Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi

Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi
8 aprel 2026
# 16:31

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ayrı-ayrı şəxslərlə bağlı qərarlar mövcud əmək münasibətləri, fəaliyyət xüsusiyyətləri və təşkilati zərurətlər nəzərə alınmaqla qəbul edilib.

APA xəbər verir ki, bu barədə Teatrın Mətbuatın xidmətinin məlumatda qeyd olunub.

Bildirilib ki, Xalq artisti Əvəz Abdullayev daimi yaşayış yeri Almaniyadır.

“Bu səbəbdən onun teatr truppasında fasiləsiz əsaslarla fəaliyyət göstərməsi mümkün olmadığından, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib, bu kimi hallarda əməkdaşlığın layihə əsaslı, mülki-hüquqi müqavilə çərçivəsində, yəni konkret çıxışlar üzrə qonorar prinsipi ilə davam etdirilməsi daha məqsədəuyğun hesab olunur”, - məlumatda qeyd olunub.

Qeyd edilib ki, Xalq artisti Yalçın Adıgözəlov Niyazı adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsinə təyin olunduqdan sonra qarşılıqlı razılaşma əsasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı müqaviləsinə xitam verilib: “Lakin onunla da mövcud beynəlxalq təcrübəyə uyğun olaraq, layihə əsaslı, müqavilə çərçivəsində, konkret çıxışlar üzrə qonorar prinsipi ilə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur”.

Teatrdan bildirilib ki, solist Atəş Qarayevə münasibətdə müxtəlif dövrlərdə həm səmərəli yaradıcılıq fəaliyyəti, xüsusilə də 44 günlük Qarabağ müharibəsi veteranı olmağı aspektindən böyük həssaslıqla yanaşılıb və daim müvafiq dəstək göstərilib: “O cümlədən, Avstriyada, Qazaxıstanda, Rusiyada təşkil olunan müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə, layihələrdə iştirakı üçün hər cür zəruri dəstək göstərilib. Bununla yanaşı, əmək intizamı ilə bağlı teatrda son dövrlər ciddi islahatlar aparılmaqdadır. Keçirilən yoxlamalar nəticəsində məlum olub ki, 2025-ci ilin dekabr ayında 25 iş günündən yalnız 4 gün işdə olmuş, 2026-cı ilin yanvar ayında işdə ümumiyyətlə olmayıb, fevral ayında isə 24 iş günündən 11 gün işdə olub. Bu səbəbdən dəfələrlə xəbərdarlıq edildikdən sonra, əmək qanunvericiliyinə uyğun olaraq intizam tənbehi tətbiq olunaraq əməkhaqqında müvafiq tutulma aparılıb”.

Məlumatda o da qeyd edilib ki, bu ilin yanvar ayında Oman Sultanlığının paytaxtı Maskat şəhərində yerləşən Kral Opera Teatrının səhnəsində dünyaşöhrətli italyan bəstəkarı Cakomo Puççininin “Toska” operasının premyeras baş tutub: “Səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim edilib. Qastrol çərçivəsində heyətin aviabiletlərinin alınması, yerləşdirilməsi və qidalanma qarşı tərəfdən ödənildiyi səbəbilə ayrıca ezamiyyə xərcləri qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmayıb. Qonorar ödənişləri ilə bağlı bildiririk ki, qarşı tərəfdən müvafiq maliyyə vəsaitləri köçürüldükdən sonra ödənişlər qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş müddət — 60 iş günü ərzində həyata keçiriləcəyi haqqında bütün iştirakçılar əvvəlcədən məlumatlandırılıb. Bu ödənişlər artıq gerçəkləşdirilib”.

Məlumatda o da vurğulanıb ki, mövcud faktlar və konkret nəticələr aydın şəkildə göstərir ki, kollektivin fəaliyyəti sistemli və davamlı inkişaf xətti üzrə həyata keçirilir: “Bu kontekstdə ayrı-ayrı subyektiv yanaşmalar və spekulyativ fikirlər obyektiv reallığı əks etdirmir və ümumi mənzərə yalnız rəsmi məlumatlar və əldə olunan nəticələr əsasında qiymətləndirilməlidir.

Eyni zamanda bildiririk ki, kollektiv daxilində əmək münasibətlərinin tənzimlənməsi çərçivəsində işdən ayrılma halları, intizam tədbirləri və digər təşkilati proseslər baş verə bilər. Bu kimi məsələlərin hamısı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə, müəyyən edilmiş prosedurlar əsasında həyata keçirilir və müvafiq qaydada, sivil və hüquqi çərçivədə həll olunur.

Son olaraq bildiririk ki, Azərbaycan teatrının çoxşaxəli layihələrinin həyata keçirilməsi, gənc nəslin bu sahəyə davamlı şəkildə cəlb olunması, yeni tamaşaların hazırlanması və bilet satışlarının artması Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keyfiyyət yönümlü institusional dəyişikliklərin baş verdiyini göstərir. Bu dinamika, öz növbəsində, tamaşaçı marağının və məmnuniyyət səviyyəsinin yüksəlməsinə xidmət edir”.

# 103 dəfə oxunub

Oxşar xəbərlər

Humay Qədimovanın solo konserti baş tutdu

Humay Qədimovanın solo konserti baş tutdu

17:41 8 aprel 2026
Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin yeni nəşri təqdim edildi

Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin yeni nəşri təqdim edildi

16:35 8 aprel 2026
Mədəniyyət Nazirliyi "Kulis"i  15 illik yubileyi münasibətilə təbrik etdi

Mədəniyyət Nazirliyi "Kulis"i 15 illik yubileyi münasibətilə təbrik etdi

16:04 8 aprel 2026
"Tərk etməyi öyrən, xoşbəxtliyin açarı budur..." - Buddadan hikmətli kəlamlar

"Tərk etməyi öyrən, xoşbəxtliyin açarı budur..." - Buddadan hikmətli kəlamlar

14:50 8 aprel 2026
Ankarada azərbaycanlı rəssamların sərgisi açıldı

Ankarada azərbaycanlı rəssamların sərgisi açıldı

14:00 8 aprel 2026
"Varlı olmaq istəyirsinizsə..." - Amerikalı yazıçının məşhur bestsellerindən sitatlar

"Varlı olmaq istəyirsinizsə..." - Amerikalı yazıçının məşhur bestsellerindən sitatlar

12:50 8 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər