Behcət əfsanəsinin sonu

Behcət əfsanəsinin sonu
19 avqust 2011
# 13:30
...Tam səmimi deyəcəm. Onun adını dəfələrlə eşitsəm də, səsini, mahnılarını dinləməmişdim. Elə bir fürsət də əlimə düşməmişdi. Nə radioda, nə televiziyada bir musiqisini belə eşitməmişdim. Amma Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva bu sənətkarın səhhətinin pisləşdiyini deyəndə ona baş çəkmək, yaxından tanımaq, söhbətləşmək, yazı hazırlamaq qərarına gəldim...

Görüşməyə razılıq verdi və məni evinə dəvət etdi. Vədələşdiyimiz saatda görüş yerinə çatanda gəlini və nəvəsi artıq məni gözləyirdi. NZS-in köhnə məhəllələrilə keçib, ünvana çatdıq. Darısqal mənzilinin balaca otağında məni gözləyirdi... İçəri daxil olub onu görəndə gözlərimə inanmadım. Nə gizlədim, xeyli sarsıldım da. Şəkillərdən gördüyüm yaraşıqlı, boy-buxunlu kişi tanınmayacaq qədər dəyişmişdi. Çəkdiyi əziyyətlər, şəraitsizlik, yoxsulluq, haqsızlıq, xəstəlik görünüşündə, səhhətində silinməz izlər buraxmışdı. Zaman öz işini görmüşdü...

Çox təsirlənmişdim, söhbətə necə başlayacağımı bilmirdim. Özü qonaqpərvərliyi, söhbətcilliyi, baməzəliyi ilə, necə deyərlər, sənətkarcasına hər şeydə köməklik göstərdi. Söhbət əsnasında ifa etdiyi bir ağız mahnı isə məni büsbütün heyrətə saldı. Zaman hər baxımdan öz işini görsə də, yalnız səsinə toxuna bilməmişdi. O, elə bu bircə ağızlıq ifasıyla da mənə - onu tanımayan, ifasını eşitməyən bilgisiz gəncə necə sənətkar olduğunu sübut etdi. Daha mahnılarını dinləməyimə belə ehtiyac qalmamışdı. Böyüklərdən eşitdiklərimin hamısı oxuduğu o bir cümləlik “mahnıda” öz təsdiqini tapmışdı. O, zamanının ən məşhur sənətçisi, bu gününsə unudulan, gözdən-könüldən uzaq düşən sənətkarı Rövşən Behcətdir...

Rövşən Behcət söhbətdə həyatının kədərli və xoş anlarını xatırladı. Fikrə getdi, xəyallara daldı, uşaqlıq, gənclik illərinə boylandı, sevildiyi, tanındığı, məşhur olduğu illərin həsrətini çəkdi... Bir sözlə, bütün həyatı kino lenti kimi gözünün önündən keçdi...

Çörək pulu dalınca zavoda

... Əsli Cənubi Azərbaycandandır. Behcət soyadı da ordan gəlmədir. Atasıgil 1938-ci ilə qədər Gəncədə yaşayıb. Ölkədə repressiya “maşını” fəaliyyətə başlayanda isə Təbrizə köçmək məcburiyyətində qalırlar. Atası elə orada da evlənir. 1945-ci il martın 17-də isə ailənin ilk övladı – Rövşən Behcət dünyaya göz açır. Ondan sonra daha 3 qardaş və 2 bacı. Ancaq ailə İranda da çox qala bilmir. 1961-ci ildə gecə gizli yolla yenidən Gəncəyə qaçırlar. Çünki atasının bacıları, dayıları orada qalmışdılar. Bu ailə də yenidən Gəncədə məskunlaşır. Uşaqlar məktəbə gedir. Ancaq çoxuşaqlı ailənin dolanışığı, imkanı o qədər də yaxşı olmur. Ona görə də 9-cu sinfə qədər İranda fars dilində oxuyan Rövşən , Gəncədə təhsilini gecə məktəbində davam etdirir. Ailəsinə kömək etmək məqsədilə Gəncə Alüminium zavodunda işləməyə başlayır. Gündüzlər işə, gecələr məktəbə gedir. Görünür, bu da bir qismət idi. Çünki məhz o zavod Rövşən Behcətin bir müğənni kimi tale yolunu müəyyənləşdirir. Sənətə doğru irəliləməyinə təkan verir. Zavodun bədii özfəaliyyət kollektivinə üzv olur. Gənclərin orda yığışdığı “oqonyoka” bir gün o da gedir. Və o zamanın məşhur mahnılarından olan “Ya Mustafa”nı oxuyur. İfası hamı tərəfindən o qədər bəyənilir ki, bundan sonra təşkil olunacaq bütün “oqonyoklara” onu dəvət edirlər. Həmin gün gənc Rövşənin həyatının ən unudulmaz gününə çevrilir. Məhz həmin gün bilir ki, onun heç kimə bənzəməyən gözəl səsi var. O vaxta qədərsə bundan bixəbər idi...

Sonra Rövşəni zavodun ansamblına dəvət edirlər. Respublika üzrə özfəaliyyət baxışında iştirak edir. Ancaq əsas problemi hələ də həll olunmamış qalır. O, Azərbaycan dilində mahnı bilmirdi. Azərbaycan dilində danışırdısa da, mahnı oxuya bilmirdi. Yalnız fars musiqiləri eşitmişdi, onları da əzbərləmişdi. Elə ona görə baxışda lirik fars mahnısı oxuyur. Amma buna baxmayaraq, çıxışı böyük maraqla qarşılanır. Hətta tərcüməçi gətirib “Vışka” qəzeti üçün ondan müsahibə alırlar. Qəzet işıq üzü görəndə isə təəccübdən gözlərinə inanmır. Düz bir səhifə material ancaq ona həsr olunmuşdu. Və yazılmışdı – “O, peşəkar deyil, amma peşəkarcasına oxuyur”. Özü dediyi kimi, bu məqalə ona bir ruh verir. Musiqiyə, sənətə olan həvəsi, marağı daha da artır. Tədricən Gəncədə tanınmağa, sevilməyə başlayır. Gəncə şəhər mədəniyyət evinə dəvət olunur. Artıq toylara, festivallara da çağırılır. 1967-ci ildə keçirilən festivalda ifa etdiyi “Dəşti” əsərinə görə, SSRİ və Azərbaycanın iki qızıl medalını qazanır. 1968-ci ildə Ümumdünya Gənclər Festivalının onluğuna düşür. Ona ən böyük uğur gətirən çıxışı isə Bakıda keçirilən Gəncə günləri zamanı olur: “Yeddi günlük tədbirin “Azdrama”da keçirilən son konserti televiziya vasitəsilə canlı nümayiş olunurdu. Hərə bir mahnı oxuyurdu. Mənə icazə verdilər, dedilər, sən ikisini oxu. Birinci mahnıdan sonra zal bir-birinə dəydi. Alqışların ardı-arası kəsilmədi. İkinci dəfə fars mahnısı oxudum. Bu ifamdan da sonra alqış səsləri qulaq batırırdı. Düz 15 dəqiqə çıxış etdim. O 15 dəqiqə ərzində məni Azərbaycanda demək olar ki, çoxları tanıdı. O vaxt indiki kimi deyildi. Bircə televiziya vardı, hamı da onu izləyirdi. Məni camaata sevdirən əsas cəhət heç kimə bənzəməməyim oldu. Əlibaba Məmmədov, Teymur Mustafayev, İslam Rzayev kimi sənətkarların ifasını dinləyirdim, onlardan öyrənirdim. Amma səhnəyə çıxanda özüm kimi oxuyurdum. Hamı da gördü ki, bu, yeni səsdir, etdiyim boğazları hələ heç kim etməyib”.

“Bəlkə də o vaxt Bakıya gəlsəydim...”

Rövşən Behcət 1969-cu ildə Fikrət Verdiyevin yaratdığı “Göy göl” xalq çalğı alətləri ansamblında çalışmağa başlayır. Az müddətdə repertuar təşkil olunur. Televiziyada çıxış edir. Filarmoniyada konsert vermək təklifi olunur: “Birinci konsertə gələn tamaşaçıları görəndə gözlərimə inanmadım. Zal bütünlüklə dolmuşdu. Tanınmış müğənnilər də gəlmişdi. İlk konsert çox böyük uğurla keçdi. Bir neçə həftədən sonra daha bir konsert verdik. Üçüncü dəfə isə bizi üç günlük konsertə dəvət etdilər. Bu konsertlərin də hər üçü anşlaqla keçdi”.

Bütün bu müddət ərzində Rövşən Behcət Gəncədə yaşayır. 1972-də Bakıya köçmək istəsə də, Fikrət Verdiyev onu qərarından döndərir. Bakıya köçmək fikrindən daşınır. Amma arada buna görə peşmançılıq da çəkir. Deyir, “bəlkə də o vaxt Bakıya gəlsəydim, indi yaxşı şəraitim olardı, bu gündə yaşamazdım...”

...Hələ ki, hər şey yaxşılığa doğru, yüksələn xətt üzrə gedirdi. “Göy göl” 1977-ci ildə artıq Dövlət mahnı və rəqs ansamblı statusu almışdı. 1984-cü ildə SSRİ vətəndaşlığını qəbul etdiyinə görə, xarici ölkələrə də gedə bilirdi. İttifaq respublikalarında, Almaniyada, Meksikada keçirilən konsertlərdə iştirak edirdi. Ancaq hər şey birdən-birə əksinə çevrilməyə başlayır...

1993-cü ildə isə heç gözləmədiyi halla rastlaşır – iflic olur. Bununla da hər şeydən əlini üzür. Həyatdan küsür sanki. Müalicəsi üçün heç kim ona kömək etmir. Bir neçə il musiqiylə, sənətlə məşğul olmur. Sonra “Göy göl” ansamblında da fəaliyyətini dayandırır (o zaman ansambla artıq Şahnaz Haşımova rəhbərlik edirdi). İllərlə çalışdığı bu ansambldan da incik düşür, qəlbi qırılır. Səbəbi isə ona fəxri adın verilməməsi olur: “Qəlbim yaman sındı. Bir çox sənət adamına fəxri adlar verildiyi halda, mən buna layiq görülmədim, kənarda qaldım. Ansamblı məşhurlaşdıran, əziyyətini çəkən bir adam kimi heç yada da düşmədim. Amma bircə dənə solo konsert verməyən, əziyyətimin 10 faizini belə çəkməyənlər əməkdar artist adını aldılar. Mənsə çəkdiyim əziyyətin bəhrəsini görə bilmədim. Çox təəssüf ki, mənim əziyyətimi qiymətləndirmədilər”.

Məhz bu səbəbdən Rövşən Behcət “Göy göl”dən ayrılıb Gəncədə fəaliyyət göstərən başqa bir ansamblda çalışmağa başlayır. İki il sonra Gəncə şəhər icra hakimiyyətinin mədəniyyət şöbəsinin müdiri onu yenidən “Göy göl”də işləməyə dəvət edir. Ancaq bu qayıdış da uğurlu olmur. “Mən çıxış edən zaman işıqları, səsgücləndirici avadanlıqları söndürürdülər. təcrübəsi məndən dəfələrlə az olan şəxslər məndən iki dəfə artıq maaş alırdı. Orda ən aşağı əmək haqqını mən alırdım. Mən bu və digər açıqlamaq istəmədiyim təhqirlərə daha dözə bilmədim və 2000-ci ildə ansambldan ayrıldım”, - deyir Rövşən Behcət. Və budəfəki ayrılıq artıq həmişəlik olur. Əmək haqqı cüzi olduğundan ailəni dolandıra bilmir, maddi vəziyyəti getdikcə ağırlaşır. Hətta vəziyyət o həddə gəlib çatır ki, əvvəl evinin müxtəlif əşyalarını, həyat yoldaşının qır-qızılını, axırda da ev-eşiyini satır. Çıxış yolu axtarır... və tapır. Çox sevdiyi Azərbaycandan ayrılıb uzaq Samaraya üz tutur. Başqa işlə məşğul olmaq fikrinə düşür. Ancaq orda da heç nə gözlədiyi kimi olmur. Sənətdən qeyri bir işlə məşğul ola bilmir, bacarmır. Və yenidən vətəninə dönür. Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun müdiri, mərhum Ramiz Mirzəyevin təklifilə. R.Mirzəyev gənclik illərindən pərəstişkarı olduğu bu sənətçini zavodun nəzdində yaradılan “Neftçi” ansamblına işə dəvət edir.

Rövşən Behcət Samaradan dönəndən sonra Bakıda bir xeyli müddət kirayədə yaşayır. Sonra zavod rəhbərliyi tərəfindən hazırda qaldığı bu evi ona verirlər: “Bu evdə qeydiyyatda olsam da, “kupçası” yoxdur. Şəraiti də göz qabağındadır. Darısqaldır. Oğlum da ailəsilə birgə mənimlə yaşayır. Böyük ailə üçün şəraitsiz sayılsa da, o vaxt bu ev məni əlimdən tutdu. Hər halda kirayədə yaşamaqdan qat-qat yaxşıdır”.

“Bu il də təqaüd ala bilməsəm, gələn ili bəlkə heç görmədim”

...Bütün bu əziyyətlər, çətinliklər özünü onun səhhətində büruzə verdi. Vaxtından, yaşından tez xəstəlik tapdı. Burnunda şiş tapıldı. Onkoloji müalicə aldı... Birdən-birə 20 kiloqram arıqladı. Normal müalicəyə isə normal imkan tapmadı: “Çalışdığım “Neftçi” ansamblı artıq bir neçə ildir bağlanıb. Cəmi 150 manat təqaüd alıram. O pul yeməyimizə güclə çatır. Dava-dərman ala bilmirəm, ona görə də bu günə düşmüşəm. Xüsusi aparat vasitəsilə eşidirəm. Gözlərim də yaxşı görmür. Başım gicəllənir. Neçə aydır çölə-bayıra çıxmıram. Belə bir şəraitdə Allahın əcəlini gözləyirəm ki, nə vaxt öləcəm. Yaranan onsuz da ölməlidir. Amma mənim imkanım olsa, hər halda normal müalicə alaram. Gəncədə balaca bir torpaq sahəm var, onu satışa qoymuşam ki, bəlkə satıla, o pulla müalicə olunam. 3-5 aya müalicə oluna bilməsəm, hər şeydən əlim üzüləcək. Elələri var ki, sənəti yoxdur, amma xalq artistidir, ona ev verilib, təqaüd alır. Mənsə sənətim ola-ola ehtiyac içində yaşayıram. İstəyirəm təqaüd alım ki, yaşamağa davam edim. Bu il də təqaüd ala bilməsəm, gələn ili bəlkə heç görmədim. Bircə onu istəyirəm ki, mənə kömək etsinlər, heç olmasa təqaüd alım”.

...Söhbətimiz bununla bitmədi. Sənətin bugünkü vəziyyətindən də söhbət açdı Rövşən Behcət. Muğam ifaçıları arasında istedadlı gənclərin olmasından, muğama göstərilən dövlət qayğısından danışdı. Keçirilən “ulduz” yarışmalarından gileyləndi. “Gündə bir ulduz çıxır ortaya. Bizim vaxtımızda belə şeylər yox idi. Biz hər şeyə məsuliyyətlə yanaşırdıq. Bir şey ki, qalib SMS-lə seçilir, o nə olar?! Hərdən baxıram ki, biri qəşəng oxuyur, səsi, musiqi qavrayışı var. Amma bilirəm ki, qalib olmayacaq, çünki adamı yoxdu. Bir də görürsən bir xanım çıxıb, heç nə də yoxdu ortalıqda, ancaq SMS gəlir e. SMS-i onun nəyinə verirsiz, oxumağına, yoxsa “vid-fasonuna”? SMS-lə sənətçi yığmırlar. SMS yalnız pul yığma mənbəyidir”, - deyə etirazını bildirdi. Hələ üstəlik “Toylar kralı”na da toxundu. “Bu nəyə lazımdır? Mənim Manaf Ağayevlə qərəzim yoxdu. Heç onunla tanış da deyiləm. Amma Manaf Ağayev ortalığa bir mahnı qoymayıb axı. “Ay canı yanmış” onun şah mahnısıdır. Təəssüf, indi elə bir vaxt gəlib ki, mahnının sözləri, bəstəsi, ifası hamısı eyni adama məxsusdur”, - dedi.

Sonra Cahangir Cahangirovun məxsusi olaraq onun üçün yazdığı “Göy göl” mahnısını dinlətdirdi. Və həmin diskin üzərini yazıb hədiyyə etdi mənə - yanına gələndə müsahibini yaxşı tanımayan, mahnısını belə eşitməyən, ayrılanda isə artıq onu çox yaxşı tanıyan, ali təhsili olmasa belə, sənətkarlığının, fitri istedadının, peşəkarlığının olduğuna inanan və ən əsası, bənzərsiz ifasını canlı dinləmək şərəfinə nail olan bir gəncə... Qurumaqda olsa da bir bulaq, solmaqda olsa da bir laləzar vardı qarşımda...

Artıq ayrılmaq məqamı çatmışdı. Xəstə olmasına baxmayaraq, qonağını həyətə qədər yola salmağı da unutmadı... Onu görəndə nə qədər sarsılmışdımsa, sağollaşanda da bir o qədər heyrət içindəydim. Üzündən, gözündən, sözlərindən duyulan həyat eşqinə...

O, ümidlərini hələ tam üzməmişdi. Qarşılaşdığı bütün əzab-əziyyətlərə, çətinliklərə, ədalətsizliklərə, laqeydliyə rəğmən... O, hələ də ümid edirdi. Bütünlüklə həyatın, yaşamın özünə... O – zamanının ən məşhur və sevilən müğənnisi, bu gününsə ən unudulan, gözdən-könüldən uzaq düşən, laqeydlik, biganəlik girdabında qalan sənətkarı Rövşən Behcət...

P.S. Yazı keçən il yazılmışdı. Müğənni isə dünən vəfat edib. Allah rəhmət eləsin.

Xəyalə MURADLI

[email protected]
# 1659 dəfə oxunub

Oxşar xəbərlər

Harada ana dilimdə danışılırsa... - Gülyaz Əliyeva

Harada ana dilimdə danışılırsa... - Gülyaz Əliyeva

15:25 20 sentyabr 2024
Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

12:23 18 sentyabr 2024
"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

10:10 18 sentyabr 2024
Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

13:30 17 sentyabr 2024
İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

16:15 16 sentyabr 2024
Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

14:41 13 sentyabr 2024
# # #