Taleh Mansur
Hər dəfə müharibə məsələsi gündəmə gələndə 2014-cü ilin yayı düşür yadıma. Yadınızdadırsa, həmin vaxt da ara qarışmışdı. Düşmən bir neçə nəfər itki vermişdi, biz isə bir neçə şəhid...
Həmin günlərdə mən və bir neçə yaxın dostum yığışıb düşmənlə həmsərhəd Qazaxın Böyük Cəfərli kəndinə, Kəmərli kəndində qəhrəmancasına şəhid olmuş, gizir İsa Almasovun dəfn mərasiminə getmişdik. Şəhidin dörd övladı qalmışdı özündən sonra, bir neçə aylıq əkiz qızları, beş-altı yaşlı başqa bir qızı və on-on iki yaşlı bir oğlu. Uşaqlar çox körpə idi və nələrin baş verdiyini anlaya bilmirdilər. Yalnız deyəsən, oğlu nələrisə bir az başa düşürdü. Bu köhnə, nimdaş paltar geyinmiş qarabəniz oğlan tikintisi yarımçıq qalmış evlərinin pilləkənində oturub için-için ağlayırdı. Hamı kədərli, hamı gözüyaşlı idi. Allahın özü belə ağlamaqdan özünü zorla saxlayardı. Allaha görə narahat idim, insan insana təsəlli verib sakitləşdirəcəkdi, Allah ağlasa təsəlli verəni kim olacaqdı?! Nə onda bu suala cavab tapmışdım, nə də indi tapıram...
Çox keçmədən şəhidimizin Azərbaycan bayrağına bükülmüş cənazəsini çiyinlərimizə alıb məzarlığa tərəf yol aldıq. Hava həddindən artıq isti idi. Əllərimizdə tutduğumuz Azərbaycan bayraqları yeridikcə dalğalanıb, bizi öz kölgəsində saxlayır, istidən təntiyib büdrəməyə qoymurdu. Sanki Azərbaycan bayrağı bununla uğrunda canından keçən şəhid övladını öz borcunu qaytarmaq istəyirdi.
Şəhidin evində gördüklərimdən dolayı başımı yuxarı qaldıra bilmirdim. Elə bilirdim, başımı qaldırsam, vicdanım üzümə tüpürəcək. Yalnız yolun yarısında, yaxınlıqdakı düşmən postlarını görəndən sonra, başımı dik tutmağa məcbur qaldım. Yəqin ki, onlar bizi görürdülər, özü də lap aydın...
Torpaq yolun tozunu, vətən torpağının bir parçasıdır deyə, doya-doya ciyərlərimizə çəkə-çəkə qəbiristanlığa gəlib çatdıq. Şəhidin ömür-gün yoldaşı da bizimlə birgə qəbiristanlığa qədər gəlmişdi. Adətən biz tərəfdə qadınlar dəfn zamanı qəbrin yanına buraxılmır. Qadınlar yalnız dəfndən sonra qəbri ziyarət edə bilirlər. Ancaq onda nə qədər elədilərsə, şəhidin ömür-gün yoldaşının qarşısını ala bilmədilər. Qəbiristanlığa qədər gəlməyi azmış kimi qadın gah tabutu məzara endirən adamlara mane olmağa çalışır, gah da yaylım atəşi açmağa hazırlaşan əsgərlərin qarşısına keçib silahlarının lüləyini sinəsinə sıxıb yalvardı ki, onu vursunlar. Gördükləri mənzərədən dəhşətə gələn əsgərlərin gözləri dolmuşdu. Bilmirdilər neyləsinlər, az qalırdılar vətən səmalarına göndərəcəkləri güllələri vətən səması qədər böyük ürəklərinə sıxsınlar.
Xülasə, şəhidimizi dəfn elədik. Dəfn mərasimi bitəndən sonra şəhidin ömür-gün yoldaşı məzarın başında diz çökdü. Oğlunu bağrına basıb fəryad qopardı. Çox güman ki, onun səsini düşmən postları da eşidirdi. Əlacım olsaydı, bu səsi düşmənlər eşitməsin deyə, qulaqlarıma dəfn edərdim. Ancaq nə fayda? Qadın yandığından bilmirdi nə etsin. Qeyri-ixtiyari oğlunu buraxıb qəbrin torpağını ovuclayıb ağzına doldurdu. Sanki həyat yoldaşını udmasın deyə torpağı yeyib bitirmək istəyirdi. Mənə elə gəldi ki, qadın hikkəsindən bütün torpaqlarımızı yeyib bitirəcək. Sonra da biz kişilərin üzünə tüpürəcək ki, qoruya bilmədiyiniz torpağı namusum kimi öz bədənimdə saxlayacağam. İradəm tab gətirmədi, üzümü yana çevirəndə gözüm dəbdəbəli maşınlarda dəfnə gələn yerli məmurlara sataşdı. Baxırdılar, sadəcə baxırdılar. Onların gözləri bizim ciblərimiz kimi bomboş bizim gözlərimiz onların cibləri kimi dopdoluydu, göz yaşları ilə deyirəm.
Bayaq düşmən postlarını görüb məğrur tutduğum başım yenə aşağı əyildi. Bilmirəm niyə, Markesin, "Vətən ən gözəl uydurmadır!" - sözlərini pıçıldadım. Onda özümə gəldim ki, bir neçə soyuqqanlı məmur yuxarıdan-aşağı tərs-tərs mənə baxır. Gec də olsa anladım ki, sən demə, pıçıltı sandığım sözləri hissə qapılıb bir az bərkdən demişəm...
...Və ən kədərlisi budur ki, bütün bunlar düşmənin gözü önündə baş verirdi...