Xoş gəldin, oğlan

Xoş gəldin, oğlan
6 noyabr 2013
# 12:10

Cümlə təhlili

Bir təhlildən süzülüb

Ömrümə düşən, Xəbər.

Yaxın ola bilmədik

Səndəki xətlər qədər.

Getdiyin gündən ölür

Bir xətt ayağım altda.

Bu yarımçıq yazıdır –

Mən Xəbərsiz Mübtəda.

Sən elə bir sözsən ki,

Səpələnib qalmısan.

Dünyada nə cümlə var,

Hamısına dolmusan.

Hardan desən tapıram

Bu qəribə itkimi.

Bütün cümlələrdə sən:

Qara, cılız – xətt kimi.

Məlikməmmədə

Qismətin şeirindəki

III qızın dilindən.

Sən mənim quyuma xoş gəldin, oğlan,

Məni saçlarımdan asıb bu nağıl.

Alma axtarırdı sənə verməyə

Bir quyu dibində azıb bu nağıl.

Bir div saçlarıma toxunan gündən

Uzanıb, uzanır bu edam, oğlan.

Mən bu div oğlanla tükəndim, bitdim

Sənə külüm qaldı, ay adam oğlan.

Düşmən Məlikməmməd, dost Məlikməmməd,

Çıxart bu quyudan “sonra”larımı.

Sənin barmağında duz qalıb, oğlan,

Göynədir mənim də yaralarımı.

Alnımda yazılar yaman gündədir

Bu qara sözləri kim ağardacaq?

Bütün quyuların dərini mənəm

Məni öz içimdən kim çıxardacaq?

“Qa” demə, qanadım yoxdur uçmağa

“Qu” demə, qulağım səs-səs ağlayır.

İntihar qoxuyur o kəsik kəndir,

İçimdə bir ölüm pəs-pəs ağlayır.

Bu nə pis yuxudur, ayılmaq çətin,

Hər gün diri olmur sağ görünənlər.

Nə olar, qoçların rənginə baxma,

Həmişə ağ olmur ağ görünənlər.

Bu yerin üstündə o qədər dərd var,

Quyu dərdlərimin izi itərmiş.

Bir simurq lələyi yandırıb yetiş,

Sənin qardaşların divdən betərmiş.

Sən mənim quyuma xoş gəldin, oğlan

Məni saçlarımdan asıb bu nağıl.

Alma axtarırdı sənə verməyə,

Bir quyu dibində azıb bu nağıl.

Məni unutmağa nə var ki, dostum

Mən bir iş bilirəm, hamı bacarır

Yorğanın altında ağlamaq kimi.

Bu gün böyütdüyün təkliyi sabah

Torpağın altda da saxlamaq kimi.

Bu gün istiotun vətəni mənəm,

Bu gün işim-peşəm acı salmaqdır.

Bu gün bildim, dostum, ən böyük arzum:

Hamıyla heç kimsiz – tənha qalmaqdır.

Çoxdan susadığım rahatlıq varmış,

Bütün dostlarımı unutmaq kimi.

Sonra təmiz-təmiz yalan danışmaq...

Azad! Öz-özümü aldatmaq kimi.

İnan ki, payız da qış kimi şeydir,

Təklikdə hər fəsil bir cür soyuqdur.

Amma soyuğun da öz ləzzəti var

Çoxdandır istidən bağrım oyuqdur.

Məni unutmağa nə var ki, dostum,

Daha yaddaşında qala bilmərəm.

Sənin nə vaxtını, nə ürəyini

Sənin heç nəyini ala bilmərəm.

Mən sizi vaxtından əvvəl görmüşəm

Gecdir, mənə görə eynək taxmayın.

Şəhərin alnına elan vurmuşam

Vurmuşam ki: “Heç vaxt mənə baxmayın!”

Beliniz bükülər, bir az alçağam

Sığmazsız içinə, qəlbim kiçikdir.

Bizdə meyvələri kal dərir külək

Sınan budaqların şirəsi çiydir...

Məni unutmağa nə var ki, dostum!

Rəqəmlərlə bağlı şeir

Mənim gündəliyim “2”siz olub,

Bilmişəm hər “5”in dadı başqadır.

Bircə bilmədiyim bu olub, yəqin:

Hərdən “2”lər də elə “5” dadır.

Səni taleyimin “5”i sanırdım,

Artıb, qiymətini qiymətsiz etdin.

Dirildib ömrümün hər sıfırını,

Aparıb arxanca neçə yüz etdin.

Sonra arzuladıq “3” olaq bir gün,

Bəlkə də, “4” olduq nə bilmək olar?

Hələ “5” də gələr, “6”, “7” də

Hərfli ömrümüz rəqəmlə dolar.

Gedək təqvimlərin tozunu silək,

Təzədən çevirək qum saatını.

3 manat, 1 molla, 1 kəllə də qənd,

Seçək axşamüstü saat 6-nı.

Birlikdə yalvaraq Allaha: məni,

Səni bir də heç vaxt O, tək etməsin.

Bütün rəqəmlərin sonsuzluğunda

Bizi 2-likdən əskik etməsin.

Üç variantlı test

Əl-ələ tutmuş iki insandan biri mütləq:

-ya xəyanət edir,

- ya sevir,

- ya da sadəcə əl tutur yıxılacaq adama.

Yalnız sevən bir kişi arzulayır

“q” hərfi ilə başlayan bu üç sözün

üçünün də bir adamda sıralanmasını:

- qız,

- qadın,

- qarı.

Uzaqlıqla ölçülmür

yaxınlığın ağrısı və ya ağrısızlığı.

Gözüm bilir gördüyünün adını:

- ulduz,

- qığılcım,

- ya da köz.

Sən! Sən, ey mənim dibimə enmiş adam:

Yalnız sən bilirsən, mən kiməm, nəyəm:

- quyuyam,

- uçurumam,

- yoxsa adam?

Tanıdığın bir qız yanında olanda

tez-tez barmaqlarına baxırsa:

- ya əlini yandırıb,

- ya dırnaq boyası təzədi,

- ya da sevir səni.

Ona üzük al, dostum.

# 2697 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #