilə ötüb keçən tariximizin bədii ifadəsini deyil, həm də ədəbiyyatımızın keçdiyi yolu izləyirik. Ötüb keçən tarixi və tarixi hadisələri qiymətləndirəndə tarixçilər yenidən o dövrə qayıdır, buraxılan səhvləri, yanılmaları təshih etməyə çalışırlar. Ancaq onlar heç cür tarixi və baş verən tarixi hadisələri inkar edə bilməzlər. Ədəbiyyat tarixinə də inkarçı mövqedən yanaşmaq olmaz. Sovet ədəbiyyatı kimi bir reallığın üstündən xətt çəkmək nə dərəcədə doğrudur? Azərbaycan sovet ədəbiyyatı çoxəsrlik Azərbaycan ədəbiyyatının tərkib hissəsidir və bu yazıya dəxli olan «Azərbaycan sovet romanı» termini də bu mənada təəccüblü görünməməlidir. Hərçənd ki, sosrealizmin XX əsr Azərbaycan ədəbiyyatında bir sıra itkilərə, sapıntılara gətirib çıxardığı məlum həqiqətdir. Elçinin «Sosrealizm bizə nə verdi?» monoqrafiyasında belə bir fikirlə tam razılaşırıq ki: «Bir sıra ədəbi janrlar var ki, onlar sosrealizmə qədər Azərbaycan ədəbiyyatında yox idi, vardısa da, formalaşmamışdı, «özününküləşdirilməmişdi», ibtidai şəkildə idi. Misal üçün, roman janrını götürək.Bizim bir sıra ədəbiyyatşünaslarımız milli roman janrımızın tarixini Nizaminin poemalarından başlayır, bəziləri «Rəşid bəy və Səadət xanımı»ı (İsmayıl bəy Qutqaşınlı), başqa bir qism «Kitab yüklü eşşək»i (Ə.Talıbov) milli romanımızın ilk nümunəsi kimi qəbul edir və s. Ancaq həqiqət bundan ibarətdir ki, məhz sosrealizm roman janrını Azərbaycan ədəbiyyatının milli faktına çevirdi».
Azərbaycan romanının Şura inqilabından müstəqillik dövrünə qədər keçdiyi yolu izləsək, belə bir nəticəyə gələ bilərik ki, bu janr mövzu və problematika, süjet və ədəbi qəhrəman baxımından əsasən üç mərhələni özündə ehtiva etmişdir. Birincisi; inqilabi-tarixi və sosial mövzuları əks etdirən, fərdin taleyindən daha çox cəmiyyət həyatından bəhs edən və ədəbi qəhrəmanları da bu müstəvidə təsvir edən ilk mərhələ…
İlya Erenburqun sözləriylə desək: «Klassik roman bütünlükdə fərdin taleyinə, yaxud ailənin taleyinə üstünlük verirdi. İndi isə məsələ tamam başqa şəkildə qoyulub: fərdiliyin kökləri cəmiyyətin içərilərinə gedib çıxır, bir adamın tarixi zəruri olaraq cəmiyyətin tarixinə çevrilir».
Beləliklə, birinci mərhələdə Azərbaycan romanı inqilabi-tarixi hadisələrin geniş planda təsviri və bu fonda sosial məzmunlu qəhrəmanların taleyi üzərində qurulan nümunələri əhatə edir. Bu mərhələdə yazıçılar bir metod daxilində birləşir, bu metod daxilində müxtəlif yaradıcılıq üslubu ilə bir-birindən fərqlənməyə çalışır və eyni zamanda, fərdi ifadə tərziylə də seçilirlər. Deyək ki, Ordubadinin fərdi üslubu və ifadə tərzi tamam ayrıdır, o, təsvirlərində hadisəçiliyi, xronikallığı, macəraçılığı əsas götürürdüsə, Əbülhəsən qətiyyən macəraçılığa yol vermir, mümkün qədər real insan münasibətlərini əks etdirir, obrazların daxili aləminə nüfuz etməyə çalışırdı. Mir Cəlal üçün hadisənin mahiyyətinə varmaq, sinfi münasibətləri kəskin münaqişələrdə canlandırmaq əsas götürülürdüsə, Mehdi Hüseyndə hadisələrin dinamik inkişafı, obrazların hərəkət və fəaliyyəti qabarıq nəzərə çarpdırılırdı. Azərbaycan sovet romanının ilk müəllifləri olan bu gənclər heç şübhəsiz, rus sovet romanlarından da təsirlənməmiş deyildilər. Amma bu təsir yalnız formal mənada başa düşülməlidir. Deyək ki, D.Furmanovun «Çapayev», A.Fadeyevin «Tarmar», F.Qladkovun «Sement», M.Şoloxovun «Sakit Don» romanları ilə bizim ilk sovet romanlarını müqayisə etdikdə milli psixologiya məsələsi ortaya çıxır. Bizim ilk romançıların əsərlərində məhz Azərbaycan gerçəkliyi əks olunurdu. Şamo Çapayev deyildi, M.Hüseynin qəhrəmanları da Fadeyevin təsvir etdiyi qəhrəmanlara bənzəmirdi. Əbülhəsənin təsvir etdiyi Qumru da Şoloxovun Aksinyasına bənzəmirdi.
İkinci mərhələdə Azərbaycan romanı müharibədən sonrakı «dinc quruculuq» illərinin «romantikasını» əks etdirir. Müharibə haqqında yazılan bir neçə əsəri istisna etməklə, Azərbaycan romanı əsasən «istehsalat» mövzusuna meyl etdi və bu dəfə döyüşən-vuruşan Vətəndaş müharibəsi qəhrəmanlarını qurucu insanlar əvəz etdi. Onlar təzə neft yataqları kəşf edir, şəhərlər salır, kənd təsərrüfatında əmək nailiyyətləri qazanır, tikintidə hünər göstərirdilər. Həyatda da, ədəbiyyatda da canlı «iş prosesi» gedirdi. Ədəbiyyat həyatda gedən bu prosesləri bəzən olduğu kimi əks etdirirdi və deyək ki, ədəbiyyatla həyat arasında sanki bir eynilik yaranmışdı. Bu yandan da «konfliktsizlik nəzəriyyəsi» romanlarda ciddi bir qəhrəman tipinin yaranmasına, bu qəhrəmanın bir insan kimi bütün mürəkkəb aləmi ilə canlandırılmasına mane olurdu. «Müsbət qəhrəman» ziddiyyətli olmamalıdır» şüarı «istehsalat romanları»nın bədii –estetik dəyərini heçə endirirdi.
Bu iki mərhələni səciyyələndirən və onları bir ortama gətirən bir cəhəti də nəzərdən qaçırmaq olmaz. Bu da məhz «müsbət qəhrəman» məsələsi idi. Onun əsası otuzuncu illərdə qoyulmuşdu və sosrealizm kontekstində «müsbət qəhrəman» problemi əslində, təhrif olunurdu. Təqdim olunan obrazı yalnız «aydan arı, sudan duru» görmək istəyi ona gətirib çıxarırdı ki, bəzi yazıçılar qəhrəmanın mənəvi aləminin təsvirindən imtina edirdilər. Belədə cansız, quru, müqəvva «müsbət qəhrəman»lar meydana gəlirdi. Hətta o dövrün gənc marksist tənqidçisi Mehdi Hüseyn də bir məqaləsində bu tipli qəhrəmanlara münasibətini gizlətməmişdi. O, Hacıbaba Nəzərlinin «Qəhrəmanın romanı» adlı hekayəsi haqqında yazırdı: «Bu hekayədə Qəhrəman qadınla üz-üzə gəldiyi zaman onda heç bir duyğu oyanmayır. Halbuki, kommunistin vücudu quru taxta deyildir. Onda da hiss, duyğu, ürək var, başqa həqiqətlər də onu məşğul edir. Lakin Nəzərli öz hekayəsindəki Qəhrəmanı bu fikirlər və hisslərlə məşğul etmir və beləliklə, sxematizmə yuvarlanır».
Sovet ədəbiyyatının liderlərindən olan A.Fadeyev yazırdı ki: «Məhz sosializm cəmiyyəti adamının təsviri ilə sovet ədəbiyyatı bütün başqa ədəbiyyatlardan fərqlənir. Sovet adamını yeni insan əxlaqının daşıyıcısı kimi göstərmək, onun qabaqcıl keyfiyyətlərini nəzərə çarpdırmaq və ona irəliyə doğru hərəkətdə kömək etmək bizim ədəbiyyatın əsas və başlıca vəzifəsidir». Məsələnin mahiyyəti məhz bu mülahizədən də açıqca görünür. Halbuki, elə əsərlər meydana gəlirdi ki, «müsbət qəhrəman» obrazları ideoloji tələbdən asılı olmayaraq canlı, mürəkkəb xarakter kimi diqqəti cəlb edirdi. Məsələn, Mir Cəlalın «Dirilən» adam» romanında Qədir obrazını hazır «müsbət qəhrəman» kimi təhlil etmək olmur. O, mütilikdən, yazıqlıqdan tədricən öz haqqını dərk edə-edə formalaşır, «dirilən adam» səviyyəsinə yetir. Bu obraz canlı idi, hərəkətdə idi, bütün zəif və qüvvətli cəhətləriylə təqdim edilirdi. Yaxud, Süleyman Rəhimovun «Saçlı» romanını götürək. Romandakı Rüxsarə də utancaq, Sübhanverdizadə kimi yırtıcı bir düşmənin toruna ilişəcək dərəcədə məsum bir yavru tədricən içindəki o «məzlum» Rüxsarəni öldürür, «dirilir».
Deyəsən, mətləbdən uzaqlaşdıq. «İstehsalat» romanları üzərinə qayıdaq. Bu mövzuda yazılan romanlarda sxematizm aşkar nəzərə çarpırdı; konflikt üzdən işlənirdi, adətən, yenilik tərəfdarı olan «müsbət qəhrəman»la bu yeniliyin həyata keçirilməsinə mane olan mühafizəkar təbiətli rəislər-müdirlər-direktorlar arasında «mübarizə» səthi xarakter daşıyırdı. Unudulurdu ki, istehsalatda böyük əmək sərf edən, hansı yeni bir kəşfisə həyata keçirən insan hər halda robot deyil, düşünən, seıən, iztirab çəkən bir varlıqdır. Oçerkçiliyə, publisistik şərhə uyduğündan bəzi yazıçılar problemin zahiri tərəflərinə meyl edirdilər. O romanlardan yalnız Mehdi Hüseynin «Abşeron» romanı uğur qazana bildi, ancaq bu romanda da çox zaman neft quyularının fontanı insan qəlbinin incə, zərif duyğularını üstələyirdi.
Azərbaycan romanının «baharı» bizim fikrimizcə, keçən əsrin əllinci illərinin sonları- altmışıncı illərinin əvvəllərindən başlayır və qətiyyətlə deyə bilirik ki, roman janrı məhz bu dönəmdə keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyur. Maraqlıdır ki, altmışıncı illərdə Avropada «romanın ölümü»ndən danışırdılar, «roman öz missiyasını başa çatdırmışdır, onu povest əvəz edir» mülahizəsi gündəmə gəlmişdi, hətta 1963-cü ildə Leninradda Avropa yazıçıları cəmiyyəti və SSRİ Yazıçılar İttifaqının birgə iştirakı ilə «Roman, insan, cəmiyyət» mövzusunda beynəlxalq bir simpozium da keçirildi və orada bir çox tənqidçilər, yazıçılar öz çıxışlarında az qala Romanı tabuta qoyub dəfn etmək istəyirdilər. Amma məhz altmışıncı illərdə Azərbaycan romanı özünün yeni, tamamilə fərqli xüsusiyyətləri ilə diqqəti cəlb etdi. Bu xüsusda görkəmli tənqidçilərimiz-Yaşar Qarayev, Bəkir Nəbiyev, Qulu Xəlilov, İslam İbrahimov, Akif Hüseynli, Elçin, Asif Əfəndiyev vaxtilə öz məqalə və çıxışlarında söz açdıqları üçün təkrara ehtiyac duymuruq. Sadəcə olaraq yeni mərhələnin səciyyəvi xüsusiyyətləri üzərində qısaca dayanmaq istəyirik.
1. Azərbaycan romanının üçüncü mərhələsi ilk növbədə, özünün yeni müəllifləri ilə diqqəti cəlb etdi. Bu yazıçılar Azərbaycan romanında bir sıra yeniliklərin, novator meyllərin də müəllifləri oldular. Nəsrdə öz lirik-psixoloji hekayələri ilə uğur qazanan İlyas Əfəndiyev «Söyüdlü arx», «Körüsalanlar», «Dağlar arxasında üç dost», daha sonra «Sarıköynəklə Valehin nağılı», «Geriyə baxma, qoca» romanları ilə nəsrimizə yeni bir nəfəs gətirdi. Uzun müddət inqilabi-tarixi, sosial məzmunlu, istehsalat və quruculuq motivləri üzərində qurulan romanlarımızda məhz lirika qıtlığı duyulurdu, az qala robotlaşan «müsbət qəhrəmanlar»ı İlyas Əfəndiyevin zəngin daxili dünyası, intellektual mənəvi aləmi ilə diqqəti cəlb edən yeni ruhlu qadın və kişi obrazları əvəz etdi. Əlbəttə, bu fikri söyləyərkən biz qətiyyən iddia etmirik ki, lirik-psixoloji üslub «sırf ictimai motivi sıxışdırıb kənara qoydu, əlbəttə, belə düşünmək sadəlövhlük olardı. Bu məsələnin ən dəqiq, doğru izahını sonralar görkəmli tənqidçi Yaşar Qarayev belə əsaslandırmışdı:: «Məsələ ondadır ki, fərdi duyğular, surətin mənəvi aləmi ictimai dövrü və mühiti nə dərəcədə inikas edə bilir. Təbiidir ki, bütün mühüm ictimai hadisələr cəmiyyət üzvlərinin mənəvi həyatında dərin iz buraxır və sənətkar ictimai həyatı bu fərdi-mənəvi aləmin güzgüsündə əks etdirə bilir (Yaşar Qarayev).
Yeni roman müəllifləri sırasında İlyas Əfəndiyevlə yanaşı, İsa Hüseynovun, İsmayıl Şıxlının, Sabir Əhmədlinin, Bayram Bayramovun, Salam Qədirzadənin də adları xüsusi qeyd olunmalıdır.
İsa Hüseynov Azərbaycan ədəbiyyatına «Yanar ürək», «Doğma və yad adamlar» kimi həyatı, ictimai mühiti bütün reallığı ilə əks etdirən, cəmiyyətdə gedən mənəvi aşınmaları sərt psixoloji səpgidə janlandıran romanlarla gəldi. Sonra tarixi-fəlsəfi romanın ilk nümunəsi –«Məhşər» yarandı. İsmayıl Şıxlı «Dəli Kür» romanı ilə milli xarakter anlayışına münasibəti kökündən dəyişdi. Bu fikri Fərman Kərimzadənin «Qarlı aşırım» romanı barədə də söyləyə bilərik.Sabir Əhmədli «Aran», «Görünməz dalğa», «Dünyanın arşını» romanları ilə Azərbaycan kəndinin kəskin ziddiyyətlər doğuran sosial-mənəvi mənzərəsini əks etdirdi. Burada indi adları az qala unudulan Bayram Bayramovun «Yarpaqlar», Salam Qədirzadənin «Qış gecəsi» romanlarının da o zaman oxucularda yeni hisslər, duyğular oyatdığını qeyd etməliyik. Populyar yazıçı olduğu kimi, romanların da müəyyən müddət belə populyarlığı olur və bu populyarlıq geniş oxucu kütlələrinin marağı ilə ölçülürsə, Vidadi Babanlının Azərbaycan ziyalılarının mənəvi-əxlaqi həyatından söz açdığı «Vicdan susanda» romanını da gərək unutmayaq.
Əlbəttə, biz Azərbaycan romanının yeni mərhələsində vaxtilə bir sıra əsərləri ilə geniş oxucu kütlələrinin rəğbətini qazanmış Mirzə İbrahimovun, Mehdi Hüseynin, Əbülhəsənin də xidmətlərini xüsusi qeyd etməliyik. «Böyük dayaq», «Pərvanə» (Mirzə İbrahimov), «Yeraltı çaylar dənizə axır» (Mehdi Hüseyn), «Tamaşa qarının nəvələri» (Əbülhəsən) romanları məhz yeni mərhələnin yaratdığı bədii-estetik ab-havaya tam uyğun idilər.
Beləliklə, altmışıncı illərdə yeni tipli Azərbaycan romanı nəsrin «sükanı» arxasına keçdi.
Sonrakı onilliklərdə Əzizə Cəfərzadə, Fərman Kərimzadə, Çingiz Hüseynov,Vidadi Babanlı, Süleyman Vəliyev, Əlibala Hacızadə, Hüseyn Abbaszadə, Ənvər Yusifoğlu, Cəmil Əlibəyov, Həsən Seyidbəyli, Yusif Səmədoğlu, Anar, Elçin, Sabir Azəri, İsi Məlikzadə, Əlisa Nicat, Mövlud Süleymanlı, Seyran Səxavət, Məmməd Oruc, Afaq Məsud, Əli Əmirli, Mustafa Çəmənli, Arif Abdullazadə kimi romançılar yetişdi. Bu müəlliflərin əsərlərinin elə təkcə adlarını sadalasaq, böyük bir kəmiyyət «mənzərəsi» yaranar. Lakin milli romançılığımızın yeni mərhələsi kəmiyyət faktoru ilə deyil, keyfiyyət göstəricisi ilə qiymətləndirilməlidir.Və burada qətiyyən pessimizmə yuvarlanmarıq.
2. Azərbaycan romanının yeni mərhələsinin səciyyəvi xüsusiyyətləri hansılar idi? Bu xüsusda uzun-uzadı söz açmaq, mülahizə yürütmək fikrində deyilik, amma həmin dövrün (60-70-ci illərin) nəsrini müəyyən mənada doğru-dürüst səciyyələndirən bir müəllifə müraciət etmək istəyirik. «Nəsr və zaman» (1980) kitabının müəllifi, görkəmli tənqidçi Akif Hüseynovun bəzi mülahizələrini xatırlayaq:
«Ədəbiyyatımıza gələn yeni və istedadlı nasirlərin çoxu surətlərin, hadisələrin, problemlərin bolluğunu yaxşı ki, əsil epiklik nişanəsi kimi qiymətləndirmədilər, ilk növbədə, insan psixologiyasına, mənəvi-əxlaqi problemlərə dərin nüfuzla maraqlandılar, çoxplanlı təsvir tərzini bu şərtlərlə vəhdətdə təsəvvür etməyə çalışdılar» (A.Hüseynov. «Nəsr və zaman», 1980, səh. 7)
…«Nəsrimiz öz yeni təmayüllərində yalnız həcmcə kiçik formalara deyil, həm də fərqli, başqa inikas vasitələrinə müraciət etmişdir. Lirik-psixoloji, yaxud dramatik-psixoloji əsərlər nəsrin strukturunda, bədii fikrin həyata yanaşmasında əhəmiyyətli dəyişikliklər yaratdı». (yenə orada, səh. 7)
…«Janrlardakı təkamül, təbii olaraq, onların poetikasında da nəzərə çarpır. Əgər epik nəsrdə hadisələrin obyektiv təsviri, xarakterlərin hadisələr vasitəsi ilə, süjet xəttində təcəssümü və inkişafı, süjetin bütövlüyü əsas idisə, lirik nəsrdəki güclü dinamizm, çeviklik, təhkiyədəki hissi-emosional boyaların üstünlüyü, romantik çalarlar, insanı kompozisiyanın mərkəzinə çəkmək, onun daxili aləmini…. düşüncələr axarını «içəridən» açıb göstərmək, eləcə də, əsərin bütün quruluşunda, təhkiyənin gedişində sərbəstliyə nail olmaq üçün geniş imkanlar açdı (yenə orada, səh.8).
…«Bu yeni nəsr, ümumiyyətlə, doqmalara, şəxsiyyətin həqiqi azadlığı və zəkasına uyğun gəlməyən bütün maneə və sədlərə qarşı çıxır ki, bu da cəmiyyətin özündə demokratiyanın, insan hüquqlarının genişləndirilməsi kimi əlamətdar proseslə bağlıdır» (səh. 14)
…«İndi yazıçılar bu və ya digər hadisə, problem barədə yox, ilk növbədə, şəxsiyyət, insan barədə əsərlər yazmağa çalışırlar» (səh. 25)
…«Bədii fikrin hazırda şəxsiyyətə doğru hərəkətini fərdin həyat və taleyi ilə bağlı problemlərə müasir nəsrimizdə diqqətin artması faktında da müşahidə etmək mümkündür (səh.30)
…«Məlum həqiqətdir ki, canlı ədəbi proses adətən, yeni bir mərhələyə keçmək zərurəti duyanda başqalaşır, yəni zamanın tələbinə münasib səciyyə kəsb edir… «Yeni nəsr» deyəndə də bədii fikrin son iyirmi ildə əldə etdiyi təravətli, orijinal xüsusiyyətləri, müasir özünəməxsus səciyyəsini nəzərdə tuturuq və əlbəttə, həmin xüsusiyyətlərin, həmin səciyyənin təşəkkülündə bütünlüklə ədəbi proses iştirak etmişdir» («Nəsr və zaman» kitabı, səh. 105)
3. Azərbaycan romanının yeni mərhələsini onun həm də pik nöqtəsi, əgər belə demək mümkünsə, «İntibah zirvəsi» hesab edirik. Və nə qədər mübahisəli, bəlkə subyektiv də görünsə, deməliyik ki, Azərbaycan romanının tarixində o zirvə bir daha təkrar olunmadı. Biz demirik ki, altmış-səksəninci illərdən sonra roman sənətimizdə böyük durğunluq müşahidə olundu və bundan sonra bu janrın böhran dövrü başladı. Biz demirik ki, Azərbaycan romanı özünün əldə etdiyi ənənələrdən uzaqlaşdı və biz onu da demirik ki, Azərbaycan romanı özünün böyük oxucu auditoriyasını itirdi. Yox, Azərbaycan romanı yenə öz ədəbi-bədii missiyasını yerinə yetirdi. Amma hər bir ədəbi janrın «tərcümeyi-halında» özünün qalxmalı olduğu, yüksəklik əldə etdiyi dövrlər olur və həmin janrın bütün «energiyası» o zaman tam qüvvəsi ilə üzə çıxır. Bu fikir havadan asılı qalmasın deyə iki mülahizə ilə kifayətlənəcəyik.
1. Azərbaycan romanı özünün malik olduğu milli «ərazidən» sıyrılıb tədricən üfüqlərini genişləndirir və o zamankı postsovet məkanında da «bayrağını» sancmalı olur. Söhbət təkcə ondan getmir ki, bizim bir sıra romanlar Ümumittifaq, hətta ondan kənarda –xarici ölkələrdə də çap olunur, yayılır və Amerika, ingilis, fransız, alman romanları ilə müqayisədə lap cüzi də olsa, tanınırdı. Söhbət həm də ondan gedir ki, Azərbaycan romanı dünya roman praktikasına və poetikasına uyğunlaşmağa, o böyük təcrübədən faydalanmağa başlayır. Bunu daha çox səksəninci illərdə yazılan romanlarımızda müşahidə edirik. Azərbaycan romanına mifoloji-fantastik elementlər daxil olur-Çingiz Hüseynovun «Fətəli fəthi», Elçinin «Mahmud və Məryəm»i yaranır. Dastan poetikasının, folklor ruhunun bütünlüklə bir roman süjetinə «çökməsi» Mövlud Süleymanlının «Köç» romanının yaranmasına səbəb olur. İsa Hüseynov «Yanar ürək» romanından «imtina edib» tamamilə yeni roman strukturu yaradır, məlum tarixi qaynaqlara tamam fərqli bir münasibətlə yanaşıb əcdadlarımızın yeni tarixini «bərpa» edir və bu bədii prosesin özü müəyyən etiraz doğursa da, maraqlı hadisə idi. Və indi tam qətiyyətlə deyə bilərik ki, İsa Hüseynovun bu roman təcrübəsi Azərbaycan ədəbiyyatında doqmatik şüura təsirsiz qalmadı.(«İdeal», «Cəhənnəm» romanları)..Yusif Səmədoğlu «Qətl günü» romanı ilə Qərb roman təcrübəsi ilə Şərq roman təcrübəsini bir araya gətirdi, «roman içində roman» nümunəsini ortaya qoydu.. Yox, bunları qətiyyən eksperiment saymaq olmaz, Azərbaycan romanında baş verən bu «hadisələr» dünya roman sənəti ilə səsləşən məqamlar idi. Sonralar Afaq Məsudun «İzdiham», Kamal Abdullanın «Yarımçıq əlyazma», Həmid Herisçinin «Nekroloq» romanları meydana gəldi və bu nümunələr də sübut elədi ki, milli roman ənənələri öz yerində, amma dünya romanında baş verən proseslərə də qoşulmaq vacib və zəruridir.
Burada bir mühüm məqamı da qeyd etmək istəyirik. Bəziləri iddia edir ki, Azərbaycan romanı hələ dünya romanı səviyyəsinə gəlib çatmayıb. Bu, kökündən yanlış bir fikirdir. Necə ola bilər ki, 127 illik tarixi olan Azərbaycan romanı Dünya romanı səviyyəsində bir nümunə ortaya qoya bilməsin? Əgər «dünya romanı səviyyəsi» məsələsi ortalığa qoyulursa, biz «Qılınc və qələm» kimi klassik nümunədən tutmuş ən azı on romanın («Şamo», «Gələcək gün», «Dəli Kür», «Məhşər», «Qarlı aşırım», «Qətl günü», «Dünyanın arşını», «Mahmud və Məryəm», «Fətəli fəthi», «Köç») adını çəkərik. Çox təəssüf ki, biz bu romanları dünyada tanıtdıra bilməmişik.
Bir də axı, «dünya romanı səviyyəsi» özü sürüşkən bir ifadədir. Kim sübut edə bilər ki, «Dəli Kür», «Qətl günü», «Mahmud və Məryəm», «Fətəli fəthi» dünya romanı səviyyəsində deyil…
2. Azərbaycan romanında milli gerçəkliyin inikası ilə yanaşı, tarixi xəttin güclənməsi prosesi baş verildi. Təbii ki, bu prosesdə əvvəlki sabit ənənələrə kortəbii sədaqət daha çox diqqəti cəlb edir. Tarixi romanlarda bioqrafik ünsürlər, tarixi hadisələri və şəxsiyyətləri yalnız «bədiiləşdirmək» prinsipləri hələ də qalmaqda idi, belə əsərlərdə «tarixi özünüdərk», milli idrakın işığı, «vətəndaşlıq ağrısı», tarixi gerçəkliyin öz fəlsəfəsi müasir, miqyaslı bir ölçüdə» (Y.Qarayev) reallaşmırdı. Və onlarla belə tarixi romanlarda müasirlik deyil, yalnız statistik mənada «tarixizm» nəzərə çarpırdı. Lakin bu stereotipin əksinə olan romanlar da yarandı. «Dəli Kür» (İ.Şıxlı), «Məhşər» (İ.Hüseynov), «Geriyə baxma, qoca» (İ.Əfəndiyev), «Babək» (Ə.Məmmədxanlı), «Qətl günü» (Y.Səmədoğlu), «Fətəli fəthi» (Ç.Hüseynov), «Mahmud və Məryəm» (Elçin), «Qarlı aşırım», «Xudafərin körpüsü», «Təbriz namusu» (F.Kərimzadə), «Bakı-1501» (Ə.Cəfərzadə), «Mirzə Şəfi» (Ə.Nicat), «Köç» (M.Süleymanlı) romanları milli tariximizə yeni baxış bucağını müəyyənləşdirdi.
O ki qaldı milli gerçəkliyin, müasir reallığın bədii inikasına…müəyyən şablonçuluğu və stereotipi bu tipli romanlarda da izləyə bilərik. Hələ də bir çox romanlarda «istehsalat» romanlarının təsiri özünü göstərirdi, hələ də «müsbət qəhrəman» bütun işləri yoluna qoyan və əsərin sonunda «mənfilər» üzərində qələbə çalan obraz kimi diqqəti cəlb edirdi. Bu romanlarda əllinci illərin bir sıra bəsit romanlarının sxemi təkrar olunurdu, konflikt və xarakterlər eyni modellə quraşdırılırdı, dəyişilən, yeniləşən həyatın ritmi qətiyyən duyulmurdu.Yalnız bu stereotipi dağıdan bir sıra romanlar yarandı və romanlarda sosrealizmin məlum prinsiplərinə sığmayan fərqli obrazlar, «gəmidə oturub gəmiçi ilə dava edən» (Elçin) qəhrəmanlar ədəbiyyata yol açdı. Həmin romanlarda həyat hadisələri bəzəksiz-düzəksiz, bütün təzadları, mürəkkəb hadisə və olayları ilə canlandırıldı. Buna nümunə kimi Sabir Əhmədlinin «Yaşıl teatr», «Dünyanın arşını», «Yasamal gölündə qayıqlar üzürdü», Elçinin «Ağ dəvə», «Ölüm hökmü», Mövlud Süleymanlının «Səs», Əfqanın «Gülyanaq», Sabir Azərinin «Dalanda» romanlarını misal gətirə bilərik.
III
Son iyirmi ildə yaranan Azərbaycan romanlarını ilk növbədə, müəyyən problemlər üzrə nəzərdən keçirmək lazımdır. Həmçinin müəyyən təsnifata da ehtiyac var ki, romanlarımızı həm mövzu-tematika, həm də janr-struktur baxımından izləyək. Təbii ki, 100-dən artıq roman haqqında söz demək, onları bircə-bircə təhlil süzgəcindən keçirmək çox çətindir, həm də belə «təhlil» üsulu artıq köhnəlmişdir.
Burada müəyyən ümumiləşdirmə aparsaq, belə bir nəticəyə gələrik ki:
a) Azərbaycan romanı son iyirmi ildə mövzu-tematika baxımından heç də qıtlıq çəkməmişdir. Tarixi roman ənənəsi davam etmiş, müasir mövzuda, dövrün, zamanın, ictimai-siyasi hadisələrin təsiri ilə yeni romanlar yazılmışdır.
b) Yeni roman axtarışları bu janrın forma-struktur baxımından da təsnifatına yenidən baxmağa imkan yaradır. Roman-reportaj, roman-dialoq, roman-xronika, roman-utopiya, roman-pamflet, roman-besseller, roman-tədqiqat, roman-kino kimi təzə roman tipləri yaranmışdır.
c) Azərbaycan romanının poetikası da özünün yeni bədii-estetik çalarları ilə diqqəti cəlb edir. Romanların dili, üslubu, sənətkarlıq xüsusiyyətləri barədə də müəyyən müsbət fikirlər söyləmək olar.
Birinci təsnifat: MÖVZU
Bu gün Azərbaycan oxucusu böyük səbirsizliklə ədəbi hadisə ola biləcək romanlar həsrətindədir. Olsun ki, bu romanlar yazılır və tezliklə oxucu o romanları ya «Azərbaycan» jurnalı səhifələrində, ya da kitab halında oxuyub feyzyab olacaqlar. Ancaq o romanlar hələ ki, ortada yoxdur. Amma oxumağa, mütaliə etməyə qalsa, öncə qeyd etdiyimiz kimi, son iyimi ildə yaranan 100-dən artıq romanımız var və bu romanların içərisində oxucuların maraqla qarşıladığı nümunələr heç də az deyil.
Təbii ki, oxucuların da bədii-estetik zövqü və maraq dairəsi eyni deyil.
Bir qisim oxucu yalnız tarixi romanlarla maraqlanır, onları böyük şəxsiyyətlərin həyatı, mübarizəsi əks olunan əsərlər özünə cəlb edir.
Bir qisim oxucu isə müasir gerçəkliyi, cəmiyyət həyatında baş verən sosial-mənəvi prosesləri, ictimai-siyasi olayları, bugünkü reallıqları və Qarabağ hadisələrinin romanlarda əksini izləmək istəyir.
Bir qisim oxucular da ancaq dedektiv romanların aludəçiləridir, onlar üçün çətinlik yox… Çingiz Abdullayevin romanları yetər ki, o oxucular «susuzluqlarını» yatırsınlar.
Bir də romanlarda ancaq sevgi macəralarını izləyən var.
Bir də dini mövzuda yazılan romanları həvəslə mütaliə edən oxucular…
Və bir də avtobioqrafik romanlara həvəslilər..
Bu «birdələrin» sayını yenə artıra bilərik. Ancaq professional oxucu qismi də var ki, onlar, mövzusundan asılı olmayaraq bədii-estetik səviyyəsi, yüksək sənətkarlığı ilə seçilən ROMANlar oxuyur.
Bu «oxucu - roman» bölgüsünü bir kənara qoyaq, görək 100-dən artıq romanlarımız nədən bəhs edir? Buyurun, bu təsnifatı izləyin:
Tarixi romanlar: İlk növbədə, bu janrın ustaları sayılan Əzizə Cəfərzadənin və Fərman Kərimzadənin romanlarını xatırlamalıyıq. Azərbaycan tarixi romanının inkişafında onların hər biri böyük rol oynamışdır. Əzizə xanım 16, Fərman Kərimzadə isə 5 tarixi romanın müəllifidirlər.
«Gülüstandan öncə», «Eldən elə», «Bir səsin faciəsi», «Zərrintac-Tahirə», «İşığa doğru», «Rübabə Sultanım», «Xəzərin göz yaşları» tarixi romanlarında Əzizə Cəfərzadə Azərbaycan tarixinin çox az müraciət olunan hadisə və olaylarına, diqqətdən kənarda qalan şəxsiyyətlərinə üz tuturdu. Onun özünəməxsus yazı tərzi vardı; Əzizə xanım şirin təhkiyə üsulu ilə oxucuları özünə cəlb edə bilirdi, mümkün qədər tarixi hadisələri dəqiq təsvir edirdi, lakin bu xüsusiyyət fikrimizcə, ikinci planda idi. Onu ən çox maraqlandıran o tarixi şəxsiyyətlərin könül dünyasıydı. Və bir də təsvir etdiyi dövrə etnoqrafçı baxışı xüsusilə diqqəti cəlb edirdi.
Fərman Kərimzadənin «Qoca qartalın ölümü» və «Təbriz namusu» romanları «Xudafərin körpüsü», «Çaldıran döyüşü», «Qarlı aşırım» əsərləri qədər şöhrət qazanmasa da, tarixə yeni, müasir bir baxışın ifadəsi kimi maraqlıydı. Sağ qalsaydı, Fərman Kərimzadə müasir tarixi romanımızın yeni, parlaq nümunələrini yarada bilərdi. Heyif ki, o, AXIRINCI AŞIRIMDAN - ÖLÜM SƏDDİNDƏN keçə bilmədi.
«Son iyirmi ildə Xalq şairi Sabir Rüstəmxanlı özünü tarixi roman janrında sınamış və «Göy Tanrı», «Xətai yurdu», «Difai fədailəri», «Ölüm zirvəsi» romanlarını qələmə almışdır. Bu əsərlər Azərbaycan tarixinin bir sıra qaranlıq, işıqlandırılmamış səhifələrini əks etdirir. Tarixi roman poetikasının tələbləri ilə yalnız «Ölüm zirvəsi» səsləşir, qalan üç roman fəlsəfi-publisistik səpgidə qələmə alınıb və müəllifin yurdçuluq, türkçülük, azərbaycançılıq görüşlərini ifadə edir.
Çingiz Hüseynov iki kitabdan ibarət «Doktor N» (rus dilində) romanını çap etdirmişdir. Roman görkəmli ədib, böyük ictimai xadim Nəriman Nərimanovun həyatına, keşməkeşli ömür yoluna həsr edilmişdir. «Fətəli fəthi»ndə olduğu kimi «Doktor N» romanı da mürəkkəb süjetə və kompozisiyaya malikdir. Bu roman Ç.Hüseynovun tarixi yeni gözlə «oxumaq», topladığı və tanış olduğu saysız-hesabsız sənədlər əsasında çox mürəkkəb və olduqca ziddiyyətli bir dövrün ictimai-siyasi mənzərəsini canlandırmaq, Nərimanovun bir şəxsiyyət kimi böyüklüyünü və faciəsini əks etdirmək baxımından maraq doğurur.
Qumral Sadıqzadənin «Son mənzili Xəzər oldu» və «Mənim nakam qardaşım» sənədli romanları da tarixi səpgidə qələmə alınmışdır. Birinci roman müəllifin öz atası Seyid Hüseynə, ikinci roman isə qardaşı Cığatayın faciəli ömür yoluna həsr edilib. Hər iki roman ənənəvi tarixi roman üslubundadır, qəhrəmanların həyatı xronoloji ardıcıllıqla izlənilir. Təbii ki, burada publisistik şərhlər daha üstündür.
Tarixi xronika da bu janrın işlək növüdür. Bu sahədə iki yazıçı –Elçin Hüseynbəyli və Yunis Oğuz daha fəaldırlar.
Elçin Hüseynbəyli «Don Juan», «Şah Abbas» romanlarını məhz bu üslubda qələmə alıb. Amma təbii ki, onun romanlarında sənəd, məxəz həqiqəti ilə bir sırada bədii təxəyyül də mühüm rol oynayır.
Nəriman Əbdülrəhmanlının «Könül savaşı» romanı da Azərbaycan Don Juanına həsr olunub.
Yunis Oğuzun «Nadir şah», «Təhmasib», «Əmir Teymur» romanları da tarixi həqiqətləri əks etdirir və hiss olunur ki, müəllif bu əsərləri qələmə almaq üçün çoxlu kitablar oxumuşdur.
Tarixi xronikanın daha bir nümunəsini Hüseynbala Mirələmov yaratmışdır- «Nadir şah». İki «Nadir şah» ancaq yazıçıların fərdi manerası ilə seçilir.
«Xallı gürzə» tarixi romanı ilə oxucuların rəğbətini qazanmış Mustafa Çəmənli bu janrda bir daha qələmini sınamış, «Ölüm mələyi» romanını çap etdirmişdir. Bu roman Azərbaycan tarixinin çox mürəkkəb və ziddiyyətli bir dövrünü- I Şah Təhmasibin 54 illik, II Şah İsmayılın isə qısamüddətli şahlıq illərini əks etdirir. Yunis Oğuzun romanından fərqli olaraq, Mustafa Çəmənlinin romanı daha bədiidir, oxunaqlıdır.
Mərhum şair Davud Nəsib də bu janrda iki hissəli «Cavanşir» romanını yazmış, Azərbaycan tarixinin nisbətən az müraciət olunan bir dövrünün ictimai-siyasi mənzərəsini, Cavanşirin hakimiyyət illərini və ölümünü təsvir etmişdir. Romanda bir sıra maraqlı səhnələr olsa da, hiss olunur ki, şair Davud Nəsib qarşısına qoyduğu məqsədə nail ola bilməmişdi.
Akif Əlinin «Azman» romanı Babək hərəkatı haqqındadır və müəllif mümkün qədər çalışıb ki, tarixi mənbələrdən məlum olan hadisələri müasir «gözlə» oxuya bilsin.
Elbəyi Cəlaloğlunun «Eşq dənizləri qovuşanda» romanı böyük sufi Şəms Təbrizinin həyatından bəhs edir və deyək ki, əsasən məlumat –roman səpgisindədir.
…Bu xüsusda mülahizələrimizə yekun vurub deyə bilərik ki, son iyirmi ilin nəsri bir sıra maraqlı tarixi romanlarla diqqəti cəlb etsə də, hələ ki, «Dəli Kür», «Pərvanə», «Qarlı aşırım», «Fətəli fəthi», «Mahmud və Məryəm» səviyyəsində elə bir tarixi romanımız yaranmayıb.
Müasir gerçəkliyi, yaşadığımız dövrü əks etdirən romanlar. Bu bölgüdə birinci sırada Qarabağ mövzusunu qeyd etməliyik.
Əvvəlcə belə bir faktı xatırladaq:
L.Tolstoyun «Hərb və sülh» romanı 1812-ci il Rusiya-Fransa müharibəsindən 50-60 il sonra qələmə alınıb, Remark «Qərb cəbhəsində təbəddülat yoxdur» romanını Birinci Cahan müharibəsinin qurtarmasından düz on il sonra, 1929-cu ildə nəşr etmişdir. Deyirlər ki, müharibə çox bəşəri və qlobal bir hadisədir, bu hadisənin isti-isti yazıya köçürülməsi böyük sənət əsərlərinin yarsanmasına gətirib çıxarmayacaq. Əlbəttə, bu fikirdə müəyyən həqiqət olsa da, başqa bir əks-fikir də var. Deyə bilərik ki, elə L.Tolstoyun özü 1854-1855-ci illərdə Krım müharibəsində iştirak etmiş, müharibə gedə-gedə məşhur «Sevastopol hekayələri»ni yazmışdır. Yaxud E.Heminquey İspaniyadakı Vətəndaş Müharibəsində şəxsən iştirak etmiş, 1936-1940-cı illər arasında bu mövzuda bir çox hekayələr yazmış, müharibədən az sonra «Əcəl zəngi» romanını bitirmişdi. Heminquey sanki qabaqcadan hiss edirdi ki, qarşıdan daha böyük bir TAUN-faşizm gəlir və yazmışdı ki «İspaniya müharibəsindən sonra mən dərhal yazmalıydım, çünki bilirdim ki, növbəti müharibə surətlə irəliləyir və hiss edirdim ki, vaxt az qalıb».
Deməli, müharibə ilə bağlı bu iki fikir bir-birinə tam ziddir, amma hər ikisində həqiqət var. Ümumiyyətlə, hər iki fikri bir kənara qoyub üzümüzü çağdaş nasirlərimizin müharibə ilə bağlı yazdıqları romanlara tutaq (Bu mövzuda saysız-hesabsız şeirlər, poemalar, publisistik əsərlər, hekayələr, povestlər də yazıldığını unutmuruq). Təəssüf ki, Qarabağ mövzusunda yazılan romanları yalnız barmaqla saymaq olar (Münaqişənin başlanmasından isə iyirmi altı il keçir)...
Sabir Əhmədlinin «Axirət sevdası», Aqil Abbasın «Dolu», Hüseynbala Mirələmovun «Dağlarda atılan güllə», Kamil Əfsəroğlunun «Çadır», Zümrüd Yağmurun «Yağış qadın», Nurəddin Ədiloğlunun «Qara sarmaşıq» romanları bu və ya digər dərəcədə Qarabağda baş verən müharibədən, bu müharibədə iştirak edən döyüşçülərin, komandirlərin, müharibəyə nifrət edən və bundan əzab çəkən insanların taleyindən söz açır. Aqil Abbasın əsərini sırf MÜHARİBƏ ROMANI adlandırmaq olar. Burada döyüş səhnələri ilə yanaşı, bu müharibəyə münasibətdə bir-birinə əks mövqedə dayanan insanların psixologiyası və təbii ki, qanlı savaşların törətdiyi maddi və mənəvi itgilərdən söz gedir. Aqil Abbasın canlı, dəqiq təsvirləri göstərir ki, o, bu müharibəni təkcə yazıçı və jurnalist kimi müşahidə etməmiş, elə müharibənin içində olmuşdur. Nizami Cəfərovun belə bir fikri ilə tamamilə şərikik: «Ümumiyyətlə, Qarabağ müharibəsi ilə bağlı bu günə qədər oxuduğum və say etibarilə də çox olmayan əsərlərin içərisində mən «Dolu» romanı qədər həqiqətən dolu və çhatəli əsər oxumamışam. Mənim zənnimcə, bu, ilk növbədə onunla bağlıdır ki, Aqil Abbas ümumiyyətlə Qarabağ bölgəsinin ictimai-siyasi, sosial, coğrafi mühitini çox gözəl bilir, insanları yaxşı tanıyır, onların nəyə qadir olduğundan xəbəri var».
H.Mirələmovun romanında isə döyüş səhnələri azdır, müharibə daha çox insanların daxilində gedir. Romanda milli xarakter kimi Süleyman və Bəy Kamran obrazlarının məharətlə işlənməsini yalnız təqdir etmək olar.
Sabir Əhmədlinin «Axirət sevdası»nda isə müharibənin insan qəlbinə vurduğu yara, oğul itkisini yaşayan, sarsılan Atanın - Sabir Əhmədlinin dərin daxili – psixoloji düşüncələri öz əksini tapır. Müharibə, qanlı savaş bir insan ürəyində əks-səda tapır və bu roman öz bədii mükəmməlliyiylə Sabir Əhmədlinin ən uğurlu əsərləri ilə («Yamacda nişanə», «Qanköçürmə stansiyası», «Dünyanın arşını», «Yaşıl teatr») bir sırada duyur.
Kamil Əfsəroğlunun «Çadır» romanı da müvəffəqiyyətlidir. Hiss olunur ki, müəllif müharibə dövrü insanlarını, onların çəkdiyi əzabları yaxşı duyur. «Çadır» sözü keçən əsrin 90-cı illərindən başlayaraq bizim leksikonda daha çox işlənməyə başladı və evindən-eşiyindən köçkün düşən yurddaşlarımızın sığınacağı olan bu çadırlar ədəbiyyata da ayaq açdı (Aqil Abbasın «Çadırda Üzeyir Hacıbəyov doğula bilməz» povestini, Mətləb Misirin «Çadır rəngləri» silsilə şeirləri xatırlayın)..Çadır həqiqətləri haqqında ilk romanı isə Kamil Əfsəroğlu yazdı. Romanı oxuyuruq və xırım-xırda qüsurlarına baxmayaraq, həyatın acılıqlarını, soydaşlarımızın qaçqın-köçkün məişətini, yanğısı tükənməyən yurd həsrətini, başlarına gələn müsibətləri dərindən hiss edir, özümüzü də o çadırlarda görürük.
Bəs müasir gerçəklikdə, cəmiyyətdə, sosial mühitdə, mənəvi dünyamızda, xüsusilə, son iyirmi ildə məmləkətimizdə baş verən hadisələr ROMAN MƏNZƏRƏSİNDƏ necə əks-səda tapır?
Məlumdur ki, yaşadığımız bu həyat mürəkkəbdir, təzadlarla doludur. İnsan çeşidləri də rəngarəngdir. Mərhum Səyavuş Sərxanlı bir şeirində yazmışdı ki, XX əsrin insanını tanımaq üçün bir başın içində min baş gərəkdir. Təbii ki, hər bir yazıçı cəmiyyətdə baş verən mürəkkəb hadisələri, ictimai-siyasi olayları, mənəviyyat aləminin təzadlı mənzərələrini və bu fonda XXI əsr insanının, konkret desək, müasir azərbaycanlının həyat tərzini, duyğu və düşüncələrini qələmə almaq üçün dərin müşahidə qabiliyyətinə malik olmalı, bədii ümumiləşdirmələr aparmağı bacarmalıdır.
Son iyirmi ilin romanlarında müəlliflər əsasən İNSANIN CƏMİYYƏTDƏ, YAŞADIĞI MÜHİTDƏ BİR FƏRD VƏ ŞƏXSİYYƏT KİMİ ROLU, TUTDUĞU MÖVQEYİ ilə bağlı duyğu və düşüncələrini, hərəkət və fəaliyyətini əks etdirirlər. Təbii ki, hər bir yazıçı bu məsələyə münasibətdə özünəməxsus bir yol seçməyə çalışır- cəmiyyətdə baş verən hadisələrin qəhrəmanın şüurunda necə əks –səda doğurmasını və bu qəhrəmanın hərəkətində, insanlara münasibətində bunun necə təzahür etdiyini hərə özünəməxsus bir şəkildə canlandırmağa səy göstərir..
Həyatda, yaşadığımız cəmiyyətdə müxtəlif problemlər, müşküllər mövcuddur. Məlum Qarabağ hadisələri, müharibənin doğurduğu ağrı-acılar, yeni ictimai münasibətlərin, bazar iqtisadiyyatının yaratdığı əksliklər…sosial münasibətlərə tam uyğunlaşmayan insanların qarşısına çıxan maniələr, milli, yaşarı ənənələrlə Qərb mədəniyyətinin şüurlarda yaratdığı təbəddülatlar… Əksəriyyətinin varlanmaq, asan yolla pul-para qazanmaq ehtirası. Tədricən aradan qaldırılsa da, yenə də özünü göstərən yoxsulluq, işsizlik. Bütün bunlar son iyirmi ilin romanlarında öz bədii təcəssümünü tapır. Görünür, bu zamanda, bu çağdaş durumda Şərin yaratdığı mənfi halların kökü kəsilmək bilmir və ədəbiyyatın bir missiyası da bu mənfiliklərə qarşı mübarizədən ibarətdir. Ancaq bu, o demək deyil ki, bizim romanlarda həyatın, gerçəkliyin pozitiv cəhətləri əks olunmur.Təbii ki, o işığı da görmək, göstərmək lazımdır.
Roman ustası Sabir Əhmədlinin «Axirət sevdası», «Kef» əsərləri həyatın ziddiyyətlərini reallığı ilə əks etdirmək baxımından onun yaradıcılığında mühüm hadisə sayılmalıdır. Bu əsərlər istər-istəməz bizə müəllifin 60-70-ci illərdə qələmə aldığı «Görünməz dalğa», «Dünyanın arşını». «Yaşıl teatr», «Yasamal gölündə qayıqlar üzürdü» kimi ən uğurlu romanlarını xatırlatdı. Sabir Əhmədli həmin romanlarda insan və cəmiyyət problemi ilə bağlı ciddi sosial məsələlərdən söz açırdı. Yeni romanlarında da Sabir Əhmədli bu ənənəsini davam etdirdi. «Axirət sevdası» bir Atanın-Sabir Əhmədlinin müşahidə etdiyi, bilavasitə şahidi olduğu hadisələrin timsalında müharibəyə nifrət duyğusu oyadır. «Kef»də isə yazıçı yaşadığımız doxsanıncı illərin ziyalı mühitini qələmə alır, məşhur bir ziyalının yeni dönəmdə bütün məişət çətinliklərini təfərrüatınacan qələmə alır, belə bir həqiqəti nəzərə çarpdırır ki, təkcə zamanın çarxları paslanmayıb, insanların içində də mənəvi paslanma gedir.
Aqil Abbasın «Allahı qatil edənlər» romanı da cəmiyyətdə baş verən kataklizmləri, sosial mühitdə cərəyan edən neqativ halları əks etdirmək baxımından maraq doğurur. Bu əsərdən də müharibə qoxusu gəlir, ancaq müharibə səngərlərdə baş vermir, mənən təmiz insanlarla onlara əks qütb təşkil edən adamlar arasında baş verir. Aqil Abbasın povest və romanlarına xas olan sərt realizm, bəzən hadisələri, insan xarakterlərini bütün kəskinliyi ilə əks etdirməsi bu əsərdə də bariz nəzərə çarpır.
Əlabbasın «Qiyamçı» və «Qaraqovaq çölləri» romanlarında da həmin o sərt realizmi, cəmiyyətdə, ictimai mühitdə baş verən sosial haqsızlıqlara qarşı üsyan və etirazı izlədik.
Onun qəhrəmanları («Qiyamçı»da Bəbir, «Qaraqovaq çölləri»ndə Əfzun) daxilən də, həyata fəaliyyət mənasında da «qiyamçıdırlar». Həm də bu mübarizədə təkdirlər. Yaxşı olardı ki, Əlabbas işığın gücünü artıraydı, Əfsunları, Bəbirləri meydanda tək qoymayaydı.
Aslan Quliyevin «Yazıçının savaşı», «Keçmiş döyüşçü və oğlan», «Payız» romanları haqda da eyni fikri söyləyə bilərik. Hər üç romanın mövzusu bir-birinə yaxındır, müəllif ayrı-ayrı fərdlərin yaşadıqları mühitdə haqsızlıqlara, neqativ hallara qarşı mübarizəsini təsvir edir. Keçmiş döyüşçü də, Yazıçı da eyni amal uğrunda mübarizə aparırlar-Şəri, insanlara qarşı mənəvi zülmü aradan qaldırmaq, haqqı, ədaləti müdafiə etmək…
Ümumiyyətlə, Azərbaycan romanlarında həmişə İşıqla Zülmətin, Xeyirlə Şərin mübarizəsinin şahidi olmuşuq və bu mübarizə əsrlərdən bəridir ki, elə ədəbiyyatın da əsas konfliktini təşkil edir. Seyran Səxavətin «Nekroloq» romanında biz bunun əyani şahidi oluruq. Romanda bədii təsvir hüdudları genişdir. Doxsanıncı illərin çağdaş Azərbaycan mənzərəsi bütöv və genişdir, az qala cəmiyyətin bütün zümrələrini əhatə edir: çadırlarda yaşayan soydaşlarımızdan tutmuş nəhəng maliyyə fırıldaqları ilə məşğul olan mafioz qruplara qədər…Ancaq Seyran Səxavət romanda konkret olaraq kimlərə isə işarə etmir, oxucu fəhmlə anlayır ki, bu simvolik-rəmzi obrazlar həyatın, gerçəkliyin reallıqlarını əks etdirir.
Azad Qaradərəlinin «Günəş tutulan yerdə» romanında da «Nekroloq»da olduğu kimi sərt həyat həqiqətləri canlandırılır. Ancaq bir fərqi var ki, Azad Qaradərəli cəmiyyətdə baş verən mənəvi aşınmaları təkcə cəmiyyətdə yox, ilk növbədə, bir ailənin timsalında izləyir. Dəyişilən, yeniləşən təkcə zaman deyil, həm də insanlardır. Amma bu «yeniləşmədə» əksliklər daha çox nəzərə çarpır. Əqidələr, prinsiplər, insanların daxili aləmi dəyişir. Ziyalılar zamanın acılıqlarına dözə bilmir, ələbaxımlıq maddiyyatı ön plana çıxarır, ziyasızlar, nadanlar iş başına keçir. Məsələn, onun qəhrəmanı Mirzə müəllim vaxtilə mitinqlərdə azadlıq mücahidi kimi çıxışlar eləyirdi, müstəqillik uğrunda mübarizə aparırdı, amma çox keçmədən o, dəyişir, deputar olandan sonra ona dəstək verən xalqdan uzaqlaşır, mafiozlaşır və beləliklə, istər-istəməz başqa bir adama çevrilir.
Romanlarımızda simvolik olaraq bir ZAMAN obrazı da var. Həm də bu öncə qeyd etdiyimiz kimi, dəyişilən Zamandır. Bu zamanın nəbzini tutmaq, ona uyğunlaşmaq, onun prinsiplərinə boyun əymək isə çox çətindir. Və romanlarda təsvir olunan qəhrəmanlar da çox zaman bu çətinliklərdən, bu maniələrdən keçməli olurlar. Amma bu, çətin prosesdir və bəzən qəhrəmanların mənəvi depressiyasına və faciəsinə gətirib çıxarır. Əyyub Qiyasın «Sonuncu büt» romanında məhz belə bir qəhrəmanın həyatı canlandırılır. İyirmi səkkiz il həbsxanada yatan Məmmədağa azad həyata qovuşa bilmir və yaşadığı mühitdə yenə də eyni mənfiliklərin hökm sürdüyünü gördükdə istər-istəməz kriminal həyat keçirir. Amma bununla yanaşı, o, içindəki mənəvi potensialı, işıqlı duyğuları yaşada bilir, Şuşaya gedir, ölümü bahasına orada Azərbaycan bayrağını qaldırır.
Afaq Məsudun «Azadlıq» romanı isə tamamilə fərqli bir xüsusiyyəti ilə diqqəti cəlb edir. «Azadlıq» Afaq Məsudun insandan cəmiyyətə, fərdin daxili dünyasından ictimai-siyasi hadisələrə sıçrayışını (keçidini də demək olar-V.Y.) tam şəkildə açıqlayır. Əslində, onun «dörd divar» arasında təsvir etdiyi gerçəkliyin özü də cəmiyyətin mikromodeli təsiri bağışlayır, ancaq «Azadlıq»da cəmiyyət –Azərbaycan gerçəkliyi (söhbət doxsanıncı illərdən gedir) bütün reallığı ilə əks olunur. Təbii ki, romanda humanist prezident də, «Millət Atası» General da, digər obrazlar da prototipləri etibarilə oxuculara tanış gəlir. Ancaq bunlar gerçəklikdəkindən fərqli olaraq yazıçının məharətlə ümumiləşdirdiyi obrazlara çevrilir. Afaq Məsud bir nasir kimi yaşadığımız bu mürəkkəb, dramatik, fəci, son dərəcə ziddiyyətli həyatımızı, ictimai-siyasi hadisələri, bu hadisələrdə mühüm rol oynayan şəxsiyyətləri orijinallıqla əks etdirib. Doğrudur, bir müsahibəsində Afaq yazırdı ki: «Əslində, «Azadlıq» son illər ölkəmizdə baş verən hər hansı siyasi dəyişikliyə reaksiya kimi yaranmayıb». Amma inanmaq olmaz ki, bütün bu baş verən hadisələr bir yazıçı kimi ona təsir etməyə. Səfər Alışarlının «Mayestro» romanı Afaq Məsudun romanında təsvir olunan hadisələrlə səsləşir. Bu romanda da 90-cı illərin ilk yarısının hadisələri öz əksini tapır, amma mənzərə daha genişdir, zavod-fəhlələr, mayestro-opera, qəzet-jurnalist aləmi, prezident və məmurlar ordusu, qiyam və məmləkətin ictimai-siyasi durumu…bunlar real hadisələrlə bədii təxəyyülün «hibritini» əks etdirən səhnələrə çevrilir.
Təfərrüata varmadan, qısaca da olsa, biz bir sıra digər romanlarda da Azərbaycan gerçəkliyinin, sosial həyatın bu və ya digər dərəcədə əks olunduğunu söyləyə bilərik. Fikrimizcə, bu əsərlər içərisində Hüseynbala Mirələmovun «Qırxıncı otaq», «Gəlinlik paltarı» romanları mənən təmiz, saf adamların dramatik, bir az da faciəli həyatını, istək və arzularının reallaşmadığını açıqlayır. Onun qəhrəmanları mənəviyyat adamlarıdır və yazıçı oxucuya belə bir həqiqəti aşılayır ki, insan ilk növbədə, daxilən- ruhən saflaşmalıdır. Kamil Əfsəroğlunun «İt qanı», «Daşlı qala» romanları onun mövzuya, toxunduğu problemə bələdliyini, həm şəhər, həm də kənd həyatını, təsvir etdiyi obrazların psixologiyasını diqqətlə müşahidə etdiyini göstərir. Müəllif süni şəkildə öz qəhrəmanlarına müsbət xüsusiyyətlər aşılamır, onların həyatın ağır sınaqlarından keçirir.
İlqar Fəhminin artıq bir romançı kimi formalaşdığını da təsdiq edə bilərik. Onun «Aktrisa» romanı öz fəlsəfi-psixoloji aspekti ilə seçilir. Mövzu müasir həyatdandır, İlqarın digər romanlarında diqqəti cəlb edən detektiv ünsürlərinə bu əsərində də təsadüf edirik. Ancaq sona doğru romanın ideyası realistik istiqamət alır və müəllif səhnədə, tamaşaçılar qarşısında deyil, həyatda öz faciəli rolunu oynayan bir insanın mənəvi süqutunu canlandırır.
Sual oluna bilər: son iyirmi ilin romanları doğrudanmı elə bu məhdud bölgüyə sığışır? Bəs hanı sevgi romanları? Bəs hanı ayrı-ayrı peşə-sənət adamlarının həyatından söz açan romanlar? Bəs hanı müasir gəncliyin istək və arzularını, mənəvi dünyasını əks etdirən romanlar? Bu «bəs»lərin sayını artırmaq da olar. Amma məsələ burasındadır ki, bütün digər mövzular bir BAŞ MÖVZUnun ayrı-ayrı şaxələri, qol-budaqları kimi diqqəti cəlb edir.. Baş mövzu Azərbaycan gerçəkliyidir. İstər tarixi, istərsə də müasir Azərbaycan gerçəkliyi.. İndi bütün mövzular bu gerçəkliyin «inhisarındadırlar». Baxın: qürbətdə yaşayan Gülşən Lətifxanın «Azər və Aida» romanı iki gəncin nakam sevgi münasibətindən söz açır, ancaq bu romanda gənclər amansız bir maniə ilə qarşılaşırlar- həyatın, gerçəkliyin sərt həqiqətləri onları kama çatdırmır. Baxın: Elçin Hüseynbəylinin «Tut ağacı boyunca», «Balıq adam», «Metro vadisi», «Yol ayrıcında qaçış», «Azıx» romanlarında da müxtəlif məsələlərdən söz açılır, amma tənqidçi Əsəd Cahangirin belə bir doğru mülahizəsi ilə şərikik ki, bu romanlar «günümüzün ən adi reallığından bəhs edir». Son illərdə «Bağban», «Bənna», «Bərpaçı» romanları ilə ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş Mübariz Cəfərli də məhz həmin prinsipə sadiq qalır: onun romanlarındakı müxtəlif bədii priyomalar, şərtiliklər, mətndaxili «gəzişmələr» maraqlıdır, bunların bir çoxu yenidir, amma bizi ilk növbədə onun təsvir etdiyi gerçəklik, bədii təxəyyülü canlandırdığı həyat hadisələri cəlb edir. Artıq bir romançı kimi özünü təsdiq etməyə çalışan Varisin «Bir ovuc torpaq», «Sənə inanıram», «Yetmiş yeddinci gün», «Metamarfoz» romanları əsasən kriminal-detektiv aləmi əks etdirir və bu romanlarda da Azərbaycan gerçəkliyinin bədii inikası ilə qarşılaşırıq. Bu mövzu təsnifatına Nisbəyimin «Onlayın», Paşa Qəlbinurun «Qara su», Eyvaz Zeynalovun «Qisas», Məqsəd Nurun «Şəhər meri», Vaqif Sultanlının «Səhra savaşı», Qəni Camalzadənin «Karxana» romanlarını da daxil edə bilərik.
Beləliklə, son iyirmi ilin Azərbaycan nəsri bizim real həyatı, ictimai-siyasi hadisələri, mənəvi dünyamızı əks etdirən romanlarla zəngin olmuşdur. Biz haqqında lap qısaca söz açdığımız bu romanlara bir də qayıdacaq, bu romanlarda təsvir olunan qəhrəmanların tipoloji təsnifatını, obrazların və həyat hadisələrinin bədii təcəssümünü, dil-üslub məsələlərini şərh etməyə çalışacağıq. «Modernist», «postmodernist» romanlar haqqında da söz açmaq istərdik. Və təbii ki, cavan nasirlərin romanları da gözümüzdən qaçmayacaq.