Gürol Koca
On iki ildir tərcümə ilə məşğulam. Bunun da təxminən səkkiz ilini professional tərcümə ilə məşğulam, yəni tərcümələrlə dolanıram. İlk vaxtlar çox həvəslə işləyirdim, ən axırda alacağım pul haqqında danışardım; nə zaman alacam, neçə aya. Amma o zamanlar pulun önəmi yox idi, mühüm olan insanlıq idi. İl ötdü, ay dolandı, bu işdə əməllicə bişdik, bundan da faydalanmağa başladıq: “Bir az borcum var, avans ala bilərəmmi?” “Nə qədər lazımdır? Axır vaxtlar, bazar ölüb, nağd pul sarıdan çətinliyimiz var!”
Keçən il çox böyük böhran oldu, çox korluqlar çəkildi, çeklər geri döndü, pul bir müddət ancaq xəyallarda tədavülə çıxdı, əlbəttə nəşriyyatlar bundan çox zərər gördülər. Bəs şöhrət qazanmış yazarların on minlərcə dollar qarşılığında bəzi nəşriyyatlara transfer olduqları və ya transfer olmaq üçün bu pulları (birjada tədavüldə olan pulları) tələb etdikləri barədə dedi-qodulara nə deməli? Dedi-qodu deməli, əlbəttə. Yaxşı, dedi-qodu deyək, bu cür dedi-qoduların gəzib-dolaşdığı bir mühitdə nəşriyyatın hər kitab üçün risk etdiyini, buna görə də tərcümə edəcəyim kitabın tərcümə pulunu ancaq bir dəfə olmaq şərti ilə ala biləcəyimi, növbəti nəşrlərə pul almayacağımı söyləyirlərsə (nəşriyyat söyləyir bunu, nəşriyyat necə danışa bilər deməyin, rəhbərliyində bir adam da olsa “bizlə” başlayan cümlələr qururlar) mənə, buna qarşı çıxmayacağımı bilə-bilə və mən də buna qarşı çıxmayacağımı bilə-bilə qoy olsun, heç olmaya avans ala bilərmmi deyəndə, onlar olmaz və ya olar, amma müəyyən həddə cavabını verəndə mən lənət olsun mənim işimə (mən bu ifadəni heç işlətmirəm, adətən başqa cür deyirəm, amma burada mümkün deyil) deyə bilərəmmi? Deyə bilmərəm. Bəy kimi (mən əslində heç bu ifadəni də işlətmirəm, amma nə isə) qəbul edər, işi istənilən tarixə yaxın bir tarixdə təqdim edərəm, iş əxlaqıdımı, düşünmədim, amma daha çox tərcüməni nə qədər gecikdirsəm pulumu da o qədər gec alacağımı bildiyim üçün belə elədimi deyə bilərəm. Bu dolanışıq qayğısı (az qala pul hərisliyi deyəcəkdim, elə pis təsir eləyiblər ki, dolanışığım üçün lazım olan pulu qazanmaq da ayıb görünür mənə) tərcümələrin keyfiyyətinə də təsir edir. Çünki bir kitabı tərcümə etdikdən sonra təhvil tarixinə gecikməmək üçün adətən tərcüməyə sadəcə göz gəzdirə bilirəm. Bunun idealı tərcüməni təkrar gözdən keçirməyə imkan verəcək pul almaqdı. Sonra nəşriyyatlarla, daha doğrusu redaktorlarla tərcüməçilər arasında əlaqə yoxdu. Tərcümə mətnində olan dəyişikliklərdən xəbərin olmur, xəbərdar olmaq istəsən də məlum səbəblə, yəni bir kitabı tərcümə etdikdən sonra digərinə keçməsən kirəkeş, nisyə aldığın mağaza, elektrik, su, telefon idarələri və s. ilə çənə-boğaz olacaqsan.
Tərcüməçi ilə redaktorlar arasında rabitəsizlik bəlli xətaları təkrar etməyinə səbəb olur, çünki xəbərdarlıq edən olmur, diqqətə almırlar və ya axtarıb tapmağa üşənirlər. Bəzi nəşriyyatlarda bəzi redaktorlar tərcüməçilər qədər əhliləşdirilmiş olmaya bilərlər, amma nəşriyyatlara özlərini çalışqan göstərmək üçün (onları da pis öyrədiblər) lazımlı-lazımsız redaktələr edirlər. İndi bir tərəfdə aldığı maaşa layiq olmaq üçün çırpınan redaktor, digər yanda dolanışıq üçün çırpınan tərcüməçi, mətn də qalır ortada.
Tərcümənin məktəbi yoxdumu, var, amma təcrübə başqa şeydi. Tərcümə etdikcə yeni suallar ortaya çıxır, bu sualların cavablarını tapmağa çalışdıqda isə bir şey öyrənir, ancaq öyrəndikləri adətən özündə qalır və ya yeni bir şey öyrənə bilmir. Belələri də ya nəşriyyat tərəfindən yararsız hesab edilib bir daha ona iş verilmir, ya da yararsız hesab edilir, amma buna rəğmən iş ala bilir (ucuz işçi qüvvəsi).
Mövcud şərait işində tərcümə məbləği qədər, bəlkə də ondan daha önəmli bir faktor kitabların davamiyyətidi, yəni bir kitabı tərcümə edib qurtardığında yenisini ala biləcəyi qarantiyasının olmasıdı. Amma burada da problemlər olur, çünki adətən bir sonrakı kitabın hansı kitab olacağını əlindəki kitabın tərcüməsinin bitməsinə az qalmış öyrənirsən. Bu da yeni bir hazırlıq dönəmini çətinləşdirir, yəni kitabı alıcı gözüylə oxuya bilmirsən. Bəlli bir sistem oturuşsa, məsələn tərcümə edəcəyin növbəti iki-üç kitabla qabaqcadan tanış ola biləcəyin bir sistem olsa, o zaman daha inamla kompüterin qarşısına keçə bilərsən.
Bu problemləri heç dilə gətirmədimmi? Digər tərcüməçilər də danışmadılarmı bu haqda? Allah bilir neçə dəfə. Ancaq bu şikayətlər həmişə fərdi şəkildə oldu. Burada danışdıqlarımın demək olar ki, hamısına səbəb nəşriyyatların tərcüməçiləri layiqincə qiymətləndirməmələri, elədiklərinin dəyərini azaltmaları, tərcüməçilərin onlara möhtac olması düşüncəsi ilə onları sıxışdıra bildikləri qədər küncə sıxışdırmaq istəkləridi; onlara görə birimiz gedər o birimiz gələr. Tərcümə pis də olsa, onu düzəldəcək bir adam mütləq tapılacaq. Halbuki, pis tərcümə həyatda düzəlməz, ancaq ya oxuna biləcək bir hala gətirilər, ya da yenidən tərcümə olunar. Sonra, qabaqlar tərcümə kitabı nəşr olunub bazara çıxandan sonra tərcüməçiyə iyirmi, iyirmi beş ədəd kitab verilərdi. Bu say sonralar ona düşdü, indi isə beşini verirlər. Yaxın çevrənə, dostlarına kitabından bir ədəd vermək istəyəndə pis vəziyyətdə qalırsan. Nəşriyyatdan beşdən artıq (yəni beşdən iki-üç ədəd artıq) kitab istədiyin zaman endirimlə ala biləcəyini deyirlər, yəni bizə bu köməkliyi də göstərirlər. Bu gedişlə bir gün nümunə üçün bir ədəd kitab verməklə kifayətlənəcəklər.
“Vergül” jurnalı