"Dər qığılcımlarımı, sıx buludlarımı..." - "Yeni Güney Azərbaycan" layihəsində Elşən Böyükvəndin şeirləri

"Dər qığılcımlarımı, sıx buludlarımı..." - "Yeni Güney Azərbaycan" layihəsində Elşən Böyükvəndin şeirləri
9 oktyabr 2026
# 15:00

Kulis.az Əli Çağlanın təqdimatında "Yeni Güney Azərbaycan" layihəsində Elşən Böyükvəndin yeni şeirlərini təqdim edir.

Son Samuray


Qılıncların öpüşməsinə yerikləyən,
Ordusu yenilmiş
Son Samuray kimiyəm.

Muğan ovalığında oxların sevişməsi ilə ürəklənən
Dəli Şahsevən seliyəm.

Sən xirqədən-xirqəyə, dondan-dona girən
Didərgin boylu bulud təki bir sufi,

Mən ilğımları röyalarında daşıyan
Daşqın yataqsız bir çay...

Yuvasız bir quşam,
Damarlarında götür məni.

Vətənsiz bir küləyəm,
Qucağına al məni...

Sünbülündən üzülüşmüş küləşəm,
Əllərində daşı məni,
Quşların səsinə qon,
Qanad çal yasaq dilimin sürgün söz yurdu üzərindən...

Sıyrılmış baxışını çək
Xaqansız göyün ürkək mahnısı telindən.

Qıl yarlığanmış suçlarımın əsrük tinindən
Çaxır ağuluğunu...

Dal dalğıc təpəri ilə könlüm çölünə,

Özümü özünə qovuşdur,
Yanaqlarının cizgilərində,

Gövdəmi tininə sovuşdur,
Tamarzı günlərin bürkülü günəşində.


Səslərinə baxdım

Səslərinə baxdım,
Fotolarını dinlədim...

Sənə hörüldüm,
Sənə tikildim.

İlmələndim məmələrinə,
Suvaşdım uzun qıçlarına,
Sürtüşdüm yanaqlarına...

Əllərimdə qığılcım,
Əllərimdə bulud,
Dər qığılcımlarımı,
Sıx buludlarımı...

Yağış sözün dilimdə cücərir,
Qar cümlələrin düşümdə göyərir...

Səsin dilinə bürünür,
Dilin səsini geyinir...

Mən səni özümsəyirəm,
Mən səni ölümsəyirəm,
Sən məni dirimsəyirsən,
Sən məni mənimsəyirsən.

Və birdən-birə qıçlarının arasında
Bulağa çevrilirəm.


Sürməli söz


Küləyin dili ilə yağan buluddan soruş,
Qızların ruh usandıran qızmarlığını.

İlmələri sökülüb dodaqdan qopunca,
Uçuşan kəpənəklərdən soruş
Şeirin azğınlığını...

Sıxınca qızıl üzüklü misralarını
Beytə çevrilir əllər,
Və əriyir qafiyələr...

Sürməli sözün pəncərəsidir gözlərin,
Göyqurşaqlı dalğalar,
Dodağından süzər,
Süzülər,
Səssizliyə oraqlanan səsin sünbüllərinə...

Küləyin dili ilə yağan buluddan soruş,
Göylə dənizin sevişməsini
Və buludların doğulmasını.

Korluğumdan
Günəşdən umacağım bir pay yox,
Korluğumu andırandır gözləri
Küləyə sovrulacaq nəsnəm yox,
Saçımın ətrini çalmış...

Dərincə səsimdəki qır hənirini,
Kül-kül üstə qalanır yarpaqlar kürəyində...

Basınca dilimdəki bulaq güzgülü gözlərini,
Yaz tumu səpilir al qanadlı yanaqlarına...

Cızır-cızılır, oyur-yonulur,
İçimdəki od dilimlərinin yanğılığı.

Burax ucunu baxışımın,
Qoy qurusun bu quraqlıqda.

Ovuclarından damcılayan
Yaşıl-göy qandan anladım
Kor olduğumu.

# 73 dəfə oxunub

Oxşar xəbərlər

Bizə "ölümün adamları" deyirlər...  - Məşhur seneqallı şairdən şeir

Bizə "ölümün adamları" deyirlər... - Məşhur seneqallı şairdən şeir

14:00 9 oktyabr 2026
"Necə gedir həyat, çabalayırsız?"- Marina Svetayeva

"Necə gedir həyat, çabalayırsız?"- Marina Svetayeva

12:00 8 oktyabr 2026
“Mənə o dibçəyi ver, bir də akvariumu...” - Mətləb Ağanın yeni şeirləri

“Mənə o dibçəyi ver, bir də akvariumu...” - Mətləb Ağanın yeni şeirləri

11:00 8 oktyabr 2026
“Torpağın ayaq altdan qaçdığı o yerdəyəm” - Qönçəgül Kamalqızının şeirləri

“Torpağın ayaq altdan qaçdığı o yerdəyəm” - Qönçəgül Kamalqızının şeirləri

10:30 7 oktyabr 2026
"Sözlərə bürünəcəyəm ala-bəzək otlar kimi..." - Alfred Tennison

"Sözlərə bürünəcəyəm ala-bəzək otlar kimi..." - Alfred Tennison

15:30 6 oktyabr 2026
"Məndən nəsə var Antonio Banderasda..." - Həmid Herisçinin yeni şeirləri

"Məndən nəsə var Antonio Banderasda..." - Həmid Herisçinin yeni şeirləri

15:00 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər