Kulis.az Nərgiz Nazimin yeni şeirlərini təqdim edir.
***
Biz möcüzə qadınlar ola bilmədik, əzizim
Hansı ki bir toxunuşla
adamların həyatını dəyişən
İliyə qədər işləyən qışı, qaranəfəs yaza çevirən
qadınlardan ola bilmədik...
Biz sadəcə möcüzəyə inanan qadınlar olduq...
İnandıq ki, qar altındakı ayaq izlərimiz
Yaz gəldimi cücərəcək...
Sənin bir aprel sabahında çıxıb gedən taleyinə
Mən qal deyə bilmədim
Mən möcüzə qadın ola bilmədim...
indi bu gediş
zamanın qapılarına meydan oxuyur...
Gözləmək sonsuzluq kimidi...
Və lövbər şəkli
Unutma, əzizim
Lövbər şəkli
Geri qayıtmağa ümiddi...
***
Körpələrin xırdaca ovucları arasına
Bütün dünyanın taleyini buraxıb
Qoşulub qaçışan uşaqlara
Çıxıram ölümü yarı yolda qarşılamağa...
***
Getməsəydin
Deyirəm, getməsəydin
Dərdlərimizin əlindən tutub
Qaçardıq üzü Xəzərə tərəf...
Sən unuda bilmədiyin qızdan danışardın ona
Mən unuda bilmədiyim "səndən"
Bir az uşaqlığımızdan
Bir az itirdiklərimizdən
Bir az da yoxsulluğun
canımıza saldığı
Bizə doğmalaşan xəstəliyimizdən...
Bilirdik axı..
xoşbəxtlik bir şeir kitabının sətirlərində
Ən yaxşı unudulan iki insan olmaqdı...
Bilirdik ki, səadət elə unudula-unudula
səadətin arxasınca qaçmaqdı...
***
Hərdən biz də yetim qalırıq
Atadan, anadan, bacıdan, qardaşdan
Hərdən də ən böyük sevgidən,
yaxın sirdaşdan...
Bir qolumuz qırılır
Bir qol iki ayaqla yaşamağı öyrənirik
İki qolumuz qırılır...
iki ayaqla...
Bəs görəsən iki qolunu, iki ayağını qırdıqların
Necə yaşayır, İlahi?
***
Səidənin ağ-qara şəklinə ithaf
Keçmişin qayıtmaz xatirələri arasından bir qız baxır.
Deyirəm ki,
Vicdan haqqı, o qapqara gözlərin,
Ağ-qara şəkilə yaman yaraşır.
Qəlbimizi boğan ağrıları didib parçalamaqçün,
Gülüşündən gen dünyaya pəncərələr açılır...
Bəlkə elə bu şəkildən
Yeni doğulan günəş
gah yıxılır,
gah yeriyir,
gah əl çalır,
gah qaçır...
***
Bircə dəfə görüb,
bütün ömrə sığdırılacaq qədər həqiqətsən.
Bəlkə bir az yuxu,
bir az eşq,
azca da səadətsən...
Bu dünyada ən sevdiklərindən,
Sözsüz-söhbətsiz ayrılıqsan sən...
Dodaqlarından qəlbinə enmək üçün
Neçə küçə,
neçə şəhər,
neçə ölkə
yol getmək lazımdı, görəsən?
****
Qar yağır...
Əllər donur,
Gözlər axır,
Xatirələr papaq geyir,
Sevgilər əlcək taxır...
Qar yağır...
Bakının dar küçələri,
Qarış-qarış bəyazlara bürünür.
Mürgüləyən soyuq qış
Elə insanlar kimi
Varlının qapısını qoyub,
Kasıbın qapısını döyür.
Qar yağır...
Bu çəhrayı şəhərdə
Balaca bir qızcığaz
Gözün şəklə dikib,
Keçən qışdan gəlməyən
Atasıyla didişir.
Qar yağır...
Bu odlar ölkəsində
Cavanlar bikar, veyl,
Canın dişinə taxıb,
Qocalar qar kürüyür.
Qar yağır...
Yolların sinəsində
Addımlar yeyinləşir.
Bu ağappaq təmizlik
Beləcə yavaş-yavaş
Ömrünü başa vurub,
Gələn qışa tələsir...
***
Mənim həyat yollarımda
Sənin ayaq izlərin
Qara düşən ləpirlərtək
Uzandıqca uzanır...
Duruxmusan, gözləyirsən
Axı belə nəyi sən?
Gah irəli, gah da geri yüyürürsən
Eyni izin üstündən...
Zaman axır, dayanmayır
Sənə qurban, biləsən.
Bu yolun sonu hardadı
Məncə, gedib görəsən.
***
Yollarımda uzaqlaşıb itdikcə,
Mənə addım-addım yaxınlaşırsan.
Dodağım altında mızıldanıram,
Elə özüm qədər etibarsızsan...
***
Ay balaca qızcığaz,
Sənin rəngli dünyanda
Sevgilər siyah-bəyaz
Hörüklərin uzanır
Dolaşıq yollar kimi
Könlümün sarayına
Sarı saçların deyir
Məni bir az sığalla
Məni azca sorğula
Uşaq çiyinlərində
illərin yükü durur
Nə azalır,
Nə qırılır,
Nə yox olur...
Küləklə sovrulursan
Payız yarpağı kimi
Küçələrə, evlərə
Sən yenidən doğulmaqçün
Qarışırsan torpağa
Qarışırsan gecəyə...