Kulis gənc şair, BSU Yaradıcılıq Fakültəsinin tələbəsi Emin Akifin şeirlərini təqdim edir.
***
Bir gün fıstıq qabında siqaretlər yurd salar,
Bir gün əlüzyuyana su axar gözlərimdən.
Daha günəşdən qabaq üzümə dəyməz əlin,
Saçlarının ətrini alaram dizlərimdən.
Divar asılqanında zaman cəllada dönər
Hər gün o zəhrimər şey beynimi qamçılayar.
Yoxluğunu səsiylə,
əqrəblərin iyirmi dörd saat hədəsiylə
salar yadıma hər gün.
İstisini itirmiş yastıq da sən dillənər,
Toz basmış güldandakı solmuş çiçəklər də sən.
Hər gün çirkli qab-qacaq,
sərxoş olub sındırdığım çərçivəli şəkillər,
boğazımda ilişən dadsız yeməklər də sən.
Bu yol inadkar külək
səni axtaran zaman boşa çıxır əllərim,
Təklik üzümə qayıdır sırtıq tüpürcək kimi.
Bu boza dönmüş həyat
tor bağlayıb gözlərimin ucunda
arsız hörümçək kimi.
Ağlımı itirmişəm.
Gah qayıdanda evə bir dəstə gül alıram,
Gah da ki, eşidirəm mətbəxdən gülüşünü.
Gah da hərdən telefonda yığıramsa nömrəni
- Bu insan mövcud deyil! İtirdin Günəşini!
Hə, yadıma düşdü axı, nəsə bir söz demişdin,
Demişdin ki, bilmək olmur avandımı, tərsimi.
İşdir, bir gün mən olmaram darıxar qulaqların
Eşidirsən?
Lazım olar...
Yaxşı-yaxşı qulağında sırğa elə səsimi.
0 dərəcə isti
Ruhumuzun hərarəti
sıfır dərəcə isti
Bu gecə inadını
tulla kənara bəsdi.
Darıxdınsa zəng elə
danış bir az yenə də.
Yenə gülüşlərindən
bir dodaq ver mənə də.
Darıxdınsa zəng elə
evdə hamı yatıbsa
Balaca qardaşının
xəyalında saydığı
quzu yüzə çatıbsa.
Bir az da qulağıma
qısqanıram pıçılda.
Bir az da yoxluğunla
odlanıram pıçılda.
Çıxart sırğalarını
as qulağından məni...
Bir gözündə mən olum
as dodağından məni
Bir gözündə yatanlar
qaç otağından mənim
otağıma tələs, gəl
Saçlarını yağışlar
yusun, təngənəfəs gəl.
Unut ikiküçəlik
məsafəni unut sən
Çarpayımın ağında
saçlarını qurut sən
Bu gecə səni sözsüz
yazım darıxma, darıxma
Bu gecə bədənində
azım darıxma, darıxma.
İçək, sevişək belə
üzü səhərə sarı.
Külək gətirsin ağ qar
üzü şəhərə sarı.
Tələs pəncərəmizin
ağaranda şüşəsi
Son öpüş payını ver
qaç darıxmağa doğru
Tələs gələndə qəfil
sübh azanının səsi
Son öpüş payını ver
qaç darıxmağa doğru.
Bu gecə göylər yenə
yağışı qarla kəsdi.
yenə soyuduq yenə
Ruhumuzun hərarəti
sıfır dərəcə isti.
Xəyal qurmağın məşqlərindən kaskad
Gözlərimin yaşında
boğular yanaqlarım,
Darıxmağın yükünü
ürəyim atar belə.
Sənə toxunmaq üçün
göynəyər barmaqlarım,
Gəzər yanaqlarımda
başını qatar belə.
Səmanın ortasında
saralmış aya bənzər,
Otağın parıldayar
evinizin başında.
Gözlərim öz bəndini
dağıdan çaya bənzər,
Səni bulandıraram
gözlərimin yaşında.
Nə vaxt ki, pəncərənin
şüşəsi işıqlanar
Gecə eyvanımızdan
asılar ayaqlarım.
O işıq haqqı, Günəş,
içim odlanar, yanar
Öpüş yoxluğundaca
boğular yanaqlarım.
Səni qarğısa dilim
qurdun, köpəyin olum
Hey lənətləyirəm bu
sevişməyin təkini.
İmkan ver bircə saat
sənin ürəyin olum
Çəkə bilirsən görüm
darıxmağın yükünü?!
Söndürmə də işığı
bağlama da pərdəni
Yoxsa ruhumun ayı
günəşi batar belə.
İnan bir az xəyalən
solumda görsəm səni
Darıxmağın yükündən
ürəyim atar belə.
Bir az şeir tökərəm
vərəqlərin üzünə.
Darıxaram yenə də,
yenə oxunmaq üçün.
Əslində darıxaram
qalsa sözün düzünə.
Sən şeir oxuyanda
sənə toxunmaq üçün.
Bilirdin ki, vərdişim
olmağındı yanımda.
Daha yanımda yoxsan
var xəyal qurmaqlarım.
Tənhalığın bayrağı
sallanar eyvanımda
Çatmaz əllərim sənə
göynəyər barmaqlarım.
Qəfil eyvanım mənim
otağına çevrilər.
Sehrli baxışların
üzər yanaqlarımda.
Tənhalıq öz sıxıcı
kürsüsündən devrilər
İncə-incə dodağın
gəzər yanaqlarımda.
Xəyallardan diksinib
tək görərəm özümü
Ələ salar xəyallar
məni aldadar belə.
Heç nə dəyişməz, Günəş,
pəncərəniz gözümün
Düşünmək ürəyimin
başını qatar belə.
Köhnə xəbər var yenə...
Saat cəhənnəmin tən yarısında,
əqrəblər bir-birini qucaqlayır, qoruyur
evlərin astarını dəli yağışlar yuyur
İşıq dirəkləri günəşin xəbərçiləri,
navalçalarsa yağışların.
baxışları gizlədir pəncərələrdə uzun ah,
köhnə xəbər var yenə açılır sabah.
Buludların qeybətindən sonra yer
fal üçün çevrilmiş kofe stəkanı
bax, bəxtində uşaq var
daş atır gölməçəyə,
daş atır pişiklərə
bura gəl deyə-deyə.
Daxmalarda yağışa uduzur hər fəsil dam,
gah yanır hisli çıraq, gah da tez-tez sönür şam
Bir ləyən, bir də soba, bir də ki, saat
hamı bir ağızdan köhnə xəbər var
qudurdu axşam, qudurdu axşam!
Əslində qaranlıqlar birləşdirirdi bizi
ləyənə hücum çəkən damcıların
sobanın üstündə çaydanın səsi
90-cı illərin gitarında atamın
yoxsulluğu ələ salan nəğməsi:
Darıxma, darıxma gün görəcəyik
yağışın səmadan sızdığı yerdən.
Darıxma, bəxtimiz gətirər hər şey,
yoluna qayıdar azdığı yerdən.
Dedim axı
Dedim axı,
bir nəfərlik nəqliyyatam
mən bu ömür yolunda
Ürəyimdə yer vermişəm
qeyd elə zəfərini.
Dedim axı,
bu yol bizi sala bilər
əyri-üyrü yollara.
Yaxşı-yaxşı bağla, həyat,
solumda kəmərini.
Dedim axı,
sənin məndə
günəş boyda yerin var.
Sənli isti tropikdir
hər il iqlim qurşağı.
Sən gedəli min il ötüb
eramızdan sonradır
İndi mənə özgə deyil
min cür intim qurşağı.
Min ildir ki, hamı deyir
sonu çatıb dünyanın
Yox olmadım, dağılmadım,
yaralandım, qızcığaz.
Buza döndü sinəmdəki
silsilələr, dənizlər
O zaman ki, qucağından
aralandım, qızcığaz.
Bundan artıq nə olsun ki,
nə olmalıdır daha,
Şirin pişik balasıyla
fərqimiz itdi, itdi.
Bir sığallıq ömrü varmış
sevgimizin sən demə,
Qucağının istisini
məndə unutdun, getdin.
Dedim axı,
Qucağının istisin
məndə unutdun, getdin.