Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Furqanın “Onun meyvəsi” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.
Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.
Məqsəd Nur
Dilimizə və düşüncəmizə yaxın gənc bir müəllifi kəşf etdiyimə görə çox sevindim. Müəllif müharibədə olubsa məsələ aydındır, olmayıbsa, müharibənin bütün kədərini və ironiyasını içdən, ustalıqla yazıya gətirə bilib. Elə bildim bu qəhrəmanla bir səngərdə vuruşmuşuq. Amma mən yenilmiş orduda, bu oğlan isə qalib orduda döyüşüb. Hərçənd, qəhrəmanlıqdan dəm vurmur.
Səhv etmirəmsə, itirilmiş ayağın ağac olub çiçək açması təzə tapıntı deyil, amma bu müəllif nasir kimi ideyadan daha çox özünəironiyanın, özünəməxsusluğun ustası ola bilər. Nəsr üçün bu çox önəmlidir.
“Bəhməndən soruşan olsa, deyər ki, ən çox peşman olduğu şey, dostları ilə bir ayaq üstə tennis oynamaqdı. Lovğalanb deyə Allah onu cəzalandırıb”. Siz bu cümlələrdəki səmimiyyətə, etirafa, ağrıya baxın!
Furqan, belə gözəl dilə, üsluba, həyat eşqinə və ironiyaya görə təşəkkür edirəm.
Elnarə Akimova
Furqanın “Onun meyvəsi” hekayəsi bir ayağını müharibədə itirən insanın pozulan psixoloji tarazlığı, şəxsi xülya və real həyat gerçəkliyinin onda yaratdığı ruhi sarsıntı haqqındadır. Bu detalı çağdaş nəsrimizdə Yaşar Bünyad “Atamın ayaqları”, Orxan Saffari “Əjdər” hekayəsində müxtəlif rakursda, amma eyni emosiya ladında işləyib. Müharibədə əlini, ayağını itirənlərin ağrılarının bir səbəbi də sevdikləri, hobbilərinə çevrilmiş nələrisə artıq edə bilməməyin xiffəti ilə yaşamaqdır. Məsələn, rəqs etmək, futbol oynamaq. İndi artıq bunlar arzuya dönüb. Bu cür hekayələrdə hər dəfə hansısa detal obrazın gözlədiyi, arzuladığı nə iləsə kontrastlaşır və bu kontrastdan hadisənin məntiqi həlli törəyir. Furqanın hekayəsində bu detal tennis oyunudur.
Bunu da qeyd edim ki, son zaman yazılan hekayələrdə minimalistlik, təsvirlərdən qənaətlə istifadə nəzərdən qaçmır. “Onun meyvəsi”ndə də yığcam epizodlar, detal və təfərrüat sıçrayışları müəllifin təhkiyəsi üçün xarakterik çalarlardır. Daha bir cəhət. Hekayədəki dil vasitələri mövzu ilə daim qovuşuq şəkildə işlədilir, xarici effekt və təəssürat yaratmaqdan daha çox xüsusi məntiqi gücü olan əsasa çevrilir. Məsələn, “İdman malları” mağazasında satıcı işləyən Bəhmən sol ayağının dizdən aşağısını Cəbrayıl torpağında ağac kimi əkib”, yaxud “Başqası olsaydı, deyərdi ki, ayağına görə mağazada iş axsayar”.
Eləcə də ayağın çiçək açması, ayağına protez qoyulan gündə yuxuda ağacın bar gətirdiyini görməsi – hər biri situativ məziyyət daşıyır.
Buna baxmayaraq, hekayədə gerçəkliyin bədii dərki kölgədə qalır. Materialın təqdimi və təfərrüat mənalandırmanı üstələyir. Sonluqdakı “tennis topu” detalı mətndə uğurlu motivləşə bilmir, süni və qurama təsir bağışlayır. Yəni bilmək olmur, qəhrəmana əzab verən, ağladan səbəb nədir? Bir daha tennis oynaya bilməyəcəyimi? Axı dostları ilə zarafatında onlardan üstünlüyünü sərgiləmək üçün elə bir ayaqla tennis oynadığını hekayə bizə söyləyir. Bəlkə elə bu zarafatın ona baha-başa gəlməsi düşüncəsidir yuxularına haram qatan: “Bəhməndən soruşan olsa, deyər ki, ən çox peşman olduğu şey, dostları ilə bir ayaq üstə tennis oynamaqdı. Lovğalanıb deyə Allah onu cəzalandırıb”.
Hər bir halda müəllif bu detalı dərin qatda işləyə bilmir. Buna görə Bəhramın iztirabı dramatik vüsət, psixoloji effekt kəsb etmir.
Qəşəm Nəcəfzadə
Furqan hekayəni qurub, amma yaxşı yazmayıb. Dil zəifdir, fikir kasaddır. Belə hekayələrə qurama, yəni təbii olmayan hekayələr deyirlər. Hiss olunur ki, müəllif nəsr yaradıcılığından uzaqdı. Və ya bəlkə də onun ilk qələm təcrübəsidir. Sxem yaxşı ola bilər, amma Furqan onun içini personajlarla doldursaydı, cümlələri ətə-qana gətirsəydi… Yəni bir sözlə, hekayə yaza bilsəydi…
Ədəbi qəhrəmanın fikirləri təbii görünmür, gözəl, poetik fikirlərdi, bəlkə də bu fikirlərdən gözəl bir şeir yazmaq olar, amma belə fikirləri müəllif nəsrə oturda bilməyib, saxta kimi görünür, elə bil ki, obrazlı cümlələri zorla ədəbi qəhrəmanın dilinə pərçim eləyib.
Bəlkə bir az fikirlərimi sərt deyirəm, ona görə ki, hekayədə mətn adına bir cümlə də tapa bilmədim. Fikir verin: “İşdi, birdən torpaqlar alınmasaydı, dəli olardı bəlkə. Düşünür ki, mənim neçəsə faizim getdi, ölkənin iyirmi faizi qayıtdı. Yenə yaxşıdı”. Bu hekayə cümləsi deyil, axı, bunu nasir yazıbmı? Fikir kimi yaxşıdır, amma nəsr cümləsi deyil, “Xəbərlər” proqramın cümləsinə oxşayır.
Aşağıdakı cümlələrdə “udub” sözünə baxın, nə qədər işlənməyi bir yana, heç yerində deyil. Cümlələrdə təfəkkür, hiss yoxdur, soyuqdur. Quruluşca bir-birinə bağlansa da, yorucudur. “Bəhmən də müharibədən qabaq yaxşı masaüstü tennis oynayan olub. Onu udmaq mümkün olmayıb. Dostlarına da o öyrədib oynamağı. Amma heç kəsə uduzmayıb. Hərdənbir dostları ilə tennis oynamağa gedəndə bir-bir hamını udub, sonra zarafatlaşıb, məzələnib onlarla. “Öyrənin, a kişi” deyib, “öyrənin oynamağı! Bu qədər zəif bilməzdim sizi!”
Yenə belə bir cümlə: “İş o yerə çatıb ki, Bəhmən onları udmaqdan yorulub. Tək ayaq üstə oynayıb. Hoppana-hoppana. Yenə udub. Həmin gündən sonra dostları tennis oynamağa tövbə ediblər. “Bir ayaq üstə də uduram sizi. Nə gündəsiz, ə!” deyib Bəhmən. “Öyrənin, sonra gəlin, oynayaq!” Daha dostları onunla heç vaxt oynamayıblar. Bəlkə də lovğalanmağından inciyiblər.
Aşağıdakı cümlə tamamilə publisistikadır. Nəsrdə publisistika ola bilər, bu, təbiidir. Ancaq yerində işlənsə. “Hər dəfə qol ağacına söykənəndə qulağına səs gəlir: “Oğulsan, həyata da bir ayaq üstə qalib gəl!” Bunu obrazın düşünməyinə adam inanmır, Furqan deyir və ya obrazına dedizdirir. Bu, açıq görünür.
Furqanın hekayəsində ideya yaxşıdır, ayağın göyərməsi, çiçəkləyib meyvə gətirməsi, yuxu məsələsi, oğulsan, bir ayaq üstə dur, protez ayaq, qoltuq ağacı və s. Amma ideya hekayəyə, hissə çevrilə bilməyib. Ağrı söz şəklində qalıb. Bu, yaxşı bir hekayə ola bilərdi. Müəllif yenidən işləsin bu hekayəni.
Fəridə
Hekayəni oxudum. Bir qədər sentimentallıqla yazılıb. Amma maraqla oxudum. Balaca bir mətndə müharibədə ayağını itirmiş insanın əvvəlki və sonrakı həyatı haqda təəssürat yarada bilib. Hər dəfə təkrarlanan yuxu, yuxuda ayağında tenis topu açdığını görməsi oxucunu inandıra bilir, məncə. Dili də yaxşıdır. Əndrabadi hoqqalar vermədən sadəcə danışır. Maraqlı idi. Müəllifə uğurlar.
Cəlil Cavanşir
Furqanın “Onun meyvəsi” adlı hekayəsi məndə yetişməmiş meyvə təəssüratı yaratdı. Kal deyil, ancaq tam yetişmiş də deyil. Furqanın nəsri maraqlıdır, oxunaqlıdır. Ancaq bu hekayəsini, məncə, yenidən işləməli, redaktə etməlidir. Kifayət qədər böyük boşluqlar və tələskənlik gözə çarpır. Seçilən mövzu, mövzuya yanaşma maraqlı olsa da, sanki müəllif bu hekayəni qaranəfəs tamamlamağa, mətndən xilas olmağa çalışıb. Ancaq hətta bu tələskənlikdə belə, müəllifin aydın təfəkkürü nəzərə çarpır. Furqandan daha maraqlı əsərlər gözləyirəm.
Aqşin Evrən
1. Furqan əsasən şair olduğu üçün bu hekayəsində poetiklik daha çox önə çıxır.
2. Hekayənin mövzusu və ideyası mənə doğmadır. O mənada ki, mənim də buna bənzər bir hekayəm var. Yazıçı dostlarımızdan biri həmin hekayənin son illərdə yazılmış 3 ən yaxşı müharibə hekayəsindən biri olduğunu dedi, ancaq mən yenə də öz mətnimdən tam razı deyiləm, ona görə də onu yenidən işləyirəm. İstərdim, dostumuz Furqan da bu mətnindən tam razı olmasın və yenidən işləsin.
3. Hekayənin dili qüsurludur, ciddi redaktəyə ehtiyac var. Üstəlik, bir neçə yerdə təhkiyə qırılır, rabitə itir.
4. Bəzi detallar, məsələn, masaüstü tennis kimi sürətli bir oyunu tək ayaq üstə dayanıb oynamaq və dostlarının məhz bu səbəbdən lovğalanmasına görə onunla oynamaqdan imtina etməsi mənə inandırıcı görünmədi. Bəlkə də həddindən artıq realist yanaşdım, bilmirəm.
5. Ümumilikdə mövzu, süjet xətti maraqlıdır. Bir də söz və fikir oyunlarının miqdarı bir qədər çox olub, məncə.
Uğur olsun!
Vüqar Babazadə
Furqan inandıra bilmədi məni. Onun hekayəsində çatmır nəsə, amma bunu çətindir demək. Mən düşünürdüm ki, qısa cümlələr yazmaq təhlükəlidir. Havası yox idi hekayənin. “Çox sentimentaldır” deyə düşündüm oxuyarkən. Hekayəni oxumağa başlayanda sevinə-sevinə oturdum, amma qəribə-qəribə durdum ayağa. Yerimdə qala bilmirdim. Lap elə-beləcə...
Nihat Pir
Hekayədə qəribə bir ruh var. Müharibə dəhşətini zarafatyana çatdırma cəhdi hiss elədim. Yəni biri var ki, ayağını müharibə yolunda qurban verməyi ifrat qan-qada və faciə şəklində təsvir edəsən, biri də var ki "Lovğalanıb deyə Allah onu cəzalandırıb" kimi.
Sürətli təhkiyənin tərəfdarı olduğumdan hekayəni təhkiyə baxımından da bəyəndim. Məsələn, "Başqası olsaydı, deyərdi ki, ayağına görə mağazada iş axsayır. “Bu demir" kimi hissələri uzadıb şitini də çıxarmaq olar. Amma müəllif iki cümlə ilə kifayətlənib və yaxşı da edib.
Bəyənmədiyim məqam inversiya bolluğu oldu. Nəsr dilini yüyrək edən şeylərdən biri budur, doğrudur, amma qədərində olması daha gözəldir.