Evimin bakirəliyi – Yeni Şeirlər

Evimin bakirəliyi – Yeni Şeirlər
8 avqust 2019
# 14:22

Kulis.az Günel Rəcəbin yeni şeirlərini təqdim edir.

On dörd gecəlik ay bilir

Yaz yağışının sirrini.

Yeni səhifədən başlayanlar

Bakirə, ağ vərəqlərə

Döşəyər təkliyini.

Ağ divar kağızı

Ağ divan....

Bir axşam qayıdarkən evimə

Üşütdü ruhumu

Evimin bakirəliyi

İllər sığalladıqca

Bu sevdanın telini

Qısıldı ürəyimə

Ürkək körpələr kimi.

Bürümə məni xəyallarına!

Gerçəyim ol!

Geyinim əynimə.

Şərfim ol!

Rəngbərəng

Təpədən dırnağadək

Bürünüm rənglərinə!

***

Yığıb son ümidləri

Yollara çıxdım, adam.

Bütün yolları gəzdim.

Səni tapmadım, adam.

Sənsiz çilik-çiliyəm

Min yerimdən sınıram

Ağrıların içində

Səni sayıqlayıram.

Ümidlər səssiz-səssiz

Pəncərədən baxarmış.

Göz yaşı da adama

Gecə layla çalarmış.

Gecənin sahilində

Ulduzları yığmışam.

Buludlar arasından

Sənə çığır açmışam.

Ümidimi pərdə tək

Pəncərəmə tikmişəm.

Bəlkə gələrsən deyə

Gözlərimi dikmişəm.

Hələ ulduzlar sönməmiş

Ümidlərim ölməmiş.

Pəncərəmdə işığım,

Geri dön, yaraşığım!

***

Çıraq kimi

Əzizim Emmaya!

Tökülər insanlar ömrümdən

Tökülər yarpaq kimi.

Kimi uzaqlara,

Qəlbindəki qırxıncı otağa.

Kimi məçhula

Qapısıbağlı otaqlara.

Kimi saralar, çürüyər

Ayaqlar altında əzilər,

əzilər torpaq kimi...

kimini zaman qoparar

qoparar külək kimi.

Uzadarsan arxasınca əlini

əlini budaq kimi.

Gedişinə üzülər

Qaranlığa bürünərsən.

Axtararsan...

Axtararsan çıraq kimi...

***

Skripkanın bu səsi
günlərdir ağladır məni.
İlmə-ilmə sökür ruhumu.

Güzgülər də

üzümə vurur
ruhumun yoxluğunu.

Asın məni şeirlərimdən!
Anamın göz yaşıyla,
Noyabr yağışıyla
yuyun günahlarımı.

Ruhumun boş yerinə
qoyun saralmış
çinar yarpaqlarını...

# 3668 dəfə oxunub

Oxşar xəbərlər

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

13:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər