"Dünyanı yaratdığına görə Tanrını qınamağa heç bir haqqımız yoxdur, çünki..." - Polyak mütəfəkkirdən sitatlar

"Dünyanı yaratdığına görə Tanrını qınamağa heç bir haqqımız yoxdur, çünki..."  - Polyak mütəfəkkirdən sitatlar
23 oktyabr 2026
# 10:00

Bu gün tanınmış polyak mütəfəkkir, filosof Leşek Kolakovskinin doğum günüdür.

Kulis.az onun əsərlərindən müəyyən hissələri təqdim edir.

Özünü heç olmasa bir dəfə də olsun fırıldaqçı hesab etməmiş müasir filosofun təfəkkürü elə dayazdır ki, onun yazdıqlarını oxumağa belə dəyməz.

***

Din insanın həyatı qaçılmaz bir məğlubiyyət kimi qəbuletmə tərzidir. Həyatın qaçılmaz məğlubiyyət olmadığını iddia etmək isə vicdanla müdafiə oluna biləcək bir fikir deyil. Əlbəttə, insan ömrünü gündəlik qayğıların təsadüfləri içində xərcləyə bilər, lakin bu halda belə, həmin ömür yalnız yaşamaq üçün göstərilən aramsız və ümidsiz bir canatmadan, sonda isə yaşanmamış həyata görə duyulan peşmanlıqdan ibarət olar. İnsan həyatı yalnız o zaman qəbul edə və eyni zamanda onu məğlubiyyət kimi dərk edə bilər ki, bəşər tarixinin özündə mövcud olandan daha uca bir mənanın varlığını, başqa sözlə, müqəddəs olanın nizamını qəbul etmiş olsun. Müqəddəs anlayışından tamamən təmizlənmiş fərziyyəvi bir dünya yalnız iki ehtimala yer verərdi: ya özünün xülya olduğunu dərk edən əbəs xülyalar, ya da anında tükənən ani həzzlər. Bu isə Bodlerin təklif etdiyi kimi, "fahişələrin aşiqləri" ilə "buludların aşiqləri" arasında bir seçim buraxardı: yalnız anın ləzzətini bilən və buna görə də nifrətə layiq olanlar ilə faydasız xəyallarda itən və buna görə də eyni dərəcədə nifrətə layiq olanlar. Hər şey nifrətə layiqdir və deyiləcək başqa bir söz qalmır. Müqəddəslikdən azad olmuş şüur bunu özündən gizlətsə belə, əslində yaxşı bilir.

***

Biz tarixi necə davranacağımızı və ya necə uğur qazanacağımızı öyrənmək üçün deyil, kim olduğumuzu bilmək üçün öyrənirik.

***

Dünyanı yaratdığına görə Tanrını qınamağa heç bir haqqımız yoxdur. Çünki bu, Onun özünü tapdığı o lənətəgəlmiş boşluqdan qurtulması üçün mümkün olan yeganə yol idi...

***

Fərdlərin azadlığının antropoloji təmələ malik olduğunu fərz edə bilərik. Etiraf etmək lazımdır ki, bu, sözün adi mənasında nə sübut, nə də təkzib edilə bilən bir təlimdir. Bununla belə, azadlığın totalitarizmin və dünyanın ümumi bürokratlaşmasının birgə təzyiqi altında büsbütün məhv olmayacağına bəslədiyimiz ümid və hətta onu qorumaq üçün göstərdiyimiz qətiyyət azadlıq arzusuna olan inamımızdan asılıdır; azad seçimdə fərdi və müstəqil iradə nümayiş etdirmək meylinin tarixin təsadüfi bir şıltaqlığı, özünəməxsus ictimai şərtlərin nəticəsi və ya bazar mexanizmlərinin, müəyyən iqtisadi həyat formalarının müvəqqəti əlavə məhsulu deyil, məhz insan olmağın ən köklü mahiyyətinə söykəndiyinə olan inamımızdan asılıdır.

***

Dünyəvi olanın çatacağı kamilliyə sərhəd qoyan müqəddəslik anlayışının yox olması ilə sivilizasiyamızın ən təhlükəli illüziyalarından biri meydana çıxır: insan həyatının məruz qala biləcəyi dəyişikliklərin heç bir hüdudu olmadığı, cəmiyyətin mahiyyət etibarilə sonsuz dərəcədə elastik bir varlıq olduğu və bu elastikliyi, bu kamilləşmə imkanını inkar etməyin insanın tam muxtariyyətini, deməli, insanın özünü inkar etmək olduğu barədə xülya.

***

Əgər varlıq mənasız, kainat isə qayəsindən məhrum olsaydı, nəinki başqa bir ehtimalı təsəvvür etmək bacarığını, hətta məhz bu fikrin özünü - yəni varlığın mənasız, kainatın isə qayəsiz olması düşüncəsini ağıla gətirmək qabiliyyətini belə heç vaxt qazana bilməyəcəyimizi güman etmək ağlabatan deyilmi?

***

Bütün bunları nəzərə alsaq, utopik təfəkkürü müdafiə etmək üçün deyiləcək bir söz varmı? Sözün mənasını müəyyən dərəcədə məhdudlaşdırsaq, hər şeyi demək olar. Əgər utopiya sosial həyatda müdafiə etmək və həyata keçirmək istədiyimiz ən ali dəyərlər toplusunu ifadə edirsə, bu dəyərlərin bir-biri ilə heç vaxt tam uyğunlaşmayacağını bilsək belə, onların hamısından yapışmağımıza heç nə mane ola bilməz. Əgər utopiya ən yaxşı olanı hasil etmək məharətinə yiyələndiyimizə dair bir təminat deyil, əlçatmaz optimumun tənzimləyici bir idealıdırsa, deməli, o, düşüncəmizin zəruri bir parçasıdır. Lakin dünyanı qıtlıqdan, əzabdan, nifrətdən və ədalətsizlikdən necə qurtaracağımızı bildiyimizi iddia etmək uşaqcasına bir xəyalpərəstlik olardı, çünki bunu heç kim bilmir. Bu şərtləri yumşaltmaq üçün nə edilə bilərsə, yalnız konkret sahələrdə, kiçik miqyasda və addım-addım həyata keçirilə bilər. Qiyamət günü mənzərəsi, böyük sıçrayış və həlledici döyüş axtarışında olan həqiqi utopik zehniyyət üçün bu yanaşmanın qəbuledilməz görünməsi təbiidir; belə bir zehniyyət üçün qalan hər şey boz, darıxdırıcı, təmtəraqdan uzaq və əksinə, xüsusi bilik tələb edən zəhmət kimi görünür.

***

Təkamül tədqiqatçılarının fikrincə, maraq - yəni təhlükə və ya fizioloji ehtiyaclar tərəfindən təhrik edilmədən dünyanı təmənnasız kəşf etmək kimi müstəqil meyil - növümüzün xüsusi morfoloji xüsusiyyətlərində kök salmışdır və buna görə də növümüz öz kimliyini qoruduğu müddətcə zehnimizdən silinə bilməz. Həm Pandoranın ən acınacaqlı bədbəxtliyi, həm də əcdadlarımızın Cənnətdəki macəraları sübut edir ki, maraq hissi bəşəriyyətin başına gələn bütün fəlakət və müsibətlərin başlıca səbəbi olmaqla yanaşı, şübhəsiz, onun bütün nailiyyətlərinin də qaynağı olmuşdur.

***

Marksizmin qazandığı nüfuz heç də onun elmi xarakterinin nəticəsi və ya sübutu deyil, demək olar ki, tamamilə onun peyğəmbəranə, fantastik və irrasional ünsürlərindən qaynaqlanır. Marksizm hər kəsin məmnun qalacağı bir cənnətin lap yaxında bizi gözlədiyinə dair kor-koranə bir etimad təlimidir. Marksın və onun ardıcıllarının demək olar ki, bütün öncəgörmələri artıq puç olmuşdur, lakin bu hal xilaskar təriqətlərdə olduğu kimi, möminlərin mənəvi qətiyyətini əsla sarsıtmır. Bu baxımdan marksizm bir din funksiyasını yerinə yetirir və onun təsiri dini mahiyyət daşıyır. Lakin bu, dinin eybəcər bir təqlidi və saxta formasıdır, çünki dini mifologiyalardan fərqli olaraq, özünün dünyəvi axirət təlimini elmi bir sistem kimi təqdim etməyə çalışır.

***

Siyasətdə aldanmaq bəraət qazandırmır.

***

Xristian humanistləri antik mədəniyyətin mənəvi və intellektual sərvətlərini xristian dünyasına bəxş etmək üçün böyük bir təşəbbüsə girişmişdilər; bunu heç bir narahatlıq və ya daxili ziddiyyət hissi keçirmədən edirdilər, çünki bütpərəstliyin - başqa sözlə, ilahi təcəssümün lütfü ilə hələ müqəddəsləşdirilməmiş təbiət qüvvələrinin özlərinin - mədəniyyətin bütün sahələrində möhtəşəm nailiyyətlər qazana biləcəyinə inanırdılar.

***

Mütləq təməl axtarışı bu axtarışın qanuniliyini inkar etmək qədər Avropa mədəniyyətinin ayrılmaz bir parçasıdır.

***

Mən o zaman gənc və hər şeyi bilən bir tələbə idim (təəssüf ki, tezliklə bu hər iki fəzilətimi itirməli oldum).

***

Son dərəcə ağlasığmaz hadisələr hər an baş verir və həyatın təkamülünün sırf təsadüfün nəticəsi olması ehtimalı, oyun kartlarının mexaniki qarışdırılması nəticəsində müəyyən bir düzülüşün yaranması ehtimalından heç də daha az düşünülən deyil.

***

Müəyyən məhdud mənada Çin kommunizmi Sovet növünə nisbətən daha bərabərlikçidir; lakin bu, onun daha az totalitar olmasından deyil, daha çox totalitar olmasından irəli gəlir.

***

Bəşəriyyət dini özünüdərk ehtiyacından heç vaxt yaxa qurtara bilməz: mən kiməm, haradan gəlmişəm, bu dünyadakı yerim haradır, nə üçün məsuliyyət daşıyıram, həyatımın mənası nədir, ölümlə necə üzləşəcəyəm? Din bəşər mədəniyyətinin ən ali cəhətidir. Dini tələbatı rasionalist ovsunlarla mədəniyyətdən qovmaq mümkün deyil. İnsan yalnız ağılla yaşamır.

***

Mən nə Kant mütəxəssisiyəm, nə də kantçı, lakin xüsusən də idrak nəzəriyyəsində və etikada Kant təfəkkürü ilə tarixi təfəkkür arasındakı ziddiyyətlər məsələsində Kant tərəfdarı olduğumu deyə bilərəm.

***

Mənəvi kamillik yalnız sonsuz tərəqqinin mümkünlüyü şərtilə mümkündür, sonsuz tərəqqi isə öz növbəsində yalnız varlığımızın sonsuz olduğu təqdirdə gerçəkləşə bilər.

Türk dilindən tərcümə etdi: Sevinc Mürvətqızı

# 102 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur yazıçı ilə nəşriyyat arasında süni intellekt qalmaqalı

Məşhur yazıçı ilə nəşriyyat arasında süni intellekt qalmaqalı

10:40 23 oktyabr 2026
Parisdə böyük sənət sərgisi vaxtından əvvəl bağlanır - Səbəb

Parisdə böyük sənət sərgisi vaxtından əvvəl bağlanır - Səbəb

10:20 23 oktyabr 2026
Klod Monenin  tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

Klod Monenin tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

18:30 22 oktyabr 2026
Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

18:10 22 oktyabr 2026
Türkiyədə  arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

Türkiyədə arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

18:00 22 oktyabr 2026
“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

17:30 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər