Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud
4 avqust 2026
# 11:00

Kulis.az Xalq yazıçısı Afaq Məsudun "Ovudulmaz ağrılar aşiqi" essesini təqdim edir.

Müasir Azərbaycan poeziyası şeir və qəzəl növləri, poema və bayatıları ilə zəngin və müxtəlif olduğu kimi, yazı üslubu, xarakteri, nəfəsi və fəlsəfəsi ilə bir-birindən fərqli şair obrazları ilə də kifayət qədər müxtəlif və zəngindir. Bu gün bu sırada şəxsiyyəti, taleyi və əsərləri ilə poeziya tariximizdə bir-birindən fərqli və silinməz izlər buraxmış Mikayıl Müşfiq, Səməd Vurğun, Rəsul Rza, Əli Kərim, Vaqif Səmədoğu, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Vaqif Bayatlı kimi tanınmış söz ustadları ilə bir arada - yığcam, eyni zamanda dərin fəlsəfi yüklü şeirlərinin təsir və sirayət gücü ilə tanınıb sevilən istedadlı şair Salam Sarvan da yer alır. Dünyanı özündə, özünü dünyada necəsə ayrı cür görən, dünya və özü ilə bağlı çıxardığı kompromissiz, sərt qərarları insanı İnsan və Mövcudluq haqqında daha dərindən düşünməyə vadar edən bizim səbirli, sakit və təvazökar Salam...

Salam nə Səməd Vurğun kimi Azərbaycanı və onun gözəlliklərini vəsf edir, nə Rəsul Rza kimi dünyanın mahiyyətinə varıb alt və üst qatında yatanları araşdırır, nə Vaqif Bayatlı kimi Yer kürəsini Kainatın sevgilisi görür, nə də Ramiz Rövşən kimi vətəninin dərdli qəlblərini Azərbaycan dilinin poetik fövqündə titrədir...

Bu dünyaya sanki şair olub şeir yazmaq üçün yox, onu özündən xilas edəcək müqəddəs ziyarətgahını, məhrəm pirini axtaran əzabkeş ziyarətçi qismində göndərilmiş Salamla salamlaşmağın özü də müstəsna müracət üsulu tələb edir - “Salam, Salam...”

Səbəbi sanki müəllifinin özünə də bəlli olmayan dərin ruhi iztirablar, dünya və onun amansız məntiqsizliyi ilə bitməz savaşlar, qanlı yaralanmalar, intihar və ölümlərlə dolu bu yaradıcılığı “Böyük ağrılar dastanı”, yaxud “Ovudulmaz iztirablar saqası” adlandırmaq olar. Yaza-yaza ölüb, ölüb, sonra bir də intihar edən Şairin həmin bu ağrılar dəryasında özünü - məhrəm sularında üzən azad balıqtək rahat və toxunulmaz hiss etməsi, içini qovuran əzab və üzüntülərini, susamıştək, qəribə bir yanğı ilə içib, çörək əvəzi yeməsi, sızıltı və iniltilər dolu bu acı təamdan anlaşılmaz zövq və nəşə duyması zaman-zaman böyük Dostoyevskinin “mən o qədər ağrıdım ki, axırda ağrının özünü sevdim” kəlamını yada salır...

Çıxır bu həftə də öz yeddisitək
Günlər bir-birini görməyib keçir.
Vətənlər uğrunda şirin canından
bədənlər nökərtək baş əyib keçir.

Daha fənərlər də qaranlıq salır,
gedirəm, ardımca izim gəlməyir...
Ölüm qapısını açmadı mənə,
ömrə də dönməyə üzüm gəlməyir...

Boğulmaq da olmur, dayazdı dünya.
Bu ömrün dibi var, dənizi yoxdu.
Durub tullanasan bir çəpər üstdən,
düşəndə görəsən Yer üzü yoxdu...

Qəbul olunmuş poetik fəndlərdən, məlum “söz yaradıcılığı” instrumentlərindən istifadə etmədən, üslub, qafiyə, vəzn və sair kimi ənənəvi şərtiliklərin yanından necəsə, kəsə yollarla ötüşüb oxucusu ilə üzbəüz, məhrəm tənhalıqda “təmiz söhbətlər” aparan bu bər-bəzəksiz, naxışsız sətirlərin ağrısı, hələ onları oxumazdan əvvəl, şeirlərin başlıqlarından duyulur...

“Mən gələr olmadım, yolu qarşıla”, “Orda qapı yoxdu, niyə döyürsən?”, “Darıxma, düzəlməyəcək”, “Gündüzdü, qaranlıq içindən keçir”, “Boğulmaq da olmur, dayazdı dünya”, “Hey araya düşürəm kənar səs kimi”, “Bu gün vaxtım yoxdu, bu gün ölürəm”, “Necə ölürsüz, dostlar?”...

Sanki bu dünyanın kobud reallıqları ilə, hər şeyin əriyib çəkisini, quruluşunu itirdiyi ilğımvari şəffaflıqlar arasında havadan asılı tarazsızlıqda keçən bu ömür yolunun məzmun və mənzərələri bütün yaradıcılığından ana xətt kimi keçir...

Ata-ana, dost-tanış, arvad-uşaqçün,
lap elə vətənçün yaşayan insan
ömrünün son illərində cənnətçün yaşar –
ata-anasız, arvad-uşaqsız, vətənsiz yerçün.

Yaxud,

Hələ də bilmirik ki, sevgi nədir:
yataqda qadının saçından öpməkdi,
yoxsa, bir tikə çörəyi acından öpməkdi?

Bu günlərdə insan ömrünün ən həlledici hesabat dönəmi sayılan 60 yaşının tamamına qədəm qoyacaq Salamı bu əlamətdar yubiley tarixi münasibəti ilə təbrik etməyin özü də adama o səbəbdən qəribə və bir qədər yöndəmsiz gəlir ki, bütün bu altmış ili onun harada olduğunu, hər şeyin çəkisi, qiyməti, rəqəmi bilinən bu dünyada, yoxsa, onun hansısa ayrı qatında - “rəqəm”, “tarix”, “təqvim” anlayışlarının işləmədiyi başqa ərazilərdə yaşadığını və bu səbəbdən, həqiqətənmi 60, yoxsa 160, ya 16 yaşının tamamına çatdığını dəqiq müəyyən etmək, anlamaq olmur...

Ümumən ədəbiyyatımız üçün əlamətdar olan bu əziz gündə nə şöhrət, nə var, nə “xoşbəxt ailə tablosu” ilə ovudulması mümkün olmayan bu Ağrılar Aşiqinə arzum - gəlib necəsə çatdığı yuvarlaq rəqəminin və onun “həllediciliyinin” kənarından, həmin o kəsə çəkisizliyi ilə ötüşüb Gözəl Qəminin qoynunda - ilahi eşq və kədər saçan şəfqətli sözlərinin, işıqlı ağrılar dolu misralarının arasında yaşamağa davam etməsi, bu dünyanın işlərindən bixəbər azad rahatlıqda uzun və mənalı ömür sürməsidir...


# 111 dəfə oxunub

Oxşar xəbərlər

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə  - Hansı el şairi ona buta vermişdi?

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?

15:30 1 avqust 2026
"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

16:30 31 iyul 2026
Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
Süni İntellektuallarımız necə yarandı?

Süni İntellektuallarımız necə yarandı?

13:00 27 iyul 2026
Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır

Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır

12:30 24 iyul 2026
Yazıçının ustalığı hansı məqamda ortaya çıxır? - "Şeytan əməli" haqqında

Yazıçının ustalığı hansı məqamda ortaya çıxır? - "Şeytan əməli" haqqında

12:15 22 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər