“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahıya əsasən Səfər Alışarlının “Zəng” hekayəsini təqdim edirik.
Müslüm həyətə gircək üzümlüyün içindən dədəsinin səsini eşitdi:
— Ədə, tez ol, eşşəyi min, Hüsengildə bir meşok kəpək var, onu gətir at qapıya.
Səkkizinci sinfin son imtahanı tarixdən “4” alıb qayıtmış Müslümü dədəsinin biganəliyi bir az da məyus eləsə də, bunu büruzə vermədi. Bir də nə deyəydi dədəsinə? Deyəydi ki, dədə, “4” aldım? Ya deyəydi ki, ona “4”-ü qəsdən verdi Rəhim müəllim? Odur ki, Müslüm başını aşağı salıb keçdi evə. Paltarını dəyişib çıxdı və tövlənin qabağında mıxa bağlanmış qara eşşəyə tərəf getdi. Eşşəyi açıb yedəyindən tutdu, “hoş-hoş!” deyə-deyə həyətdən çıxmaq istəyirdi ki, arxadan anası səsləndi:
— Mislim, ə, imtahan nə təhər oldu?
Müslüm dayandı. Geri qanrılıb başını qaldırmadan, peşman-peşman:
— “4” aldım, — dedi və yola düzəlmək istəyəndə, yenə anası:
— Ə, bə “4” niyə?
— Nə bilim... — Müslüm mızıldandı.
— O biri uşaqlar nə aldılar?
Müslüm anladı ki, anası Səlimi, Bayramı, bir də Ələsgərin qızı Rənanı nəzərdə tutur. Çünki bu üç nəfər də Müslüm kimi əlaçı olmağa, yəni tərifnamə almağa namizəd idi. Bunu da anası bilirdi.
— Onlar “5” aldılar, — Müslüm bayaqdan bəri neçənci dəfə köks ötürüb eşşəyə “hoş-hoş!” deyə-deyə həyətin cırıltılı qapısından küçəyə çıxdı.
Müslümün anası əlini dizinə çırpıb təəssüflə:
— Hayıf! — dedi. — Gədəyə tərifnamə verməyəcəklər. O texnikom xarabada da ağlım kəsmir ki, qiymət ala bilə.
— Cəhənnəmə alsın, qara gora alsın! — Başını üzüm kollarının altına soxub, salxımlı tənəklərə haça vuran Bilalın səsi gəldi. — Canı çıxaydı, oxuyaydı, indi də camaatın uşağı kimi qiymət alaydı!
— Oxuyurdu dana. Yazıq düz xoruz banına kimi çardaqda çıraq işığına oxuyurdu. Anan ölsün, ay Mislim!..
Əslində, uşaqlarının oxumağı Bilalı o qədər də maraqlandırmırdı. Bircə onu bilirdi ki, oğlan uşağı ki böyüdü, ərsəyə yetdi, qeyrəti olsa, ac qalmaz. Haradan olsa, bir tikə çörək qazanıb yeyəcək. Özü oxumayıb, acından ölməyib ki! Kolxozda kərənti çəkib, tarla suvarıb, pambıqtəmizləmə zavodunda çiyid kürəyüb, indi də tikintidə daş qaldırır. Allah bərəkət versin, səksən-doxsan manat aylıq maaşını alıb, arvad da həyət-bacanı əkib-becərib. Soğan toxumundan tutmuş, armuda kimi, hər şey satıb bu qapıdan, dolandırıb külfətini: beşindən pis yaşayıbsa, ikisindən də yaxşı yaşayıb. Oğuldu da, oxuyar-oxusun, oxumaz da, babalı özünün, bir də dədəsi Bilalın boynuna. Gedər, nə çoxdu Bakıda zavod, tikinti, Kərim kimi birində işləyib qazanar çörəyini.
Bilal, qəlbində fərəh hissi, böyük oğlu Kərimi xatırladı. Kərim keçən il orta məktəbi bitirib getmişdi Bakıya universitetə girməyə, ancaq girə bilməmişdi. Beş-altı ay kursda oxuyandan sonra olmuşdu rəngsaz və indi hansısa tikinti idarəsində işləyirdi. Özünün yazdığına görə pis dolanmırdı, ayda yüz əlli manatdan çox pul alırdı. Bilal da fikirləşmişdi ki, Bakıya bax ha, mən iyirmi ildi fəhləlik eləyirəm, hələ bir dəfə də o boyda pul almamışam, ancaq Kərim, dünənki uşaq, di gəl maaşına bax! Fikrində götür-qoy eləmişdi ki, əgər Müslüm də orta məktəbi qurtarandan sonra bir yerə qəbul ola bilməsə, elə getsin Kərimin yanında başlasın işləməyə. Ancaq bir-iki ayın söhbətidir, bir gün qonşu Ələmdar, Səlimin atası, gəlib Bilalla belə bir söhbət elədi:
— Bilal, — Ələmdar dedi, — sizin Müslüm də, bizim Səlim də, deyirlər, yaxşı oxuyurlar. Demək, bunlar səkkizincini tərifnaməynən qurtara bilərlər!
— Nə olsun? Tərifnaməynən qurtarana medal verirlər? — Ələmdarın sözündən bir şey anlamayan Bilal soruşdu və qızı Kəkliyin üstünə qışqırdı: — Ay qız, toyuqları qov oradan, o noxudu onlar göy-göy dənniyib qurtaracaqlar.
— Ə, səkkizincini tərifnaməynən qurtarmaq o deməkdir ki, bu adam texnikuma imtahansız-filansız girə bilər, başa düşdün? Odu ey, Naxçıvanda pedaqoji texnikum var, aparaq uşaqları qoyaq ora, üç il oxuyub gələndən sonra ayda bir ətək pul alacaqlar.
Bilal bir az fikirləşdi, bəhanə axtarırmış kimi:
— Deyirəm, bəlkə onuncunu qurtarandan sonra instituta-zada girə bilə, — dedi.
— İnstitut nisyə söhbətdi, həm də müşkül məsələdi. Odu ey, texnikum qurtaran oğlan o boyda zavodun qlavnı incineridi. Məktəb direktorları tanıyıram ki, o zaman hərəsi iki-üç aylıq müəllimlik kursu bitiriblər, sonra da gedib, yaman-yaxşı, dalını davam elətdiriblər. Qoy bunlar da texnikumu başa vursunlar, sonra fərasətləri olar, gedib girərlər instituta, olar lap əla. Ancaq burada bir məsələ var: deyirlər, gərək o pedaqoci məktəbə sənəd verənlər bir dənə də müsabiqədən keçələr.
— O nədi elə? — Bilal üzümlüyə baxa-baxa soruşdu.
— Musiqini qavrama qabiliyyətini yoxluyurlar uşağın. Əşi, tərifnamə alsınlar, o iş asandı. Onu düzəltmək olar.
— Heç ağlım kəsən şeyə oxşamır, — Bilal yenə təkid eləmək istədi.
— Bu nə qanmaz adamdı, ə! — Ələmdar coşdu. — Mən ağzımda buna min quranlıq söz deyirəm, bu deyir, ağlım kəsən şeyə oxşamır. Ə, bu texnikumdu e-ey, institutdan bir pillə aşağı olan şeydi. Mən Nuh əyyamında altı aylıq kurs qurtarmışam — indi məni qoyublar o boyda avtobazaya dispeççer. O da qurtarıb olacaq müəllim, daha nə istəyirsən mənnən? Di yaxşı, apar qoy stroykuya, qoy onun da belinin təri səninki kimi çürütsün köynəyini.
Bu söhbətdən sonra Bilal xeyli fikirləşmişdi və belə qərara gəlmişdi ki, Ələmdar pis demir. Bilalın oğlanlarının alnına fəhləlik yazılmayıb ki! Hər yerdə yalandan demirlər ki, fəhləynən qulluqçu uşağına fərq yoxdur. Müslüm səkkizinci sinfi tərifnamə ilə qurtara bilsə, ona yol xərci verib göndərsin oxumağa. Qəbul olsa, hökumət hər ay ona təqaüd verəcək — bu onun yol pulu. Yaxın yerdir, həftə başı gəlib-gedər, pendirdən, çörəkdən, toyuqdan-cücədən aparıb orada yeyər, birtəhər başa vurar oxumağını.
Bir azdan Müslüm yenə “hoş-hoş!” deyə-deyə girdi həyətə. Kəpək kisəsini tövlənin qabağında yerə salıb, eşşəyi mıxa bağladı və ayaqlarını sürüyə-sürüyə qayıtdı evə.
— Bə sən demədin ki, ay müəllim, mən texnikoma gedirəm, mənə “4” vermək olmaz? — Üzümlükdən çıxıb kəpək kisəsinə baxandan sonra dədəsi soruşdu.
— Dedim də... Dedi, neyniyim, biliyin “dördlükdü”. Dedim, qoy ayrı bilet çəkim, dedi, uzun danışma, çıx bayıra...
— Texnikoma gedənə bax! — Bilal istehza ilə oğlunu süzdü. — Yəqin yaxşı cavab verəmmiyibsən də, sənnən düşmənçiliyi-zadı yoxdu ki, sən “5”-ə bilə-bilə “4” yaza.
Müslüm məyus-məyus susurdu.
Axşam Ələmdar Bilalgilə gəldi və onun ağzından çıxan ilk söz də bu oldu:
— Ə, Bilal, deyir, gədə işləri korruyub?! Bə, tünbətün, sən gedib vaxtında buna bir əncam çəkə bilmirdin?
— Mən nə qayıracaydım? — Bilal qaşlarını çatdı. — Gedib onun yerinə imtahan verəcəydim?
— Söz danışdı da! Niyə sən gedib qabaqcadan direktora sözünü deyəmmirdin ki, ay filankəs, al, bu da sənin hörmətin, kömək elə uşaq tərifnamədən düşməsin, fikrim var texnikuma aparam?
— “4”-ü direktor verməyib ki, Rəhim müəllim verib. Təzədən neynəmək olar?
— Necə yəni neynəmək olar? — Ələmdar hirsləndi. — Rəhim direktorun dayısı oğlu deyilmi? Bir də, nə dəxli var, direktor deyəndən sonra onun ağzı nədi sənin uşağına “5” vermiyə?! Sən gəl, fürsəti əldən vermə, neçə ki qiyməti pratakola-mratakola salmayıblar, get Mirzə müəllimə bir "salaməleyküm" elə, gədənin qiymətini düzəltdir. Bir dənə “5” nədir ki, ondan ötrü uşağı mağmın eləyəsən?!
Bilal çiynini çəkdi və artıq dodağını yandırmağa başlamış “Avrora”sına bir dərin qullab vurub:
— Görək də... — mızıldandı.
Bir neçə gün keçmiş axşamçağı Bilal mağazaya gedirdi. Mağaza, klub, çayxana, kitabxana, feldşer məntəqəsi kəndin bir qırağında, çayın üstündə yerləşirdi. Axşamlar işdən sonra başıpapaqlıların hamısı bura yığışırdı. Yay vaxtı çayxananın beş-altı dənə sınıq-salxaq stolunu çıxarıb qoyurdular Matoş arvadın söyüdlərinin altına və bəri başdan, yəni feldşer məntəqəsi tərəfdən, birinci stolun arxasında otururdu kəndin ziyalıları: maarif şöbəsinin müvəkkili Həsən müəllim, məktəbin direktoru Mirzə müəllim, Rəhim müəllim, aqronom İsa, feldşer Bəşir, briqadir Ağa. Vəssalam! Orta stolların başına cəm olurdu müharibə veteranları, suçular, sürücülər, traktorçular və ağsaqqallar. Aşağı stollarda isə kəndin cavanları otururdu.
Bilal “stollara” bir-bir. Ədəb-ərkanla salam verib mağazaya buruldu. Bir neçə dəqiqədən sonra o, çayxanaya, öz yerinə qayıtdı, yəni onunla tikintidə işləyən Mahmudun böyrünə. Mahmudla Bilalın çay dəsgahı nisbətən az çəkərdi — saat yarım, iki saat. Söhbətləri də əsasən maldan-heyvandan, həyət-bacadan olardı.
Gündəlik yeniliklərdən sonra Bilal durub evə getmək istəyəndə, birdən gözü baş stola sataşdı. Mirzə müəllim, feldşer Bəşir, aqronom İsa öz yerlərində oturmuşdular. Mirzə müəllimi görən kimi Bilalın yadına Müslümün məsələsi düşdü və o, mağazadan aldığı qəndi də götürüb gəlib oturdu direktorun yanındakı boş stulda. Yenə salam verib, bir anlığa nədən başlayacağını müəyyənləşdirə bilmədi. Haradansa yadına vaqon dəmiri düşdü. O vaqon dəmiri ki, onu Bilal iki il əvvəl zavodda işləyəndə, rayondan çiyninə alıb beş kilometrlik yolu piyada gətirmişdi kəndə. Dəmir iri göbələyə oxşar bir dəmir idi və yəqin ki, yararsız hala düşdüyünə görə onu vaqondan açıb atmışdılar zavodun həyətinə. Bu əlli-altmış kiloqramlıq dəmirin nazik, dairəvi papağı və papağa bitişik uzun, təxminən bir metrlik başı deşikli özülü vardı. Dəmiri Bilal gətirib qoymuşdu həyətə, onun üstündə bir para işlər görürdü: məsələn, oraq, kərənti, ketmən itiləyirdi, zəncir düzəldirdi, xülasə, dəmir Bilalın təsərrüfat işlərinə əməlli-başlı yarayırdı. Bir dəfə, avqustun axırlarında, axşamüstü Mirzə müəllim yenə həyətbəhəyət düşüb, birinci sinfə gedəcək uşaqların doğum haqqında şəhadətnamələrini yığanda, Bilalın həyətinə də gəldi. Bilal alçacıq kətildə oturub, həmin dəmirin üstündə kərənti tapdayırdı, yəni çəkiclə kərəntinin ağzını döyüb nazildirdi. Mirzə müəllim dəmirə nəzər yetirib, Bilalın bu il məktəbə gedəcək qızının — Fincanın şəhadətnaməsini istədi. Bilalın arvadı səkkiz doğum haqqında şəhadətnamə, bir dənə nikah haqqında şəhadətnamə, iki dənə pasport və bir neçə sığorta kağızı gətirib tutdu Mirzə müəllimin qabağına ki, hansı lazımdırsa, seçsin götürsün. Mirzə müəllim lazımi sənədi götürəndən sonra
Bilala dedi:
— Hələ bu dəmiri bir qaldır görüm.
— Bilal azca təəccübləndi və əlini atıb dik qaldırdı dəmiri. Mirzə müəllim çəkiclə üç-dörd dəfə dəmirin papağına vurdu.
— Bah, əla! — sevincək səsləndi. — Eşidirsən, nə yaxşı səsi var! Əsl zəngdi. Bunu verərsən, asarıq məktəbin həyətindən.
Bilal bir söz demədi. Yalnız gülümsündü.
Sentyabrda dərslər başlananda Mirzə müəllim Müslümü bir neçə oğlan uşağı ilə göndərdi ki, gedib zəngi gətirsinlər məktəbə. Uşaqlar dəmiri götürüb apardılar və axşam Bilal işdən qayıdanda dəmiri yerində görməyib bir az bikef oldu. Hətta toyuqları bəhanə eləyib, bir dəfə də Müslümün üstünə qışqırdı.
Bilal sözünü dəmirdən başladı. Xeyli astadan Mirzə müəllimə dedi:
— Müəllim, dəmiri istədin, verdim, sənə “yox” demədim. Bizim gədə texnikoma getmək istəyir... imtahanların da hamısından, sağ olun, “5” veribsiniz, ancaq bir dənə “4” Rəhim müəllim verib. Bə onu niyə heylə eliyibsiniz, tərifnamədi, nədi, ona düşməyəcək axı. Deyirəm, elə mümkün eliyib onu düzəltsəniz, səkkiz balam ömrünüzə duvaçı olar...
Mirzə müəllim sərt baxışla Bilala tərəf baxdı, yəni bir dənə paslı vaqon dəmiri nədir ki, sən onu mənim başıma qaxırsan!
— Dəmirə görə, Bilal, çox sağ ol, — dedi. — Ancaq “4”-ü mən verməmişəm. Rəhim verib. Bir də, sən gecikmisən, qiymətlər gedib çıxıb maarif şöbəsinə.
— Əşi, gedəndə nolar, — Bilal gülümsündü. — Direktor sənsən, hər şey də sənin əlində deyilmi?
— Yox, Bilal, — Mirzə müəllim başını yellədi. — Mümkün olan iş deyil. Artıq gecdi, cədvəli aparıb vermişəm rayona, üç dənə də tərifnamə almışam: biri Ələmdarın oğlunundu, biri Xanların oğlu Bayramındı, biri də Ələsgərin qızının.
Bilal əlini cibinə salıb beş manat pul çıxardı. Və beşliyi Mirzə müəllimin qabağına qoyub ayağa qalxa-qalxa dedi:
— Ay müəllim, əl boyda kağız nədi ki! Sabah gedib birini də alarsan Müslümə.
Mirzə müəllim özünü itirmiş halda ətrafa boylandı.
— Ay kişi, sən neyniyirsən?! — Bilalın arxasınca pıçıldadı və beşliyi götürüb ona qaytarmaq istədi.
Ancaq Bilal artıq yola düzəlib gedirdi. Durub Bilalın arxasınca getməyə, səsini qaldırmağa da Mirzə müəllim utandı. “İndi üç-dörd nəfər yaxın adam gördü, — fikirləşdi, — səs-küy salsam, bütün kənd deyəcək ki, Bilal Mirzə müəllimə rüşvət verib...” Ona görə də Mirzə müəllim beşliyi qatlayıb qoydu cibinə və başını yellədərək, oturanlara müraciətlə:
— Nə səfeh adamdı, ə, bu! — dedi.
Müslüm eşitdi ki, şəhadətnamələri verirlər. Tez paltarını dəyişib getdi məktəbə. Mirzə müəllim onun şəhadətnaməsini verəndə:
— Dədən də rüşvət verən deyildi, nahaqca yerdən bizi camaatın içində biabır elədi, — dedi və Müslümün sənədini verdi.
Direktorun sözlərindən Müslüm bir şey anlamadı. Bayıra çıxanda donub yerində qaldı. Şəhadətnamənin arasında bir dənə göy beşlik var idi. Yuxarı başda isə yazılmışdı: “Şəhadətnamə verilir Kərimov Müslüm Bilal oğluna ondan ötrü ki, o... 5, 5, 5, 5, tarix — 4, 5, 5, 5...”.
Əvvəlcə beşlik Müslümü çaşdırdı. Ancaq bir az fikirləşəndən sonra o, deyəsən, məsələni başa düşdü. Evə gəlib beşliyi və direktorun sözlərini dədəsinə çatdırdı.
Axşam Ələmdar küçədən keçəndə, Bilalla Mahmud həyətdə oturub söhbət eləyirdilər. Ələmdar da gəlib oturdu.
— Deyir, bu il Yerevanda turş alça yaxşı gedir, — Mahmud Bilalın ağaclarına göz gəzdirdi.
— Alça qalmıyıb ki, hamısını uşaq dənniyib qurtarıb, — Bilal başını qaldırmadan dilləndi.
Ələmdar bildi ki, söhbəti o dəyişməsə, Bilalla Mahmud düz gecəyarısına kimi alçadan-armuddan, itdən-pişikdən danışacaqlar. “Bəlkə bir iş başa sala biliblər”, — Ələmdar fikirləşdi və Bilalın tüklü sifətinə baxdı:
— Gədənin də işini düzəldəmmədin də... — Hər ehtimala qarşı, Ələmdar lap qurtaracaqdan yapışdı.
— Nəyi? — Bilal başını qaldırdı.
— Gədənin işini deyirəm də. Yoxunuydu, gələydin bizdən götürəydin. Beş manata indi bir sprafka yazmırlar. Sən də istəyirsən...
— Əşşi!.. — Bilal tüpürdü və Ələmdardan bir “papuruz” istədi. — Vacib deyil ki, gedə texnikomdu, nədi, ona girə. Gedər Kərimin yanında başını salar aşağı işləyər...
Ələmdarın cibindən çıxardığı qutudan bir siqaret də Mahmud götürdü, əlində ovxalaya-ovxalaya dedi:
— Əvvəla, ay Ələmdar, atalar deyib ki, şüyürlü oğul neylər dədə malını, beşüyür oğul neylər dədə malını! İkincisi də, kasıbın olanından, necə deyərlər...
Ələmdar həyətə girməyinə peşman oldu. Ona görə başa düşdü ki, artıq Müslümdən onun oğlu Səlimə yoldaş olmayacaq. “Deməli, gədə tək-gedib gələcək, — fikirləşdi. — Yoldaşı olsaydı, yaxşı olardı.”
— İndi, Ələmdar, söz beşdə-üçdə deyil, söz adamdadı, — Mahmud davam elədi. — Deyir, bir gün Süleyman car çəkdirdi ki, dünyada nə qədər heyvan varsa, (Qurban olduğum bütün heyvanların dilini bilirdi axı!), hamısı ona bac gətirsin. Heyvanlar yığışdı, hərəsi nə yaxşı şeyi varsa, götürüb düzəldilər yola: fil ağappaq sümüyündən, ayı balından, nə bilim, pələng dərisindən, ceyran südündən, qərəz, apardılar kişinin hüzuruna. Bütün heyvanlar cəm oldu,baxdılar gördülər ki, bircə qarışqa yoxdur. Az gözlədilər, çox gözlədilər, bir də gördülər ki, budur, qarışqa gəlir, özü də bir dənə çəyirtkə budu gətirir. Heyvanlar baxıb mat qaldılar ki, buna bax, bu boyda kişiyə gətirdiyi şeyə bax!.. Qarışqa yetişdi Süleymanın hüzuruna, budu qoydu yerə.
Dedi: Ya Süleyman, hüzuruna gətirməyə bir şeyim yoxuydu, əliboş gəlirdim. Gələndə gördüm ki, yolun üstündə bu bud var. İndi gətirmişəm, hökmdarsan, istəyirsən boynumu vurdur, istəyirsənsə də... Nə eliyəssən, elə!..
Süleyman da Süleymanıydı axı!
Dedi: Qarışqa, sən ki mənim hökmümü eşidib gəlirdin, əliboş da gəlsəydin eyb eləməzdi. İndi gəlibsən, çəyirtkə budu da olsa, gətiribsən, sağ ol!
Küçə tərəfdən Müslümün səsi eşidildi:
— Dədə, hara aparım?
Oturanlar həyət qapısına tərəf baxdılar. Eşşəyin belində oturmuş Müslüm qucağında məktəbin zəngini — vaqon dəmirini tutmuşdu.
— Gətir sal bura! — Bilal səsləndi. — O kopoyoğlu yaxşılıq qanan deyil!
1981
C.Məmmədquluzadə "Poçt qutusu"
Y.Səmədoğlu "Bayatı-Şiraz"
Ə.Əylisli "Ürək yaman şeydir"
C.Məmmədquluzadə "Usta Zeynal"
Y.Səmədoğlu "Astana"
Ə.Haqverdiyev "Bomba"
Anar "Gürcü familiyası"
A.Məsud "Sərçələr"
M.F.Axundov "Aldanmış kəvakib"
S.S.Axundov "Qaraca qız"
Ə.Haqverdiyev "Mirzə Səfər"
Ə.Əylisli "Nənəmin tütün kisəsi"
V.Nəsib "Omaroğlunun qayıtması"
Şahmar "Köynək"
Qan Turalı "Şaxtababanın qətli"
Anar "Asılqanda işləyən qadının söhbəti"
A. Məsud "Dovşanın ölümü"
C. Məmmədquluzadə "Qurbanəli bəy"
Ş. Ağayar "Şeqlov üsulu"
İ. Hüseynov "Bir az romantika"
Ə.Məmmədxanlı "Buz heykəl"
Ə.Haqverdiyev “Çeşmək”
E.Əlləzoğlu “Doğum”
Y.Səmədoğlunun “İncə dərəsində yaz çağı”
Yaşar “Tabut”
Ə.Haqverdiyev “Şeyx Şəban”
Elçin “Parisdə avtomobil qəzası”
K.Abdulla “Səhvlərimizin qrammatikası”
Ş.Ağayar "Şəkil"
Elçin “Qatar. Pikasso. Latur. 1968.”
A. Divanbəyoğlu “Can Yanğısı”
N.Kamal "Nana sevirdi"
E.Hüseynbəyli “Kəndə gün çıxanda qayıdacağıq…”
K.Abdulla "Adaşlar"
S.Əhmədli "Arabaçı"
Y.Səmədoğlu “Soyuq daş”
F.Uğurlu "Dərviş"
S.Baycan “Puqaçov üsyanı”
R.Əlizadə "Əncir qurusu"
M.Örən "Qar tanrısı"
Elçin “Gül dedi bülbülə...”