Heç bir qəpiklik deyilmişlər ki...

Heç bir qəpiklik deyilmişlər ki...
9 fevral 2024
# 12:00

Kulis.az Nadir Yalçının "El Roman haqqında elegiya" adlı yeni köşəsini təqdim edir.

Təəssüf ki, “Vüqar Saffari haqqında ballada” yazan El Roman barədə elegiya yazmalı olacağam. İstəməzdim, fəqət... bəzi deyiləsi nəsnələr var. Bunu ona heç kim deməyəcək...

Çox pis vəziyyətdəyik. Bizim yaşda qələm adamlarının əksəriyyətinin mühitdəki rolu qeybətdən, atmacadan, üzdə ayrı, arxada ayrı münasibətdən, əsl mətn barədə mülahizələrdən uzaq, dedi-qodu janrında palaz-palaz yazılardan ibarət olub. Bu qədər kin-küdurət, xəbislik, zərərli həsəd hissi bizi çox-çox geri çəkib, mənfi obraz formalaşdırıb.

Dəyərli mətnlər də bu təəssüratın kölgəsində məhv olub gedir. Növcavan qələm yoldaşlarım məndən inciməsin, vəziyyət heç yaxşı deyil. Sağlam qütbləşmə, maraqlı polemikalardan çox uzaqlaşmışıq. Bunun isə günahkarı özümüzük. Gözə kül üfürmək sənət deyilmiş... “Mən!” nidası canımıza birdəfəlik cift olub... Heç kim bir-birinə güzəştə getmək istəmir. Hamı “lotuluq” iddiasına düşüb. Onurğasızlar fəsiləsi ədəbiyyatda sürətlə inkişaf edir. “Dəlioğlanlıq” beləmi olur?!

El Roman ədəbiyyata səsli-küylü gəlmişdi. Hər şeydən əvvəl onu qeyd edim ki, mən onun şeirlərini sevmişəm. Hətta əzbər bildiklərim də var. Sözsüz ki, El Roman istedaddır. Fəqət çoxdandır sezdiyim bir əhvalı məni qorxudur; daha hər şeyi bilirəm, mənim istiqamətə ehtiyacım yoxdu, mənə nəsə öyrətmək lazım deyil, "rahat hökm verə bilərəm" intonasiyasında yazılı-şifahi çıxışlar edir, yaşının, boyunun, istedadının çox-çox üstündə ultimatumlar verməyə cəhd edir, amma bilmir ki, keçəl suya çox gedib, daha getməz!

Görünür, əsgərlik El Romana düşmədi. O günlərdə “Kulis”də qadın şairlər haqqında hökmlər vermişdi. Hələ onda El Romana dedim ki, bu qədər mövzu qıtdır ki, illər əvvəl çeynəlib-çeynəlib ətdən-qandan çıxmış məsələ barədə yazı yazırsan? 23 yaşlı şairin, mütaliəsi yerində olan, dünyagörüşü normal bir gənc dostumuzun yüzlərlə maraqlı mövzu içində narahat olduğu məqam budurmu?! Dedim, nəysə, olan işdir... Dünən oxuduğum isə... inanın səmimiyyətimə, çox kədərləndim, çox...

El Romanın “Vüqar Saffari haqqında ballada” başlıqlı yazısı, bəlkə də, elə buna hesablanmışdı ki, mən ya başqası bu yazıya reaksiya versin, məsələ qızışsın, “hırraxana” yaransın, qıraqdan baxanlar da çəpik çalsınlar...

Bu yazını yazmayacaqdım. Ədəbiyyatla əlaqəsi olmayan üç-dörd yoldaşla görüşdüm. Riyaziyyatçı dostum dedi: “Sən də elə boş-boş danışırsan. O Orxan Saffari ilə Vüqar Vanı tərifləyirdin. Bu gün “Kulis”dən El Roman adlı bir oğlanın yazısını oxudum. Onlar heç bir qəpiklik deyilmişlər ki... Həmişə insanlar barədə yanılmısan. O iki nəfərin hekayələrini yollamışdın ha mənə, yaxşı ki, heç birini oxumamışam, heç oxumayacam da..”

Bərk pərt oldum. El Romanın sözügedən yazısı həmin dostum kimi ədəbiyyatla maraqlanan, “Kulis”in daimi oxucusu olan neçə-neçə adamda Orxan Saffari və Vüqar Van haqqında belə təəssürat formalaşdırıb. Bəs ayıb deyil ki, 23 yaşında şair tanınmış və oxunaqlı platformada ona yaradılmış şəraitdən istifadə edib öz yaşıdlarını gözdən salmağa cəhd eləsin? Söhbət Orxan Saffaridən, Vüqar Vandan getmir. Münasibətimin soyuq olduğu gənc qələm adamı barədə də El Roman o yazını yazsaydı, yenə belə reaksiya verərdim.

Yazının mövzusundan əvvəl El Romanın yazı yazmaq qabiliyyətinin necə aşağı olduğu barədə bir-iki məsələni diqqətə çatdırım. El Roman bu yazıda çox pis, zərərli üslubla çıxış edib. “Şotuma şellənin”, “şitlik edən adam”, “cırıldım gülməkdən”, səviyyəsiz ara mahnısından sitatlar, kəllə-mayallaq cümlələr, əskik-əskik jarqonlar... Hələ “525-ci qəzet”də işlədiyi vaxtlardan bilirdim ki, El Romanın ciddi cümləqurma problemləri var. İndi bir az da irəli gedib... Səd-heyif! Dostum, istedadlı yazıçı və redaktor Ömər Xəyyam ara-sıra öz profilində “dil dərsi” keçir... haqlı məsələlərdən söhbət açır. Onunla şərikəm... Bəs El Romanın bərbad cümlələrinə niyə göz yumub?

El Roman Vüqar Van barədə yazır: “Amma adamın üstündə Allah var, çox "true" yazıçıdı. Nə yaşayırsa, onu yazır. Bir dəfə özü də belə status yazmışdı: "Ağzıma nə gəldi yaşayıram". Ağzına gələni yaşayır və yaşadığını da yazır Vüqar Van. Adam feysbuku silib dedi ki, ədəbiyyat imtinadır, mən ədəbiyyata görə hətta feysbukdan da imtina edirəm. Getdi özünə teleqram səhifəsi açdı. Camaatın başını aldatdı ki, guya orda ciddi ədəbiyyat naminə çalışacaq, insanlara nələrsə çatdıracaq. Nəticə isə yenə eyni. Hətta daha bərbad. Yaxşı oğlanın məkanı olmayan kimi, Vüqarın da məkanı yoxdu. Şitlik eləyən adam harda gəldi şitliyindən əl çəkmir”.

Orxan haqqında yazdığı isə daha da banaldır, daha burda yazmıram... Orxan Saffariyə əcəb olur. Təəssüf ki, onun da yazı üslubu (esse-məqalələrini nəzərdə tuturam) çayxana leksikasındadır... Amma bu El Romana haqq qazandırmır.

Mən nə Orxan Saffarinin, nə də Vüqarın vəkiliyəm. Heç belə istəyim də yoxdu. Ümumi mənzərə məni hədsiz narahat edir. El Romanda o güc yoxdu ki, Vüqarın və Orxanın hansısa hekayəsini götürüb geninə-boluna təhlil-tənqid eləsin? Yəqin ki, yoxdu... Olsaydı, bu yazını öz qələminə və “Kulis”ə yaraşdırmazdı.

Bu gün təəssüflə bildirirəm ki, əlimi üzdüyüm adamların siyahısına El Roman da daxil oldu... El Roman alınmayan layihəyə çevrildi. Amma bu belə olmalı deyildi. Lağlağı ilə ciddi sənət yaratmaq, sanbal qazanmaq qeyri-mümkündü. Onun potensialını kim də bilməsə, mən çox yaxşı bilirəm. Dönə-dönə heyifislənməyimin də səbəbi budur...

Sözüm yaşıdlarımadı; bir-birinizin balağından az dartın, arxası üstə elə səndirləyərsiz ki, son nöqtəniz əbədi kanalizasiya olar...

# 2354 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #