Kulis.az gənc şair Ülvi Bahadırın şeirlərini təqdim edir.
Afrodita ilə zəruri qarşılaşma
Qadın! Qışın gəldiyini bilməzdim,
saçlarından gələn şaxta varlığımı dondurmasaydı
Qadın! Gecənin düşdüyünü bilməzdim,
gözlərin əsrlərin yorğunluğundan bezib
uçulan qəsrlər kimi intihar etməsəydi.
Qadın! İnsanların laqeydliyini anlamazdım
əzrayılın boğazını cırmağına belə məhəl qoymayan qulaqların olmasaydı.
Qadın! Həyatın durğunluğu kül edərdi ümidlərimi
yüz illərdir bu durğun həyatla çarpışan ağaclara bənzəyən
əllərin, ayaqların olmasaydı.
Qadın! Bütün kişilərin arzuları sənin vicdanında intihar elədi
bütün kişilərin xəyalları sənin qürurunda boğuldu
bütün kişilərin ümidləri özlərindən əvvəl öldü
Qadın!
ver əllərini mənə indi
nə qədər tanrının qəzəbində qırmızı işıq yanır
keçirdim səni bu fil körpüsündən
Epitafiya
Əlvida, Günəşim, əlvida
arxanca su atmağa taqətim də yoxdu
bağışla məni!
Busəfərlik göz yaşlarımla kifayətlən
Ələn ruhuma ələn azacıq.
sonra get gözlərimin sonsuzluğuna
Get Günəş, tələs, nə olar
arzularımın Marafon yarışına az qalıb.
Buludları qayıq elə özünə
səmanı dəniz
və get
Nə bir iznə bir səs burax ardınca
Əlvida Günəşim, əlvida.
Bundan sonra sonum sonbahar və qış
Qəlbim yağmur ormanları kimi
Ancaq qurumuş ağaclardan və xəzəllərdən ibarət
Çünki damlalar qəlbimin hərarətində asır özünü
ətrafda göyərçin leşləri inqilab ordusu kimi
budur bir sarı çəkməli kor qoca
bir-bir toplayır göyərçinləri öz deşilmiş xurcununa
Əlvida, Günəşim, əlvida
yarpaqları intihar etmiş bir çinar ağacı
və ona dayaqlanan bir bəyaz donlu məsum qızcığaz not-not ağlayır
Yanaqlarından hər dəfə bir musiqi aləti yuvarlanır
yuvarlanır buxarlanır
ağzından mavi kəpənəklər buraxır səmaya hər dəfə
kəpənəklər barmaqlarımda asırlar özlərini
saçları qara qarğalara çevrilib tuturlar göy üzünü
gözlərinin qırmızısında yoxluğum arfa çalır
kəpənəklər qandal olub bağlayırlar qollarımı
qızcığaz əvvəlcə şirin-şirin gülür
və sonra şahdamarımdan bir qədəhlik qan süzür özünə
və heçliyin sahillərində gözdən itir
Əlvida, Günəşim, əlvida
Bundan sonra sonum sonbahar və qış
Esxatologiya
Neçə ildir gözlərimdə
bir kölgənin gözləri yol çəkir.
neçə ildir dodaqlarımda
bir qütb ayısının nəfəsi məskən salıb
neçə ildir nəfəsimi
bir ağ dovşan balası əldən salıb.
Gələcəyim başımı keçmişin sinəmi yırtıb
can atır atmosferə
qollarım övlad itkisi çəkən analar kimi fəryad edir
bu anlamsızlıq hər şeydən əllərimi üzən gündən
ayaqlarım XXX əsrdə
artıq başqa bir planetdə
başqa bir izdə
başqa bir addımda
Sonsuzluğum qollarımda can verir
heçliyim indi müharibədə şəhid olan əsgərlik yoldaşım
heç nəyim yoxdu indi
heçliyim belə
and olsun adəmin rəngsiz, iysiz, dadsız qabırğasına