Məni müqəvvaya necə çevirdilər?

Məni müqəvvaya necə çevirdilər?
10 sentyabr 2012
# 08:00
Əllər

Həmin gecə boran şəhəri başına almışdı. Çovğun teleqraf dirəkləri, divarlarla toqquşaraq gah meymun, gah qadın, gah uşaq, gah da xəstə səsiylə inildəyir, hətta yağışın belə yara bilmədiyi xırda yarıqlardan keçəndə isə o dəqiqə insanlara çarəsiz yoxsulluqlarını xatırladırdı.

Yolda inc-cins gözə dəymirdi, küçə fənərləri narın qar örtüyünə, mən isə həmişəki kimi tənhalığıma bürünmüşdüm və ətraf mənə dumanlı, ağ kosmik boşluq təsiri bağışlayırdı. Dayandığım dörd yol ayrıcındakı meydanda heç nə küləyin qarşısını kəsmirdi, mənim dərimsə ətrafdakı havadan soyuqdu, bədənimi bürüyən qar parlaq kvars dənəciyinə çevrilərək üzərimdə donub qalmışdı.

Ağ boşluqda gözlənilmədən nəsə hərəkət etməyə başladı. Yaxınlaşdıqca insan siluetinə çevrildi. Bir az da yaxınlaşdı və dayandığım postamentə çatanda mənə aşağıdan yuxarı baxdı. Mən boynu it xəzindən olan gombul pambıq palto geyinmiş insancığaz gördüm, onun üzü kobud parçayla örtülmüşdü. Gözlərindən əminsizlik qarışıq qorxu yağırdı.

Dayandığım postamentin arxasında gizlənən kişi tələsik ətrafa boylandı, qar onun izlərini örtəndə isə ayaqlarına ehtiyatla dayaq axtara-axtara postamentə dırmaşmağa başladı. Külək hər dəfə bərk əsdikcə başını daşa elə bərk dayayırdı ki, sanki rüzgar atıq onu çoxdan aşırmışdı. Əlləri bir neçə dəfə aralandı, ayaqları sürüşdü, başı daşdan ayrıldı, lakin gözlə görünməyən iradəsi ona daşdan bərk yapışmağa və nəhayət, zirvəyə dırmaşmağa kömək etdi. Kişi əllərini bir-birinə sürtəndə elə tükürpədici səs çıxdı ki, onu hətta qar adamının, qar ifritəsinin qışqırtısı belə batıra bilməzdi: bu səs yalnız cadar-cadar olmuş əzaların məhsulu ola bilərdi. Sonra diş və sümüklərin qıcırtısı, əzələlərin ciyiltisi gəldi – bu insan canıma vəlvələ saldı.

O, çiynindəki kisədən yarımmetrlik bıçqı çıxarıb, digər əliylə mənim pəncələrimi əlləməyə başladı, yəqin mişarlayacağı yeri müəyyənləşdirirdi. Və mən o an kişinin kimliyini xatırladım. Bu, həmin kişiydi. Həmin kişinin əllərinin hərəkətləri, yalnız həmin kişinin edə biləcəyi hərəkətlər. Bundan başqa, bu, məni dəyişəcək, mənə indiki taleyimi bəxş edəcək Əllərdi. O kişi mənimçün yalnız bu Əllərin olsa-olsa törəməsiydi.

Əllər hərəkətə başladı – sol əl pəncəmdən möhkəm yapışdı, sağ əl mişarı oynağıma dayayıb onu yaraladı. Sonra onlar bıçqını götürüb pəncəmi kəsməyə girişdi. Titrəyiş metalın səsli dalğaları sayağı bədənim boyu yayıldı. Mən bağırdım. Lakin bu bağırtı bir metr aralıda qar adamının, qar ifritəsinin çığırtısıyla müqayisə edilməyəcək çovğunun mədəsində itib-batırdı.

Beləcə, Əllərin nə qədər işləməli olacağını hesablasaq, pəncəmin bir millimetrinin kəsilməsi üçün bıçqıyla o yan-bu yana beş dəfə getmək lazım olduğunu, üç gedişin bir saniyə çəkəcəyini - pəncəmin qalınlığı dörd santimetr altı millimetrdir - yarana biləcək yubanmaları nəzərə almaqla, bu iş, ən azı, iki dəqiqə çəkəcək. İki pəncəm olduğundan, Əllərsə vaxtaşırı dincəlmək məcburiyyətində qaldığından, proses ümumilikdə təxminən beş dəqiqə sürəcək. Vaxtdan istifadə edərək, sizlərə kim olduğumu və Əllərin hardan meydana gəldiyini danışacam.

Mən keçmişdə poçt göyərçiniydim. Əllərsə göyərçinlərə görə məsuliyyət daşıyan əsgəriydi. İndi mən Sülh Göyərçininin bürünc abidəsiyəm, Əllərsə mənim pəncələrimi doğrayır.

Hələ poçt göyərçini olanda cins quş sayılırdım, çox ağıllıydım, dəfələrlə fərqlənmişdim, pəncəmdə məktublar üçün nəzərdə tutulmuş quiudan savayı alüminiumdan düzəldilmiş qəhrəmanlıq medalı da asılmışdı. Şübhəsiz ki, bütün bunlardan xəbərsiziydim. Mənim üçün yalnız mavi səma, yoldaşlarıma çatmaq həvəsilə uçarkən qanadlarımı hiss etmək, yemək zamanı tələskənlik, heç nəylə bağlanmayan, elə hey genişlənən zaman kələfi mövcuduydu. Mən sadə və vahidiydim. Yalnız özümə məxsusuydum. İndiki mən izahlara qabiləm, o vaxtsa hətta mövcudluğumu belə dərk etmirdim.

Gözəl günlərin birində müharibə qurtardı və biz göyərçinlər sahibimiz tərəfindən atılmış halda quş damında tək qaldıq. Fit çalmaqla bizi yeməyə səsləyən, altımızdakı küləşi təmizləyən, hər səhər təknəyə təmiz su qoyan həmin adam sanki hansısa cadu nəticəsində yoxa çıxdı – qarmaqarışıqlıq, xaos başlandı. Lakin tezliklə özüm su, yemək, arvad tapmağa alışdım və onda xaos yenidən intizamla əvəzləndi və mənim üçün yenidən mavi səmanın genişliyi, yoldaşlarımın ardınca uçarkən qanadlarımı hiss etmək ləzzəti, yeyərkən tələskənlik, heç nəylə bağlanmayan, elə hey genişlənən zaman kələfi mövcud olmağa başladı.

İnsan əllərinin yoxluğuyla gələn dəyişikliklərdən danışası olsaq, onu deyə bilərik ki, quş damının çəpəri dağıldı və vəhşi meymunlar oranı cənginə aldı, oğlan uşaqları da əskik olmadı, yoldaşlarımın sayı durmadan azalmağa başladı. Sözsüz ki, onlardan bəziləri yem axtarışına çıxanda özünə daha rahat məkan tapdı, amma istənilən halda onların get-gedə azaldığını hiss etdim, dəqiqliyinə isə vara bilmədim.

Bir dəfə, uzun aylar sonra göyərçinlərə qulluq edən, mənə görə məsuliyyət daşıyan həmin əsgər gözlənilmədən peyda oldu. Əllər hələ də hərbi forma daşıyırdı, lakin indi bu geyim əzik-üzük, paqonsuz və kəmərsizdi. Əllər nəvazişlə, amma eyni vaxtda hansısa sirli fikirlərlə mənə baxdı...

Gözlənilməz olay sanki duman kimi məni özünə bürüdü və mən qeyri-iradi Əllərin çiyninə oturdum, narahatçılıq və həsrət hissi keçirdim. Əllər nəvazişlə arxadan qanadlarımdan tutdu. Və mən, adətən, bundan sonra nə baş verdiyini xatırladım: məni aparırdılar. Əllər əvvəlkitək məni qutuya qoyub harasa apardı.

Bu, küçə tamaşasıydı. Orda məni silindrdə gizlədirdilər, buraxanda isə ürəyim istəyən yerə uçur və həmişə öz quş damıma qayıdırdım. Lakin qayıdanda məni qabaqlayan Əllər gözləyir və mən həmişə noxudla mükafatlandırılırdım. Bu, o qədər də pis iş deyildi. Həmin vaxtdan o, mənim gündəlik dərsimə, mənsə Əllərin mövcudluq vasitəsinə çevrildim və sözsüz ki, bunu başa düşmədən yeni adətlər əldə etdim.

Bu, zənnimcə, sonsuzadək davam etdi. Bir yaz səhəri küçə tamaşası öz mövcudluğuna son qoydu. Mən günəş şəfəqlərində xumarlanarkən naməlum bir kişi yaxınlaşdı. Ehtiyatlanaraq uçmağa hazırlaşdım, lakin, o, yalnız daha bir addım atdı, dayandı, qoltuğunun altında daşıdığı çantasını rahatladı və arada mənə baxıb, karandaşla cəld işləməyə başladı. Xüsusi bir təhlükə gözləmirdim və elə bu səbəbdən yerimdən tərpənmədim. Bu zaman Əllər gəldi.

O və kişi sakitcə salamlaşdılar. Kişinin çevik hərəkətlərinə baxan Əllər söylədi:

- Sizdə əla alınır! Çox gözəl göyərçindir. O mənim fəxarət yerimdir, müharibə zamanı Qəhrəmanlıq medalı alıb.

Eşitdiklərindən heyrətlənən kişi karandaşını dayandırdı:

- Deməli, o, poçt göyərçiniymiş.

- Hə, indisə küçə tamaşasında, hoqqabazın nömrəsində çıxış edir, o da yandı.

- Ha-ha, əcəb gülməli görünür - kişi qəhqəhə çəkdi.

- O sizin gələcək heykəliniz üçün model rolunu oynayır?

Onlar bir müddət sükuta daldılar. Kişi çəkir, Əllərsə onun çevik hərəkətlərini seyr edirdi.

- Sakit otur, qımıldanma - kişi söylədi.

- Canlı məxluqdur, nə edəsən - Əllər söylədi.

- Qulaq as, dostum, bu, mənim peşəmdir, səndən çox xahiş edirəm, qımıldanma.

- Heç nə alınmayacaq.

- Onda... – Kişi işini dayandırdı və birdən ciddiyyətlə söylədi: bəlkə onu tutasınız?

Əllər tələsik gözlərini döydü, yəqin hansısa hesablamalar aparırdı, sonra başını tərpətdi:

- Yaxşı.

Bundan sonra onlar sakitcə nəyisə müzakirə etməyə başladılar. Qaşlarını çataraq, barmaqlarıyla dairələr və xətlər cızaraq, başlarını silkələyərək uzun müddət sövdələşdilər. Nəhayət, kişi ovuclarını bir-birinə şappıldatdı, Əllərsə başını yüngülcə yanakı əyib susdu – onlar, çox yəqin ki, razılığa gəldilər.
Əllər məni tutdu. Və hərçənd heç bir iş görməmişdim, cibindən noxud kisəsi çızarıb qabağıma səpdi.

- Ye görək, - son dərəcə mehriban səslə dilləndi.

- Kədərlidir? – kişi arxadan söylədi.

- Burda təəccüblü nə var ki? - Əllər əsəbi halda cavab verdi.

Adəti üzrə, məni qutuya qoydular. Lakin bu dəfə küçə tamaşasına getmədim. İri, qaranlıq evin dərman iyi verən otağına düşdüm. Məni kürəyi üstə qoyub, sinəmdəki tükləri yoldular və iti cərrah bıçağıyla kəsdilər. Sonra köynəyimi soyundururmuş kimi içalatımı çıxardılar, bircə dərimi saxladılar. İçalatımı qazana qoyub, qaynadıb yedilər. Dərimin içini doldurdular, məftil skeletlə möhkəmlətdilər və mən müqəvvaya çevrildim.

Sonra məni yenidən qutuya qoyub həmin kişinin emalatxanasına apardılar. O, məni model üçün nəzərdə tutlmuş kiçik masanın üzərinə qoyub, qanadlarımı açdı, başımın vəziyyətini dəyişdi. Mövcudluğuma son qoyuldu. Kişi mənə baxıb gili əzməyə və kəsməyə başladı.

Kənardan baş verənlərin mənim üçün heç bir əhəmiyyət kəsb etməməsi təəssüratı yarana bilərdi. Ancaq bu, yanlış fikirdir. Məni həyatımdan məhrum etmələrini bir kənara tullayaq - bu, adi işdir, tamam başqa bir şey baş verdi: mən hansısa mükəmməl bir bədənə, bu da azmış kimi, bir ideyaya çevrildim. Kişinin əlləriylə ideya kimi formalaşırdım. İndi yanıldığınızı anlayırsınızmı? Hisslərin inteqral dəyəri olduğum halda anlamın inteqral dəyərinə çevrilmişdim.

Bu çevrilmənin sonu bir yay günündə baş verdi, tələskənlik ucbatından bərbad aseptika (yaranı mikrobdan qorumaq üçün yaraya toxunacaq şeyləri fiziki vasitələrlə dezinfeksiya etmə - red.) sayəsində dərim içəridən çürüməyə başladı və onu qurd basdı. Məni mətbəx ocağına atıb yandırdılar, əvəzində kişinin əlləri sayəsində göyərçin heykəlinə çevrildim. Və gözlənilmədən baş verənlərin mahiyyətinə vardım.

İndi mən Sülh Göyərçiniyəm. Müəyyən bir anlama sahibəm, bu mənanın daşıyıcısıyam, lakin sadəcə özüm ola bilmərəm. Qısası, yalnız məni müdafiə edən adamların hərəkətləri sayəsində mövcud ola bilərəm. Bütün bunlar mənim dörd yol ayrıcında qurulmağıma gətirib çıxardı. Bu, siyasi dinamikanın yol ayrıcıydı.

Gəlin başladığım yerə qayıdaq. Deyəsən, Əllər mənim ikinci pəncəmi də kəsib qurtardı. Lakin bundan əvvəl nə baş verdiyini söyləməsəm, Əllərin peyda olması həddən artıq gözlənilməz və təsadüfi alınar. Əllərin, mənim həyatımı bir neçə kağız pula dəyişməsinə görə peşmançılıq çəkməsi şəksizdir. Baş verənlərdən sonra o, hər gün dörd yol ayrıcında peyda olur və siqaret çəkə-çəkə durmadan məni seyr edirdi. Əllərin yazıq baxışlarını görəndə çox şeyi anlaya bildim. Əllər həyatın dibinə sıxışdırılmışdı. O vəhşicəsinə elə hesab edirdi ki, günü-gündən üstünə gələn bədbəxtliklərin səbəbi vaxtilə mənə qarşı etdiyi haqsızlığın cəzasıydı. Lakin onun nöqteyi-nəzərindən, bu, gerçəkliyin anlamıyla eyniydi. Çiyinləri bu sirri daşıya bilmirdi. O, hər qarşısına çıxanla taleyim barədə söhbət açırdı. Bunu məni sülh rəmzindən Əllərin taleyinə düşürməkçün edirdi.

Bir dəfə Əllərin səsi sülh hərəkatının düşməninin qulağına çatdı... Amma gəlin baş verənlərə qayıdaq. Əllər artıq mənim pəncələrimi kəsdi.


İndi hər şeyi ardıcıllıqla danışacağam. Mən düşməyə başlayanda Əllər məni tutdu, kəndirlədi və ehtiyatla yerə saldı. Mən anındaca qarın içində itib-batdım və görünməz oldum. Əllər kəndiri postamentə bağlayıb özü də yerə düşdü. Sonra məni qarın içindən çıxarıb çiyinlərinə aşırdı və küləyə sinə gərə-gərə qaçmağa başladı. Qar adamı vıyıldayırdı, qar ifritəsi hönkürürdü, onunsa ayaqları elə hey bir-birinə dolaşırdı.

Əllər iki küçəni arxada qoyub müharibə zamanı bombalanmış evin zirzəmisinin girişi qarşısında dayandı, ordan beş-altı adam çıxdı. Onlardan biri məni götürdü, digəri Əllərə bir zərf uzatdı, çiyinlərindən şappıldatdı və qəhqəhə çəkdi. Sonra kişilər donuq nəzərləri uzaqlara dikilmiş Əlləri küçədə tək qoyub tələsik ordan uzaqlaşdılar. Gedərkən biri söylədi:

- Hər şey yağ kimi getdi. Görürsünüz, hətta dəlidən də istifadə etmək olar. Bu tip təkcə pul qazanmadı, həm də belə etməklə bədbəxtlik zəncirindən qopmağa çalışdı. Biz özümüz bu zənciri qırdıq.

Digər kişi dilləndi:

- Reallıq təxəyyüldən istifadə etdi. Çoxları bu tipin heykəli oğurlamaq istədiyini bilir, heç kəs məhz onun cinayətkar olduğuna şübhə etmir. Bura da dəli kimi gəldi. Sanki bunu qəsdən, bizim alibiləri təsdiqləməkçün etdi.

Bu kişilər hökumət tərəfindən göndərilmişdi. Mən onların başlarının daşıydım. Sayələrində mövcud olduğum kəslər də onlar üçün maneəydi. Belə olan halda onlar reallığı görməyərək, dəli Əlləri tovladılar. Lakin mənim onunla münasibətlərim bununla bitmədi. Hekayəm hələ davam edir.

Məni məxfi zavoda apardılar, əritdilər, sonra digər zavoda göndərdilər, bir də əridib elə həmin metala qatdılar və mən qaymanın bir hissəsinə çevrildim. Məndən müxtəlif əşyalar hazırladılar, bir hissəmdənsə tapança patronları. Bir hissəmdən... Lakin fərdiliyimi itirmiş mənim üçün bu patronlardan biri elə özümüydüm. Mən həm o, həm də digəriydim, həm hissəydim, həm bütöv. Buna görə də nəticədə tapança patronuna bənzəməyə başladım.

Tapança patronununsa ən müxtəlif taleyi ola bilər. Üzərimə məxfi təyinat düşmüşdü. İstifadəmin məqsədi artıq müəyyənləşmişdi. Mən tapançaya qoyulmuşdum və əzəmətli qüvvəylə kürəyə vurulmağa hazırlanmışdım. Mənim başım qaranlıq, dar tunelə tuşlanmışdı. Qarşıda, cibin dibində zibil görünürdü. Cibdə yerləşən tapançayla birgə bu vəziyyətdə bir neçə gün küçələri dolaşdım. İndi tunelin sonunda cibin dibindəki zibil deyil, şəhər mənzərəsi göz oxşayırdı. Nəhayət, küçə fənərinin işığında bir kişi gördüm. Bu, Əlləriydi. Hökümət tərəfindən Sülh Göyərçininin oğrusu adlandırılan və bir aydan çox qaçaq həyatını yaşayan biçarə Əllər rüsvayçılıqdan və ağlasığmaz yorğunluqdan əziyyət çəkirdi. Halbuki məni oğurlamaq, sonra məhv etmək üçün məmurlar ondan istifadə etməyi qərarlaşdırmışdılar. Özü də bunun üçün məndən istifadə etməklə!

Tətik çəkildi, komediyanın enerjisi partladı, və mən tuneldən çıxdım. Yalnız bircə ehtimal olunan yol varıydı. Digəri yoxuydu. Mən düz Əllərin üstünə getdim, bir tikə əti qopardım, qanı axıtdım, bədəni yarıb küçədə bitən ağacın gövdəsinə dəydim və yastılandım. Məndən arxada Əllərin iniltisi, yerə sərilən bədənin şappıltısı eşidildi. Beləcə, sonuncu çevrilişimi başa vurdum.

Çevirdi: Kifayət Haqverdiyeva
# 1050 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #