"Özüm də razıyam aldanmağıma!" - Aleksandr Puşkinin şeirləri

"Özüm də razıyam aldanmağıma!" - Aleksandr Puşkinin şeirləri
26 may 2026
# 17:00

Bu gün görkəmli rus şair, dramaturq, nasir, ədəbiyyatşünas, tarixçi, publisist Aleksandr Puşkinin doğum günüdür.

Kulis.az onun şeirlərini Eyvaz Borçalının tərcüməsində təqdim edir.

BAXÇASARAY FONTANINA


Ey sevgi çeşməsi, ey canlı fontan!
Bir cüt gül gətirdim, asım yaxandan.
Vurğunam susmayan könül varına,
Bir də şairanə göz yaşlarına.
Gümüşü tozların sıçrayıb, axıb,
Tökülür üstümə sərin şeh kimi.
Çağla ürəyinlə, sevinc bulağı,
Dadım zümzümənin şirin şəhdini...
Ey sevgi çeşməsi, kədərli bulaq,
Mən də söz soruşdum buz mərmərindən:
Uzaq bir diyarı mədh etdi, ancaq
Susdu Mariyanın kədərlərindən...
Bu hərəmxananın solğun çırağı,
Yoxsa unutmusan elə burada;
Mariya, Zarema nə oldu axı,
Yoxsa xəyaldırlar, düşmürlər yada?
Bəlkə, təxəyyülün sönük röyası
Özünün ötəri bir xəyalını,
Könlümün o mübhəm idealını
Dumana nəqş edib, gümana yazıb?

1824

PEYĞƏMBƏR


Ruhumu təngidən bir yanğıyla mən,
Sərgərdan gəzərkən kimsəsiz düzdə,
Yollar ayrıcında çıxdı qəfildən
Altıqanad mələk yolumun üstə;
Əliylə gözümə elə toxundu –
Hürkmüş bir qartalın ayıq gözütək
Açılıb gözümdə nurlandı bəbək.
Elə ki, toxundu qulaqlarıma –
Səs-küylə doldurub çəkdi tarıma:
Aydınca eşitdim göyün səsini,
Orda mələklərin süzməyini də.
Çöldə tənəklərin titrəməsini,
Suda dənilərin üzməyini də.
Hələ tərpənməmiş durduğum yerdən
Əyilib ağzıma saldı əlini;
Çəkib boğazımdan çıxartdı birdən
Günahkar dilimi, şeytan dilimi.
Ağzımın beləcə keyimiş vaxtı
Hikmət iynəsini – ilan dilini
Gətirib dilimin yerinə taxdı.
Sonra bir qılıncla köksümü yarıb,
Titrək ürəyimi ordan çıxarıb,
Yerinə köz qoydu, alışan bir köz,
Dedi: bundan belə bu ağrıya döz.
Qaldım meyid kimi kimsəsiz düzdə.
Tanrı dilə gəldi başımın üstə:
«Oyan, ey peyğəmbər, həm gör, həm eşit, –
Mənim istəyimlə get dolan rəşid;
Sən ellər dolaşıb, dənizlər adla,
Bəşər ürəyini sözünlə odla!»

1826

ETİRAF


Mən Sizi sevirəm – çəkdiyim əzab,
Etsə də əlimi ətəkdən qısa,
Abrı itirdikcə cinlənsəm də lap,
Mən yenə düşmüşəm ayağınıza!
Düzü, yaraşmır da bu hal yaşıma,
Gərək ağıl qona indi başıma!
Eşq imiş könlümün hər dərdi-səri
Aşkarda görünür əlamətləri:
Sənsiz darıxıram – tutur əsnəmə,
Səninlə olanda – batıram qəmə.
Könlümdən keçsə də – olmur taqətim,
Deyəm ki, sizsiniz eşqim, möhnətim!
Hərdən qulaq asıb, fikir verəndə,
Bir zərif xışıltı, bir yüngül qədəm,
Qonaq otağında nəfəs dərəndə
Ağlımı başımdan qoparır o dəm.
Üzümə gülsəniz – gülər ürəyim,
Rəddiniz dərdimi çəkər tarıma;
O incə, o solğun əllər, mələyim,
Əvəzdir bir günlük əzablarıma.
Əyib başınızı ədəbli, səssiz.
Qasnaq arxasında əyləşəndə siz,
Kənarda dayanıb, çəkib içimi
Baxmaqdan doymuram mən uşaq kimi!..
Hərdən də yağışlı, çiskinli gündə
Siz başmaq seyrinə çıxanda düzə,
Söz salıb qəlbimi deşən düyündən,
Qısqanc kədərimi açım mı Sizə?
Deyim mi o tənha göz yaşınızdan,
Ya da o küncdəki yoldaşınızdan,
Opoçka seyrində olmağınızdan,
Axşam fortepiano çalmağınızdan?..
Alina! Rəhm edin, barı bir kərə,
Sizdən eşq ummağa haqsızam, nə qəm,
Bəlkə də, bu qədər günaha görə
Sizin sevginizə layiq deyiləm!
Barı bircə dəfə yalandan baxın,
Qaldırın könlümü eşqin dağına!
Məni aldatmağa nə varmış, axı!..
Özüm də razıyam aldanmağıma!

1826

MƏLƏK


Haqqın dərgahında zərif bir mələk
Başını sallayıb şəfəq saçırdı;
Üsyankar iblis də bir qara yeltək
Dərin cəhənnəmin üstdən uçurdu.
İnkar, şübhə ruhu - iblis üsyankar
Görüncə o pak ruhu, zərif mələyi
Qəlbi alovlandı qeyri-ixtiyar,
İlk dəfə duyğudan yandı ürəyi.
Dedi: «Mələklərlə yola getmədim,
Amma səni gördüm, keçdi qəlbimdən:
Göydə hər şeyə ha nifrət etmədim,
Yerdə hər şeyi ha xorlamadım mən!»

1827

ŞAİR


Neçə ki şairi çəkib gizliyə
Qurbanlıq istəmir Apollon
Şair də qapılır ümidsizliyə
Get-gəlli dünyanın qayğılarından.
Rübabı söz açmır könül varından
Mürgülü qəlbində soyuyur hissi,
Dünyanın gərəksiz övladlarından
Bəlkə də, o olur ən gərəksizi.
Amma göydə tutur vəcdə gələrək
İlahi nəğməni həssas qulağı.
Tərpənib sinədə çırpınır ürək
Diksinib oyanmış qartal sayağı.
Qayğıdan usanıb təngiyən gündə
Şayiədən, qeybətdən gen dolanır tək
Xalqın büt saydığı bəndə önündə
Yalmanıb baş əymir başqalarıtək.
Dolanda ürəyi, qulağı səslə
Kəskin təlatümlü həyəcan ilə
Baş alıb teylənir vəhşi həvəslə,
Səssiz meşələrə, səssiz sahilə.

1827

***


Ay bahar, ay bahar, a sevgi dəmi,
Gəlişin ağrıdır, sıxır sinəmi;
Canımda, qanımda həzin həyəcan
Dalğınlıq, üzgünlük oyadır hər an;
Ruhuma yad olur keflər-damaqlar,
Çağlayan, parlayan həyatda nə var
Hamısı könlümə sitəm yetirir,
Sıxıntı gətirir, qüssə gətirir.

1827

***


Mən sizi sevirdim: eh, kim bilir, kim, –
Bəlkə də, sönməyib hələ o eşqim.
Sizə qəm yetirmək istəməyib mən,
Eşqimdən əl üzdüm daha bu gündən.
Mən sizi sevirdim: ümidsiz, həzin,
Qısqana-qısqana, həm ürkək-ürkək;
Mən sizi sevirdim: Allah eləsin,
Sizi bir özgəsi sevsin mənimtək!

1829

***


Dünən axşam yanımdan
Biganə getdi Leyla.
Dedim: «Getmə, bir dayan!»
Etiraz etdi Leyla:
«Nədən ötrü mən qalım?
Ağarıb saç-saqqalın».
Ədalı istehzaya
Cavab verdim çox saya:
«Hər şeyin bir vaxtı var,
Dünən əsmər müşk olan
Bir gün də kafur olar!»
Gülüb yersiz sözümə,
Belə dedi üzümə:
«Yadında qalsın bu da:
Müşk gəlinə gərəkdir,
Kafur isə – tabuta».

1836

# 101 dəfə oxunub

Oxşar xəbərlər

"Bank soymaq girir hərdən ağlıma" - Həmid Herisçidən antişeirlər

"Bank soymaq girir hərdən ağlıma" - Həmid Herisçidən antişeirlər

11:00 26 may 2026
Ayrılığın da axı ağrılı sonrası var... - Sevinc Yunuslunun yeni şeirləri

Ayrılığın da axı ağrılı sonrası var... - Sevinc Yunuslunun yeni şeirləri

14:30 25 may 2026
İşığa qərq edəcək ömrümün gecəsini... - Jerar de Nervaldan şeirlər

İşığa qərq edəcək ömrümün gecəsini... - Jerar de Nervaldan şeirlər

13:00 22 may 2026
Məğlub olsan da belə, yenə də möhtəşəmsən - Emil Verxarn

Məğlub olsan da belə, yenə də möhtəşəmsən - Emil Verxarn

10:30 21 may 2026
Yataqda ölənə şaşan Türkəm mən - Əmin Abid Gültəkin

Yataqda ölənə şaşan Türkəm mən - Əmin Abid Gültəkin

10:25 21 may 2026
Maraq - Ümmügülsümün Bayıl həbsxanasında yazdığı şeir

Maraq - Ümmügülsümün Bayıl həbsxanasında yazdığı şeir

18:20 20 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər