Anası ölməsəydi nə bacıları, nə də atası...

Anası ölməsəydi nə bacıları, nə də atası...
23 fevral 2013
# 08:15

Şokolad


Şirniyyatçının böyük vitrini qarşısında dayanmışdılar. Vitrində qutu-qutu şəkərlər, şirniyyatlar, şokoladlar düzülmüşdü. Şokoladlara baxırdılar. Ortadakı toppuş oğlanın sağında bacısı, solunda qatıq satanın qızı dayanmışdı. Qatıq satanın qızı oğlanın bacısı yaşda olardı. Bir az əvvəl toppuş oğlanın bacısı onu çəkə-çəkə bərbərə aparmışdı. Bərbərin böyük güzgüsü, mavi muncuqlu qəfəsi, qəfəsin içində sapsarı quşu vardı.

Atasının dostu idi. Dodağının üstündə nazik, qapqara bığı vardı. Qarşıdakı evin yekə döşlü qızına baxıb gülərdi. Yekə döşlü qız da gülərdi, gülüşərdilər. Arada bir-birlərinə əl edərdilər. Toppuş oğlan da görmüşdü. Sarı quşu da görmüşdü. Barmaq boyda idi. Bərbərin maşınkası arada başını incitməsə idi… Elə pis incidirdi ki, qalxıb qaçmaq, küçədən dükanı daşlamaq keçirdi ürəyindən. Buna görə heç sevmirdi bərbərə gəlməyi. Bacısını itələməsi, gəlmək istəməməsi də buna görə idi. Bərbər işini qurtarandan sonra bacısı “Pullarımızı üst-üstə qoyub 50 qəpiklik şokolad alarıq “deməsəydi o bilir nə edərdi.

Şirniyyatçının vitrininin qarşısında hər şey yaddan çıxmışdı, qəfəs də, içindəki sarı quş da, güzgü də… İndi şokoladlar var idi, məhz şokoladlar. Günəşdə parıldayan qırmızı, bənövşəyi, sarı, mavi şokoladlar… Qırmızı, bənövşəyi, sarı, mavi kağızlarla bəzənmiş şokoladlar. Bacı-qardaş da, qatıq satanın qızı da par-par parıldayan qırmızı, bənövşəyi, sarı və mavilərin içində idilər. Ya da mavilər, sarılar, bənövşəyilər, qırmızılar yarpaq kimi uçuşurdu içlərində.

Bacı-qardaş şokoladın dadını bilirdilər. Bir dəfə xalaları Sarıyerdən gətirmişdi. Xalasının qara paltosu vardı, üzündə də böyük bir ət xalı var idi, gözləri sürməli idi. Pul da verirdi arada. Qoz halvası da, yumru pambıq halvası da gətirirdi Emiqandan. Saqqalı uzanmış atası da yağışlı gecələrin birində səfərdən qayıdanda qoz halvası gətirmişdi. Daha çox uzanmış, tozlu saqqalıyla söyərdi: “Eşşəklər, namussuzlar, dəyyuslar!”

Amma şokolad pambıq halvasından da, qoz halvasından da dadlı idi. Qatıq satanın qızı da bunu bilirdimi? Bildi, bilmədi… başı keçəl qırxılan oğlanın cibində iyirmi, bacısında isə otuz qəpik varı idi. Üst-üstə qoysaydılar…

- Bacı!

Çikli saçlarında qırmızı bant olan bacısı:

- Nə olub?

Qatıq satanın qızı da baxırdı.

- Heç.

Bu qız, qatıq satanın bu pis qızı da burda niyə dayanmışdı? Özünün iyirmi qəpiyi vardı, bacısının da otuz. Amma qatıq satanın qızı!

Bacısı şokoladın qoz halvasından da, pambıq halvasından da dadlı olduğunu bilirdi. Alardılar, bölüşərdilər, yeyə-yeyə gedərdilər evə, amma bu pis qız… Qatıq satanın qızı… Həm pulu yoxdu, həm də çıxıb getmək bilmirdi. “Get” desəydilər, deyəcəkdi “Niyə?” “Şokolad alacağıq” desəydilər “Mənə nə” deyəcəkdi. Alsalar səfeh-səfeh baxacaqdı. Ona da versəydilər özlərinə bir şey qalmayacaqdı. Verməsələr də… ataları kimsəni umsundurmaq günahdı deyərdi.. Cəhənnəm var. Cəhənnəmdə qır qazanı var.

- Bacı!

- Nə olub?

- Bu şokoladlar xalamın gətirdiyindəndi?

- Xeyr.

- Xalamın gətirdikləri daha dadlı deyilmi?

- Təbii.

Qatıq satanın qızı:

- Bütün şokoladlar bir-birinə bənzəyir!

İkisi də birdən:

- Nə bilirsən?

- Siz nə bilirsiniz bəs?

Bizə xalamız Sarıyerdən gətirir.

- Mənə də gətirir.

- Sənin xalan var?

- Sizin var?

- Var.

- Mənim də var.

- Bizə də hər dəfə gələndə gətirir!

- Mənə də.

- Bizə pambıq halvası da, qoz halvası da gətirir.

- Mənə də.

- Hardan gətirir?

- Sizə hardan gətirir?

- Sən denən görüm hardan gətirdiyini!

- Niyə deyim?

- Biz niyə deyək ki? Bizim atamız yük maşını sürür, dünyanı gəzir!

- Mənim atam da qatıq satandı. Binalara da qatıq satır.

Oğlan bacısına tərəf döndü:

- Bacı.

- Nədi?

- Xalası şokolad gətirirsə getsin yesin də.

Qatıq satanın qızı:

- Getməyəcəm!

Qızın qırmızı banatdı saraldı:

- Niyə?

- Siz niyə getmirsiniz?

- Bizdən sənə nə?

- Yaxşı bəs onda məndən sizə nə?

- Biz axşama qədər gözləyəcəyik.

- Mən də gözləyəcəm.

- Bura sənindi?

- Bəs sizindi?

Qız qardaşına qışqırdı:

- Sus! Biz onun kimi deyilik!

- Əslində mən sizin kimi deyiləm!

- Nə?

- Sizə nə?

Oğlan:

- Kişisən denən – oğlan dedi.

- Deyərəm.

- Deyərəm.

- De görək!

- Sizdən qorxacam?

- Biz səndən qorxacağıq?

Küçənin kələ-kötür yolu ilə bir “De soto”(maşın markası –red.) keçirdi.

- Bacı!

- Nədi?

- Atam bu mavi maşını da sürə bilər hə?

- Əlbəttə sürər.

Qatıq satanın qızı eşitdi, amma başa düşmədi. Xalası yox idi, amma xalasının olmasını istəyirdi. Xalası olsaydı, Sarıyerdən şokolad, qoz halvası, Emirqandan pambıq halvası gətirərdi. Ya da atası sürücü olsaydı… Şokalad dadlı olurmu görəsən?

- Nə olub?

- Biz istəsək şokolad…

- Sus!

- Ala bilərik, deyilmi?

- Sus, danışma, dedim sənə!

- Amma bilirəm almarıq. Cəhənnəmdə qır qazanları var.

- Danışma, demədim sənə?

Qatıq satanın qızı güldü. Bacısının bantı yenə saraldı.

- Niyə gülürsən?

- Sənə nə?

Oğlan dedi:

- Kişisənsə de.

- Səndən qorxacam? Harda gördün cəhənnəmi?

- Mən görmədim ki.

- Biz də görmədik.

- Bəs hardan bilirsən orda qır qazanlarının olduğunu?

Bacı-qardaş bir-birlərinə baxdılar. Bacısı:

- Atam dedi. Atam bilmir ki?

- O bilər. Siz ki, bilmirsiz!

- Bacı!

- Nə var?

- İstəsək şokolad ala biləcəyimizi sübut edək buna?

Qatıq satanın qızı sarı tənəkə sırğalarını oynadaraq meydan oxudu:.

- Göstərin görüm!

- Göstərək, bacı?

- Göstər də… Guya pulları var …

- Yoxdu?

- Var?

- Baaax!

Qız dodağını büzdü:

- Mənim atam daha çox verir…

Bacısı da pulunu göstərdi. Qatıq satanın qızı yenə dodağını büzdü.

- İkinizinkindən də çox pul verir, heç xərcləməyə yer tapmıram!

Oğlanın bacısı az qala ağlayacaqdı:

- Bir dənə əlli qəpiklik şokolad al görüm!

- İstəsəm alaram, amma almıram.

- Biz alarıq - oğlan dilləndi.

- Ala bilirsizsə, alın görüm.

- Ala bilmərik?

- Alın da!

Oğlan:

- Axmaq!

"Axmaq " qıpqırmızı oldu!.

- Axmaq sizin kimi olur!

Bacısının üzünə bantı kimi qızardı:

- Məni qarışdırma!

- Qardaşın mənə niyə dedi bəs?

- Bizim tərbiyəmiz sənin kimilərlə dil-dil ötməyə icazə vermir.

- Əsil mənim tərbiyəm icazə vermir.

-Sus, sus...

- Bacı, bizim pulumuz var axı, niyə susaq?

Dükana gəldilər. Qatıq satanın qızı qaldı. Çirkli saçları biz-biz olmuşdu. İçki düşkünü, qumarbaz atası və dörd bacısından başqa heç kəsi yox idi. Bacıları hər səhər tütün fabrikinin fiti vurulanda işə gedər, əlləri boş qayıdardılar. Anası sağ ikən üzüm, əncir, pendir, zeytun torbaları ilə qayıdardı. Yemək bişirir, gecə yarılarına qədər paltar yuyar, qızlarını oturdub saçlarını hörüb bant bağlayardı. Anası sağ olanda bacıları fabrikdə işləməzdilər. “Klas-klas” oynayırdılar, topla oynayırdılar. Hətta atası da o vaxt bu qədər içməzdi.

Qırmızı kağızlı şokoladla çıxdılar dükandan. Əvvəl qırmızı rəngli kağızı cırıb atdılar, sonra gümüşü kağızı. Daha sonra da bölüşdürüb yeməyə başladılar.

Görəsən. çox dadlıdı? Yenə də soruşdu:

- Onu mənə pulsuz da versələr yemərəm.

Görəsən, eşitdilər? Eşitdilərsə, nə dedilər? Onların yeməklərini görüb tamarzı qaldığını bildirməmək üçün gözlərini yumdu. Yumulu gözlərinin qabağına işaha ilə çeynənən şokolad gəldi. Gözlərini açdı, vitrinə baxdı. Vitrində qırmızı, yaşıl, bənövşəyi, sarı, çəhrayı kağızlı şokoladlar düzülmüşdü. Gözünü yumdu; bərbərə aparılan, ortaq şokolad alınan alınıb bölüşülən qardaş, mavi maşını sürə bilən ata. Sariyerdən gələn şokalad, Emirqandan pambıq halvası, qoz halvası gətirən xala. Gözlərini açdı; yan-yana gedirdilər. Yenə gözlərini yumdu, açdı, yumdu. Gözlərini ən son açanda onları qarşıdakı küçənin döngəsindən keçən gördü. Yenə gözlərini yumdu, sonra açdı, yox idilər artıq. Küçə ikisini də udmuşdu. Getmək istəyirdi ki, səkinin dibində qırmızı, parıldayan bir kağız, bükülmüş bir gümüşü kağız gördü. Ətrafına göz gəzdirdi. Kiminsə onu görüb onu “qaraçı” zənn edəcəyindən qorxurdu.

Bir simit satan gəlib keçdi.

Evlərə, evlərin pəncərələrinə baxdı. Pəncərələrdə tül pərdələr asılmışdı.

Əyildi, büzüşmüş gümüşü kağızı götürdü.

Yenə də bir simit satan gəlib keçdi.

Əlində tutduğu kağızı top kimi atıb tutudu,atıb tutdu. Gümüşü kağızı atıb tuta-tuta bir neçə küçə keçib getdi. Hər yer murdarlanmışdı. Bu küçədən sidik iyi gəlirdi.

Büzüşmüş gümüşü kağız topasını açdı və şokolad qırıntılarını yalamağa başladı.

# 4085 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #