Buludlar dən səpər yerə, yollar göyərçin kimi

Buludlar dən səpər yerə, yollar göyərçin kimi
17 sentyabr 2014
# 11:11

Kulis.az Emin Pirinin şeirini təqdim edir.

Bu payız sənə vurulub

Buludlar dən səpər yerə,

yollar göyərçin kimi

dənlər yağışı.

”Bayatı-şiraz” kimi

qocalmış evlər dinlər yağışı.

Dodağı çatlamış asfalt küçələr

çəkib bu yağışı dodaqlarına

dodaq boyası kimi

göy üzüylə öpüşər.

Bu payız xeyli əsəbi,

bu payız bir az hirslidi.

Küləklər söykəyib ağacları

divar dibinə

Soruşur yayın sirrini

üz-gözünə çırpa-çırpa.

Yamanca vurulub bu payız sənə

küləyi üzüktək barmaqlarına

taxıb,

saçınla oynayar

xəzələ oxşadıb sarı telini.

Mirvari damlaları

düzüb bir-birinə

asar boynundan.

Buludlar intihar eləyir bəlkə,

atır yuxarıdan özünü

başı aşağı.

Gözlərində gözəl görünər

buludların ölümü.

Bir yağış damlası qorxub ölümdən,

Qorxub başı üstə yerə dəyməkdən

Yapışar kirpiklərindən.

Düşüb ovuclarına

yalvarar sənə:

“Qaldır əllərini dodaqlarına

nəfəs ver, isit məni”.

Yağış islatmaz səni,

yağışı isladar

sənin göz yaşın.

Çırpar,

çırpar buludlar yerin başına

Zərbədən ürəyi gedib

yıxılar yollar

Sərilər ayaqların altına.

Küləklər döyər qapını,

sonra dəcəl uşaq kimi

atandan qorxub

qaçar .

Sevər,

sevər səni bu payız.

Səhər ayılarsan, bu nədi Allah?!

yağış damlaları çiçəyə dönüb

Hamıdan çox

sənin pəncərənə atılıb.

Bu payız pozulub bir az,-

külək ipdən oğurlayıb köynəyini

asıb nar ağacından

Çəkib üzünə

qoxunu alar sənin.

Axtararsan,

Axtararsan yayın qalmış son ayını,

Necə gəldi bu avqustda payız axı?

Bilirsən,

Aldatdım yer kürəsini

aldatdım hamını

aldatdım səni.

Yaya rüşvət verib göz yaşlarımı

bir ay tez gətirdim həyətinizə

bir az tez gətirdim payızı sizə…

O payız mənəm bəlkə də!

# 2135 dəfə oxunub

Oxşar xəbərlər

"Kruq ədəbiyyatı" - “Estetik inqilab” ocağı yoxsa, haqsız rəqabət mühiti?

"Kruq ədəbiyyatı" - “Estetik inqilab” ocağı yoxsa, haqsız rəqabət mühiti?

12:00 4 oktyabr 2025
Baş katib:  "Ortaq türk əlifbası milli əlifbaları əvəz etmək niyyəti daşımır" - Müsahibə

Baş katib: "Ortaq türk əlifbası milli əlifbaları əvəz etmək niyyəti daşımır" - Müsahibə

16:08 3 oktyabr 2025
Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

13:00 3 oktyabr 2025
"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

11:47 3 oktyabr 2025
"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

10:00 3 oktyabr 2025
Tanınmış tarzənin yubileyi qeyd olunub

Tanınmış tarzənin yubileyi qeyd olunub

11:13 2 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər