Son günlər cəbhədə baş verənlər Qarabağ mövzusunda yazılan əsərləri də aktuallaşdırdı. Kulis.Az bu münasibətlə tanınmış şair Adil Şirinin “Laçın şikəstəsi” poemasını təqdim edir
Dağlar qoynunda bir kənd,
Evləri xana-xana.
Dağ başında sayrışar
Ulduzlar yana-yana.
Dağlar qoynunda bir kənd,
Meşəsi, yaşıl dərəsi.
Suçumuz nəydi, Allah,
Buğlanıb bəndi-bərəmiz.
Dağlar qoynunda bir kənd,
Dağ başını qar alır.
Evləri xana-xana,
Ulduzları qaralır...
Laçının Ərikli kəndindən
Əhməd oğlu Məhəmməd
Bir zamanlar
Hacı Samlı meşələrində,
Əhmədbəyli yaylağında
Başı qarlı dağlara baxanda
Elə bilirdi, el bilirdi
Cənnətdi bu məmləkət.
Bir könüldən, min könülə
vurulmuşdu dağlara,
Ürəkdən inanardı
Bu dağların cənnət dağları olduğuna.
İnanırdı
Ən gözəl oğulların.
Ən gözəl qızların
Bu dağların qoynunda doğulduğuna.
Dağ adamı duru olar –
İnanardı Marsda insan yaşayır desən,
Mars dağları da eynən bizim dağlara bənzər
Zirvələrdə qartallar uçar,
Meşələrdə ceyranlar, cüyürlər gəzər.
Ceyranların, cüyürlərin
Ayağını daş əzər.
Orada da bir Daşbulaq var,
Suyu damla-damla daşdan sızar,
Bulaq başında qızlar.
Kəndlər var Mars dağlarında
Özü də camaatı bizim kimi müsəlman.
Amma gavur erməninin
Bu dağları aşa biləcəyinə
İnanmazdı heç zaman.
İnanmazdı, inanmazdı, haşa,
Erməni bu dağları aşa.
Bir gecə bu dağların ulduzları
Güllə səsindən diksinəndə
Yenə inanmadı,
Əmisi nəvəsi Əli
Qonşu kənddə şəhid olanda.
Hələ də inanmırdı,
İnanmırdı, haşa,
Erməni bu dağları aşa.
Erməni Laçına girib dedilər,
Yenə də inanmadı.
Özü demişkən,
Səksən illik ömründə ilk dəfə
Zəmanənin gərdişindən bir şey qanmadı...
***
Ərikli kəndinin məzarlığında
Boynubükük bir bənövşə
Gülümsəyir günəşə.
***
Laçının Ərikli kəndindən
Əhməd oğlu Məhəmməd
Dağlara baxıb bir salavat çəkdi –
Ya mədəd.
Yaxşı adamdı Məhəmməd dayı,
Kişinin dünyada yoxdu tayı.
Alman faşistləri
Sovet İttifaqına hücum edəndə
On altı yaşındaydı –
Təzəcə tərləmişdi bığ yeri –
Əriklidən cəbhəyə yollandı bir səhər.
Uzun, ağır bir yol keçdi,
Əriklidən Berlinə qədər.
İki dəfə yaralandı,
Belarus cəbhəsində,
İki dəfə ölümün qara kölgəsi
Endi üstünə.
Ölüm faşist mundirində
Göründü gözünə.
Allahına yalvarırdı hər gecə,
Bir də Ərikli dağlarını görəydim deyirdi,
Ölməzdən öncə...
Za Rodinu! Za Stalina! –
Bağırırdı rus dilində.
Rus dili öyrəndi müharibədə,
Amma rus arağı içmədi...
Laçının Ərikli kəndindən
Əhməd oğlu Məhəmməd
Səksən yaşında,
Əlində kəhrəba təsbehi,
Ağlı-huşu başında.
Amerikan əsgərləri Bağdada girəndə
Üç gün, üç gecə Quran oxudu, dua elədi,
Bu üç gün, üç gecədə
Amerikan əsgərləri
Müsəlman Bağdadının başına od ələdi.
Zəmanənin gərdişindən
Bir şey qanmır səksən yaşlı Məhəmməd.
Laçının Ərikli kəndində doğulmuş
Oğul nəvəsi Əhməd
İraqda əsgərdi,
Yeri səngərdi.
Kimi kimdən qoruyur
İraq cəbhəsində laçınlı Əhməd?!
Bir yanda ölüm, -
Bir yanda qürbət...
***
Ulduzsuz bir gecə, qara bir gecə
Ərikli kəndindən çıxdı camaat.
Dağ yolu - insan, maşın, araba, at...
Havada barıt qoxusu.
Havada ölüm qoxusu.
Güllə səsiylə dolu ulduzsuz, ağır gecə.
Hər addım, hər nəfəs, hər söz işgəncə...
Laçının Ərikli kəndindən
Əhməd oğlu Məhəmməd
Televizorda görmüşdü Bakı şəhərini,
Elə bilirdi Bakıdan böyük, Bakıdan gözəl
Bir şəhər yoxdu dünyada –
Əlbəttə dağlar başqa məsələ.
İndi hər gecə
Yuxusuna girir Ərikli.
Bir ovuc torpaq gətirib Əriklidən
Öləndə gözlərinə töküləcək
Bir ovuc tutya vətən torpağı.
Dağ yoluyla çıxdı kənddən
Çiynində ov tüfəngi,
Başında buxara papağı.
Ürəyinin başında
Nəsildən-nəslə yadigar Quran.
... O gün dağlar qan rəngindəydi,
O gün geri fırlanırdı Zaman.
Laçının Ərikli kəndindən
Əhməd oğlu Məhəmməd
On bir ildi paytaxtın
Talesiz qaçqın sakini,
On bir ildi paytaxtın
Talesiz qaçqın sakini,
On bir ildi qırılıb,
Qırılıb qolu-qanadı.
BMT-nin müvafiq siyahısında
Adı, soyadı...
***
Laçının Ərikli kəndindən
Əhməd oğlu Məhəmməd
Dünyadan küsüb bu gün,
Amma ölüm xofu yoxdu canında,
Ölüm qorxusunu, ölüm xofunu
Harda itirdiyini çoxdan unudub artıq.
Bəlkə Kerçdə, bəlkə Kiyev altında,
Bəlkə Belarus meşələrində,
Bəlkə Varşava hettolarında qalıb?..
Hər halda 1945-in mayında
O, Berlində idi.
Müzəffər və qalib.
Yaxşı adamdı,
Əməli saleh müsəlmandı
Məhəmməd dayı,
Kişinin dünyada yoxdu tayı.
Tez-tez yadına düşür 45-in mayı.
Blarus Mikola, latış Yan,
Yuxusunda sayıqlayan həmyerlisi Süleyman.
Mavi gözlü, sarı saçlı
Polyak qızı Anna Mariya...
Eh!.. Gidi dünya, gidi dünya...
İraq cəbhəsində əsgərdi
Məhəmməd kişinin nəvəsi Əhməd.
Əhməd Bağdad yuxularında
Ərikli kəndini görür...
Bəlkə Əhməd
Dönməyəcək İraq cəbhəsindən,
Bəlkə başqa bir ərəb Əhməd vuracaq onu,
Gülləylə bitəcək bu cavan ömrün sonu.
O gün Laçının Ərikli kəndində
Göy kişnəyəcək, bulud ağlayacaq...
O gün Laçının Ərikli kəndində
Dağlar qara bağlayacaq...
***
Laçının Ərikli kəndindən
Əhməd oğlu Məhəmməd,
Elə bilirdi
Cənnətdi bu məmləkət.
Gəncliyində hardasa
Avropada azdırdığı ölüm
Gəlib Bakıda tapdı onu bir gün,
Amma ölüm qorxusu yox idi içində,
Dağlardan utanırdı qürbətdə öldüyü üçün...
O gün yağış yağırdı Bakıda,
Beyninin içini döyəcləyirdi yağış səsi,
İraq cəbhəsindəydi nəvəsi...
Radioda Qarabağ şikəstəsi...