Tolstoyu sərgərdan həyata məcbur edən,
Qoqola əsərlərinin əlyazmasını yandırtdıran,
Puşkini otuz doqquz yaşında öldürən həmin daxili
güc Lermontova cəmi iyirmi yeddi il yaşamağa
imkan verdi. O güc ki, bütün xarici aləmlə
vuruşmağa qadir deyil və arxaya açılan atəş kimi
öz sahibini öldürməyə məhkumdu.
“Proşşay Rossiya nemıtaya…”
Pəncərəmi açanda Günəş Beştau (Beşdağ) dağının arxasından təzəcə çıxırdı. Bəxtimə beşmərtəbəli binanın beşinci mərtəbəsinin küncündə yerləşən apartament tipli, boy-baş pəncərəli otaq düşmüşdü. Binada yeganə yer idi ki, vüsalına can atdığım həmin mənzərə - Lermontovun bir çox əsərində tərənnüm etdiyi hər üç dağ görünürdü. Qarşıdan Beştau, yandan Maşuk və yalnız səhərlər peyda olan Elbrus.
Bir azdan bu dağın ətəklərinə - Beştaunun şərəfinə “Pyatiqorsk” adlanan, Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərinin çox hissəsini, “Knyajna Meri”ni isə bütövlükdə yazdığı həmin şəhərə üz tutacaqdım.
Hələliksə oranı Yessentukidəki otağımın pəncərəsindən seyr edirdim. Başlanğıc üçün yaxşı işarə idi: beşmərtəbəli binanın beşinci mərtəbəsi, çöl divarı iri laylı beş pəncərədən ibarət çardağa bənzəyən künc otaq və qarşımda bütün əzəmətiylə dayanmış Beşdağ. Mənə elə gəlirdi ki, bu sərin Qafqaz sabahında şehli otlar içərisində gənc bir rus zabiti öz çərkəz atını mahmızlayıb, çərkəzlər kimi məharətlə, amma onlardan fərqli olaraq, məqsədsiz yerə, ənginliyə doğru at çapır.
Lermontovun avtobioqrafik “Zəmanəmizin qəhrəmanı” əsərində öz prototipi olduğu asanlıqla anlaşılan Peçorinin dili ilə yazdığı kimi: “Mən çılğın at belində hündür otların içi ilə çöldə əsən küləyə qarşı çapmağı xoşlayıram: ətirli havanı acgözlüklə uduram, gözlərimi mavi uzaqlara zilləyərək hər dəqiqə daha aydın görünməyə başlayan dumanlı şeylərin cizgilərini seçməyə çalışıram. Elə bir qadın baxışı yoxdur ki, cənub günəşinin şəfəqlərilə yaşıla boyanmış yaşıl dağları və mavi göyü gördüyüm, ya da ki, bir sıldırım qayadan o birinə tökülən selin gurultusuna qulaq asdığım zaman onu unutmamış olum…”
Qafqaz həmin Qafqaz idi, həmin təbiət, buraların hər il dəyişən müxtəlif qonaqları, eyni yerli əhali - çərkəzlər, kabardinlər, adigeylər…
***
Pyatiqorsk şəhərində də hər şey iki əsr əvvəl Lermontovun yazdığı və illər öncə mənim oxuyub uşaq xəyalımda canlandırdığım kimiydi. “Knyajna Meri”də təsvir olunan mineral su quyuları, Maşukun məşhur aşırımı (“Proval”), şəhər bulvarı, Lermontovun sevdiyi qalereya, bir vaxtlar müvəqqəti yaşadığı qamış damlı ev və nəhayət, Maşukdakı duel yeri.
İndi mən bu yerləri köhnə xatirələri ziyarət edirmiş kimi qəribə bir hüznlə dolaşırdım. İndi bu yerlər - “Proval”, mineral su quyuları dövlət tərəfindən qorunur, Maşuka qalxan kol-koslu cığırların yerində maşın yolu salınıb, funikulyordan kanatla dağın başına beş dəqiqəyə çıxmaq mümkündü. Bir neçə yerdə şairin heykəli ucaldılıb, sevdiyi qalereya indi onun adınadı, duel yerində böy+ük bir idman parkı salınıb.
Şairin ömrünün son günlərini dayısı Stolıpinlə birgə yaşadığı, hərbi məktəb yoldaşı Çelayevin ona müvəqqəti verdiyi gözəl bağçalı xudmani ev kasıb görünür. Nənəsi sevimli nəvəsinin ölümündən sonra onun şəxsi əşyalarını lənətlədiyi Qafqazdan apartdırıb. Hətta divardakı İran xalçasının üstündən asılmış o zamana aid silahlar belə Lermontova məxsus deyil.
Burda Lermontova məxsus yalnız bir neçə əşya qorunur. Əsərlərində təsvir etdiyi, Qafqaza gələrkən özüylə gətirdiyi sandıqlar, yazı masası və son şeirlərinin əlyazması. Amma otaqda, bağçaya açılan ön pəncərədə, arxa bağçadakı taxta artırmada, pəncərənin önündəki yazı masasında hər şey dipdiridi. Eynən “Knyajna Meri”nin girişindəki təsvirdə olduğu kimi: “Çiçək açmış gilasların budaqları pəncərəmə baxır, külək bəzən bu çiçəklərin ağ ləçəklərini yazı stolumun üzərinə səpələyir. Mənzilimdən üç tərəfə açılan mənzərə çox gözəldir, Qərbdə beş təpəli Beştau “yavaşımış fırtınanın son buludları” kimi mavi rəngə çalır. Şimalda Maşuk tüklü İran papağı kimi yüksəlir. Şərqə baxmaq daha xoşdur, şəfalı çeşmələr çağlayır, müxtəlif dilli kütlənin hay-küyü eşidilir. Üfüq boyu Kazbekdən başlamış Elbrusa qədər qarlı təpələrin gümüş silsiləsi uzanmaqdadır. Mənim bütün damarlarımda naməlum bir uşaq sevinci axmaqdadır…”
***
Lermontov ilk dəfə Qafqaza uşaq yaşlarında gəlir. 1818-ci ildə nənəsi balaca Lermontovu özüylə Kislovodskda yaşayan bacısıgilə gətirir. 1820 və 1825-ci illərdə nənəsiylə birgə Qafqazın “isti suları”nda müalicə alan yeniyetmə bu yerlərə vurğunluğunu sonralar öz şeirlərində ifadə edir.
Onun Qafqazla ən “uğurlu ittifaqı” isə 1937-ci ildə alınır. On səkkiz yaşında Moskva Dövlət Universitetinə daxil olan, iki il sonra ordan çıxıb yunkerlik məktəbində oxumağa başlayan Lermontov həmin il artıq hərbi təhsilini başa vurmuş, Puşkinin ölümünə yazdığı şeirə görə özünü yuxarıların gözündən salmış, Qafqazda dağlılarla müharibə aparan Nijeqorodsk süvari alayına dəyişdirilmiş, həm də ciddi şəkildə soyuqlamışdı. Elə onda Qafqaza - ön cəbhəyə, sürgünə göndərilən şair yolüstü Pyatiqorskda qalıb müalicə almalı olur. Bu səfərin Lermontovun həyatında və rus ədəbiyyatı tarixində başqa əhəmiyyəti var. Bu, təkcə bir zabitin “günahını” yuyacaq sürgün, uşaqlıqdan əziyyət çəkən bir revmatizm xəstəsi üçün müalicə deyildi, həm də və ən əsası, macəraları sevən, Qafqaz təbiətinə vurğun, Peterburq mühitində boğulan bir yazıçı üçün açılan ikinci nəfəs idi. Və nəticədə onun şedevri - “Zəmanəmizin qəhrəmanı”nın bir çox hissələri yolda, “Knyajna Meri” isə bütünlükdə Pyatiqorskda yazılır. “Sular”da o vaxtdan çox sular axıb, çox insanlar gəlib-gedib, çox sevgilər yaşanıb, amma onların heç biri Veranın Peçorinə olan sevgisi qədər əbədiləşməyib.
Bu dövr həm də şairin qısa ömrünün nisbətən xoşbəxt vaxtlarıdı.
Qafqazdan sonra bir neçə yerə təyin olunan Lermontov, nəhayət, Peterburqa qayıdır. Az keçmiş fransız səfirinin oğlu Ernest de Barantla duelə çıxdığına görə hərbi məhkəməyə verilir, Ordonans-haus və Arsenal qauptvaxtalarında istintaq altında olur. Burda o, “Qafqazın görüntüsü”, “Terek hədiyyələri”, “Demon” və başqa məşhur tablolarını yaradır, “Bela”, Fatalist” və “Taman” povestləri dərc olunur, “Şeirlər” kitabı və “Zəmanəmizin qəhrəmanı” bütövlükdə çapa hazırlanır.
1840-cı il onun üçün yaradıcılıq baxımından nə qədər uğurlu olsa da, başı qalmaqallardan açılmayan şair üçün bu dövr o qədər darıxdırıcı idi ki, dostu Mariya Lopuxinaya yazırdı: “Qafqaza təyin olunmağımı istədim, etiraz etdilər, hətta öldürülməyi də mənə çox görürlər”.
Həmin ilin 16 aprelində həbsdə olan şairlə görüşən Belinski Vasili Botkinə narahatlıqla yazır: “Onu Qafqaza göndərəcəklər, bu ağılsız rus özünü məhv edəcək”.
Nəhayət, gözlənilən hadisə baş verir, cəmi bir gün sonra 1840-cı ilin 17 aprelində Lermontovu Qafqazdakı ən təhlükəli Tenginsk piyada polkuna təyin edirlər. Bu, iyirmi altı yaşlı yazıçının artıq ikinci sürgünüydü. Buna baxmayaraq, Lermontov bir müddət ön cəbhədə əsl döyüşçü kimi vuruşur. Damarlarında şotland generallarının qanı axan, aristokrat rus ailəsində böyümüş, yaxşı tərbiyə almış, Moskva Dövlət Universitetini yunkerlik məktəbinə dəyişərək taleyini səhv getmiş bu döyüşçü xarakterli zadəgan, şotland əsilli rus, hərbi mundirli dahi cəmiyyətə və həyata ironik münasibətinə rəğmən, həm də güclü yaşamaq eşqi olan gənc yazıçıydı və özünü ön cəbhədə, Qafqaz ordusu zabiti kimi öz yerində hiss edə bilməzdi. Ona görə də, nənəsinə yazdığı məktubda ordudan tərxis olunarsa, ədəbiyyat jurnalı təsis edəcəyini və qalan ömrünü ədəbiyyata həsr edəcəyini yazırdı. Tale isə onun üçün başqa – yenə də Pyatiqorskda - öz sevimli Maşukunun qoynunda tamamilə gözlənilməz ssenari hazırlayırdı.
(ardı var)