Şəkilə and içən gənc şair

Şəkilə and içən gənc şair
27 avqust 2019
# 16:32

Kulis.az Əbülfət Mədətoğlunun Oğuz Ayvazın “Adını pıçıldadığım küçə” kitabı haqqında yazsını təqdim edir.

Öncədən deyim ki, Oğuz Ayvaz bir xeyli müddət “Ədalət” qəzetinin əməkdaşı olub. Necə deyərlər, gözümün qabağına söz-söz, misra-misra böyüyüb, inkişaf edib.

Mərhum atasını dəyərli söz adamı kimi tanıdığımız, həm də "Ədalət”in səhifələrində şeirləri ilə də çıxış edib. Və günlərin birində biz kollektivimizin bu gənc əməkdaşının toy məclisinin də iştirakçısı olduq. Və hətta gül parçası olan qızının da boyunu sevdik.

Bütün bunları ona görə xatırladıram ki, ilk kitabı barəsində söz açacağım Oğuzu yaxından tanıdığımı, onun sözlə necə işləmək bacarığını müşahidə etdiyimi oxuculara bildirim. Və deməli, az-çox yaradıcılıq təcrübəsi olan bir insan kimi mən Oğuzun ilk kitabını çox məmnunluq hissiylə qarşıladım. Çünki o artıq kitab müəllifi olmaq haqqını qazanmış gənclərimizdən biri idi və hətta bu işdə bir az gecikmişdi. Yəni müxtəlif mətbu orqanlarda, eləcə də sosial şəbəkədə imzasını tanıtmağı bacaran Oğuz Ayvaz müasir ədəbi gəncliyin ümidverici imza sahiblərindəndi. Və onun şeirlərindəki hava da, ruh da safdı. Hələ üstəlik də bu hava çəkicidi. Onun canında sanki bir az da maqnit var.

İlk kitabını qızına ithaf edən Oğuz Ayvaz yazır ki:

Atamın şəkli haqqı yadımdasan,

indi ən gözəl uzağımın adısan.

Atamın şəkli haqqı yadımdasan,

indi daha çox mənə oxşayırsan.

... Tanrıdan imdad diləyirsən...

O qədər darıxırsan ki,

o qədər, o qədər...

sevdiyin adama bənzətmək istəyirsən

adamları

yalvararsan ağrımaq üçün,

atamın şəkli haqqı düz deyirəm...

Təqdim etdiyim bu şeir parçası təkcə özünəməxsus andiçmə deyil. Yəni atamın özünün yox, şəklinin canına and içmək artıq oxucuda ata barəsində müəyyən təsəvvür yaradır. Onun varlığının indi bir xəyal olduğunu anlayır. Amma həm də bu andın müqəddəsliyi də özünü qabardır. Göstərir ki, sevdiyin adama bənzətdiyin adamlar sənə ağrımaq üçün şərait yaradır. Amma sən bu şəraiti məhz atanın şəklinə and içməklə həm əldə edirsən, həm də onu təsdiqləyirsən. Mən bu şeiri oxuyanda kitabın ilk səhifəsindəki auranı bir növü əynimə geyindim və beləcə şeirdən şeirə keçdikcə gördüm ki, bütün kitabdakı ovqat demək olar ki, bir ssenaridi. Həm də bu ssenarinin kəpənək ömrü də, təbiət eskizi də və yaxud rəsmi çəkilmiş bacı da bu ovqatın cizgiləridi, naxışlarıdı.

Image result for Oğuz Ayvaz şeir kitabı

Oğuz Ayvazın şeirlərində nisgil, kədər daha qabarıqdı, daha çox önə çıxıbdı. Ona görə də vurğuladığım ovqat bəzən sevincə təşnə olur, onu axtarır. Təsəvvür edin ki, “Fevral şeiri”ni oxuyursan. İlk misra təqdimatdı. Son misralar bir növü xatirələri qatlayıb üst-üstə çinləmək və ona baxa-baxa düşünməkdi, xəyala dalmaqdı. Özünüz də diqqət yetirin:

Atam öləndə fevral idi,

şəhərimiz soyuqdan donmuşdu.

Heç qışda da adam ölər?

Heç ilin bu vaxtı getməkmi olar?

Atam ölən gün biz çox ağladıq,

bircə qardaşım uzun-uzadı susdu,

indi bütün uzaqlar atadı,

indi bütün uşaq təbəssümləri xatırlamadı,

indi bütün qovuşmayanların adı atamdır...

Gördüyünüz kimi, bu şeirlərin düşündürmək gücü kifayət qədərdi. Və mən Oğuz Ayvazın şeirlərindəki fikir gücünü ən yaxşı bir cəhət kimi görürəm. Çünki bu güc oxucunu tutub saxlayır, özəlləşdirir. Mən də Oğuza ünvanladığım 5-6 cümləlik məktubumla ona ən xoş arzularımı bildirmək və uğurlu, davamlı olsun! demək istəyirəm. Düşünürəm ki, elə belə də olacaq. Çünki o, yəni Oğuz Ayvaz zəhmət çəkməkdən, sözə çiyin verməkdən çəkinmir, qorxmur. Həyat da cəsarətliləri sevir, elə poeziya da! Uğurlar, Oğuz Ayvaz! /adalet.az/

# 2525 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #