Kulis.az Zöhrə Fərəcovanın "Anasını öldürən uşaq" hekayəsini təqdim edir.
Cinayət başında yaxalanmış adamlar kimi çaşıb qalmışdı. Mat-məəttəl qarşısında duran, başdan-ayağa qara geyinmiş, vaxtından tez qocalıb bükülmüş, çəlimsiz qadına baxırdı. Yenə onu görüb dəliyə dönmüşdü. “Deməmişdim... bunu mənə göstərməyin?!..” – deyə vay-şivən qoparırdı. Bundan sonra olacaqları da bilirdi. Dəhşət içində dayanıb gözləyirdi...
Qadın başındakı yaylığı əlləriylə geri itələdi. Var gücüylə saçlarını yolmağa başladı. Sonra... ən çox qorxduğu burasıydı... Qadın: “Anan ölsün, balaaa...” – deyə, qiyyə çəkə-çəkə dırnaqlarıyla üzündə şırım açdı. Qana boyadığı yanaqlarına təzədən əl atanda məclisə yığışmış qadınlar özlərini yetirib qollarından yapışdılar. “Çiçək, eləmə... Allaha ağır gedər...”, – dedilər. Başqa bir qadın isə quş kimi şığıyıb onu – pilləkənin başında quruyub qalmış uşağı qucağına götürüb içəri qaçdı.
– Sizə demədim ki, Çiçək xala bu gün gələcək?! – mətbəx qapısında dayanmış gəlinlərdən biri söyləndi.
– Mən elə bildim sabah gələcək, – onu qucağından yerə qoyan gəlin hər şeyin günahkarıymış kimi fağır-fağır dilləndi.
– Yox e... Çiçək xala Sayad nənəni çox istəyir. Həmişə deyir ki, mən Sayad nənənin qucağında böyümüşəm...
Sayad nənəni bu gün dəfn eləmişdilər. Hələ ki onun barəsində nə keçmiş zamanda danışa, nə də rəhmət oxuya bilirdilər.
Dəfndən sonra kənd əhli dağılışmışdı. Qalanlar qohum-qonşularıydı. Kişilər həyətdə çadır yerini, yas məclisi üçün alınacaqları məsləhətləşirdilər. Sabahdan bəri ağlayıb yorulmuş qadınlar isə evin böyük salonuna döşənmiş xalçaların üstündə, ipək üzlü döşəkçələrdə bardaş qurub oturmuşdular. Növbəylə Sayad nənənin ölüm xəbərini necə eşitdiklərini danışırdılar. Çiçəyin gəlişiylə mövzu dəyişdi, yenidən hərə öz dərdini oxşayıb ağlamağa başladı. Mətbəxdəkilər də onlara qoşuldular. Kənddə yas yerlərində gah işlərə əl yetirən, gah ağlayanlara qoşulan, gah da bütün olanları diqqətlə izləyib müzakirə eləyən bir dəstə belə qız-gəlin olur. Buradakıların da ağlaşması uzun çəkmədi. Mətbəxin qapısından salonda olanları izləyən gəlin söhbətə körpü saldı:
– Yenə özünü yaman günə qoydu...
Ad çəkilməsə də, söhbətin kimdən getdiyi bəlliydi. Mətbəxdəkilər deyilənləri başlarıyla təsdiqlədilər. Biri eyni hüznlə söhbətə davam elədi:
– Adamın beş ildə heç gözlərinin yaşı qurumaz?!..
– Beş ildir... O qədər oldumu yəni?
– Hə, – gəlin başı ilə ona işarə eləyib səsini alçaltdı – Bunun beş yaşı bir həftədən sonra tamam olacaq...
– Düz deyirsən, – bayaqdan lal-dinməz dayanmış başqa biri söhbətə qoşuldu – Dünən Çiçək xala danışırdı ki, qızın beş ilini verəcəklər.
– Onda yəqin Ramiz dayı da gələr.
– Yolunu gözləyirlər. Dünən zəng eləmişdi. Deyib ki, gəlirəm.
Ramiz onun üzünü görmədiyi ana babasıdı. Cavanlıqdan bir ayağı Rusiyadaydı.
– Əziz... – Mətbəxin bir tərəfində qıçlarını yığıb oturmuşdu. Başını dizlərinin arasında gizlətmişdi. Atasının xalası qızının səsini eşidəndə dikəldi. O, cavab gözləmədən tələm-tələsik dedi:
– Nənən səni soruşur. Bibi qurban olsun sənə, acmamısan?
Başını buladı. Onun ac ola biləcəyi gəlinləri hərəkətə gətirdi.
– Qadan alım, bir tikə yemək ye...
– Xala sənə qurban... Çay verim?
Kimsənin üzünə baxmadan başını yellədi. Ata nənəsinin bu vurhavurda onu düşünməsi duyğularına sığal çəkmişdi. Ancaq ona görə əl-ayağa düşən gəlinlərin baxışları altında yenə sıxıldı. Sevməkdən çox halına acıdıqları bəlli idi, gizlədə bilmirdilər. Biri, axır ki, ürəyindəkiləri dilinə gətirdi:
– Yazıq uşaq...
Onun sözünü ağzında qoydular:
– Yavaş danış...
– Hər şeyi başa düşür axı...
Bircə addımlığında dayanıb onun haqqında söhbət edirdilər. Öz aləmlərində pıçıltıyla, üstüörtülü... guya başa düşməyəcəkdi...
– Nuraya oxşayır?
Nuray adını eşidəndə vücudundan gizilti keçdi. Diqqətini topladı.
– Yox, ay qız, eynən atasıdı.
– Mən gözlərini oxşadıram. Hərdən üzümə baxanda elə bilirəm Nuray baxır...
Anasına bənzədiyinə sevindi. Başını aşağı saldığından gülümsədiyini görən olmadı. İstəyirdi yenə Nuraydan danışsınlar.
– Siz bir sinifdə oxuyurduz da?
– Bir partada otururduq.
– Ceyhunla aralarında poçtalyonluğu da sən eləyirdin. Yadımdadı, bir dəfə tarix müəllimimiz tutmuşdu məktubu... Amma nə günləriydi...
Xısın-xısın gülməyə başladılar. Elə bil bir az qabaq içlərini çəkə-çəkə ağlayan bunlar deyildi. Bir-birinin sözünü kəsə-kəsə məktəb illərindən məzəli əhvalatlar danışmağa başlamışdılar.
– Yadındadı?!. Nurayın ad günüydü. Məktəbə tort gətirmişdi. Riyaziyyat dərsində müəllimin qorxusundan gizlətməyə yer tapmırdıq...
Bütün diqqətini toplasa da, heç nə başa düşmürdü. Adda-budda nəsə deyir, danışmaqdan çox gülürdülər. Gözlərini bərk-bərk yumub həmin ad gününü xəyalında canlandırmağa çalışdı... Bir dəstə gənc oğlan, qız sinif otağındaydılar. Hey gülüşürdülər. Onlardan biri şəkillərdə gördüyü Nuraydı. Amma eynən yuxularındakı kimi onun üzünü seçə bilmirdi.
Peşman-peşman gözlərini açdı. Söhbət bitər-bitməz yenə yada düşəcəkdi ki, beş ildi həmin gün Nurayın anasının qəbristanlıqda çəkdiyi nalə kəndi ayağa qaldırır. Bu sonluğu dinləmək istəmirdi. Amma həyətə düşmək üçün salondan keçməliydi. Onda Çiçək onu görüb yenə şivən qopara bilərdi.
Gözlədiyinin əksinə, gəlinlər söhbəti məktəb xatirələrindən qırağa çıxarmırdılar. Söylədikləri hər əhvalatın başında Nuray vardı. Həm də eynən şəkillərindəki kimi çox gözəl, şən idi... Atasının deyildiyi qədər nadinc, zarafatcıl olduğuna isə inana bilmirdi.
Bir-birlərini az-az görürdülər. O, kənddə babasıgildə, atası isə şəhərdə yaşayırdı. Gələndə cəmi bir gecə qalır, kim nə soruşsaydı, kəsə-kəlmə cavab verirdi. Amma indi eşidirdi ki, sinifdə bütün oyunları onun atası qurub-qoşurmuş. Bir də müəllimlərinin belə xətrinə dəyməyə imkan vermədiyi Nuray varmış. Ona görə hər cəzaya, hər danlağa razıymış. Məktəbi bitirəndən sonra getdiyi şəhərə, daxil olduğu universitetə də Nuraya görə isinişə bilmirmiş. Qorxurmuş ki, Nurayı gələn elçilərin birinə verərlər. Cavidi universiteti atmaması üçün nişanlayıblar. Üçüncü kursda oxuyanda da toylarını eləyiblər. Hər ikisinin valideyninin əli yeni evlilərin üstündə olub. Şəhərdə torpaq sahəsi alıblar, ev tikdiriblər. O evdə cəmi bir ay yaşayıblar. Anasının təkidi ilə kəndə gələn Nuray deyinirmiş: “Uşaq olsun, qırx günü gözləyən deyiləm, evimə gedəcəm. Mən olmasam, Cavid işə ac gedər”...
Əziz o evi görməmişdi. İndi orda ona doğma olduğu qədər də yad olan atası başqa qadınla yaşayırdı. Analığı Əzizi istəmirdi. Ata nənəsinin qonşu arvadlarla söhbətlərindən eşitmişdi bunları.
Atası kəndə həmişə əlidolu gəlirdi. Aldığı oyuncaqlarla, topla, velisopedlə oğlunun oynayıb-oynanamasıyla isə maraqlanmırdı. Elə bu günün səhəri onu yola salan nənəsinin küçə qapısından səsi gəlmişdi: “Ay bala, vallah lazım deyil. Dədən də pensiya alır, mən də. Şəhər yerində pul sizə bizdən çox lazımdı. Bu gün-sabah uşağın da olacaq”...
Heç ata mehri görməsə də, başqa bir uşağın olacağı xəbəri ona toxundu. Evin arxasına qaçdı. Babasının tayaya söykədiyi nərdivanla yuxarı dırmaşıb quru otların arasında gizləndi. Gözlərini bərk-bərk yumdu. Ağlamırdı. Nənəsi deyirdi ki, bir yaşı tamam olanadək gecə-gündüz ağlayırmış. Onda əmisigil hələ şəhərə köçməyibmiş. Nənəsiylə əmidostusu səhər-axşam beşiyinin başında növbə çəkirmişlər. Bir yaşı tamam olandan sonra birdən-birə ağlamağa son verib. O vaxtdan bir dəfə də onu gözüyaşlı görən olmayıb. Heç yıxılıb əziləndə, xəstələnəndə də ağlamırdı.
Bilmədi üşüdüyünə görə, yoxsa həyətdən onu çağıran babasıyla nənəsinin səsinə yuxudan ayıldı. Otları aralayıb baxdı. Ora-bura vurnuxur, onu axtarırdılar. Babasından çəkinib səsini çıxarmadı.
– Mən gedirəm, sən də gör uşaq hardadı... tez gəlin... – Babası gedə-gedə dedi bu sözləri. Onun ardınca həyət qapısı örtüləndə Əziz yerindən qalxdı. Nərdivandan enməyə səbri çatmadı. Özünü otların arasıyla üzüaşağı buraxdı. Nənəsindən arxayındı, onu danlamazdı. Ürəklə yanına getdi. Nənəsi ağlayırdı. Onu görən kimi əlindən yapışdı:
– Gedək, bala, – dedi.
Həmişə o qabaqda gedirdi. İndi nənəsinə çata bilmirdi. Əllərini gah başına, gah dizlərinə vura-vura yüyürdü. Fikirləşdi ki, yəqin, yenə qohum-qonşuda kimsə ölüb. Nənəsinin bacısı evinə yaxınlaşdılar. Onları görən arvadlar səs-səsə verdilər. Nənəsi də onlara qoşuldu.
Əziz yas məclislərinə heç getmək istəmirdi. Ona görə ki, yenə ölən qalacaqdı bir tərəfdə, onu ağlayacaqdılar. “Körpə balam lay-lay... anasız balam laylay”, “gəlin ölən anana qurban...”, “can, ay yetim...” deyəcəkdilər. Bu dəfə daha çox qüssələndi. Çünki “nənə” dediyi Sayad ölmüşdü. Həmişə cibindən alma, konfet çıxarıb ona verər, xoş sözlərlə dindirərdi. Nəvələrini hədələyərdi: “Əzizlə işiniz olmasın, yoxsa dədəniz gələndə deyərəm”. Təkcə Sayad nənə deyildi, qohum-qonşuda başqa arvadlar da uşaqlarına tapşırırdılar: “Əzizin xətrinə dəyməyin”. Nənəsinin də bütün günü gözü onun üstündəydi. “Qaçma, tərləyərsən”, “qalın geyin, üşüyərsən”, “su içmə, boğazın ağrıyar”, “velisopedə minmə, yıxılarsan”... O heç vaxt xəstələnmirdi, yıxılmırdı, əzilmirdi. Nənəsinin bu qədər nigaranlıq çəkməsinin səbəbini başa düşmürdü... Sanki bir başqası uşağını ona əmanət eləyib ki, geri dönənədək göz-qulaq olmasını tapşırmışdı.
Əzizi atasıyla qorxudan, gah acıqlanan, gah bağrına basan anası yox idi. Atası isə uzaqdaydı. Adını da nənəsi qoymuşdu. Əziz ulu babalarının adı idi. Ancaq nənəsi “barı bundan sonra əziz olsun” deyib vermişdi ona bu adı. Ata nənəsinin umuduna qalmışdı. Onun da gözüyaşlı sevgisi uşaq ikən üst-başını, böyüdükcə də sonra ürəyini isladırdı.
Onunla oynamaq tay-tuşlarının xoşuna gəlmirdi. Çünki istədikləri kimi oynaya, dalaşıb-barışa bilmirdilər. Ondan kənar gəzirdilər.
Bu gün qəfil xəbəri eşidib uzaqdan gəlmiş qohumlarının ikisi uşaqları qoymağa yer tapmadıqlarından özləri ilə gətirmişdilər. Onlara qoşulub ilk dəfə rahat-rahat oynamağa başlamışdı ki, onda da Çiçək gəlib-çıxmışdı. Yenə onu uşaqlardan ayırmışdılar.
– Əziz... – Ana nənəsinin səsini eşidəndə ürəyi atlandı. Utanmasaydı, boynuna sarılardı. Hiss elədi ki, nənəsi də onun üçün darıxıb. – Başına dönüm, əldə-ayaqda itərsən. Baban zəng elədi ki, gəlsin, evimiz istidi.
Başqa vaxt olsaydı, nənəsinin olduğu yerdən getməzdi. İndi səssiz-səmirsiz yerindən qalxdı. Nənəsi onu qucaqlayıb, üz-gözündən dönə-dönə öpdü.
– Ləman, – nənəsi qardaşı gəlininə səsləndi. – Əzizi pilləkənlərdən düşür, özü gedər. Siz də burda oyalanmayın. Kişilərə çay verin.
Hava hələ qaralmasa da, axşamın sazağı enmişdi. Yeyin addımlarla həyət qapısına yol aldı. Çathaçatda üz-üzə gəldiyi kişinin yanından ötüb keçdi. Bir neçə addım aralanmışdı ki, ayaq saxladı. Geri boylandı. O da dönüb baxırdı. Bu ucaboylu, cantaraq kişini ilk dəfəydi görürdü. Onun tüklü sifətində qəribə bir ifadə vardı. Elə bil qeyzlənmişdi, indicə kimləsə dalaşacaqdı. Ancaq kişinin acıqlı baxışlarından kimsə Əzizə gülümsəyirdi. Təbəssümündən tanıdı, Nuray idi. Kişi də deyəsən onu oxşatdı. Qaşları daha da düyünləndi. Əziz kişinin gözlərində halqalanmış yaşa baxırdı. Qayıdıb ona təsəlli vermək istəsə də, geri döndü. Həyət qapısına çatanda, arxaya boylandı. Kişi bayaqkı yerində donub qalmışdı.
Əziz evlərinə getmək üçün kənd arxının üstündən salınmış körpüdən keçməliydi. Yayda bura onun ən əyləncəli yeriydi. Balaca aşsüzəni suya salır, ləmələm dolanda yuxarı qaldırırdı. Su süzülür, xırda balıqlar aşsüzəndə atılıb-düşürdü. Nənəsi arabir ona xəbərdarlıq eləyirdi:
– Balıqları at suya, balacadılar.
Nənəsinə demək istəyirdi ki, bilirəm, kiçik balıqları anasından ayırmaq olmaz, indi suyun altında, evlərində onları gözləyir. Ona görə də arxa geri dönəndə sevinclə atılıb-düşürlər...
Əyilib diqqətlə baxdı. Arxın suyu astaca ləpələnirdi. Xeyli vaxtdı balıqları görünmürdü. Yəqin, dərinliklərdə, analarının olduğu yerdədirlər. Üşüməsinlər deyə anaları onları evlərinə çağırıb... Görəsən, o da suya atılsa... balığa dönsə... o zaman xırda balıqların anası onu da evinə buraxar? Bəlkə elə burdan gedənlər də ordadı... Suyun altında sarayda yaşayırlar...
Əziz əllərini uzatdı. Barmaqları suya toxundu, soyuqluğunu hiss eləsə də, üşümədi...
Batmaqda olan günəşsiz günün rüzgarında arxın suyu səssiz-səssiz ləpələnirdi...