Kimin üçün yazırsınız?

Kimin üçün yazırsınız?
8 iyul 2013
# 07:30

Kulis.Az Orxan Pamukun “Mənzərədən parçalar” kitabından “Kimin üçün yazırsınız?” essesini şair Qismətin tərcüməsində təqdim edir.

“Kimin üçün yazırsınız?“

Otuz illik yazıçılıq həyatım boyunca, həm oxuculardan, həm də jurnalistlərdən ən çox eşitdiyim sualdır bu. Sualı verənin niyyəti və öyrənmək istədiyi şey, yerə-zamana görə dəyişir. Amma sualı verənin şübhəçi, dodaq büzən, hiyləgər ədası heç vaxt dəyişmir.

Romançı olmağa qərar verdiyim 70-ci illərin ortasında, Türkiyədə bu sual “pre-modern dərdlərlə əlləşən qərbdənkənar yoxsul bir ölkədə, sənət və ədəbiyyat lyüks bir işdir” şəklində səslənən məhdud dünyagörüşünü əks etdirirdi. Bu düşüncənin “sizin kimi təhsilli, mədəni bir adam ölkəsi üçün körpülər tikən mühəndis, yoluxucu xəstəliklərlə əlləşən həkim olub daha çox fayda verə bilərdi” şəklində bir növü də var. 70-ci illərin əvvəlində Jan Pol Sartr Biafralı bir fikir adam olsaydı, roman yazmayacağını deyərək bu düşüncəni kütləviləşdirmiş, bu düşüncəni hörmətə mindirmişdi.

Sonrakı illərdə “kimin üçün yazırsınız?” sualı “cəmiyyətin hansı təbəqəsi tərəfindən oxunmaq, sevilmək üçün yazırsınız?” şəklinə düşdü. Bu sualın bir tələ olduğunu hiss edib, “ən çətin vəziyyətdə olanlar üçün, yoxsullar üçün yazıram” deməsəm, türk burjuaziyasının, torpaq ağalarının mənafelərini müdafiə etməklə günahlandırılacağımı bilirdim. Yoxsullar, kəndlilər, fəhlələr üçün yazdığını deyən ürəyi təmiz, saf yazarlar isə “zatən cəmiyyətin bu kəsimi oxuyub-yazmaq bilmir” cavabı ilə susdurulurdu. 70-ci illərin ortasında “kimin üçün yazırsan?” deyəndə anam şəfqətlə və üzüntüylə “gələcəkdə necə pul qazanacaqsan ?” fikri ilə dərdlənər, dostlarım isə mənim kimi bir adamın kitabını heç kimin oxumayacağına istehzayla eyham vurardılar.

Otuz il keçib, indi bu sualı hər gün daha çox eşidirəm. Bu dəfə sual romanlarımın qırxdan çox dilə çevrilməsilə bağlıdır. Son on ildə getdikcə çoxalan “kimin üçün yazırsınız?” sualını verənlər, sualı səhv başa düşəcəyimdən çəkinib əlavə edirlər: “Türkcə yazırsınız, təkcə türklər üçünmü yazırsınız, yoxsa artıq kitablarınızın tərcümə olunduğu başqa dillərdəki oxucuları da nəzərə alırsınız?” Həm Türkiyədə, həm də Türkiyədən kənarda həmin sualın içindəki otuz illik şübhəçi, hiyləgər gülüşdən çıxardığım nəticə budur ki, romanlarımın təbiiliyi, saflığı və həqiqiliyi barəsində güvənc yaratmaq üçün bu səfər də “Ancaq türklər üçün yazıram” deməliyəm. Qətiyyən insani və real olmayan bu bəkləntinin arxasında, əlbəttə ki, roman sənətinin yaranması ilə siyasi güc olaraq millətlərin formalaşması və milli dövlətlərin yaranmasının eyni vaxta düşməsi dayanır. XIX əsrdə ən parlaq örnəkləri bir-bir yazılarkən, roman sənəti tam mənada milli bir sənət idi. Balzak, Dikkens, Dostoyevski və Tolstoy formalaşmaqda olan milli orta təbəqə üçün, onların şəhərlərini, küçələrini, evlərini, evlərinin içini, əşyalarını görərək, zövqlərini bölüşərək və dərdlərini dartışaraq yazırdılar, romanlarını əvvəlcə milli qəzetlərin sənət əlavələrində, millətin ümumi gələcəyi barəsində mübahisə edən bir əda ilə çap etdirirdilər. Bu böyük romançıların təhkiyəçi səsində millətin ümumi gedişatına dərdlənən bir müşahidəçinin daxili əndişəsi, gördüklərini paylaşma istəyi dərindən hiss edilir. XIX əsrin sonunda roman oxumaq və yazmaq bir millətin öz içində öz dərdlərini müzakirə etməsinə qoşulmaq demək idi.

Amma bu gün həm roman yazmağın, həm də ədəbi roman oxumağın tamam başqa mənası var. Əvvəlcə XX əsrin əvvəllərində modernizmin təsiri ilə ədəbi roman yüksək sənət özəlliyi qazandı, son otuz ildə isə kommunikasiya və poliqrafiya sahələrindəki inkişaf yazıçıları təkcə öz milli orta sinfinə səslənməkdən çıxardı. Bu inkişaf imkan yaratdı ki, yazıçılar bütün dünyada “ədəbi roman” deyilən növü izləyən oxuculara üz tutsunlar. Bugün Qarsiya Markez, Kutzeye, ya da Pol Osterin yeni bir kitabı dünyadakı ədəbi roman oxucuları tərəfindən, vaxtilə Dikkensin romanları gözlənən kimi gözlənir. Başqa bir çox ədəbi romançının başına gəldiyi kimi bu yazıçıların romanları da doğulub-böyüdükləri milli dövlətlərin oxucularından daha çox, dünyadakı ədəbi roman oxucuları tərəfindən oxunur.

Niyyətlərinə baxsaq, yazıçılar sevgililəri üçün, ideal oxucu üçün, öz kefləri üçün, ya da heç kim üçün yazırlar. Bunlar əksərən düzdür. Amma yazıçıların oxucular üçün yazması da düzdür. Bu da bizə hiss etdirir ki, indiki dövrdə yazıçıların onları oxumayan milli çoxluqdan daha çox, gündən-günə dünyadakı kiçik azlıq üçün, ədəbi roman oxucuları üçün yazırlar. İynəli sualların yaranmasının, romançının həqiqi niyyətində şübhə axtarılmasının səbəbi son otuz ildə ortaya çıxan bu yeni mədəni vəziyyətdir.

Bundan ən çox narahat olanlar, qərbdənkənar milli dövlətlərin və mədəni qurumların təmsilçiləridir. Yaradıcı romançıların tarixə və milli problemlərə milli olmayan bir baxış bucağından baxa bilmələri, milli kimlik, beynəlxalq arenada təmsil olunmaq kimi məsələlərdə özünə güvəni olmayan, tarixlərindəki qaranlıq nöqtələr və öz milli dərdləri ilə üzləşmək istəməyən qərbdənkənar milli dövlətləri əndişələndirir. Yazarın milli oxucu üçün yazmamağı belə formulə edilir: deməli “yadlar” üçün mövzusunu ekzotikləşdirir, əslində var olmayan, uydurma problemlərdən yazır. Lokal ədəbiyyatların lokal, saf və milli qalmasını istəyən bir başqa məntiq isə qərbdən gələn, qərb mərkəzli bir düşüncədir : yazarın dünya oxucusuna səslənə bilməsinin sirrini milli olmayan örnəkləri təqlid etməsi, saflığını, milliliyini itirməsidir. Bir başqa istək, bir romançının əsərini oxuyanda, bir millətin dünyadan tamamilə qopmuş, öz içindəki saf və həqiqi problemlərinə, eynilə qonşuların ailə mübahisəsinə baxması kimi baxmaq fantaziyasıdır. Yazıçının başqa dillərdə, mədəniyyətlərdə onu oxuyanları da düşünərək yazması bu fantaziyanı öldürür.

Gəncliyimdən bəri eşitdiyim, arxasında yazarların “həqiqiliyinə” dair bir istəyin olduğu “kimin üçün yazırsınız ?” sualını hələ də sevirəm. Amma yazarın həqiqiliyi yaşadığı dünyanın gerçəkliyinə xoş niyyətlə qəlbini və həssaslığını aça bilməsindən başqa, həm də yazar kimi öz dəyişən mövqeyini də realist şəkildə görə bilməsi ilə bağlıdır. Milli dərdlərin, sirlərin, yasaqların və əfsanələrin boğucu yükündən, dar görüşlülüyündən qurtulmuş ideal oxucu, eynən ideal yazar kimi bu gün bəlkə də dünyanın heç yerində yoxdur. Amma istər milli, istər qeyri-milli olsun, bu ideal oxucunu tapmaq, hər şeydən əvvəl onu xəyalında yaradıb, ona səslənərək yazmaqla başlayır.

# 2458 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #