Uşaqlığımı qoyub gəldiyim o kənddə doğulduğu torpağa, su içdiyi bulağa, endiyi dərəyə, qalxdığı dağa ömürlük bağlanan, ulu eşq nəslindən, söz yaranan kökdən olan bir şair yaşayır.
“Ot kökü üstə bitər” deyib atalar, o da atası kimi qoruqçudu. Ancaq sözün qoruqçusu! Bəlkə şairlik gecə - gündüz sözlə döyüşüb, sözə əsir düşməkdi. Bəlkə sözün əsir götürüb, əsir etdiyi şairlərdi əsl şairlər?!
Nə bilim bəlkə də...
...Açıb eşq qutusun, “nəzir” götürdüm,
bu şah qəm məni də vəzir götürdü!
Döyüşdük, söz məni əsir götürdü,
döyüşdük, sözümə uduzdum, Allah...
Allahdan aşağıda, bəndədən yuxarıda dayanan söz yaradanla yaranmışın arasında körpüdü. Həzrəti-İbrahimi Nəmrudun odundan qurtaran uca və mehriban Allah rəssamla öz arasında rəngi, bəstəkarla öz arasında səsi, peyğəmbərlə – şairlə öz arasında sözü körpü etdi.
Allah söz körpüsünü keçib ona yaxınlaşmağı o şairlərə lütf və inayət etdi ki, onlar sözə uduzdular, sözü udmaq istəmədilər.
Yaradanla yaranmışın arasında sözə uduza - uduza şair ömrü yaşamaq onun alın yazısıdı.
O, alın yazısını ağ vərəqlərə köçürüb hər gün Göy üzünə məktub yazan şairdi.
...Hər gün Göy üzünə məktub yazıram,
ancaq ki, atmağa bir qutu yoxdu...
Mənim bu dərdimə ad qoyulmayıb,
mən olan dünyanın Qorqudu yoxdu.
Biri var dərdin ola, ağlaya bilməyəsən, yəni yazmaq istəyəsən yaza bilməyəsən.
Biri də var ki, dərdin ola, ağlaya biləsən, yəni yazmaq istədiyini yaza biləsən.
Bəlkə də yaradıcı adam üçün yazmaq qədər sevincli, yaza bilməmək qədər kədərli heç nə yoxdu dünyada. O, istər klassik ədəbiyyatı, istərsə də ağız ədəbiyyatını, ozan-aşıq sənətini, bir sözlə, xalq dilini gözəl bildiyi üçün dərdini ağlayanda – şeir yazanda zəngin bədii dil, poetik məna, yetkin fəlsəfi fikir sarıdan korluq çəkmir.
...Min dəfə xoşbəxtəm, bir dəfə görsəm,
bir gün görməyəndə, min gün ahım var.
Mən sənə min dəfə “bağışla” dedim,
sən elə bildin ki, min günahım var!
O, tay - tuşlarından fərqli olaraq müasir Azərbaycan ədəbi dilinə yeni nəfəs, fikrin bədii-fəlsəfi yükü ilə birgə xalqın söz gülşəninin şəhdi - şirəsini gətirib. Onun yaradıcılığının əsas uğurunun başlıca məziyyətlərindən biri, məhz onun bədii dilinin sadə xalqın öz dili olması ilə bağlıdır:
...Sevinc öldü, ah sağ qaldı,
haqq vuruldu, axsaq qaldı...
Saz bu yerdə ağsaqqaldı,-
sazın ayağına durun!
O, yeri gələndə cinas sözlərdən elə ustalıqla, sənətkarlıqla istifadə edib sözə poetik nəfəs verir ki, istər - istəməz oxucunu öz şeiriyyət dünyasını çəkib aparır.
Gözəl şeir yazmaq əsas şərt deyil, gərək oxucunu ovsunlaya biləsən.
...Kəndimizdə Əjdər adlı qaraqabaq bir kişi var. “ Çal oynasın Əjdər əmi” mahnısından sonra hamı ona Əjdər əmi deyir. Ağlım kəsəndən bəri ha xatırlayıram, Əjdər əmiylə həm söhbət olmağım yadıma gəlmir ki, gəlmir, bircə Allahın salamından savayı. Dəfələrlə Əjdər əmiylə söhbət etmək istəmişəm, nəsə alınmayıb. Bəlkə Əjdər əmi məni ovsunlaya bilməyib, bəlkə də, bilmirəm...
Bildiyim budur ki, Əjdər əminin qonşusu Bəylər əmiylə həmdərd, həmnəfəs, həmsöhbət olmaq çox asandı. Çün ki, Əjdər Əmidən fərqli olaraq, Bəylər əmi yeyib - içən, deyib - gülən adamı ovsunlayan bir kişidi. Kim bilir, bəlkə Əjdər əmi Bəylər əmidən də yaxşı adamdı, bəlkə də...
Nədənsə oxucunu ovsunlaya bilməyən şairlər mənə Əjdər əmini, ovsunlaya bilənlər isə Bəylər əmini xatırladır. Bəlkə oxucunu ovsunlaya bilməyən şairlər oxucunu ovsunlayan bilən şairlərdən yaxşı şairlərdi, bəlkə də...
Demək istəyirəm ki, şəxsən mən, Əjdər əmiyə salam verib, salam aldığım kimi, oxucunu ovsunlaya bilməyən şairlərin də kitablarını açıb, beş - on səhifə vərəqləyib örtürəm, vəssalam.
Ancaq onun hər hansı bir kitabını açdınsa, vərəqləyib örtə bilmirsən. Kitab səni ovsunlayıb, ovlayıb oxumağa məcbur edir. Bir də onda görürsən ki, kitabı oxuyub qurtarıb, mündəricata çatmısan, oxumağa şeir yoxdu.
Burda oxuduğun şeirlərin adları var. Siqaret yandırıb fikirləşirsən, bəlkə əlində tutduğun kitab kitab deyil, şeir dolu tabutdu? Bəlkə şeir yazılıb oxunana qədər yaşayır? Bəlkə bütün şeir kitablarındakı mündəricatlar şairlərin yazıb, oxucuların oxuyub öldürdüyü şeirlərin dəfn olunduğu qəbiristandı?
Bəlkə hər bir şeir şairin qələmlə yazdığı – qazdığı qəbirdi? Bəlkə şeirlərə verilmiş adlar şeirlərə qoyulmuş başdaşılarıdı? Nəisə...
Dostum Sayaqlayan kimi, sayaqlaya - sayaqlaya filosofluq etmək istəmirəm.
Onun “Pəncərəmdə ağlayan yağış”, “Tanrı, gəl tanış olaq”, “Bir eşqin xatirə muzeyi”, “Durna lələyidi bu yağan yağış”, “Tənha şamın kölgəsi”, “Ulduzların göz yaşı” adlı biri - birindən çəkili, - sanballı, ovlu, - ovsunlu kitablarının hər birini bəlkə də on - onbeş dəfə oxuyandan sonra bu qənaətə gəldim ki, o, Məmmədəlinin yalmandığını görəndə, Əjdər əminin qaraqabağlığına şükür edib, Bəylər əmidən, sözün yaxşı mənasında, adamı ovsunlamağın sirlərini öyrənib.
Elə buna görə də oxucunu ovsunlayıb, ovlayanda çətinlik çəkmir. Oxucunu ovsunlamasan oxucun olmaz, oxucun yoxdursa, səndə yoxsan deyən, Sayaqlayanla razılaşmaq məcburiyyətindəyik. Sayaqlayanın fikrincə, şair həm də ovçu olmalıdı. Ovçu ovu tüfənglə – gülləylə ovladığı kimi, şair də oxucunu qələmlə – şeirlə ovlamalıdı.
Oxucunu ovsunlayıb ovlaya bilməyən, oxucusu olmayan şair, tüfəngi - gülləsi, barıtı - seçməsi ola - ola ov edə bilməyən ovçuya bənzəyir. Oxucu ovdu, ovladınsa sənindi!...
Kimin yaxşı şair – ovçu olduğu etdiyi ovdan – oxucudan asılıdı. Onunla bir vaxt da ədəbiyyata gələn bəzi qələm yoldaşları naşılıqları ucbatından Sayaqlayanın ov dediyi oxucunu hürküdüb yaralayanda, o, minlərlə oxucunu nişan alıb ovlamaqla məşğul idi...
O, ovuna - oxucusuna aman verməyən peşəkar ovçudu!!!
...Qıymayıb – vurmasa bala ceyranı,
ov kiçik olsa da ovçu böyükdü.
Üzünü Tanrıya tutan adamın,
göyə açılıbsa ovcu böyükdi!
...Onun ad gününə qəsdən... tələsdim,- mən onu bir az da qocaldım deyə...
O, çox yığcam danışan, böyük mətləbləri sıxıb - sıxıb şeir qəlbinə sığışdırmağı bacaran, Mətləb babanın, Zərnişan nənənin böyük oğlu, Cənub ədəbi məktəbinin banisi, “Şeirlə dolu şəhər” sakini, şairlərin şairi Əlizadə Nuridi.
Adnalı, Cinni dərə: 28.12.2013