Yazıçıların ev qalmaqalı böyüyür

Yazıçıların ev qalmaqalı böyüyür
23 may 2013
# 13:40

“Yazıçılara veriləcək mənzillər tam hazır olmasa da satışa çıxarılıb. Ancaq “Abidə” MTK-nın sədri Arif Mədətov satışa mane olur”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyində (AYB) ev bölgüsü ilə bağlı yaradılmış Komissiyanın sədri, AYB sədrinin müşaviri Rauf Aslanov deyib.

Onun sözlərinə görə, ev növbəsində duran yazıçılar bu məsələ ilə bağlı ciddi addımlar atmaq fikrindədir: “Arif Mədətov istəyir ki, yazıçılar mənzilləri ona özü istədiyi qiymətə, yəni kvadrat metrini 600 manatdan satmaq məcburiyyətində qalsın. Növbədə dayanan 36 yazıçı bu məsələni ciddi şəkildə qaldırsalar, heç bir MTK onların qabağında dayana bilməz. Arif Mədətov bu yaxınlarda verdiyi müsahibədə də binanın 50 ilə hazır olacağını qeyd etdi. Bu sözdən sonra o mənzilləri kim alar? Ev növbəsində duran yazıçılar ziyalı adamlar olduğu üçün hələlik səslərini çıxarmırlar. Lakin bu yaxınlarda onlar bu məsələ ilə bağlı ciddi iş görmək istəyirlər”.

R.Aslanov artıq AYB-nin bu məsələdə heç bir rol oynamadığını qeyd edib: “Biz daha bu məsələyə müdaxilə etmirik. Çünki öz vəzifəmizi yerinə yetirmişik. Zamanında Heydər Əliyev sərəncam imzaladı, yazıçılara torpaq ayrıldı. Mənzillərin tikintisi “Abidə” MTK-ya həvalə olundu. O vaxt sərəncam “Abidə” MTK-nın adına verildi. Əgər sərəncam AYB-nın adına verilsəydi, yazıçılar mənzilləri çoxdan əldə etmişdilər. Bundan başqa, müqavilədə yaşayış yerinin 10%-nin verilməsi yazılsa da, AYB-yə cəmi 4% yer verilib”.

“Abidə” MTK-nın sədri Arif Mədətov APA-ya bildirib ki, AYB ilə aralarında heç bir problem yoxdur: “Yazıçılara ev verilməsi ilə bağlı məsələ xalq yazıçısı Anarla mənim aramda razılaşdırılıb. Bu məsələ gündəmə gələndə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov prezidentin yanında demişdi ki, AYB ərazisi olan bir şirkət tapsa, biz sərəncamı həmin şirkətə verərik və yazıçılar mənzil alarlar. Mən də yazıçı Anarla danışdım ki, torpaq alıb, binanın müəyyən faizini sizə verə bilərəm. O zaman sərəncamın AYB-nin adına verilməsi mümkünsüz idi. Sərəncam onların adına necə verilə bilər? Onlar MTK kimi qeydiyyatdadır ki? Mən “Abidə” MTK-nın sərəncamını 2001-ci ildə almışam. AYB ilə yolum 2004-cü ildə kəsişib və bundan qabaq mən bu kooperativin bütün sənədlərini hazırlamışam”.

A.Mədətov problemin ev növbəsində duranların öz aralarında olduğunu söyləyib: “AYB ilə müqavilə elə Anar müəllimin otağında 9 mənzil əsasında imzalanıb. Məsələnin əsas mahiyyəti odur ki, mən bu mənzilləri onlara bağışlamışam. AYB nə torpağı almağa, nə də başqa bir şeyə maliyyə ayırıb. Hər şeyi biz etmişik. Mən Zərgərpalan və Süleyman Tağızadə küçələrinin kəsişməsində yerləşən bu torpağı sərəncamın 2-3 qat dəyəri qiymətinə almışam. Aldığımız torpaqda da yaşayış evləri var idi. Məbləği açıqlaya bilmərəm, amma onları böyük xərclə bu ərazidən köçürdük. Sərəncam verilən torpağa gərək maliyyə qoyasan. Maliyyəni bankla müqavilə əsasında əldə etdik və heç bir narazılıq olmadan insanları bu ərazidən köçürdük. Yazıçılara verilən 9 mənzilin hər biri 105 kvadrat metr olmaqla iki otaqdan ibarətdir. Binadakı mənzillərin kvadrat metri 1500 manatdan satıla bilər. Mənzillərin necə bölünəcəyinin isə mənə aidiyyəti yoxdur. Mən onlara 9 mənzil bağışlamışam. AYB isə bu mənzilləri 36 yazıçı arasında bölüşdürmək qərarına gəlib. Onlar bu mənzilləri satıb pulunu bölüşdürə bilərlər. Müqaviləyə əsasən, yaşayış sahəsinin 10%-i AYB-yə verilməli idi. Onlara müqavilədə qeyd olunandan artıq ərazi verilib, nəinki əskik. İndiyə qədər bu məsələ ilə bağlı yazıçılar çox şikayətlər ediblər. Ancaq müqavilə göz qabağındadır”.

MTK sədri bina hazır olmasa da yazıçıların evlərini təmir edə biləcəklərini açıqlayıb: “2009-cu ildə bankın işi ilə bağlı problem yarandığından, tikinti bir müddət dayandı. Hazırda isə iş davam edir. Artıq binanın yalnız bir bloku tikilməmiş qalıb. 8-9 aya bina alğı-satqıya gedə bilər. Yazıçıların mənzilləri hazırdır, amma bina tam hazır olmadığı üçün təhvil verə bilmərik. Buna baxmayaraq, müqavilə əsasında kim istəsə, gəlib öz evini təmir edə bilər. Evi müqavilə əsasında sata bilmədikləri üçün bina hazır olandan sonra onlar müqavilə əsasında “kupça” alacaqlar. “Kupça” alınandan sonra 4 nəfər bir nəfərə etibar edib mənzilləri satıb bölə bilərlər”.

# 1629 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #